Bakı 1917-1920-ci illərdə

1917-ci ildə Rusiyada fevral inqilabı baş verdi. İnqilabın qələbəsi çar imperiyasının bütün xalqlarını ayağa qaldırdı və onları istiqlaliyyət və muxtariyyət uğrunda mübarizəyə ruhlandırdı. Martın 2-də II Nikolay taxt-tacdan əl çəkdi. Rusiyada iki hakimiyyətlik yarandı: Müvəqqəti hökümət və Sovetlər. Martın 9-da Dövlət dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökümət Zaqafqaziyanı idarə etmək üçün xüsusi bir komissiya yaratdı. Komissiyanın tərkibinə A.Xarlamov (sədr), M.Y.Cəfərov və M.İ.Papacanov daxil edildi. Peterburqdan gələn komissiya birinci növbədə Bakıda yığıncaq keçirdi.
Dumanın  balkonundan  toplaşmış  camaata  müraciət  edən  komissiya  üzvü M.Y.Cəfərov dedi:
-Biz Peterburqdan buraya sizi, azad Rusiyanın vətəndaşlarını təbrik etməyə gəlmişik. Bizə Dövlət duması tərəfindən müşkül bir vəzifə verilmiş Bu vəzifə Məclisi Müəssisan cəm olub, əsas qanunla sərəncam verənədək Qafqazın bizim tərəfdən idarə edilməsidir. Vətəndaşlar, doğrudan da böyük hadisə baş vermişdir. Artıq çar yoxdur. Onun çürümüş və qüvvətli bir məmləkəti fəlakət halına gətirmiş idarəsi daha yoxdur. Rus milləti vaxtında özünü xilas etməyə qalxmışdır. Lakin iş hələ qurtarmamışdır. Əldə etdiyimizi möhkəmlətmək lazımdır. Komissiyanın çıxış edən o biri üzvləri də camaatı Müvəqqəti hökuməti müdafiə etməyə çağırdılar.
1917-ci ilin 15 noyabrında Zaqafqaziya komissarlığı yaradıldı. Bu komissarlığın tərkibinə Azərbaycandan Fətəli xan Xoyski, M.Y.Cəfərov daxil edilmişdi. Komissarlığın təşəbbüsü ilə Qafqaz cəbhəsindən qayıdan əsgərlər tərksilah edilərək, əldə olunmuş silahlarla Gürcüstan, Azərbaycan və Ermənistan silahlı qüvvələri təşkil olunmağa başladı.
Azərbaycan Demokratik Respublikasının xəritəsi 
1918-ci il 10 fevralda Zaqafqaziya seymi açıldı. Seym Zaqafqaziyadan Məclisi Müəssisana seçilmiş deputatlardan, menşevik, daşnak və müsavatçıların nümayəndələrindən ibarət idi. 1918-ci il 26 martda seym Zaqafqaziya komissarlığını ləğv etmək barədə qərar çıxardı. 1918-ci il 22 apreldə isə Zaqafqaziyanın Sovet Rusiyasından ayrıldığını rəsmiləşdirdi. Seym türklərlə sülh danışıqlarına başladı. Lakin danışıqlar uzun sürdü. Çünki Zaqafqaziya seymi türklərdən ötrü danışıqlara başlamaq üçün hüquqi ixtiyarata malik deyildi. Buna görə Zaqafqaziyanın müstəqilliyini elan etmək lazımdı. Həmin məsələ seymin 9 aprel tarixli iclasında müzakirəyə qoyuldu. Uzun sürən mübahisələrdən sonra Zaqafqaziya Müstəqil Demokratik Federativ Respublika elan edildi. Lakin bu respublika əvvəlki komissarlıqdan ancaq xarici əlamətləri ilə fərqlənirdi. Əslində isə seymin üzvləri umumi bir qərara gələ bilmirdilər. Hər şeydən əvvəl onların ümumi bir proqramı yox idi. Seym istər-istəməz  parçalanma təhlükəsi  altında qalmışdı. Mayın 25-də seymin axırıncı iclası keçirildi. Ertəsi gün Zaqafqaziya respublikası da dağıldı. Gürcüstan özünü müstəqil respublika elan etdi. Ondan sonra seymin müsəlman üzvləri də Milli Şura yaratdılar. Şuranın sədrliyinə M.Ə.Rəsulzadə, üzvlüyə isə aşağıdakılar seçildilər: Həsən bəy Ağayev (sədr müavini), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman Nərimənbəyov, Heybətqulu Məmmədbəyli, Mehdi bəy  Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qənizadə, Əkbər Şeyxəl İslamov, Məmməd Yusif Cəfərov, Hidayət bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid  bəy  Şahtaxtinski,  Firudun  bəy  Köçərli,  Cəmo  bəy  Hacınski,  Şəfi  bəy Rüstəmbəyov,  Xosrov  bəy  Sultanov,  Cəfər  Axundov,  Məmməd  Məhərrəmov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə.
Mayın 28-də Azərbaycan müstəqil respublika elan edildi.
Həmin gün Azərbaycan Cümhuriyyətinin ilk müvəqqəti hökümət kabineti təşkil edildi. Onun tərkibinə Fətəli xan Xoyski — Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Sultanov — hərbi nazir, Məmmədhəsən Hacınski — xarici işlər naziri, Nəsib bəy Yusifbəyli — maliyyə və xalq maarifi naziri, Xəlil Xasməmmədov — ədliyyə naziri, Məmməd Yusif Cəfərov — ticarət və sənaye naziri, Əkbər Şeyxəl İslamov — əkinçilik və əmək naziri, Cəmo Hacınski — Dövlət müfəttişi daxil oldu
Azərbaycan istiqlaliyyətinin yaradılması mayın 30-da radio-teleqrafla dünyanın bütün siyasi mərkəzlərinə: Tehrana, İstanbula, Parisə, Londona, Berlinə, Vaşinqtona, Vyanaya, Romaya, Madridə, Tokioya, Stokholma, Moskvaya və s. xəbər verildi.
 
Yeni təşkil edilmiş Zaqafqaziya respublikaları öz dövlət quruluşlarını qorumaq üçün birinci növbədə hərbi qüvvələrə möhtac idilər. Məlumdur ki, qoşunsuz heç bir dövlət yaşaya bilməz. Bu məqsədlə özlərinə güclü dövlətlərdən havadar axtarmağa başladılar. 1918-ci il iyunun 4-də çağırılmış Batum konfransında Zaqafqaziya respublikaları, o cümlədən Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında müqavilə bağlandı. Azərbaycan Türkiyənin simasında özünə arxa tapdı. Özünun hərbi qüvvələrinə malik olan Gürcustan da almanların himayəsinə sığındı. Ermənistanın isə Cahan müharibəsində vuruşmuş daşnak qoşunları cəbhədən qayıdandan sonra Ermənistan milli dövləti Zaqafqaziyada özünü daha sərbəst hiss edirdi.
Azərbaycan Milli Şurası və höküməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Türkiyənin Azərbaycan Cümhuriyyəti ilə bağladığı müqavilə Türkiyənin özü üçün də çox sərfəli idi: Çünki belə bir müqavilə Türkiyəyə Azərbaycana qoşun yeritməyə imkan verirdi. Sülh müqaviləsinin 4-cü bəndinə əsasən Türkiyə Azərbaycanın təhlükəsizliyini qorumaqda, Qarabağda fəaliyyət göstərən erməni quldur dəstələrinin hücumundan qorunmaqda və Bakı şəhərinin cümhuriyyətə qaytarılmasına kömək etməli idi.
Zaqafqaziya respublikaları ilə hələ sülh bağlanmamışdan  əvvəl  Ənvər paşanın qardaşı Nuru paşa may ayında Gəncəyə gəlib yerləşmişdi. Burada Türkiyənin 5-ci  piyada divizionu  əsasında İslam ordusu yaratmaq niyyətində idi. Buraya general Şıxlinskinin komandanliq etdiyi müsəlman milli korpusu, «Dikaya diviziya»nın pərən-pərən düşmüş hissələri  və  habelə  yerlilərdən  düzəldilmiş dəstələr daxil  ediləcəkdi. Beləliklə Nuru paşanın  komandası  altında  18  min nəfərdən ibarət Qafqaz İslam ordusu yaranmışdı ki, bunun ancaq üçdə bir hissəsini türklər təşkil edirdi. Qalanları isə heç bir təlim görməmiş dəstələr idi. Bununla da İstanbul     höküməti     Brest-Litva     müqaviləsində     türklərin     Bakıya     hücum etməyəcəkləri barədə maddənin pozulacağını pərdələmək məqsədi daşıyırdı. Mərkəzi Sovet höküməti alman-türk hücumunun qarşısını almaq üçün əlindən gələni edirdi. O Almaniyadakı səfiri İoffe vasitəsilə almanlardan tələb edirdi ki, Brest sülh müqaviləsinə riayət etsinlər və türklərin Bakı üzərinə olan hücumunun qarşısını alsınlar. Alman diplomatları türklərin Azərbaycandakı səfirliyinə göstəriş vermişdi ki, türkləri Bakı üzərinə hücumdan çəkindirsin. Lakin həqiqətdə belə deyildi. Almanlar türklərin Azərbaycandakı işğalçılıq hərəkətlərini müdafiə edirdilər. Sonrakı danışıqlarda Almaniya höküməti bildirir ki, kifayət qədər Bakı nefti aldığı təqdirdə Türkiyəni Bakı üzərinə hücumdan əl çəkməyə məcbur edə bilər. Nuru paşa Gəncəyə varid olandan ölkənin daxili işlərinə də qarışırdı. Əvvəla müqavilədə Azərbaycan müstəqil bir dövlət kimi tanınmırdı. Türklər Azərbaycana Şərqi Zaqafqaziyada yaradılacaq Turan imperiyasının (buraya Şimali Qafqaz, İranın şimal hissəsi. Türküstan da daxil olmalı idi) bir hissəsi kimi baxırdılar. Ənvər paşa Zaqafqaziyada panturanizm siyasətini Azərbaycan və Dağıstan qüvvələri vasitəsilə həyata keçirmək fikrində idi. O, Azərbaycan Milli Şurasına laqeyd münasibət bəsləyirdi. Fətəli xan Xoyskinin kabinəsinə də şübhə ilə yanaşmağa başlamışdı. Fətəli xan Xoyskinin kabinetində fəaliyyət göstərən nazirlər onun ürəyincə deyildi, Milli Şura bu barədə öz etirazını bildirdikdə Nuru paşa onları türk ordusu ilə Gəncəyə məsləhətçi kimi gəlmiş Əhməd bəy Ağayevin üstünə göndərir. Əhməd bəy nümayəndə heyətinə bildirdi ki, kabinetin xalq içərisində hörməti yoxdur və ola bilər ki, bu, xalqın qiyamı ilə nəticələnsin və o zaman türklər kabineti müdafiə edə bilməyəcəklər. Ağayev onlara təklif edir ki, kabinet təzədən təşkil edilsin və Milli Şura da buraxılsın, Milli Şura və hökümət üzvləri bundan narazı qalsalar da bu təkliflə razılaşmalı oldular. 1918-ci ilin 17 iyununda Milli Şura və Azərbaycan Demokratik Cümhuriyyətinin höküməti buraxıldı. Bu vəziyyətlə razılaşmağı lazım bilən M.Ə.RƏSULZADƏ Milli Şuranın iclasında demişdi: «Bu gün biz prinsipimizə sadiq qalaraq, yaranmış şəraiti nəzərə almalıyıq. Bəlkə bu gün bizim qəbul edəcəyimiz qərar bizim bədbəxt-liyimiz olacaq; lakin yaranmış vəziyyətdən çıxmaq yeganə bu qərardan asılı olsa da, biz onu qəbul etməliyik». Fətəli xan Xoyski yeni ikinci kabinetin tərkibini elan edir. Bu kabinetdə köhnə hökümət üzvlərindən cəmi altı nəfəri qalır. Milli Şura da öz səlahiyyətini təzə kabinetə verir. Türklər yaranmış sabitliyin pozulmasından ehtiyat edərək, M. Ə. Rəsulzadəni başda olmaqla sülh heyəti tərkibində İstanbula dəvət edirlər. Heyət uzun müddət orada qalır. Bu yolla onlar Azərbaycandan uzaqlaşdırılmışdılar. Avqustun 27-də Sovet höküməti ilə Almaniya arasında Brest- Litva müqaviləsinə əlavə olaraq saziş imzalandı. Müqavilənin 4-cü bəndinə aşağıdakı da əlavə olunmuşdu: Almaniya Şamaxı və Bakı qəzalarının sərhədini poza biləcək hər hansı üçüncü bir dövlətə mane olmaq üçün tədbirlər görəcəkdir.
 
M.Ə.Rəsulzadə İstanbulda olduğu zaman Rusiyanın Azərbaycanın təbii paytaxtı və onun siyasi, mədəni və iqtisadi mərkəzi olan Bakının üzərində Rusiyanın suverinetini etiraf edən Almaniyaya qarşı Türkiyə hökümətinə nota vermiş və surətini də bitərəf və mərkəzi hökumətlərin səfarətxanalarına göndərmişdi. Notada deyilirdi ki, Almaniya ilə Rusiya arasında bağlanmış əlavə müqaviləyə görə Bakı şəhəri Sovet hökümətinin ixtiyarında saxlanılır. M.Ə.Rəsulzadə buna etiraz edərək, Azərbaycan hökümətinin Bakı şəhərinə tarixi bir haqqı olduğunu isbat etmək üçün şəhərin tarixi haqqında müfəssəl məlumat verir və bu tarixi hüququ coğrafi, iqtisadi və milli təsəvvürat əsasları ilə isbat etməyə çalışır.
Notanın axırında ümidvarlıqla bəyan edilirdi ki, Almaniya dövləti Azərbaycan höküməti və millətinin Bakı şəhərinə malik olmaları hüququnu ciddi surətdə nəzərə alar.
Yuxarıda deyildiyi kimi fevral inqilabından sonra ölkədə iki hakimiyyətlik yaradıldığı zaman Bakı və onun quberniyası Bakı Xalq Komissarları Sovetinin ixtiyarında, Gəncə və Gəncə quberniyasının qəzaları isə Azərbaycan Demokratik Cümhuriyyətinin əlində idi.
Bakı Soveti Gəncədə demokratik cümhuriyyətin yaradılmasından qorxuya düşdüyü üçün ona qarşı hərbi hazırlıq görürdü. 1918-ci il iyunun 10-da Bakı Soveti qoşunları, onların tərkibinə daxil edilmiş daşnak milli hissələri ilə birlikdə Gəncə istiqamətində hücuma keçib, iyunun 12-də, Kürdəmiri tuturlar. Belə bir şəraitdə Tiflisdən Gəncəyə köçmüş Azərbaycan Respublikası höküməti iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan edir. Bakıda yaşayan müsavatçılar da Qafqaz cəbhəsində türk ordusunun uğurlu döyüşlərindən və qələbələrindən ruhlanaraq, pərən-pərən düşmüş «Dikaya diviziya» hissələrini bərpa etməyə və onun sıralarını gücləndirməyə başladılar. Daşnaklar da ingilis imperializminin Sovet hakimiyyətinə qarşı çıxış etmək üçün kifayət qədər qüvvəyə malik olmadıqlarını hiss edərək özlərini bitərəf kimi  göstərməyə çalışırdılar. Əslində isə vəziyyət dəyişdikdə, müsavatçıların və ümumiyyətlə müsəlmanlar üzərinə qalxmağa fürsət gözləyirdilər. Lənkəran və Muğanda müsavatçılar artıq bolşeviklərə qarşı döyüşə başlamışdılar. Lənkəran qəzasında onlar şəhər qarnizonu rəisi Osten-Sakenlə əlbir olaraq, höküməti tərksilah etmiş və hakimiyyət «Dikaya diviziya»nın yerli qərargahının əlinə keçmişdi. Martın 14-də onlar üç türk zabitinin başçılığı ilə inqilabçı saldatlara hücum edərək, çoxlu hərbi sursat ələ keçirmişdilər.
1918-ci il martın 14-də Bakı Komissarları Sovetinin qoşunları daşnak Əmirovun komandası altında Şamaxıya göndərildi. Müsavat nümayəndələri bu qoşunun Şamaxıya nə məqsədlə göndərildiyini soruşduqda, onlara bildirdilər ki, qoşun qəzada olan iğtişaşı yatırmaq məqsədilə getmişdir. Lakin əslində Əmirovun qoşunları  Şamaxıya  gedən  yol  boyu  kəndləri  dağıtmış,  onlarla  adamı  qətlə yetirmişdilər. Şaumyanın sovet qoşunları adlandırdığı daşnak hissələrinin əsl niyyəti belə idi. Onlar imkan düşən kimi nəinki gizlində, hətta açıq-açığına azərbaycanlıları qətlə yetirirdilər. Bütün bu hadisələr Bakıda erməni-müsəlman qırğının başlanması üçün gərgin şərait yaratmışdı. Partlayış üçün təkcə bir bəhanə lazım idi.
Bu bəhanə də martın 29-da tapıldı. Lənkəranda olan «Dikaya diviziya»nın bir qrup zabiti H.Z.Tağıyevin Lənkəranda ölmüş oğlunun meyitini «Evelina» gəmisində Bakıya gətirmişdilər. Bakı milyonçusu Ş.Əsədullayevin oğlu Ə.Əsədullayevin başçılığı altında olan bu zabitlər geri dönərkən özləri ilə Lənkərandakı «Dikaya diviziya»nın hissəsi üçün yeni qüvvələr aparırdılar. Bakı Soveti bundan xəbər tutduqda gəminin yola düşməsinə icazə vermir. Qızıl qvardiya hissələri ilə gəmidəki zabitlər və əsgərlər arasında atışma başlayır. Qızıl qvardiya hissələri üstün olduqlarından gəmidəkiləri tamamilə tərksilah edirlər.
Martın 30-da səhər tezdən «Dikaya diviziya» əsgərlərinin tərksilah edilməsinə etiraz olaraq, şəhərdə mitinqlər düzəldildi. Günortaya yaxın müsavatçıların nümayəndə heyəti Bakı Sovetinin İcraiyyə Komitəsinə gələrək, silahların qaytarılmasını tələb etdilər, hərbi inqilab komitəsinin təcili iclası çağırıldı. Bu iclasda Şaumyan və habelə Müsavat partiyasının lideri də iştirak edirdi. Silahların geri qaytarılması qərara alındı. Lakin iclas zamanı xəbər çatdı ki, Tatar küçəsində və Şamaxı yolunda ermənilərlə müsavatçılar arasında vuruşma gedir. Belə döyüşlər sonra Bazar küçəsində də başladı. Axşama yaxın şəhərin bir sıra küçələrində səngərlər qazıldı və atışmalar qızışdı. Şamaxıda Lalayevin başçılığı altında erməni qoşunlarının törətdiyi vəhşiliklərin xəbəri Bakıya çatanda bütün şəhər əhli ayağa qalxdı.
Beləlikə Bakıda vətəndaş müharibəsi başladı. Lakin ilk günlərdən erməni milli qoşunlarının işə qarışması nəticəsində vətəndaş müharibəsi erməni-müsəlman qırğınına çevrildi. Ermənilər şəhərin Sisianov və Kolyabakin küçələrinin tinindəki «Mars» kinoteatrının damında pulemyot quraraq, şəhər əhlini atəşə tutdular. Vuruşmalar Bazar küçəsi ilə davam edərək, qala divarlarına yaxınlaşırdı. O gün axşam ermənilərin nümayəndəsi Müsəlman Milli Şurasının binasına gələrək bildirdi ki, erməni Milli sovetinin nümayəndələri «Metropol» mehmanxanasına toplaşaraq, sülh danışıqları aparmaq üçün müsəlman nümayəndələrini gözləyirlər. Gecə saat 1-də müsəlmanların Əlimərdan bəy Topçubaşov, Əbdüləli bəy Əmircanov, Ağahüseyn Tağıyev, Səməd bəy İsgəndərov və başqalarından ibarət səkkiz nəfərlik nümayəndə heyəti mehmanxanaya yola düşür. Lakin nümayəndə heyəti mehmanxanaya çatmamış xəyanətcəsinə atəşə tutulurlar. Nümayəndələr geri qayıtmağa məcbur olurlar.
Ermənilərin fitnəkarlığına baxmayaraq, azərbaycanlılar qırğının qarşısını almaq  üçün  öz  üzərlərinə  düşən  vəzifəni  yenə  layiqincə  yerinə  yetirirdilər. Məsələn, erməni tərəfi xəbər göndərir ki, biz erməni məhəllələrində yaşayan azərbaycanlılara toxunmuruq, siz də müsəlman məhəllələrində yaşayan ermənilərə toxunmayın. Azərbaycan Milli Şurası xüsusi adamlar vasitəsilə azərbaycanlıları xəbərdar edirlər ki, öz məhəllələrində yaşayan ermənilərə toxunmasınlar. Ancaq belə danışıqlar müzakirə edilərkən azərbaycanlılar xəbər tuturlar ki, Ermənikənd və Qanlıtəpə tərəfdə ermənilər yenə də müsəlmanlara hücum edib, ev-eşiklərini dağıdır, özlərini də qətlə yetirirlər. Onlar erməni kəndində xəndəklər qazır və zirehli maşınları Müsavat partiyasının birinci şöbəsinin qapısı ağzında duraraq, içəridən çıxanları qətlə yetirirlər. Şəhərin şimalında yaşayan azərbaycanlıları böyükdən kiçiyə Azadlıq meydanındakı sirkin binasına toplayıb, taxta binaya od vurmağa hazırlaşırdılar.
Erməni-müsəlman qırğınının qarşısını almaq məqsədilə Sovetlər tərəfindən təşkil olunmuş İnqilabi Müdafiə Komitəsinin hərbi nümayəndələri bundan xəbər tutduqda onların köməyinə çatır. Bazar küçəsində də ermənilər hücuma keçmişdilər. Onlar küçə boyu vuruşa-vuruşa İçərişəhərə tərəf irəliləyirdilər. Bu dəstələrin içərisində qızıl qvardiya dəstələri də müsəlmanları qoşa qala qapısına tərəf sıxışdırmışdılar. Burada qızğın atışma gedirdi. «Dikaya diviziya»nın qərargahı bu zaman "İsmailiyyə" binasında yerləşirdi. Bəlkə də məhz buna görə bu ətrafda atışmalara Mikoyan və Əzizbəyov rəhbərlik edirdilər. Tüfənglərdən və pulemyotlardan "İsmailiyyənin binası müttəsil atəşə tutulurdu. Qoşa qala qapısından İçərişəhərə soxulmağa cəhd edən qoşun hissələri müsavatçılar tərəfindən ciddi müqavimətə rast gəlirdi. Müsavatçılar Nikolay kilsəsinin qapılarını çıxarıb, onlardan sipər kimi istifadə edərək qala darvazalarının ağzında müdafiə xətti düzəltmişdilər. Məmmədyarovun adamları nə qədər cəhd edirdilərsə, içəri keçə bilmirdilər. Lakin "İsmailiyyə" binasındakı «Dikaya diviziya» qərargahının adamları çox az idi. Onlar güclü düşmən qarşısında davam gətirə bilməyib, geri çəkilir və İçərişəhərdə gizlənirdilər. Bundan istifadə edən düşmən "İsmailiyyə" binasını yandırır.
Erməni-müsəlman qırğınının şahidi olmuş yazıçı Seyid Hüseyn yazırdı ki, «Mart hadisələrində orada (»İsmailliyyə«də — Q. İ.) yerləşən təşkilatlar binanı tərk etmişdilər. Orada habelə Müsavatın telefonu işləyirdi. „İsmailiyyə“ni ən axırıncı müsavatçılar tərk etmişdilər».
Erməni hissələrinin vətəndaş müharibəsi pərdəsi arxasında əsl erməni- müsəlman qırğını keçirdiklərini Şaumyan gözəl başa düşsə də susurdu. Ona müsavatçılar üzərində qələbə lazımdı. Krasnovodskdan Sovetlər üçün göndərilən silahlar, hərbi sursat əslində daşnakların sərəncamına keçirdi. Bu silahların çox hissəsi Mantaşovun zavodunda və Parapet yanındakı erməni kilsəsinin zirzəmisində gizlədilirdi.
Martın 19-da daşnaklar Suraxana, Əmirhacıyan və Bülbülədə zirehli avtomobillərin köməyi ilə əhalinin qanını axıtdı.
 
Yaradılmış İnqilabi Müdafiə Komitəsinin tərkibinə Şaumyanla ya-naşı «Daşnaksütyun» partiyasının Bakı təşkilatının lideri S.Məlik-Yolçuyan, Bakıda sağ eserlərin lideri S.Saakyan da daxil idi. Şaumyan 13 aprel 1918-ci il tarixli bir məqaləsində mart hadisələrindən bəhs edərkən açıq-aydın yazırdı ki, «6 min sovet və 3-4 min daşnak milli hissələri Bakıda müsavatçıların təşkil etdikləri qiyamı yatırmışdır». Əslində Bakıda müsavatçıların heç bir qiyamı olmamışdı. Bu, Şaumyanın qızıl qvardiya dəstələrinin erməni hərbi hissələri ilə birlikdə törətdikləri fit-nəkarlığa qarşı azərbaycanlıların cavab çıxışları idi. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetində ədliyyə naziri işləmiş Artaşes Karinyan sonralar «Bakı kommunası» və «Daşnaksütyun» partiyası adlı məqaləsində yazırdı: «Bakı Sovet ordusu milli hissələrinin komanda heyəti inqilabın qarşısında duran vəzifələrə və kommunist partiyasına yabançı idi. Daşnak Avetisova, Hamazaspa, Bek-Zurabova orduya komandanlıq etmək həvalə olunmuşdu».
Beləliklə 1918-ci il mart hadisələrində müsavatçılar məğlub edildi. Sovet komandanlığı onları şəhərdən çıxmağa məcbur etdilər. Müsavat qüvvələri Gəncəyə toplaşdılar.
1918-ci ilin aprel ayında Bakı Xalq Komissarları Soveti yaradıldı. Bakı şəhəri və onun ətrafı, Bakı qəzası onun ixtiyarına keçdi. Bakı Xalq Komissarları Sovetində cəmi üç nəfər azərbaycanlı vardı. Qalanları, demək olar ki, əksəriyyəti ermənilər və ruslardan ibarət idi.
Xalq Komissarları Soveti bir sıra sosialist tədbirləri həyata keçirdi. Banklar, Xəzər ticarət gəmiçiliyi, balıq vətəgələri milliləşdirildi. Rusiyaya müntəzəm olaraq, neft daşınmağa başlandı. Torpağın kəndlilərə verilməsi barədə qərar çıxdısa da yerinə yetirilmədi.
Türklərin Bakı üzərinə hücumu ilə ölkədə vəziyyət getdikcə ağırlaşırdı. Lenin Petrovun komandası altında Bakı komissarlarına 8.720 nəfərdən ibarət qoşun göndərdi. Bununla da türklərin hücumunun qarşısını almaq mümkün olmadı. İranda olan keçmiş çar polkovniki Biçeraxov ingilislərin təhriki ilə Şaumyana öz xidmətini təklif etdisə də, Şaumyan onun niyyətini başa düşmədən (bəlkə də düşərəkdən) razılıq verib. Biçeraxovun min beş yüzdən ibarət olan qoşununu türklərlə müharibə cəbhəsinə göndərdi.
Türklərin güclü təzyiqi altında kommunanın qoşunları geri çəkilirdi. Şəhərdə aclıq başlamışdı. Ərzaq çatışmazlığı əhalini qəzəbləndirdi. Qoşunda, xüsusilə erməni daşnaklarının komandası altında olan əsgərlər arasında fərahlik artırdı. Menşevik, eser və daşnaklar şəhər və kəndlərdə yaradılmış bu dözülməz vəziyyətin günahını bolşeviklərin üzərinə yıxaraq, vəziyyəti yaxşılaşdırmaq üçün ingilislərin Bakıya çağırılmasını tələb edirdilər. Bir azdan Biçeraxov öz qoşunları ilə cəbhəni özbaşına tərk edərək, Petrovska tərəf çəkildi. Cəbhədə vəziyyət daha da ağırlaşdı. Aclıqdan və pozuntulardan cana doymuş əhali artıq hökümətə inamını tamamilə itirmişdi. Onlar çörək və cəbhə arxasında qayda-qanun tələb edirdilər. Belə vəziyyətdən istifadə edən menşevik, daşnak və eserlər ingilislərin Bakıya çağırılmalan barədə qəti qərara gəldilər.
Türk qoşunları 7 iyulda üç günlük döyüşlərdən sonra Kürdəmiri aldılar. 20 iyulda türklər Ağsu-Şamaxı şose yolu boyu hücuma keçərək, Şamaxını cənubdan, Mədrəsə tərəfdən ötüb keçərək, Şamaxı-Bakı yolunu kəsdilər. Üçüncü briqadanın komandiri daşnak Amazasp vəziyyətin ağırlığını görüb qoşuna əmr edir ki, Şamaxıdan geri çəkilsinlər. Cəbhənin Şamaxı hissəsindəki bu geri çəkilmə mərkəzi hissədə gedən döyüşlərə də təsir etdi. Onlar Hacıqabulu boşaldıb, Biləcəriyə tərəf çəkildilər.
Cəbhədə böhranlı vəziyyət yaranmışdı. Türklər artıq Bakının qapısını döyməyə başlamışdılar. Şəhərdə aclıqla bərabər həyəcan və təşviş də artmışdı. 1918-ci ilin 16 iyulunda Bakı Sovetinin fövqəladə geniş iclasında ingilislərin Bakıya çağırılması müzakirəyə qoyuldu. Bolşeviklərin qəti müqavimətinə baxmayaraq, azca səs çoxluğu ilə (236-ya qarşı 259 səslə) ingilislərin Bakıya çağırılması barədə qərarqəbul edildi. Hakimiyyətin koalision, hökümətə təhvil verilməsi qərara alındı. Bolşeviklər təzə hökümət tərkibinə daxil olmaqdan imtina etdilər. Avqustun 1-də eser, menşevik və daşnaklardan ibarət Sentrokaspi diktaturası yaradıldı.
Cəbhədən geri çəkilən sovet qoşunları sahildə, Pyotr meydanına toplaşaraq, Həştərxana getməyə hazırlaşırdılar. Sentrokaspi diktaturası ingilisləri Bakıya çağırmaq üçün Ənzəliyə nümayəndə heyəti göndərdilər. Menşevik və eserlər camaatı inandırmağa çalışırdılar ki, guya ingilislər özləri ilə taxıl və ərzaq da gətirəcəklər. 1918-ci ilin 4 avqustunda polkovnik Stoksun komandanlığı altında ilk ingilis qoşunları Bakıya daxil oldular. Qoşun cəmi min beş yüz saldat və zabitdən ibarət idi. Onlardan taxıl gözləyən əhali əsgərlərin qucağındakı bir neçə meymunu gördükdə Sentrokaspi höküməti tərəfindən aldandıqlarını başa düşdülər. Əvvəla bu qoşunla türklərin qabağında durmaq və şəhəri onlardan qorumaq heç cür mümkün deyildi. Buna görə türklərlə vuruşmaq üçün Sentrokaspinin qoşunlarından istifadə etməyə başladılar.
Döyüşlər isə davam edirdi. Avqustun 1-də Çəmbərəkənd cəbhəsində vəziyyət çox ağırlaşdı. Bakı zəhmətkeşlərinə məlum oldu ki, ingilislər türklərin qarşısını ala bilməyəcəklər.
Sentrokaspi rəhbərləri başlarını itirmişdilər. Birtərəfdən ingilislərin Bakıya gəlməsilə vəziyyətin daha da ağırlaşması, o biri tərəfdən türklərin tezliklə Bakını ala biləcəkləri hökümət dairələrində vahimə yaratmışdı.
Avqustun 17-də general Denstervil də öz qərargahı ilə Bakıya gəldi. İngilislər birinci növbədə Xəzər ticarət donanmasının bəzi gəmilərini ələ keçirdilər və Bakıdan neft daşımağa başladılar. 1918-ci ilin avqustunda Ənzəliyə 40 min ton benzin yola salan ingilis komandanlığı Sentrokaspi hökümətini məcbur etdi ki, onlara hər ay 80 min pud benzin versinlər.
Sovet hakimiyyəti başçıları avqustun 14-də gecə 16 gəmiyə oturaraq, Həştərxana yola düşdülər. Lakin dənizdə bərk fırtına qopduğu üçün Jiloy adasının yanında lövbər salıb, gözləməli oldular. Bu zaman Sentrokaspinin hərbi gəmiləri onları haqladılar. Xəzər donanmasının bütün hərbi gəmiləri — «Kars», "Ərdəhan", «Göy qapı», «Astrabad» Sentrokaspi hökümətinin əlinə keçmişdi. Bakıya qayıtmaq barədə bolşeviklərə ultimatum verildi. Lakin bolşeviklər onların ultimatumunu rədd etdilər. Belə olduqda hərb gəmiləri onların gəmilərini atəşə tutdular. Gəmilərdə yaralanan və ölən də oldu. Nəhayət, gəmilərin batırılacağı ehtimalı bolşevikləri geri qayıtmağa məcbur etdi. Sentrokaspinin silahlı dəstələri ilə əhatə edilmiş körpüdə onlar tərksilah edildilər və 35 nəfər komissar və məsul işçilər həbs edilərək həbsxanaya salındı. S.Şaumyan, M.Əzizbəyov, A. Çaparidze, İ.Fioletov da onların içərisində idilər. 3 min nəfərdən ibarət olan kommunist və əsgərlər tərksilah edildikdən sonra Həştərxana göndərildi.
Bakıda vəziyyət son dərəcə gərginləşmişdi. 1918-ci ilin avqust ayının axırında türklər demək olar ki, Bakını hər tərəfdən mühasirəyə almışdılar. Cəbhə xətti Bibiheybətin qərbində dəniz sahilindən başlayaraq, şimal tərəfə, Badamdarın qərbi ilə «Qurd darvazası» yüksəkliyi ilə Biləcəri stansiyasınadək uzanırdı. Biləcəri stansiyasının şimalında Böyük Şorda cəbhə xətti qırılır, sonra Binəqədi, Digah, Məhəmmədli kəndləri ilə Maştağayadək uzanır və dəniz sahilində bitirdi. Sentyabrın əvvəlində türklər hücumu qüvvətləndirdilər və Binəqədi kəndini aldılar. Sonra bu istiqamətlə Balaxana və Zabrat üzərinə yürüdülər. Çəmbərəkənd tərəfdən isə şəhəri aramsız top atəşinə tuturdular.
Bakını qorumağın mümkün olmadığını görən Denstervil sentyabrın 14-də gecə ikən öz qoşunu ilə birlikdə Bakını tərk edərək Ənzəliyə yola düşdü. İngilislərdən sonra Sentrokaspi diktaturasının üzvləri də qaçdılar. Bu zaman həbsxanada olan Bakı komissarlarını azad etmək üçün bolşeviklərdən bir dəstə həbsxanaya gedib, uzun danışıqlardan sonra komissarları azad etdilər və onları «Türkmən» gəmisi ilə Həştərxana yola saldılar. Dənizin ortasında gəmidəki eser və daşnakların təkidi ilə gəmi istiqamətini dəyişib, o zaman ağqvardiyaçıların əlində olan Krasnovodska istiqamət aldı. Krasnovodskda komissarlar həbs edildi və 1918- ci ilin 20 sentyabrında Krasnovodskdan 207 verst aralıda olan Ağcaqum çölündə güllələndilər.
Türklərin Bakıya yaxınlaşması günlərində dəniz körpülərində qaçmaq istəyən daşnakların, onların ailələrinin əlindən tərpənmək mümkün deyildi. Bu qələbəlikdə ancaq güclülər və pullular gəmiyə minib, özlərini rahlaya bilirdilər. Biletlərin qiyməti birə on qat artmışdı. Eyni zamanda Bayıl tərəfdən atılan toplar camaatın içərisində daha dəhşətli vahimə yaradırdı. Erməni ailələri köç-külfətlə qaçırdılar.
Şəhərin belə həyəcanlı, vahiməli və qarmaqarışıq günlərində türklər şəhərə daxil oldular. Bu, sentyabrın 15-də olmuşdu. Sonra Qafqaz İslam ordusu bütün Qafqazın zəbti barədə geniş planına sadiq qalaraq, Dağıstana girib, Dərbənd və Petrovsk şəhərlərini də tutdular.
Bu zaman bəzi dələduzlar aranın qarışmasından istifadə edərək, şəhərdə qarət və oğurluğa qurşandılar. Ancaq türk inzibati orqanları tərəfindən amansızcasına cəzalandılar.
Şəhərin Parapet bağında dara çəkildilər. Belə dar ağacları şəhərin bir neçə yerində də qurulmuşdu. Dara çəkilmiş adamların günahları yazılıb, sinələrindən asılmışdı. Onların içərisində türk əsgərlərindən də vardı.
Türklər Bakıya daxil olandan sonra Azərbaycan Demokratik Respublikası höküməti Bakıya köçdü və Bakı yeni yaradılmış Demokratik Respublikanın paytaxtı oldu. Bütün Şimali Azərbaycan torpaqları onun sərəncamına keçdi.
Bu aylarda İranın bəzi qəzetləri Azərbaycan Demokratik Respublikası ətrafında mübahisə açaraq, bildirirdilər ki, Azərbaycanda yaranan yeni hökümət Azərbaycan  adını  özünə  mənimsəməklə  səhv  etmişdir.  Guya  əslində  Şimali
Azərbaycan əsl Azərbaycan deyildir. Bu xüsusda M.Ə.Rəsulzadə «Azərbaycan və
İran» adlı məqaləsində yazırdı: «Tehran qəzetləri yeni doğmuş İslam hökümətinin adından dilgir olduqlarını qeyd edirlər və iki qardaş millətin arasında soyuqluq düşməməsi üçün „Azərbaycan“ adının dəyişməsini təklif edirlər. İran qəzetləhnin fikrincə bizim Qafqaziyanın bir qismindən ibarət olan məmləkətimizə Azərbaycan ismi verməyə ixtiyarımız yoxdur». M.Ə.Rəsulzadə bu fikri əfsanə hesab edir və qətiyyətlə bildirir ki, Azərbaycan yalnız onun İran tərəfdə qalan hissəsi deyil, habelə şimalda, rus tərəfdə qalan hissəsi də tam ixtiyaratla Azərbaycan adlanır.
Türklər Bakını almaqla məşğul ikən Andronik Qarabağı mühasirəyə alıb, azərbaycanlıları qətlə yetirirdi. Türklər şəhərə daxil olduqları günün ertəsi türk qoşunlarının bir hissəsi Qarabağın köməyinə çatıb, onu mühasirədən xilas etdilər.
1918-ci il oktyabrın 6-da respublikanın hökümət kabinetində dəyişiklik edilir. Fətəli xan Xoyski hökümətin yeni heyətini elan edir.
Yeni hökümət ölkənin ictimai-siyasi həyatında, mədəniyyət və təsərrüfat sahəsində bir sıra ciddi demokratik tədbirlər görməyə başladı. Bu tədbirlərdən biri də oktyabrın 8-də hökümətin çıxardığı qərar idi. Bu qərarda deyilirdi ki, milliləşdirilmiş  əmlak  və  hər  cür  istehsalat  növləri  sahiblərinə  qaytarılsın.
Məmləkətin parlamentini çağırmaq məsələsi meydana çıxır. Lakin əsl parlament seçkiləri üçün vaxt müsaid etmədiyindən hökümət və Milli Şura belə qərara gəlir ki, hələlik sabiq Zaqafqaziya Seyminin 44 nəfərdən ibarət müsəlman fraksiyasının üzvləri və kənardan 80 nəfər çağırılıb, parlament təşkil olunsun.
1918-ci ildə sultan Türkiyəsi ağır bir vəziyyətə düşmüşdü. Ölkə ingilis- fransız orduları tərəfindən sıxışdırılırdı. Həmin ilin sentyabr ayında Makedoniya cəbhəsində və Fələstində də türk qoşunları böyük məğlubiyyətə uğradılar. Türkiyə təslim oldu. Ənvər paşa hakimiyyətdən uzaqlaşdırıldı. Yeni hökümət 1918-ci il 30 oktyabrda Mudros limanında Antanta dövlətləri ilə barışıq sazişi bağladı. Bu sazişə görə türklər işğal etdiyi ölkələrdən, birinci növbədə Zaqafqaziya və Dağıstandan çəkilməlidirlər. Mudros sazişinin 14-cü maddəsinə əsasən türklər bütün Azərbaycanı və Bakı şəhərini ingilislərə təhvil verməli idilər. Beləliklə 17 noyabrda türk qoşunları Azərbaycanı tərk etdi.
Türklərdən sonra yeni Azərbaycan Respublikası bir növ yetim qaldı. Onun düşmənləri, birinci növbədə, daşnaklar ayaq tutdular. Xüsusilə Qarabağda Andronik yenə də qanlı cinayətlərini davam etdirməyə başladı. Müsavat höküməti yaranan vəziyyəti nəzərə alaraq, türk zabitlərindən bəzilərini və o cümlədən Nuru paşanı Azərbaycanda saxladılar. Hökümət yeni yaranan qoşunun hazırlanması və təlimi üçün onlardan istifadə etmək fikrində idi. Tomsonla danışıqlar keçirmək üçün hökümətin tezliklə Ə. Ağayev, Ə. Topçubaşov, N. Yusifbəyli və M. Rəfiyevdən ibarət Ənzəliyə nümayəndə heyəti göndərildi.
Tomsonla Azərbaycan höküməti arasında gedən danışıqlar, azərbaycanlıların böyük təəssüfünə səbəb oldu. Tomson açıq bildirmişdi ki, o Azərbaycanı hələ müstəqil dövlət kimi tanımır. Çünki bu dövlət guya türklərin səyi nəticəsində yaranmışdır. Guya o xalqın iradəsini təmsil edə bilməz.
1918-ci il 17 noyabrda Denstervili əvəz edən general Tomsonun komandası altında ingilis qoşunları Bakıya daxil oldu. Onlar eyni zamanda Gəncə, Şuşa və Naxçıvanda da öz nümayəndəliklərini yerləşdirdilər. General Tomson özünü Bakının hərbi qubernatoru elan etdi. İngilis polkovniki Kokkerel isə Bakı polisinin başçısı təyin edildi. Azərbaycan hökümətinin üç rəngli bayraqlarının çıxarılması əmr olundu. Tomson Azərbaycanın daxili işlərinə qarışmayacağı barədə Azərbaycan nümayəndə heyətinə verdiyi vədi Bakıya daxil olan kimi pozdu və ölkənin əsas sahələrini — neft sənayesi, banklar, nəqliyyat, Bakı-Batum neft kəməri, dəmir yolunu Müsavat  höküməti ilə bağladığı  müqavilə əsasında tam nəzarəti altına aldı. Xəzər nəqliyyatını idarə etmək üçün ingilis mayoru Braunun başçılığı ilə xüsusi Britaniya idarəsi yaradıldı. Neft sənayesi sahəsində də ingilis işğalçıları Britaniya neft nümayəndəliyini yaratdılar. Bu nümayəndəliyin köməyi ilə Bakı nefti İngiltərəyə daşınmağa başladı. Azərbaycanda hökmranlıq etdikləri müddət ərzində İngiltərəyə 30 milyon pud neft daşınmışdı. İngilis zabit və saldatları şəhərdə tam hökmranlıq edirdilər. Sərxoş halda faytonlara oturaraq, atları dördnala çapdırır, kinolarda, sirkdə qadınlara sataşır, adamları təhqir edirdilər. Şəhər məktəblərindən bir çoxu əsgər kazarmalarına çevrilmişdi. Fəhlələri və şəhər əhlini qorxutmaq üçün şəhərin Parapet bağında dar ağacları qurulmuşdu. Şəhərdə çap olunan mətbuatı diqqətlə izləyirdilər. Buna baxmayaraq, hökümət onların bu biabırçı hərəkətlərinə dözürdü. Ancaq ona görə ki, ölkə üzərinə üçüncü bir qüvvə hücuma keçərsə ingilis komandanlığı onun arxasında dursun. Bununla belə ingilislər Bakı və onun ətrafından başqa Azərbaycanın bütün rayonlarının Azərbaycan dövləti tərəfindən idarə edilməsinə etiraz etməmişdilər. Ənzəlidə Tomsonun Azərbaycan nümayəndələrinə bəyanətində irəli sürdüyü bir çox məsələlərdə indi güzəştə gedirdi. Açıq bildirirdi ki, o Azərbaycan Respublikasını rəsmi dövlət kimi tanımasa da onunla daimi əlaqə saxlayacaqdır. Hətta xan Xoyski kabinətinə hörmət etdiyini də bildirərək demişdi: «Xan Xoyski höküməti həqiqətən fəaliyyətdə olan yeganə hakimiyyətdir». Qarabağ məsələsində də Tomson Azərbaycan dövlətinin tərəfində idi. Şəhərin işğalı ilə öz üzərinə götürdüyü bir çox inzibati tədbirlərdən də Azərbaycan hökümətinin xeyrinə olaraq imtina  edirdi. Məsələn, Qarabağda erməni daşnaklarının, xüsusilə Andronikin yenə baş qaldırdığı barədə Azərbaycan höküməti Tomsonla danışıq aparmışdı. Bununla  əlaqədar Tomson Qafqazda Andronikə belə bir teleqram göndərmişdi: «Verilən məlumata görə ermənilər Qarabağda müsəlmanlara qarşı bəd hərəkətlər və zülmlər icra edirlər. Mən müttəfiq ordunun nümayəndəsi sifətilə məlum edirəm ki, ermənilərə söyləyərsiniz ki, öz yerlərində rahat oturub, nizamsızlıq eləməsinlər. Əgər mənim bu əmrimə əməl edilməyib, yenə nizamsızlıq görülsə, o zaman bütün məsuliyyət şəxsən Sizin üzərinizə düşəcəkdir». O Andronikə yalnız Qarabağdan deyil, Zəngəzurdan da çıxıb getməsini əmr etmişdi.
İngilislər Bakıya daxil olandan sonra öz təsərrüfatları yanında Denikinin nümayəndəliyini yaratmışdılar. Bununla da denikinçilərin şəhərdə əl-qol açmaları üçün şərait yaranmışdı. Dövlət idarələrinin çoxunda rus çinovnikləri içərisində Denikinin casusları fəaliyyət göstərirdi. Nümayəndəlik açıqdan-açığa Bakıda olan rus zabitləri içərisində səfərbərlik keçirərək, könüllü ordu üçün qüvvə toplayırdı. Şəhərin yuxarı məhəlləsində, Təzə Pirin ətrafında könüllü ordunun generalı Prejevalski orduya təzə alınmış saldat və zabitlərlə məşq keçirdi. Bu vəziyyətlə əlaqədar hökümət başçısı Fətəli xan Xoyski Tomsondan məktubla xahiş edirdi ki, onların şəhərdən çıxarılması barədə sərəncam versin. Tomson isə cavab məktubunda denikinçilərin bu fəaliyyətlərini ört-basdır edərək yazırdı: «Mənim xəbərim var ki, rus qoşunu Bakıda səfərbərlik keçirmir. Ola bilər ki, Denikin qoşununda xidmət etmək üçün zabitlərin siyahısını tərtib etmələri belə təsir bağışlayır. Onlarla heç bir məşq keçirilmir və tezliklə şəhəri tərk edəcəklər». Məktubunun axırında Azərbaycan hökümətini əmin edir ki, Azərbaycanın muxtariyyətinə toxunan olmayacaqdır.
Şəhərdə gizli və bəzən açıqdan-açığa Denikin lehinə təbliğat aparan denikinçilər müxtəlif şayiələr yayaraq, könüllü ordunu Azərbaycana basqın etməyə təhrik edirdilər. Şayiə yaymışdılar ki, türklər təzədən Bakıya hücum edəcəklər. Bu,
 
Denikinin Azərbaycana basqını üçün bir bəhanə idi. Onlar Denikin qoşunlarını eyni üsulla guya «Dağıstanda bolşeviklər var» deyə Dağıstan üzərinə sövq etmişdilər. O zaman Denikin Şimali Qafqaz sərhədini aşıb Dağıstan üzərinə yürüdüyü zaman ingilislər həyəcana düşmüş Azərbaycan dövlət başçılarını arxayın salaraq deyirdilər ki, Denikin heç zaman Bakıya toxunmayacaqdır. Lakin xalq onların sözünə inanmırdı. Şəhərdə, fəhlə rayonlarında keçirilən mitinqlərdə tələb edirdilər ki, Dağıstana kömək üçün Azərbaycanda səfərbərlik elan edilməlidir. Dağıstanın köməyinə çatmalıyıq. Mitinqlərin ardı-arası kəsilmirdi. Lakin hökümət ingilis komandanlığını narazı salmamaq məqsədilə dözürdü. Denikin Petrovskdan Azərbaycandakı nümayəndəliyinin başçısı Lazerevə və ingilis qoşunları komandanı polkovnik Şatelvorta yazırdı ki, «Azərbaycan hökuməti könüllü ordu hissələrinin Dağıstana yürüşündən təşvişə düşmüşdür. Halbuki general Dratsenko Petrovsk və Dərbəndin işğalı ilə kifayətlənib, irəli getməyəcəyi barədə təminat vermişdir.
Göründüyü kimi Denikin Azərbaycanla oyun oynayırdı. Lakin denikinçi qəzetlər Azərbaycan üzərinə hücumu qızışdırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Rus Milli komitəsinin orqanı olan „Yedinaya Rossiya“ qəzeti yazırdı ki, Azərbaycan ya bolşevikləri qəbul etməlidir, ya da Denikini seçməlidir. Denikinçilər bolşeviklərdən daha məsləhətdir.
İngilislər Azərbaycan hökümətinə vəd verdikcə Denikin qoşunları daha da irəliləyirdilər. Məlum olurdu ki, ingilis komandanlığının Azərbaycanı himayə edəcəyi barədəki vədi də boş və məkrlidir. Bakı fəhlə və zəhmətkeşləri dövlətdən tələb edirdilər ki, Denikin əleyhinə ciddi tədbir görülsün. Yenə də şəhərdə mitinqlər başlamışdı. Bu mitinqlərdən birisində Bakı varlılarından dəyirmanlar kralı adlanan Ağabala Quliyev küçədə Denikin lehinə açıq-açığına təbliğat apardığı üçün izdiham tərəfindən döyülmüşdü, sonra da hökümət onu həbsə almışdı. Şəhərdəki Denikin fitnəkarlarının qarşısını almaq dövlət qarşısında vacib bir məsələ kimi dururdu. „Azərbaycan“ qəzetinin 1919-cu il 11 iyun  tarixli nömrəsində Üzeyir Hacıbəylinin çap etdirdiyi „İçərimizdəki denikinlər“ adlı baş məqaləsində ölkədə təxribat aparan denikinçiləri amansızcasına ifşa etməyə çağırırdı. Belə bir vaxtda Azərbaycan Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi 1919-cu il 11 iyun tarixində bütün Azərbaycanda hərbi vəziyyət elan etdi.
1919-cu il 6 iyul tarixində Lazerev Denikindən yeni bir teleqram alır. Teleqramda deyilirdi: „Hərgah Azərbaycan höküməti tərəfindən könüllü ordu əleyhinə düşmənanə hərəkət başlamazsa, Denikin Azərbaycana qarşı heç bir iqdamatda olmayacaq. Samur çayında müəyyən etdiyi sərhədi könüllü ordu keçməyəcəkdir. Azərbaycanı Rusiyanın ayrılmaz bir hissəsi hesab edərək, bu məsələ Ümumrusiya Məclisi Müəssisanında həll edilənədək Azərbaycanın istiqlalını təsdiq edir“.
Teleqramdan göründüyü kimi, müəyyən edilmiş sərhəd bir az da uzadılıb, Samura çatdırılmışdı. O biri tərəfdən Denikin Azərbaycanı hələ də müstəqil, suveren dövlət kimi tanımaq istəmirdi. Çünki o Azərbaycana hələ də Rusiyanın ayrılmaz hissəsi kimi baxırdı.  Teleqramda isə onun müstəqilliyinin müvəqqəti zaman üçün tanınması da onunla izah edilirdi ki, o gec-tez Azərbaycanın işğal edilməsini güman edirdi.
Ondan sonra Denikindən alınmış yeni bir teleqramda müəyyən edilmiş sərhəd artıq Azərbaycan sərhədində idi. Teleqramda deyilirdi: „Əgər Azərbaycan höküməti tərəfindən üstümüzə hücum olunmazsa öz tərəfimdən ordularımızın Zaqatala-Qafqaz dağları, Qızılburundan irəli getməyəcəyini təmin edirəm“.
Bu barədə Nəsib bəy Yusifbəyli Şatelvortla görüşüb, xeyli söhbət etmişdi.
Baş nazir sonra bu danışıqlardan aldığı təəssüratını parlamentə açıqlamışdı: „Əlbəttə, — demiş, — ingilislər öz sözlərinin üstündə həmişə durmurlar. Bizə çox vədlər verdilər. Bizə dedilər ki, Dağıstan təhlükədə deyildir. Dağıstana guya heç kim hücum etməyəcək. Guya Denikin Petrovskini ancaq bir baza olaraq tutacaq və Petrovskdən bu yana keçməyəcək“. Sonra baş nazir onun Şatelvorta dediyi bu sözləri açıqlayır: „Mən ona dedim ki, siz bu vədlərlə bizə mane oldunuz. Sizin vədlər olmasaydı, biz Dağıstana kömək göndərərdik, bəlkə Şimali Qafqazda düşməni dəf edərdik. Nəticədə nə oldu? Denikin Şimali Qafqazı tutdu. Dünən onlar Dərbənddən irəli keçmək istəmirdilər, bu gün isə Qızılburuna soxulmaq istəyirlər. Əlbəttə bunlar bəhanədir. Məlumdur ki, Qızılburunun heç bir strateji əhəmiyyəti yoxdur. Onlar Bakının suyunu kəsmək istəyirdilər“.
İngilislər Bakını tərk etdikdən sonra Denikinin generalı Baratov Azərbaycan höküməti ilə danışıqlar aparmaq üçün avqustun 24-də Bakıya gəlir. Yerli qəzetlər onun gəlişini narazılıqla qarşılayırlar. Hökümətdən tələb edirlər ki, generalın sözlərinə inanmasınlar. Denikin qoşunu birinci növbədə Qafqazı boşaltmalı və Azərbaycan dövlətini tanımalıdır.
Avqustun 27-də Baratov Azərbaycan parlamentinin iclasına gəlir. Çıxışında deyir ki, Denikinin Azərbaycan əleyhinə heç bir sui-qəsdi yoxdur və heç bir iqdamatda olmayacaq. Bu şərtlə ki, hökümət Azərbaycanda bolşeviklərin əl-qol açmalarına imkan verməsin.
Lakin Baratovla danışıqlar baş tutmur. Məlum olur ki, onun müqaviləni imzalamağa vəkaləti çatmır. Bundan başqa Azərbaycan tərəfi müqavilə imzalanan zaman respublikanın tanınması tələbini təkidlə irəli sürürdü. O da məlum olur ki, denikinçilər Azərbaycanı Rusiyadan ayrılmış bir dövlət kimi tanımaq istəmirlər. Açıq bildirildiyi kimi Azərbaycanın müstəqilliyini yalnız Rusiyada təşkil olunacaq ali hakimiyyət tərəfindən məsələ həll olunandan sonra tanıya bilər.
Denikin ordularının cənub cəbhəsindəki məğlubiyyətindən sonra Azərbaycan Respublikası üçün Denikin təhlükəsi aradan qalxır.
Rusiya Sovet höküməti də Azərbaycan Demokratik Respublikası ilə müqavilə bağlamaq barədə bir neçə dəfə təşəbbüsdə olmuşdu. Lakin bu təşəbbüslər həmişə nəticəsiz qalmış və Çiçerinin notalarına rədd cavabı verilmişdir. Çünki notalarda Denikin əleyhinə ittifaq bağlamaq barədəki təklif gənc Azərbaycan Respublikası üçün təhlükəli idi. „Azərbaycan“ qəzeti özünün yanvar 1920-ci il tarixli nömrəsində bu müqavilənin Azərbaycan üçün əlverişli olmadığını belə izah edirdi: „Sovet höküməti təklifinin iki cəhəti var. Birincisi, onunla sülh bağlamaq (bunu qəbul etmək olar), ikincisi, Denikinə qarşı hərbi ittifaqa girməkdir. Buna rədd cavabı verəcəyik. Bizim üçün fərqi yoxdur: Lenin olsun və ya Denikin olsun. Bi-zə lazımdır ki, bizim istiqlaliyyətimizə toxunmasınlar“.Buradan göründüyü kimi, gənc Azərbaycan höküməti ilk günlərindən heç bir dövlətlə hərbi ittifaqa girməməyi, yalnız sülh məramında olduğunu açıq bəyan edirdi. Hökumət Sovet hökümətinin xarici işlər naziri Çiçerinə bildirmişdi ki, biz heç zaman başqa ölkələrin daxili, işlərinə qarışmaq fikrində deyilik.
1918-ci ilin 7 dekabrında Bakıda parlamentin açılışı oldu. O gün şəhər bayramsayağı bəzənmişdi. Pərlament binasına çıxan küçələr adamla dolmuşdu. Parlament binasının qapısı ağzında sağda və solda ingilislərin iki zirehli maşını durmuşdu. Bu, asayişi qorumaq məqsə-dilə edilmişdi. Parlamentin iclası H.Z.Tağıyevin qız məktəbi binasında keçirilirdi. İclası Milli Şuranın sədri, „Müsavat“ partiyasının lideri M.Ə.Rəsulzadə açaraq demişdi:
-Burada, Azərbaycanda bulunan bütün millətlərin təbəqələri və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər.
Sonra divara vurulmuş Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağını göstərərək, sözunə belə davam etmişdir:
— Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa əfkar ehraranasını təmsil edən bu üç boyalı bayraq daim başımızın üstündə ehtizaz edəcəkd
Parlamentin açılışını təsvir evən Ü.Hacıbəyov 9 dekabr tarixli „Azərbaycan“ qəzetində belə yazırdı: „Məmməd Əmin nitqinin başlanğıcında bayraqdakı üç rəngin: türkləşmə, İslamlaşma və müasirləşmək amalı-əlamətindən olduğuna işarə ilə “bir kərə yüksələn bayraq bir daha enməz» sözlərini dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala onu alqışladı.
Sonra hökümətin başçısı Fətəli xan Xoyski məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının yaşadığı altı ay ərzində keçirdiyi ağır və çətin yoldan və habelə onun gələcək tərəqqi yollarından danışdı. Axırda parlamentin sədri və müavini seçildi. Sədrliyə Əlimərdan bəy Topçubaşov, müavinliyinə isə Həsən bəy Ağayev seçildi".
1920-ci ilin əvvəllərində parlamentin 11 müxtəlif fraksiya və qrupunu təmsil edən 96 üzvü var idi. Ən böyük fraksiya müsavatçıların idi. Onun 36 nəfər üzvü var idi. Sonra ittihad partiyası -13 nəfər, sosialistlər 13 nəfər (Ə.C.Pepinov, İ.Əbilov, S.Ağamalıoğlu, Ə.H.Qarayev də buraya daxildi), Ehrar- 6 nəfər, partiyasızlar — 3 nəfər, slavyan-rus cəmiyyəti — 3 nəfər, azlıqda qalan millətlər fraksiyası — 4 nəfər, erməni fraksiyası — 5 nəfər və s. Deputatların tərkibində rus, gürcü, polyak, yəhudi, alman nümayəndələri də vardı. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Parlamentə daxil olan qanun layihələri əvvəlcə komissiyalarda müzakirə olunur, sonra parlamentin müzakirəsinə verilirdi: Höküməti Nazirlər Şurasının sədri kimi 1918-ci il may ayının 28-dən 1919-cu il aprelin 14-dək Fətəli xan Xoyski, 1919-cu ilin aprel ayının 14-dən ta respublikanın süqutunadək Nəsib bəy Yusifbəyli idarə etmişdir.
Nəsib bəy Yusifbəyli parlamentdə müxtəlif partiyaların bir-birinə münasibətindən danışarkən deyirdi: «Firqələrimizin xətti hərəkəti nə qədər müxtəlif olsa da, sosialistlərdən tutmuş ittihadçılaradək ümum firqələrimiz hürr və müstəqil Azərbaycanın tərəqqi və təalisi, məqsədi hər növ xüsusi narazılığın fövqündə qoyulur. Mübarizə ancaq təfsilat və cüziyyat üstündədir» («Azərbaycan» qəzeti № 40, 1920-ci il).
Azərbaycan  höküməti  respublikanın  Qərb  ölkələri  tərəfindən  tanınması
üçün səy ilə çalışırdı. Hökümətin Amerika cümhur rəisi Vilsona göndərdiyi teleqramında deyilirdi: «Azərbaycan Cümhuriyyəti isbat etmişdir ki, o da başqa mədəni müstəqil millətlər kimi yaşamağa müstəhəq, qadir və qabildir. Ancaq rəsmiyyət üçün onun istiqlalının və hüququnun qeyri müəzzəm millətlər tərəfindən qəbulu arzu  olunur və qeyri millətlərlə mədəni  əlaqə düzəldib, yaşayacaqdır. Cümlə müəzzəm Avropa ölkələrinə rica etməkdən əvvəl gənc Azərbaycan Cümhuriyyəsi əvvəlcə sizin alicənab şəxsiyyətinizə müraciət edib, sizdən onun istiqlaliyyətini təsdiq etdirməyi və bütün millətlər üçün etiraf etmiş olduğunuz müstəqil yaşayış hüququndan istifadə etdikdə qarşımıza çıxacaq maniələri rəf və dəf etməklə millətimiz sizdən ali müzahirət gözləyir».
Azərbaycan höküməti Antanta dövlətləri tərəfindən tanınmamışdan da əvvəl xarici ölkələrlə əlaqələrini davam  etdirirdi. 1919-cu ilin martında Azərbaycan Demokratik Respublikası ilə İran arasında iqtisadi və siyasi əlaqələr yaratmaq məqsədi ilə «Rəd» qəzetinin müdiri Seyid Ziyaəddin Tabatabəyi başda olmaqla
İran nümayəndə heyəti Bakıya gəlmişdi. Qarşıiıqlı müzakirələrdən sonra hər iki dövlət   arasında   saziş   bağlanmışdı.   Bundan   başqa   Azərbaycan   Cümhuriyyəti Türkiyə, Gürcüstan hökümətləri, Dağıstan xalqları ilə mədəni dostluq əlaqələri
yarada bilmişdi. 1918-ci il dekabrın 28-də parlament Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti seçdi. Heyətin tərkibinə parlamentin sədri Ə.M.Topçubaşov,   hökümət   üzvü   M.H.Hacınski   (Müsavat   partiyasından), parlament üzvləri Əhməd bəy Ağayev (bitərəf), Ə.Şeyxəlİslamov («Hümmət»), Ceyhun bəy Hacıbəyli (Müsavat), M.Məhərrəmov (sosialist), M.Mirmehdiyev (İttihad), Əli bəy Hüseynzadə (bitərəf), V.Marçevski (bitərəf) vardı. Nümayəndə heyəti yanvarın 19-da dəmir yolu vağzalından təntənə ilə yola salındı.
1918-ci il 28 maydan 1920-ci ilin aprelinədək Azərbaycan Nazirlər Kabinəsi 5 dəfə dəyişmişdir. Üç kabinetdə (28 may 1918, 17 iyun 1918, 22 dekabr 1919) sədr Fətəli xan Xoyski, 14 aprel 1919 və 22 dekabr 1919-cu illərdə isə Nəsib bəy Yusifbəyli olmuşdur.
1920-ci ilin əvvəlində parlament sədrinin səlahiyyəti bitir. H. Ağayev istefa verir. Parlament sədrliyinə M. Y. Cəfərov, sədr müavinliyinə S. M. Qənizadə, katibliyinə isə Rzayev seçilir.
1920-ci il yanvarın 14-də Paris sülh konfransında Azərbaycan və Gürcüstan cümhuriyyətlərinin istiqlaliyyəti defakto olaraq tanındı. O gün Bakı şəhəri təntənə içində idi. Dənizdə atəşfəşanlıq düzəldilmiş, küçələrdə camaat sevinclə bir-birini təbrik edirdi. Azərbaycan parlamentinin bu münasibətlə təntənəli iclası çağırılmışdı. İclasda Cümhuriyyətin xarici işlər naziri çıxış edərək demişdi: «1918- ci il mayın 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin tək bir elan az idi. Bütün dünyaya göstərmək lazım idi ki, biz müstəqil yaşamağa layiqiq. Budur, Azərbaycan xalqı il yarım ərzində Avropaya göstərdi ki, o, müstəqil yaşaya bilər».
1920-ci ilin əvvəllərində Bakıda 20-yə qədər dövlətin: ABŞ-ın, İngiltərənin, Fransanın, Türkiyənin, İranın, Finlandiyanın, Polşanın, İtaliyanın, İsveçin, Yunanıstanın və başqa dövlətlərin diplomatik nümayəndələri və konsulları var idi. Lakin göründüyü kimi bu ölkələrin içərisində Sovet Rusiyasının nümayəndəsi yox idi. Nəsib bəy Yusifbəyli 1919-cu il noyabrın 22-də təzə təşkil etdiyi hökümətin məramnaməsindən danışarkən demişdi: «Təəssüf ki, indiyədək Rusiya ilə heç bir münasibət yarada bilməmişik, bunun günahı isə bizdə olmamışdır».
Azərbaycanın həyatında həqiqətən milli dirçəliş canlanmağa başlamışdı. Dağılıb, pozğun hala salınmış dəmir yolu bərpa edilib, qatarların hərəkəti üçün normal şərait yaradılmışdı. Poçt-teleqraf qaydaya salınmışdı.
Bakı — Batum neft kəməri bərpa edilmişdi. Müəssisələrdə iş saatı 8 saat müəyyən edilmişdi.
Bakı dövlət bankı da yaradılmışdı. Əvvəllər Gürcüstanla birlikdə, sonralar müstəqil bon pulları, daha sonra xaricdə çap edilmiş Azərbaycan pulları tədavülə buraxıldı. Bir sözlə, ölkənin daxili və xarici siyasəti möhkəm dostluq və dinc qonşuluq şəraitində qurulmuşdu. Təkcə Ermənistan Azərbaycanla köhnə ədavətini davam etdirir, tez-tez Qarabağa basqınlar edilirdi. Qarabağ məsələsi dəfələrlə parlament iclaslarında muzakirə edilmişdi. Ermənilər ərazi iddialarından əl çəkmirdilər. 1919-cu il dekabrın 22-də Nəsib bəy Yusifbəyli parlament iclasında ermənilərin ağılsız torpaq iddialarından bəhs edərkən demişdi: «Qarabağ tərkibinə daxil olan dörd qəza və o cümlədən Zəngəzur qəzası Azərbaycanın ayrılmaz hissəsidir». Noyabr ayında Tiflisdə ərazi məsələsini həll etmək üçün üç respublikanın konfransı çağırılmışdı. Lakin Ermənistan özünü böyük Ermənistan elan etməklə Zaqafqaziya dairəsindən çıxdığını bildirmiş və konfransa gəlməmişdi. Bu ucbatdan da konfrans baş tutmamışdı. Həmin il Qərb dövlətlərinin başçıları ermənilərə bildirmişdilər ki, böyük Ermənistan məsələsi heç zaman baş tutası deyil. Onlar Zaqafqaziya Ermənistanı ilə kifayətlənməlidirlər. General Tomson onlara qəti bildirmişdi ki, ermənilər böyük Ermənistan fikrini birdəfəlik başlarından çıxarmalıdırlar. Azərbaycan Respublikasının 1918-ci il 17 iyul tarixli fərmanı ilə türk (Azərbaycan dili) rəsmi dövlət dili hesab edilmişdi. Qərarda deyilirdi. «Dövləti lisan türk dili qəbul edilərək irəlidə bütün məhkəmə, idarəye- daxiliyyə və sairə dövlət vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökümət müəssisələrində rus dili istemalına müsaidə edilsin».
Azərbaycan parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qərar qəbul etdi. Milliyyətindən və dilindən asılı olmayaraq, hər bir kəs və ya valideynləri azəri olan şəxslər Azərbaycan vətəndaşı sayılırdı. M.Ə.Rəsulzadə «Bütün Azərbaycan əhalisinə» müraciətində yazırdı: «Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yek digərinə əl uzatmalı və yardım etməlidirlər».
Azərbaycan höküməti birinci növbədə dövləti qoruya biləcək qüvvələrin təşkili və möhkəmlənməsi üçün təxirə salınmaz ciddi tədbirlər görürdü. Azərbaycan generallarından Səməd bəy Mehmandarov hərbiyyə naziri, Ə.A.Şıxlinski isə onun müavini təyin edilmişdi. Onlar «Dikaya diviziya»nın pərən- pərən düşmüş hissələrindən və səfərbərliyə alınan gənclərdən ordu təşkil etməli idilər. Bu işdə Azərbaycanda qalmış əsir türk zabitləri də onlara yaxından köməklik edirdilər. Xüsusi yardım alayı yaradılmışdı. Azərbaycan höküməti hələ Gəncədə ikən kiçik zabitlər hazırlayan məktəb açmışdı. Ordunun yaradılmasında Bakıda olan rus zabitlərindən də istifadə edilirdi. Bundan başqa Krımdan da bir neçə yüksək rütbəli zabitlər Bakıya işləməyə gəlmişdilər. General Süleyman Sulkeviç də onların arasında idi. 1918-ci ilin noyabrında zabitlər məktəbindən buraxılmış ilk məzunlar artıq ordu sıralarında xidmətə başlamışdılar. Ümumiyyətlə qısa müddət ərzində Azərbaycanda 30 minlik milli Azərbaycan ordusu yaradılmışdı. Onun sərəncamında 4 hərbi təyyarə, 3 zirehli qatar, 6 zirehli avtomobil, iki hərbi gəmi vardı.
Azərbaycan ordusu hissələri respublikanın ayrı-ayrı regionlarında yerləşdirilmişdi: bir hissə Cəbrayıl, Cavanşir, Zəngəzur və Şuşada ermənilərə qarşı vuruşurdu. Bir hissə Qarabağ və Dilican istiqamətində hücuma keçmiş ermənilərə qarşı göndərilmişdi. General Səlimovun komandası altında olan iki alay da Lənkəran-Muğan istiqamətində vuruşurdu.
Demokratik respublikanın maarif və mədəniyyət sahəsində gördüyü işlər, qəbul etdiyi qərarlar xüsusi diqqətə layiqdir. Respublikanın ilk aylarından orta məktəblər milliləşdirildi. Bakıda, Gəncədə, Qubada, Lənkəranda, Qazaxda, Şəkidə, Şuşada, Salyanda və başqa bir neçə şəhərdə seminariyalar açıldı. 1918-ci ilin noyabrında Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü.
Mətbuat sahəsi isə hələlik sabit deyildi. Müxtəlif partiya və təşkilatların orqanları olan qəzet və məcmuələr əksər hallarda bir neçə nömrə çıxandan sonra bağlanırdı. Bəzilərinin ömrü 3-4 ay ancaq olurdu. Elələri də vardı ki, 1917-ci ildən başlayıb, ta 1920-ci ilədək, davam etmişdi. «Qardaş köməyi» məcmuəsi inqilabdan qabaq nəşrə başlasa da inqilabın başlanğıcında, yəni 1917-ci ilin fevral ayında öz fəaliyyətini saxlamışdı. Məcmuə başlıça olaraq, Kars tərəflərdə zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələrlə dolu idi. Onun ətrafına toplaşmış əsas mühərrirlər bunlar idi: M.Ə.Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firudin bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə və başqaları.
İttifaqi mütəəllimin" qəzeti — Bakı türk tələbələri təşkilatının orqanı idi. İlk nömrəsi 1917-ci il mart ayının 6-da çıxmışdır. Həmin ilin may ayında çağırılmış Ümumi Qafqaz tələbələrinin qurultayı təzə seçilmiiş Mərkəzi komitəyə tapşırır ki, yeni bir qəzet buraxsın. Buna görə "İttifaqi mütəəllimin" öz fəaliyyətini
dayandırıb, yerini «Gənclər sədası» adlı yeni qəzetə verir. Qəzetdəki materiallar türk və rus dillərində çap olunurdu. Qafqazda yaşayan tələbələrin vəziyyəti barədə qəzet müntəzəm yazılar dərc edirdi. Ölkədə siyasi vəziyyətlə əlaqədar olaraq qəzet həmin ildə də bağlanır.
"Zəhmət sədası" qəzetinin də taleyi belə olmuşdu. Yəni çıxması ilə bağlanması eyni zamana düşdü.
"Müsavat" qəzeti az-çox ömür sürən qəzet idi. Müsavat partiyasının orqanı idi. Həftəlik qəzet idi. Qəzetin şüarı belə idi: "İnsanlara hürriyyət, millətlərə müsavat". Qəzetdə ən çox fəaliyyət göstərən M.Ə.Rəsulzadə idi. Qəzetin nəşri 1918-ci ilin mart hadisələrinədək davam etmişdi. Həmin ildə çap olunmağa başlamış «Müsəlmanlıq» qəzeti də «Rusiyada müsəlmanlıq» partiyasının orqanı idi.
Bir neçə ay ömür sürmüşdü. Ceyhun bəy Hacıbəylinin nəşr etməyə başladığı "İttihad"  qəzeti  bu  partiyanın  rəsmi  orqanı  olandan  sonra  «Müsəlmanlıq»  öz əhəmiyyətini  itirib,  bağlanmışdı.  Bir  müddətdən  sonra  isə  qəzet  «Rusiyada müsəlmanlıq» İttihad partiyasının rəsmi orqanına çevrilərək nəşri 1920-ci il 27 aprelədək davam etmişdir. Qəzetin axırıncı nömrələri doktor Qara bəy Qarabəyov tərəfdən redaktə olunurdu.
Bunlarla yanaşı 1918-ci il 14 yanvardan Bakıda «El həyatı» adlı ədəbi, ictimai və siyasi bir məcmuə də nəşr olunurdu. Bu məcmuə ayda iki dəfə çıxmalı idi. Lakin ikinci nömrəsindən sonra bağlanmışdı. Məcmuə istehlakçılar cəmiyyətinin orqanı idi. Məqsədi el içərisində kooperativin əhəmiyyətini başa salmaq və xalqı kooperativlər ətrafında toplanmağa çağırmaq idi. Məcmuə yazırdı ki, «Heç bir firqənin naşiri əfkarı deyildir». Onun səhifələrində çıxış edən müəlliflər içərisində N.Nərimanov da vardı.
"Əxban«qəzeti-fəhlə, əsgər və matroslar şurasının orqanı idi. 18-ci il mart hadisələrindən sonra çap olunurdu. Onun da ömrü bu illərin başqa qəzetləri kimi çox qısa olub. Qəzetdə Ruhulla Axundov, Ağababa Yusifzadə və başqaları iştirak edirdilər. „Əkinçi“ qəzeti mart hadisələrindən sonra çıxmağa başlamışdı. Öz siyasi görüşləri etibarilə türk ixtilalçı sosialist mövqeyində dururdu.
»Azərbaycan hökümətinin əxbarı" qəzeti Azərbaycan və rus dillərində çıxırdı. Qəzetdə çap olunan əsasən rəsmi dövlət xəbərləri, əmrlər, qanunlar və sair rəsmi sənədlər idi. Qəzetin bünövrəsi Gəncə şəhərində qoyulmuşdu. Türklər Bakını tutandan sonra redaksiya Bakıya köçmüşdü.
«Azərbaycan» qəzeti — 1918-ci ilin iyun ayından Azərbaycan və rus dillərində  Gəncədə  çap  olunmağa  başlamışdı.  Qəzetin  4  nömrəsi  Gəncədə çıxmışdır.  Həmin  ilin  sentyabr  ayında  qəzet  redaksiyaları  Bakıya  köçürülür.
Azərbaycan dilində çıxan qəzetin redaktoru Ceyhun bəy Hacıbəyli, rus dilində çıxan qəzetin isə redaktoru Şəfi bəy Rüstəmbəyov idi. Bir müddətdən sonra Ceyhun bəy Hacıbəyli Paris nümayəndələri tərkibində Fransaya getdiyindən qəzetin redaktorluğunu qardaşı Üzeyir Hacıbəyli qəbul edir. Qəzet Müsavat hökümətinin rəsmi orqanı idi. «Azərbaycan» qəzeti əhali içərisində böyük hörmət qazanmışdı. Qəzet rus dilində olan «Azərbaycan» qəzeti ilə birlikdə 1920-ci ilin 27 aprelinədək çap olunmuşdu. Bakının görkəmli ziyalı, yazıçı və ictimai xadimlərindən M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Xəlil İbrahim, Ömər Faiq Nemanzadə, Mirzəbala Məmmədzadə, Axund Yusif Talıbzadə, Fərhad Ağazadə qəzet səhifələrində müntəzəm çıxış edirdilər.
"İstiqlal" qəzeti — Müsavat partiyasının, rəsmi orqanı idi. İlk nömrəsi 1919- cu il 4 fevralda çıxmışdır. Aşağıdakı misralar qəzetin daimi devizinə çevrilmişdi:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol.
Qəzet həftədə bir dəfə çıxırdı. Axırıncı nömrəsi 1920-ci ilin 23 aprelində çıxmışdı.
«Yeni həyat» qəzeti 1918-ci ildən çap olunurdu. Ancaq uzun ömür sürməmişdi, Redaktoru doktor Qara bəy Qarabəyov idi,
"Xalq sözü" qəzeti — başqa qəzetlərdən fərqli olaraq, günorta çıxır və səhərki hadisələri əhatə etməyə çalışırdı. Qəzet 1919-cu ilin iyun ayında nəşr olunmağa başlamış və cəmi 3-4 nömrə çıxmışdı.
eypur" məzhəkə məcmuəsi 1912-ci ilin sentyabr ayından çap olunmağa başlamışdı. Məcmuənin naşirləri Səməd Mənsur ilə Məmmədəli Sidqi idi. Nəşri təxminən 1919-cu ilin ortalarınadək davam etmişdir.
Bu dövrdə sol eserlərin, başqa sözlə desək, bolşeviklərin də mətbuat sahəsində geniş fəaliyyətə keçdiklərini görürük, Məsələn, sol eser, yəni bolşevik Əliheydər Qarayevin rəhbərliyi altında «Fəhlə konfransının əxbarı», «Füqəra sədası», «Haqq səsi», «Azərbaycan füqərası» qəzetləri nəşr edilirdi. Ancaq qeyd edək ki, bu qəzetlər bir-iki nömrə çıxandan sonra bağlanmışdır. «Yoldaş» və «Məşəl» məcmuələri də bolşeviklər tərəfindən buraxılırdı. Onların da ömürləri çox qısa olmuşdu.
"Fəhlə və əkinçi" qəzeti də sol eserlər tərəfindən nəşr edilirdi. Bunlardan başqa ayrı-ayrı firqələr və şəxslər tərəfindən; «El», «Doğru yol», «Xalqçı», «Sədaye İran», «Mədəniyyət», "Övraği nəfisə", «Zəhmət həyatı», «Qurtuluş yolu» qəzet və məcmuələr dərc edilirdi. Lakin bunların heç biri mətbuat tariximizdə özlərinə mövqe tuta bilməmişdi.
"Hürriyyət" qəzeti İran Kommunist partiyası "Ədalət«in orqanı idi. Nəşri 1920-ci ilin may ayınadək davam etmişdi. Həftəlik qəzet idi. Redaktoru Mir Cəfər Cavadzadə (Pişəvəri) idi.
Yuxarıda adları çəkilən qəzet və məcmuələrlə yanaşı Tiflis, İrəvan, Gəncə şəhərlərində də Azərbaycan dilində qəzet və məcmuələr nəşr edilirdi. Bunlardan „Al bayraq“ qəzetini və „Tartan-partan“, „Gənclər yurdu“ məcmuələrini göstərmək olar. Bunların hər üçü Tiflisdə çap olunurdu. „Gələcək“ qəzeti Tiflisdə olan müsəlman sosial-demokrat „Hümmət“ partiyası tərəfindən buraxılardı. Menşevik meylli idi. Bu qəzetin səhifələrində Əziz Şərif, Əliqulu Nəcəfzadə, Səmədağa Ağamalıoğlu yaxından iştirak edirdilər. „Al bayraq“ sosialist qəzeti idi. „Tartan- partan“ məzhəkəli məcmuəsi Ə. H. Qarayev tərəfindən buraxılırdı. 1918-ci ildə cəmi bir nömrə çıxmışdır. „Gənclər yurdu“ qəzeti gənclər qəzeti idi. Bundan başqa 1918-ci ildə Gəncədə Əhməd bəy Ağayev tərəfindən „Türk sözü“ adlı bir qəzet də buraxılırdı. Cəmi iki sayı çıxmışdı.
Eyni zamanda İrəvanda „Bürhani həqiqət“ adlı həftəlik ədəbi-siyasi bir məcmuə də buraxılırdı. Qafqaz cəbhəsinin yaxınlaşması ilə əlaqədar bağlanmışdı.
Bakı şəhərində universitet açılması sahəsində böyük işlər aparılmışdı. Nəhayət, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda universitet açılması barədə qanun təsdiq etdi. Qəbul edilmiş qanunda deyilirdi ki, universitetdə 4 fakultə təşkil olunur: Tarix-ədəbiyyat, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.
Universitetin rektoru professor V.İ.Razumovski təyin olunur. Universitetdə hər bir tələbədən 500 manat təhsil haqqı alınırdı. Tələbələrdən 10 faizi isə pulsuz təhsil alırdı. Universitetdə Rusiyadan dəvət olunmuş professorlar leksiya oxuyurdu. Təhsil alanlar içərisində azərbaycanlılarla yanaşı başqa millətlərin nümayəndələri də vardı: rus, erməni, yəhudi, dağıstanlı və başqaları. Universitetin açılması Azərbaycanın həyatında mühüm hadisə idi.
Azərbaycan hökümətinin qısa bir müddətdə əldə etdiyi böyük müvəffəqiyyətlər xalq içərisində böyük nüfuzu olan Müsavat partiyasının başçılığı altında başa gəlmişdi. Respublikanın bütün ictimai, siyasi, iqtisadi və mədəni həyatında Müsavat həmişə bayraqdar olmuşdu.
Təəssüf ki, respublikanın ömrü qısa oldu. 1920-ci ilin 27 aprelində bolşeviklər hökümətin təslim olması barədə parlamentə ultimatum verdilər. Və parlamentin çıxardığı aşağıdakı qərarla hökümət təslim oldu.

Azərbaycan Respublikasmın fövqəladə iclasının qərarı 


27 aprel 1920-ci il
Sizin 27 aprel tarixli məktubunuzu müzakirə edərək və onun məzmununu yaşadığımız vəziyyətlə müqayisə edərək və sizin təklifinizi nəzərə alaraq, seçdiyimiz komissiya bu qərara gəlir:
  1. Sovet hakimiyyəti tərəfindən idarə olunan Azərbaycan istiqlaliyyəti bütövlükdə saxlanmalıdır.
  2. Azərbaycan Kommunist partiyası tərəfindən yaradılmış hökümət müvəqqəti orqan olacaq.
  3. Azərbaycanın idarə edilməsinin son forması hər cür xarici təzyiqlərdən asılı olmayaraq, Azərbaycan fəhlə, kəndli və əsgər deputatları Soveti simasında Azərbaycanın ali qanunverici idarəsi tərəfindən müəyyən ediləcəkdir.
  1. Hökümət idarələrinin əməkdaşları öz yerlərində qalır, yalnız məsul vəzifə tutanlar azad edilirlər.
  2. Yeni təşkil olunmuş müvəqqəti kommunist höküməti parlament və hökümət üzvlərinin toxunulmazlığına təminat v
  3. Qızıl Ordunun hücumla Bakı şəhərinə daxil olmasına yol verməyəcə
  4. Azərbaycanın istiqlaliyyətini boğmaq istəyən hər hansı xarici qüvvələrə qarşı yeni hökümət onun sərancamında olan vasitələr və qəti tədbirlərlə mübarizə edəcəkd
Azərbaycan parlamenti bu şərtlərin özünün fövqəladə iclasında səs çoxluğu ilə qəbul edildiyini nəzərinizə çatdırır.
Parlamentin sədri: MƏMMƏD YUSİF CƏFƏROV. Bakı, 27 aprel, axşam saat 11.
Sonradan  məlum  olduğu  kimi  bu  şərtlərin  heç  biri  yerinə  yetirilməmiş,Azərbaycan Milli höküməti aldadılmışdı. Hökümət başçılarından bəziləri vaxtında aradan çıxaraq, xaricə getmiş, buna macal tapmayanlar isə həbs edilib, güllələnmiş və sürgün edilmişdilər.
Beləliklə, Azərbaycan Milli Demokratik Respublikası üfüqdə parlaq bir ulduz kimi parlayıb, tez söndü. Lakin onun xoş təəssüratı uzun müddət, düz 70 il Azərbaycan oğullarının ürəyində özünə gizli yuva tapmışdı. Yalnız bizim günlərdə o özünü böyük sevinclə biruzə verdi və M.Ə.RƏSULZADƏNİN vaxtı ilə dediyi: „Bir kərə yüksələn bayraq bir daha enməz“ sözləri, nəhayət, özünü doğrultdu. Azərbaycanda daha güclü, milli Azərbaycan Respublikası bərqərar oldu.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

0 şərh