Filarmoniya binası niyə və necə tikilib?

İndi hamının Azərbaycan Dövlət Filarmoniyası kimi tanıdığı memarlıq abidəsini tikmək ideyası Bakıda dəhşətli bir yanğından sonra ortaya çıxıb. Həmin yanğın 1907-ci il martın 1-dən 2-nə keçən gecə baş verib...

Doğrudur, indiki filarmoniya binasının inşasına bu hadisədən dərhal sonra başlanmayıb. Amma bu barədə danışıqlar, müzakirələr və hətta mübahisələr məhz o yanğından sonra ortaya çıxıb və uzun illər davam edib.

“Ağ Klub”un qara günü


...Vaxtilə indiki “İçərişəhər” metrosunun həndəvərində taxtadan bir pavilyon tikilibmiş. Əhənglə ağardıldığı üçün “Ağ klub” adlandırılan bu məkan Bakı varlılarının əyləncə yeri kimi tanınıb. 1907-ci ilin bir yaz gecəsi yanıb külə dönən də məhz bu tikili olub. O vaxt yanğınla bağlı şəhərdə müxtəlif şaiyələr yayılıb. Kimi həmin gecə Bakıda güclü külək olmasını əsas gətirərək bunu adi təbii fəlakət hesab eləyib, kimi də “Ağ klub”un qəsdən yandırıldığını düşünüb. O dövrdə bu yanğınla bağlı istintaqın gedib-getmədiyini demək çətindir, amma Dövlət Tarix Arxivində saxlanılan çoxsaylı sənədlər sübut edir ki, “Ağ klub”un sahibi – Bakı İctimai Məclisi yanğından dərhal sonra yeni bina tikdirmək qayğısına qalıb və bu məqsədlə şəhər rəhbərliyinə müraciət edib.

Bakı Şəhər Dumasının yanğından cəmi bir neçə gün sonra – 1907-ci il martın 6-da keçirilən iclasında qərara alınıb ki, Mixaylovski bağında – Sadovı və Nikolayevski küçələrinin tinindəki 778 kvadrat sajen (təxminən 1700 kv.m) torpaq sahəsi yay klubu tikmək üçün Bakı İctimai Məclisinə verilsin (söhbət indiki Filarmoniyanın yerləşdiyi ərazidən gedir. Nikolayevski – indiki İstiqlaliyyət, Sadovı isə – Həmzə Niyazi küçələridir). Tikintinin digər şərtlərinə sonradan baxılmalı idi.

Bakı İctimai Məclisinin onda bu yerdə filarmoniya binası tikdirmək arzusu yox idi, baxmayaraq ki, hələ XIX əsrin sonlarından Avropada filarmoniyalar yaranmağa başlamışdı. Bakı İctimai Məclisi öz üzvlərinin “asudə vaxtının səmərəli təşkili məqsədilə” yay klubu tikdirmək istəyirdi, yanan klubun əvəzinə.

Arxiv sənədlərinə əsasən demək olar ki, o vaxt Dumanın torpaq sahəsi ayırmaq barədə qərar qəbul etməsi hələ məsələnin tam həlli demək olmayıb. Digər instansiyaların da razılığını almaq lazım gəlib. Çünki onda Mixaylovski bağına və burdakı yaşıllığa xüsusi diqqət və qayğı göstərilir, bu bağda hər hansı tikiliyə icazə məsələsi etirazla qarşılanırdı.

Dövlət Tarix Arxivində qorunan sənədlər içərisində Mixaylovski bağında, indiki dillə desək, obyekt tikdirmək arzusunda olan Bakı varlılarının ərizələri saxlanılır. Məsələn, hələ 1880-ci ilin oktyabrında şəhər sakini Nikolay Osipov, 1881-ci ilin aprelində bir qrup Bakı varlısı, o cümlədən Z.Tağıyev, De Bur və başqaları, 1886-cı ilin oktyabr ayında Türkiyə təəbəsi olan Genati həmin ərazini alıb orada tikinti aparmaq məqsədilə şəhər upravasına müraciət ediblər. Özü də müraciət edənlər orada teatr binasının tikiləcəyini göstərib və hamısı da rədd cavabı alıblar. Şəhər rəhbərliyi səbəb kimi hər dəfə bağda ağacların kəsiləcəyindən narahatlığını göstərib, burda uzun müddət tikinti işlərinin aparılmasının bitki aləminə ziyan vuracağını xatırladıb. Maraqlıdır, bəs niyə Bakı varlılarının hamısı yay teatrını məhz Mixaylovski bağında tikdirmək istəyib?

“Qoburnat bağı”nda çal-çağır


Mixaylovski – indiki Filarmoniya bağı Bakının ilk ictimai bağı hesab olunur. XIX əsrin ikinci yarısında İçərişəhərin ikiqat qala divarlarından bir qatı sökülür, onların arasında sakinlərə məxsus bağ-bostan yeri upravanın mülkiyyətinə keçir və şəhər rəhbərliyi oranı bağa çevirir. İlk vaxtlar, sadəcə, “Qorodskoy sad” – “şəhər bağı” kimi tanınan ərazi sonralar çar I Nikolayın qardaşı Mixailin şərəfinə “Mixaylovski bağı” adlandırılır. Lakin Bakının general-qubernatoru şəhərin varlılarından olan Hacı Nemətulla Seyidovun bağın kənarında yerləşən evini (o ev sökülüb və yerində “Four Season” – “Dörd Fəsil” oteli tikilib) kirayəyə götürdüyü üçün bu bağı şəhər əhli “Qubernator bağı” – “Qoburnat bağı” adlandırmağa başlayır.

Sonralar bağ çuqunla hasara alınır, burda xarici ölkələrdən gətirilmiş ağaclar əkilir, hovuzlar tikilir, bir sözlə, əsl istirahət guşəsinə çevrilir. Və buranın səliqə-səhmanına diqqət o qədər artırılır ki, deyilənə görə, hətta bağın girişinə xüsusi elan da vurulur: “Əsgərlərin və itlərin daxil olması qadağandır!”

Bağa qulluq xərclərini də şəhər rəhbərliyi öz üzərinə götürür. Arxiv sənədləri içərisində qış aylarında bağın qardan təmizlənməsi, hətta bağda göyərçinlərin yemlənməsi üçün şəhər büdcəsindən pul ayrıldığını təsdiq eləyən sənədlər var. Yay aylarının şənbə və bazar günlərində isə bağda xüsusi hərbi orkestrin ifası üçün xərclər də şəhər büdcəsindən ödənilib. Hələ üstəlik burda ticarət köşklərinin olmasını, tez-tez konsert və xeyriyyə tədbirlərinin təşkilini də nəzərə alsaq, bağda obyekt açmaq istəyənlərin sayının çoxluğunun səbəbi aydınlaşar.

Yay teatrı üçün niyə məhz indiki Filarmoniya binasının yeri istənilib? Bu sualın cavabı Bakı İctimai Məclisinin adından şəhər upravasına göndərilmiş bir məktubda açıqlanır. Həmin sənəddə Bakı İctimai Məclisinin rəhbərliyi 1907-ci ildə yanan “Ağ klub”un əvəzinə yeni yay binası inşa etdirmək istəyini bildirir və bu məqsədlə məhz indiki filarmoniyanın yerinin ayrılmasını xahiş edir. Məktubda yeni binanın tikintisinin onlara baha qiymətə başa gələcəyi göstərilir, amma məhz bu sahənin ayrılmasının vacibliyi vurğulanır: “...İctimai Məclis baha xərclərlə ona görə burda bina tikdirmək istəyir ki, Bakı şəhərinin müstəsna iqlim şəraitini nəzərə alsaq, yay binası üçün bundan sərin və nisbətən təmiz havası olan yer tapmaq mümkün deyil”. Deməli, o vaxt bura həm şəhərin ən sərin, həm də havası nisbətən təmiz olan yeri imiş…

Qafqaz canişini etiraz etmir


Şəhərdə belə əzəmətli bina tikdirmək arzusunda olan Bakı İctimai Məclisi şəhər varlılarının birliyi, indiki terminlə desək, qeyri-hökumət təşkilatı olub. Təşkilatın Ağsaqqallar Şurasına ixtisasca mühəndis-mexanik olan Mixail Unanov rəhbərlik edib. Təbii bir sual yaranır: şəhər rəhbərliyi üstündə əsdiyi bu bağda heç kimə torpaq ayırmadığı halda İctimai Məclisin bina tikdirməsinə niyə icazə verib?

Arxiv sənədləri bu suala da cavab verir: artıq 1909-cu ildən mühəndis Məmmədhəsən Hacınskinin təşəbbüsü ilə Bakı bulvarı salınmış və Mixaylovski bağı şəhərin yeganə istirahət guşəsi kimi əhəmiyyətini itirmişdi...

Bununla belə, yay klubu üçün yer ayrılması asan başa gəlmir və Dumanın 1908-ci il dekabrın 18-də verdiyi qərarla tikinti aparılacaq ərazi 615 kvadrat sajenədək azaldılır. Gözləmək olardı ki, artıq binanın inşasına başlamaq olar. Lakin bundan sonra məsələyə Bakı şəhər rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Şubinski qarışır. O, 1909-cu il yanvarın 14-də şəhər başçısına ünvanladığı məktubda tikinti ilə əlaqədar Mixaylovski bağında ağacların qırılacağından narahatlığını bildirir və şəhərin baş planında həmin ərazidə tikinti nəzərdə tutulmadığını, eləcə də Şəhər Əsasnaməsini rəhbər tutaraq məsələnin yüksək instansiyalarda həll edilməsinə qədər Dumanın qərarının icrasının dayandırıldığını bildirir.

Bu məsələ Dumanın 1909-cu il yanvarın 27-də keçirilən iclasında bir də müzakirəyə çıxarılır, binanın layihəsinin təqdim edilməsi tələb olunur. İctimai Məclis layihənin hazırlanmasını mülki mühəndis Q.Termikeilova həvalə edir.

Və qərara alınır ki, Bakının baş planında dəyişiklik etməyə icazə üçün Rusiyanın Qafqazdakı canişininə müraciət olunsun.

1910-cu ilin iyun ayında sənədlər baxılmaq üçün Tiflisə – Qafqaz canişinliyinə göndərilir. Tiflisdən Bakı şəhər rəisinə cavab yalnız 1910-cu il oktyabrın 28-də gəlir: “Diyarın Ali hakimiyyəti Mixaylovski bağında İctimai Məclisin yay klubunun tikilməsi üçün torpaq sahəsinin ayrılmasına maneə görmür”.

İcazə sənədinin altında Qafqaz canişininin mülki hissə üzrə köməkçisi Çunkovskinin imzası var. Bu imza tikinti işləri qarşısında yaşıl işıq yandırır. Lakin torpaq sahəsinin həcmi, layihəyə edilən düzəlişlər və s. yenidən vaxt aparır və yay klubu üçün Mixaylovski bağında 800 kvadrat sajen torpaq sahəsi ayrılması barədə Duma daha bir qərarı 1910-cu il mayın 28-də qəbul etməli olur. Görünür, bürokratik sənədləşmə yenə vaxt aparır və İctimai Məclisə torpaq sahəsinin natura şəklində verilməsi barədə akt yalnız 1910-cu il dekabrın 15-də imzalanır. Hələ bu sənəd də sonralar filarmoniya kimi fəaliyyət göstərəcək binanın taleyini həll edə bilmir. 1911-ci ilin martında Şəhər Upravası ilə İctimai Məclis arasında daha bir müqavilə bağlanır. Və bu sənəddə konkret şərtlər göstərilir. Məsələn, müqavilədə nəzərdə tutulur ki, tikinti üçün ayrılan 800 kvadrat sajen torpaq sahəsinin 74 kvadrat sajeni hasara alınmış gül bağçası olmalıdır. Müqavilədə torpağın 24 illiyə icarəyə verilməsi, ilk 12 il üçün ildə 3 min, sonrakı 12 il üçün isə ildə 6 min rubl pul ödənməsi nəzərdə tutulur.

Bundan başqa, İctimai Məclis qarşısında binanın təsdiq edilmiş layihə üzrə daşdan, dəmir-beton örtüklə, özü də şəhər memarının nəzarəti altında tikilməsi öhdəliyi qoyulur. Müqavilənin 9-cu bəndində isə deyilir ki, bu bina tikiləndən sonra istisnasız olaraq Bakı İctimai Məclisinin Nizamnaməsinin 2 və 34-cü maddələri çərçivəsində istifadə edilməlidir. Nizamnamənin həmin maddələrində İctimai Məclisin öz üzvləri üçün maskarad, rəqs, musiqi və ədəbi gecələr keçirmək və s. mədəni-kütləvi tədbirlər nəzərdə tutulurdu… Yalnız belə uzun yazışma və sənədləşmə işləri gedəndən sonra indiki filarmoniya binasının özülü qoyulur…

Yay klubu, yoxsa qumarxana?


Bundan bir neçə ay sonra – 1912-ci il yanvarın 7-də müqavilənin şərtlərinə uyğun olaraq şəhər upravasının iki nümayəndəsi İctimai Məclisin iki nümayəndəsi ilə birlikdə tikintiyə baxış keçirir. Sonda imzalanmış aktda göstərilir ki, inşaat işləri cüzi istisnalarla təsdiq edilmiş layihə üzrə aparılır.

1912-ci il oktyabrın 29-da Upravanın texniki komissiyası artıq hazır binaya baxış keçirir və aşkar olunmuş xırda qüsurların aradan qaldırılması barədə tapşırıq verir. Elə həmin ilin sonlarında bina istismara qəbul edilir və təyinatı üzrə fəaliyyətə başlayır. Köhnə bakılıların dediyinə görə, bu bina o vaxtlar təkcə İctimai Məclisin Nizamnaməsinin 2-ci bəndində göstərilən fəaliyyət – rəqs, musiqi, maskarad yeri olmayıb, burda Bakı varlıları həm də qumar oynayıblar. Bu faktı Məclisin Nizamnaməsində öz əksini tapan bir bölmə də təsdiqləyir. “Oyunlar haqqında” adlanan həmin bölmədə deyilir: “İctimai Məclisin qərarı ilə qadağan olunan oyunlardan başqa bütün oyunlara icazə verilir”.

Nizamnamənin 53-cü maddəsi: “Oyunlar üzrə hesablaşmalar oyun qurtaran kimi aparılmalıdır”. Maddə 54: “Uduzan pulu ödəyə bilmirsə, udan tərəf uduzanın adını üç gündən gec olmayaraq borc kitabına yazdırmalıdır” və s. və i.a.

Bütün bunlar yay klubunun o vaxtlar həm də qumarxana kimi fəaliyyət göstərməsindən xəbər verir. Məclisin Nizamnaməsində klubun gecə saatlarında – səhər saat 4.15-ə qədər işləməsinin rəsmi qeyd edilməsi də təsadüfi deyil.

O da təsadüfi deyil ki, layihənin hazırlanmasından əvvəl memar Monte-Karloya ezam olunub ki, ordakı kazino binasının memarlıq elementləri ilə tanış olsun. Deyilənə görə, o dövrdə Monte-Karlo kazinosu öz gözəlliyi ilə dünyada ad çıxarıbmış… Hansı niyyətlə tikilməsindən asılı olmayaraq, 24 illiyə icarəyə verilən bina həmin təyinat üzrə heç ilk 12 ili fəaliyyət göstərə bilmir. 8 il sonra Azərbaycanda bolşevik hakimiyyəti qurulur və ölkədə həyat dəyişir.

Sovet hakimiyyətinin ilk illərində bütün digər ictimai və şəxsi binalar kimi gələcək filarmoniya binası da milliləşdirilir. Daha doğrusu, sahibinin rəyini, illər əvvəl imzalanmış müqavilələri nəzərə almadan bu bina da dövlət mülkiyyətinə keçirilir. Sovet hakimiyyətinin ilk illərində bura pərakəndə şəkildə fəaliyyət göstərən musiqi kollektivləri toplaşır. Bina, necə deyərlər, ilkin təyinatına oxşar məqsədlərə xidmət edir. Di gəl sonralar bu təyinat dəyişir. Ötən əsrin 30-cu illərinin əvvəllərində bu bina “Müdafiəyə, aviasiya və kimya tikintisinə yardım cəmiyyəti”nin istifadəsinə verilir. Bina isə “Müdafiə evi” adlanır…

Filarmoniya təsis edilsin və...


1936-cı ildə Azərbaycanda filarmoniya təsis edilir və yeni musiqi təşkilatına bina axtarmaq üçün çox baş sındırmağa ehtiyac qalmır. Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi möhtəşəm bina filarmoniyaya verilir.

1937-ci ilin avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə filarmoniyaya görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Və o vaxtdan bu möhtəşəm bina musiqi mədəniyyətinin təbliğinə xidmət edir, ən böyük konsert təşkilatçısı kimi fəaliyyət göstərir. Amma istisnalar da olur. Məsələn, 1941-ci ilin yayında faşist Almaniyası SSRİ-yə hücum edəndən bir neçə gün sonra burda – filarmoniyanın yay zalında izdihamlı antifaşist mitinqi təşkil edilir. Orda Səməd Vurğun, Məmməd Rahim və o dövrün digər tanınmış ziyalıları xalqı, Vətəni qorumağa çağırır.

Bir də… uzun illər ərzində flarmoniyada təkcə müxtəlif konsertlər deyil, həm də… hüzr məclisləri təşkil olunub. Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri son mənzilə məhz bu binadan yola salınıb...

Filarmoniya binası ilə bağlı bir fakt da illərdi ki, müzakirə və mübahisə predmeti olub. Deyilənə görə, ikinci mərtəbədəki yay zalı memarlıq qanunlarına zidd olaraq tərsinə tikilib. Səbəbi də o olub ki, guya indiki Milli İncəsənət Muzeyinin sahibi olan De Bur filarmoniya binasının memarından yay salonunu elə tikməyi xahiş edib ki, onun evinin balkonundan konsertləri müşahidə eləmək mümkün olsun.

Bu iddianın əsası yoxdur. Əvvəla, De Bur filarmoniya binası tikilməzdən təxminən 20 il əvvəl dünyasını dəyişib. Binanın sonrakı sahibləri də memara xahiş etməklə layihəni dəyişdirə bilməzdi. Çünki yuxarıda xatırlanan arxiv sənədlərindən görünür ki, binanın layihəsi ciddi müzakirədən sonra təsdiq edilib və tikintinin layihə üzrə aparılmasına şəhərin tikinti idarəsi nəzarət edib. Nəhayət, tanınmış memarlardan biri bizimlə söhbət zamanı filarmoniyanın yay zalının tərtibatında heç bir yanlışlıq olmadığını əsaslandırdı. Deməli, bütün bunlar filarmoniya binası ətrafında formalaşan əfsanədən başqa bir şey deyil...

Məlum olduğu kimi filarmoniyalar dünyanın hər yerində əsasən klassik musiqinin təbliğinə üstünlük verir. Elə bizim filarmoniya da… Çünki “filarmoniya” sözü yunanca – phileo (sevmək) və harmonya (harmoniya, musiqi) sözlərinin birləşməsindən yaranıb. İlk filarmoniyalar Avropa və Amerikada XIX əsrdə yaranıb və əsasən simfonik musiqinin təbliği ilə məşğul olub. İndi də əksər ölkələrdə filarmoniyalar musiqi cəmiyyəti və ya konsertlərin təşkili, musiqi sənətinin inkişaf etdirilməsi və təbliği ilə məşğul olan idarələr kimi fəaliyyət göstərir.


Azərbaycan Dövlət Filarmoniyası da uzun illər ölkənin ən böyük konsert təşkilatı, klassik musiqinin təbliği mərkəzi olub. Bu gün də həmin xeyirxah missiyanı yerinə yetirir. Filarmoniyaya vaxtilə maestro Niyazi, Şəmsi Bədəlbəyli kimi böyük sənətkarlar rəhbərlik edib.

Partiya tapşırığı: MƏMURLAR FİLARMONİYAYA!


...Klassik musiqi insanı daxilən saflaşdırır – deyirlər. Onu da eşitmişik ki, ötən əsrin 70-ci illərinin sonlarında, Azərbaycanın rəhbəri olduğu dövrdə ulu öndər Heydər Əliyev yüksək rütbəli dövlət məmurlarını filarmoniyada təşkil edilən klassik musiqi konsertlərinə məcburən göndərirmiş… Rəhbərin göstərişinə əməl etməkdən başqa çıxış yolu olmayan məmurların saflaşıb-saflaşmadığını söyləmək çətindir. Amma klassik musiqinin təbliği və öyrənilməsi baxımından bu, çox maraqlı addım olub.

Ötən əsrin 90-cı illərinin sonlarında təmirlə əlaqədar fəaliyyətini dayandıran filarmoniya dövlət vəsaiti hesabına müasir üslubda təmir olunaraq 2004-cü ildə yenidən musiqisevərlərin istifadəsinə verilib.

Filarmoniya kimi fəaliyyət göstərdiyi ilk gündən burda böyük Üzeyir bəyin üverturası da səslənib, V.Motsartın, P.Çaykovskinin simfoniyaları da, sirli-sehrli Azərbaycan muğamı da ifa olunub, ecazkar caz musiqisi də...

Şərq və qərb, bütövlükdə dünya musiqisinin ifa yeri olan bu musiqi məbədinin memarlıq elementləri də orijinal və bənzərsizdir. Burda İtaliya intibahının elementləri də var, Şərq-müsəlman memarlığının özünəməxsus cizgiləri də. Binanın yerin relyefinə uyğun layihələşdirilməsi isə yüz il keçsə də yerləşdiyi ərazinin ümumi memarlıq ansamblına qətiyyən xələl gətirmir, əksinə, şəhərin ümumi görünüşünü tamamlayır, ona yaraşıq verir.

Filarmoniyanın interyeri də milli ornamentlərlə zəngindir. Təmirdən sonra istər zahiri, istərsə də daxili görkəmi bir az da gözəlləşən filarmoniya binası insanların mədəni istirahətinin, asudə vaxtının səmərəli təşkilində müstəsna rol oynamaqda davam edir. Bu yaxınlarda inşasından yüz il keçən, filarmoniya kimi fəaliyyətində isə səksəni haqlayan bu bina xırda istisnalarla, demək olar ki, elə yüz ildir mədəni-kütləvi tədbirlərə, musiqi mədəniyyətinin təbliğinə xidmət edir. Bu gün olduğu kimi...

publika.az 

1 şərh

SemaFuadqizi
Filarmoniya haqqında maraqlı məqaləni paylaşdığınıza görə təşəkkür edirəm. Filarmoniyada musiqi dinləmək imkanım olmasa da, Filarmoniya bağında dəfələrlə olmuşam və o bağ mənim ən sevimli bağımdır. Xüsusilə o bağda caz musiqisi səslənərdi. Ona görə lap çox sevirəm o bağı. Niyə «səslənərdi» deyirəm çünki bu keçən ilin ortaları bu ilin əvvəllərində o bağda bir neçə dəfə olmuşam caz musiqisi səslənməyib.  Bağın ümumi görünüşü, fontandan axan suyun şırıltısı, caz musiqisi və digər tərəfdə isə İçərişəhər. Bunları sevməmək mümkün deyil. :)