Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

Azərbaycanda Novruz bayramı həm də Bahar bayramı kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı qoşa çəkilir, qoşa vurğulanır. Hələ dilimizə fars sözləri girmədən öncə Novruza «il bayramı», «yaz bayramı» və «bahar bayramı» deyiblər. Odur ki, bu bayramın əsas simvollarından, qəhrəmanlarından biri də «Bahar qızı» adlandırılardı. Artıq neçə illərdir ki, Novruz «Bahar qız»sız təsəvvür edilmir. «Bahar qız» yazın ilk günündə bütün eli-obanı dolaşar, yazın gəlişinin müjdəçisi olar. Paytaxt Bakıda da Bahar qızı güllü-çiçəkli bahar rəngli, bahar donu ilə İçərişəhərdə, Qız qalasının önündə dayanaraq insanları xoşbəxtcəsinə seyr edər. Nə gözəldir, deyilmi?! Dünyanın ən xoş niyyətli qızı «Bahar qızı»…

Azərbaycanın «Bahar qızı»
Ta qədimlərdən Oğuz elinin atası olan Dədə Qorqud Novruz Bayramının əsas personajlarından biri kimi qəbul edilib. Hər zaman da onun yanında Bahar qızı dayanıb. Bu obraz ayağının sayalı olması, surətin məlahətli, xoşsimalı olmasını özündə açıq-aşkar əks etdirir. Elə bahar məfhumunun özü də qadın adı kimi işlədilir və xəyalımızda güllərlə bəzənmiş qəşəng qız obrazı ilə assosiasiya olunur. Bütün bunlar el şənliklərindəki Bahar qızın qədim tarixə malik olduğunu, əsas qadın surətlərindən biri kimi yaz bayramı şənliklərində aktiv iştirak etdiyini sübut edir.

Yəqin ki, hamınızın yadındadır. Ölkədə Novruz Bayramını rəsmi olaraq təsdiqlədən ümummilli lider Heydər Əliyev hər il Novruzda öz nəvələrini başına yığıb şəhərə, xalq arasına çıxardı. Xalqın xoş günündə onlarla bərabər olub, sevincini paylaşardı. Hətta qol qaldırıb oynayardı da. Hər zaman da onun yanında oğlu, Azərbaycanın prezidenti İlham Əliyev və gəlini Mehriban Əliyeva olardı. Ümummilli liderin ənənələrini bu gün də onlar yaşadır. Hər il paytaxt Bakının mərkəzində qurulan Novruz şənliklərinə qatılır, xalqla bir olurlar. «Dədə Qorqud»la «Bahar qızı» kimi. Dəfələrlə, ümummilli liderin davamçıları — ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiya aktları qəbul edilib. Ailələrə baharın gəlişi, təbiətin oyanışını həsrətsiz gözlərlə baxmaq nəsib olub. Onların sayəsində Novruzda hər zaman ailələrə xoş müjdələr bəxş edilir, dəmir barmaqlıqlar arxasından boylanan həmvətənlərimizə müstəqillik verilir. Belə ki, artıq ənənə halını almış amnistiya aktlarının qəbulu məhz bayram günlərinə təsadüf edir.

Mehriban xanımın təşəbbüsü ilə təkcə 2009-cu ildə qəbul edilmiş amnistiya aktına əsasən 9 min 564 nəfər məhbus Novruzun əsl sevincini yaşadı. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz Bayramı qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edildi. Bu da Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.

Azərbaycanın təşəbbüsü ilə BMT-nin bir müddət əvvəl 21 martı Beynəlxalq Novruz Günü elan etməsi isə bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Sadalananlar bununla kifayətlənmir. Hər il ölkədə Novruz Bayramı günlərində beynəlxalq festivallar, konfranslar, simpoziumlar, müxtəlif rəsmi açılışlar təşkil olunur. Dünyanın tanınmış dövlətlərinin nəzəri Azərbaycana, eyni zamanda Novruza yönəlir. Ötən il bayram çərçivəsində təşkil olunan «Muğam aləmi» beynəlxalq festivalı və festival çərçivəsində beynəlxalq elmi simpozium buna sübutdur.

Ata-ana qayğısından məhrum olan uşaqlar isə, hər bayramda olduğu kimi, Novruzda da «Mehriban» analarını gözləyirlər. Həmin gün gözləri qapıda qalan, ata-ana həsrəti çəkən uşaq evləri, internatlarda yaşayan balalar üçün də bayram süfrəsi açılır, Novruz sovqatı, müxtəlif hədiyyələr paylanır. Uşaqları Novruz bayramı münasibətilə təbrik edən Mehriban xanım isə onların ehtiyacları ilə maraqlanır, bundan sonra da tez-tez onların görüşünə gələcəyini bildirir. Müstəqil dövlətimizin «Müstəqil Bahar qızı» kimi…

Müstəqil dövlətin müstəqil bayramı — Novruz
Heydər Əliyev: «Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır». Novruz — dünyanın və insanın yaradılış bayramıdır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirib.

Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirib: «Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz Bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edib».

Ulu öndər Novruz Bayramını «sevinc», «həvəs» və «birləşmə» formulu kimi səciyyələndirib. Ulu öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq öz bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan prezidenti İlham Əliyevin öz xalqı qarşısında Novruz təbrikində aydın və birmənalı şəkildə təsdiq olunub. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı deyib ki, «Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o bizim üçün ən başlıca, ən gözəl bayramdır. Əsrlər boyu xalqımız bu bayramı qeyd edib. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz — bütün bunlar Azərbaycan xalqını qoruyub. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq».

Biz Azərbaycan xalqı olaraq, Novruz Bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tutmuş, adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir.

Umummilli lider Heydər Əliyev deyib ki, «Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içərisində dilini, dinini, mədəniyyətini saf bir şəkildə qoruduğu kimi, milli bayramlarını, o cümlədən Novruz bayramını da qoruyub saxlayıb, hər gəlişini çox böyük arzularla gözlədiyi bu bayramı tarix boyu həmişə əziz tutaraq, onu dərin ehtiram və məhəbbətlə qeyd edib. Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır». Novruz dünyada+ Novruz nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə — İranda, İraqda, Türkiyədə, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilir. Albaniyada Sultan «Nevruz» bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.

İranda süfrələrdə fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər.

Əfqanıstanda da yumurta döyüşü olur. Yumurtalar qaynadıqdan sonra fırçayla üstünə cürbəcür naxışlar vurulur. Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı «həft meyvə», yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar.



Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir — uşaqlar qapı döyüb bayram payı istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür -ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.

Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilir. Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.

Nigar Məmmədli
 
loading...

0 şərh