Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Qız oğlan anasının xoşuna gələndən sonra qızı, ailəsini, əcdadını hər tərəfli öyrənərdilər. Bu məqsədlə yengə tutardılar. Yengə soraqlaşa-soraqlaşa qız evini axtarıb, tapır, qonum-qonşudan onların əsil-nəcabətini, varlı olub-olmadıqlarını ətraflı öyrənərdi.
Yengələrin baş soxmadığı yer qalmazdı. Tanımadığı həyətlərə girib bir stəkan su içmək bəhanəsilə ev sahibini səslərdi. Ev sahibəsi suyu qızı ilə göndərirdisə yengənin kefi durulardı. Qızı diqqətlə süzərdi başdan ayağa. Gözlərini elə zillərdi ki, qız utandığından başını aşağı dikib durardı. Bu zaman su içmək yengənin yadından tamam çıxardı. Nigaran qalan qız anası yuxarı mərtəbədən səslərdi:
-Nə oldu, ay qız?
-Ana, hələ içməyib.
Bəzi hallarda qız anasının ürəyinə rəhm düşər, yengəni yuxarı çağırıb, ona çay təklif edərdi. Bu zaman yengənin baxtı alçı durardı. Qızın əsil-nəcabətini cikli- bikli öyrənərdi.
Şad xəbərlə oğlan evinə qayıdan yengə başlardı qızı, onun əsil-nəcabətini tərifləməyə. Yaxşı qız tapdığı üçün oğlan anasından xələt alardı.


Bundan sonra oğlan evi qız qapısına «həri» almağa gedərdi. Əvvəlcə arvadlar gedərdi. Onlardan sonra kişilər, «həri» cavabı alandan sonra nişan gedər, qızın barmağına üzük keçirərdilər.
Qız uzun müddət nişanlı qalardısa, oğlan evi borclu idi ki hər bayramda, baharda və payızda qız evinə hədiyyələr göndərsin. Novruz bayramında noğul, nabat, şəkərbura, paxlava, şəkər çörəyi, qoz və fındıq ləpəsi, kişmiş və boyanmış yumurtaları üstü rəngli örtüklərlə örtülü padnoslara doldurub, bəzən on-onbeş xonça düzəldib göndərərdilər. Qurban bayramında bayramlıq üçün boynuna qırmızı lent bağlanmış qoyun gedərdi. Bağ vaxtı padnoslara hər cür meyvə: armud, şaftalı, ərik, gilas, üzüm doldurub, qız evinə göndərilərdi. Belə hədiyyələrə vəzəurd deyərdilər.
 
Bakılıların ən çox sevdikləri və müqəddəs saydıqları bayramlardan biri də Orucluq bayramıdır. Orucluq Ramazan ayında başlayır və bütün müsəlmanlar da bir ay oruc saxladıqdan sonra bayram edirlər. Onlar səhər obaşdandan ta axşam şər qarışanadək heç bir şey yemir, içmir, papiros çəkmirlər. Ancaq axşam azanından sonra iftar  açırlar. Ramazan ayı müsəlmanlar içərisində təmizlik, mehribanlıq, halallıq, səmimiyyət, istiqanlılıq ayı kimi məşhurdur. Ramazan ayında ağzı oruclu yalan danışsa, oruc batil olur. Oruc tutmaq həddi-büluğa çatmış yeniyetmədən başlayaraq, hamıya vacibdir. Ramazan ayında fağır-füqəraya kömək əli uzatmaq böyük səvab hesab edilir. Orucluq bayramında da oğlan evindən qız evinə bayram sovqatı göndərilərdi. Sovqat əsasən bayram plovundan və şor qoğalından ibarət olurdu.
 
Toy mərasimi yaxınlaşdıqda ona böyük hazırlıq görülərdi. Əvvəlcə qız adamı toy eləyərdi. Buna görə həyət-baca süpürülüb təmizlənər, qapı-baca əhənglə ağappaq ağardılardı. Bundan sonra yengə qapı-qapı düşüb, lazım bildikləri arvad və qızları toya çağırardı. Arvad toyu çox dəbdəbəli keçərdi. Çağırılmış bütün arvad və qızlar ən bahalı zərbaftalı donlarını geyinər, kirşanla üzlərini ağardar, gözlərinə sürmə çəkərdilər. Evdə nə qədər qızıl bəzəkləri vardısa, taxıb gələrdilər. Növrəstə qızlar birçək qoyardılar. Çal-çalğı başlardı. Arvad və cavan qızlar bir-birini əvəz edir, toyxananın ortasına çıxıb, süzə-süzə rəqs edərdilər. Oynayanların başına şabaş yağardı. Nişanlı qızlar oynayarkən, ya-xın adamları onların başına pulu su kimi səpərdilər. Verilən şabaşları yengə əyilərək yığar və çalanlara verərdi.
Toya çağırılanlara xüsusi hazırlanmış şirniyyat verilərdi. Beləliklə hava qaralanadək dünbək, qaval və qarmon səsləri bütün məhəlləyə yayılardı.
 
Qız evindən sonra oğlan evi toya hazırlaşardı. Şəhərdə böyük salonu olan evlərdən bihndə toyxana düzələrdi. Bəzən toyxanalar çox zaman küçədə, evin qapısında düzəlmiş çadırda keçirilərdi. Bu zaman toyxananın divarları və skamyaların üstü, toyxananın içərisi müxtəlif xalılarla bəzənərdi. Toyun başlanmasını qoşa qara zurna ilə xəbər verərdilər. Camaat toplaşandan sonra toy başlardı. Bəzi toylarda bir neçə dəstə musiqiçilər olurdu. Dərvişlə keçirilən toylar da vardı. Dərviş toyxananın enini-uzununu ölçə-ölçə qəribə rəvayətlər danışar və oxuyardı. Toyxanalarda birqayda olaraq, mütrüblərolurdu. Bunlar yeniyetmə gözəl oğlanlardı. Onlar saçlarını qız saçları kimi uzadır, çətir qoyur və dar şalvar geyirdilər. Bəzi toylarda isə onları rus qızları əvəz edərdi. Bunlar əlbəttə toyxanaya çoxlu adam cəlb etmək məqsədi güdürdü. Toydakılar arabir mütrübləri yanlarına çağırtdırıb, oturdar, onunla şirin-şirin danışardılar. Çağıran adam mütrübün cibinə pul qoyardı. Mütrübləri tez-tez oynadar və bir-birinin acığına pulları onların başına səpələrdilər. Bakı kəndlərində keçirilən toylarda Lotu Cabbar tez-tez çıxış edərdi. Camaatı məzəli danışıqları və komik hərəkətləri ilə güldürərdi. Kənd yerində toylar adətən yay aylarında və payızın əvvəllərində keçirilərdi. Məclisdə əyləşən cavanlar üçün evlərindən və nişanlılarından xonçalar gələrdi. Üstü püstə ilə dolu budaqlar, albalı budaqları, ərik, şaftalı və başqa nübar meyvələr bir-birinin dalınca cavanlara çatdırılardı. Onlar da bu meyvələri mütrüb vasitəsilə məclisin müxtəlif yerlərində oturan dostlarına göndərərdilər. Məclisdə şuluqluq salmağa cəhd edənlər də olurdu. Ancaq bu zaman toyun sərpayısı onun qarşısını dərhal alırdı. Buna görə toya sərpayı həmişə kəndin hörmətli adamlarından təyin olunardı.
 
Toya çağırılmış adamlar toyxanaya girməmişdən  əvvəl toyxananın böyründə ayrılmış məxsusi otağa daxil olar, burada pul salandan sonra xörək yeyib, toyxanaya keçərdilər. Həmin otaqda pul yığan adam, pul salanların adlarını və nə qədər saldıqlarını qabağındakı uzun siyahıya qeyd edərdi.
Toy bir neçə gün və bəzən bir həftə uzanardı. Toy qurtarıb, camaat dağılışandan sonra bəyin yaxın adamları yığışıb meyxana deyərdilər. Dövrə vurub oturmuş adamlardan iki nəfər ortada oturub, meyxanaya başlardı. Meyxana deyənlər adətən bədahətən şeir deyən şair təbiətli adamlardı. Bəhsə girişir, bir- birlərini və habelə ayrı-ayrı adamların eyiblərini tənqid edərdilər. Onların deyişmələrində satira ilə yumor bir-birinə qarışardı. Şerlərin nəqəratını dövrə vurub oturmuş adamlar təkrar edərdilər. Meyxana bəzi hallarda dünbəklə də müşayiət olunardı. Bəzən toyxanaların axırında qumar oynamaq da adət şəklini almışdı. Ta səhərədək oturardılar.
 
Hər iki ev, yəni oğlan evi ilə qız evi toyları qurtarandan sonra qız evinə gəlini gətirmək üçün gedərdilər. Gecə məşəl işığında musiqi çala-çala faytonlar bir-birinin dalınca düzülərdi. Oğlan evindən gəlmiş yeniyetmə bir oğlan gəlinin belini qırmızı lentlə bağlardı. Sonra qızın atası öz övladına xeyir-dua verib, oğlan evinə yola salardı. Bu zaman qız evindən gizlincə bir şey oğurlamaq oğlan evi adamları arasına dəb düşmüşdü. Ancaq bunu elə etməli idilər ki, qız evindən heç kəs görməsin.
Gəlinin dalınca bəy oğlan özü də getməli idi. Faytonlar yenə məşəl yandıraraq, musiqi ilə geri döndükləri zaman yollarını şəhərin gur küçələrindən salardılar ki, bütün camaat görsün. Bu mərasimdə meydan qızışdıran qız evindən yengə, oğlan evindən xəlfə olardı. Yengə-nin işi zifaf geçəsindən ta ertəsi gün sübhədək davam edərdi. O da sübhün gözünü oğlanın evində açardı. Sübh tezdən qız evinə xəbər aparardı ki, hər şey öz qaydasınca olmuşdur. O dəqiqə qız evindən gəlin üçün quymaq bişirib göndərərdilər.
Bəzən elə olurdu ki, bəy oğlan ancaq zifaf gecəsi qızın üzünü görərdi. İşdir, qız oğlanın ürəyinçə olmasaydı, bu onun üçün ömürlük bir dərd olaraq qalırdı.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

1 şərh

azadmamedov90
Bir ömürlük dərd…