Azərbaycan bayrağı

Dövlətin  rəsmi   fərqləndirici   əlamətlərindən  biri dövlət bayrağıdır  və  onun təsviri,  əsasən konstitusiyada  qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.

Azərbaycan  Respubiikasının  Dövlət  bayrağı 1918-1920-ci illərdə  mövcud  olmuş  Azərbaycan Xalq  Cümhuriyyəti  dövründə yaradılan milli dövlət atributlarındandır.Azərbaycan bayrağı

1918-ci  il mayın  28-də Azərbaycan Milli  Şurası Tiflisdə Azərbaycan   İstiqlal   Bəyannaməsini   qəbul   edərək,  onun müstəqilliyini elan etdi. Bakı şəhəri bolşevik-daşnak qruplaşmalardan ibarət Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası Gəncədə yerləşdirilir.  Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci iclasında onun buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycanın Müvəqqəti hökumətinə verilməsi haqda iki qərar qəbul edilir.
Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 24 iyun  1918-ci il tarixli qərarı ilə üzərində  ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. Türkiyə   ilə   Antanta  dövlətləri  arasında  Birinci  Dünya müharibəsinin  sonuna yaxın  1918-ci il oktyabrın 30-da imzalanan Mudros (Mondros) müqaviləsinə əsasən türk qoşunları Azərbaycanı tərk etməli və müttəfiq qüvvələri  tərəfindən  Bakının tutulmasına mane olmamalı idilər.
Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış ingilislər isə  ilk  bəyanatlarında  Azərbaycan   hökumətini  tanımadıqlarını bildirdilər və bu hökuməti Türkiyənin intri­qasından yaranmış bir qurum kimi qiymətləndirdilər. Bunun qarşısını almaq  və milli  hökumətin tanınmasına  nail  olmaq üçün Dövlət bayrağının dəyişdirilməsi qərara alındı. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin  sədrliyi  ilə Nazirlər  Kabinetinin iclası oldu və burada onun milli bayraq haqqında məruzəsi dinlənildi.Həmin iclasda dövlət bayrağı haqqında aşağıdakı qərar qəbul edildi:
"Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin".

 

Azərbaycan Respublikasının müstəqillik qazanmasından xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 28 aprel rus işğalından sonra 1920-ci il mayın 3-də endirilmiş müqəddəs bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də  qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasət və dövlət xadimi prezident Heydər  Əliyevin təşəbbüsü və  rəhbərliyi  ilə  Naxçıvan  Muxtar Respublikasının  Dövlət bayrağı  kimi  qəbul edilərək, yüksəklərə qaldırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan  Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu Konstitusiya qanunu ilə üçrəngli  milli  bayrağımız Azərbaycan Respublikasının  Dövlət bayrağı kimi təsdiq edildi və bu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Bu gün milli tərbiyə və təhsilimizin, milli  ideologiyamızın qarşısında duran ən vacib  məsələlərdən biri prezident H.Əliyevin "Azərbaycan   Respublikasının  dövlət  atributlarının təbliği işinin gücləndirilməsi  haqqında"  sərəncamına   uyğun   olaraq   milli bayrağımızın  tarixini,  onun   rəng  palitrasının   və  üzərindəki simvolların məna və funksiyalarını təbliğ etməkdən ibarətdir.
Azərbaycanın Dövlət bayrağı  "Trikolor" ("üç rəngli bayraq") bayraqlar  sırasına  daxildir.  Dünyada  ilk  trikolor  XVI  əsrdə Hollandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqdan ibarət olmuşdur.  Müasir dövrdə bir çox dövlətlərin də  bayraqları trikolordur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan trikolorlardan rəng düzümü ilə bərabər, üzərində digər simvolların olmasına görə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiya daşıya bilər.
Dövlət  bayrağımızda  üç rəngin  ifadə etdiyi və  XX əsrin əvvəllərindəki milli  istiqlal ideologiyamızın  üç  təməl  prinsipini bildirən  "türkçülük,  islamçılıq və  müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri  Əli  bəy Hüseynzadədir.  Onun fikrincə, 
TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin,ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda  milli   dini-əxlaqi  və  ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi,
AVROPALAŞMAQ isə Avropa elm və texnikasının nailiyyətlərini   öyrənib  onun  nəticələrini  öz  milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.
Dövlət bayrağımızdakı qırmızı zolaq üzərindəki rəngli aypara və  ağ   rəngü   səkkizguşəli  ulduz  rəmzləri   Azərbaycan  Xalq Cümhuriyyətinin  1918-ci  il iyunun  21-də  Gəncədə  qəbul  etdiyi qırmızı rəngli və üstündə  ağ rəngli aypara və  səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından  ibarətdir.  Bu  simvol  Azərbaycan bayrağına əski Osmanlı  İmperatorluğunun bayrağından götürülməklə, özündə əsgi türk mifalogiyalarından gəlmə türkün tanrı ilə bağlılığını ifadə edir.
Hələ  Demokratik  respublika  dövründə görkəmli  şairlərimiz milli  bayrağımıza ideya-məzmun  və bədii  sənətkarlıq  cəhətdən diqqəti cəlb edən şerlər həsr etmişlər.
1919-cu ilin aprel ayında Parlament binası üzərində dalğalanan üçrəngli  bayrağa həsr etdiyi "Azərbaycan bayrağına" adlı  şerində görkəmli şairimiz Əhməd Cavad yazmışdır:
Allahın yıldızı, o gözəlpəri,
Sıqınmış qoynunda Aya, bayrağım!

Cümhuriyyətin  dövlət atributlarına,  o  cümlədən  milli bayrağımıza xalqın qəlbində məhəbbət hissi oyadaraq təsəvvürlərdə, şüurlarda  onların   müqəddəsləşdirilməsi, daha doğrusu, bu müqəddəsliyin milli varlığımıza hopmasına nail olunması cəhdi dövrün  ictimai-bədii   fikrini düşündürən  məsələlərdən idi.
Qəhrəmanlar oylağı, igidlər yatağı, məzlumlar pənahı  olub, yeraltı və yerüstü sərvətlərinin zənginliyi coğrafı  mövqeyinin  əiverişliliyi  ilə seçilən gözəl bir diyarın başı üzərində onun  öz milli simvolu olan bayrağın dalğalanması şair və yazıçılarımızın vətəndaş  qəlblərini fərəhlə doldurur və onlar bu bayrağı qəlbən vurulduqları sevgililərinə tay tuturlar. Bu hal Cəfər Cabbarlının şerlərində də diqqəti cəlb edir.
O,  "Azərbaycan bayrağına" yazdığı "Sevdigim"  şerində  Dövlət bayrağının çoxmənalı rənglərini belə təsvir edir:

...Can alıcı bir görkəmlə dağ başında durduqca
Oxşadıqca baharyeli açıq-dağınıq tellərin.
Nazlı yelin omuzunda  saçlarına vurduqca
Birər-birər oxşayırsan bütün Turan ellərin.
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı  sevdigim.
Altaylardan, Altundağdan  doğma səslər gəliyor,
Yaşıldonlu, mavigözlü, al duvaqlı sevdigim.
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı  sevdigim.

Beləliklə,  yuxarıda  qeyd  etdiyimiz   kimi,   Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının gücləndiyi bir dövrdə - 1990-cı il noyabrın 29-da respublika Prezidenti tərəfindən "Azərbaycan SSR- in adının və  Dövlət bayrağının  dəyişdirilməsi haqqında" fərman verilmişdir.  Həmin fərman  1991-ci  il fevralın 5-də  Azərbaycan Respublikası Ali Sovetinin növbəti çağırışının ilk sessiyasında təsdiq olunmuşdur. Fərmana müvafiq olaraq "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə"də tərtib və təsdiq olundu.

Müəllif filologiya elmləri namizədi Sədaqət Kamal qızı Məmmədova

Həmçinin bax: Azərbaycan bayrağı

 

0 şərh