Quba xalçaçılıq məktəbi

Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti buradaxalçaçılığın inkişafına təkan vermişdir. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan torpağında eramızdan əvvəl II minillikdə insanlar xalça toxunuşlu yumşaq parçalardan öz zərifliyi, gözəlliyi iləseçilən müxtəlif əşyalar hazırlamışlar.

Tədqiqatlar Azərbaycanın Qafqazda xalçaçılıq məktəbi olmasındanxəbər verir. Dünyada Qafqaz xalça kompozisiyaları kimi tanınan çeşnilərin 90%-ni Azərbaycan xalça ustalarının yaratdıqları kompozisiyalar təşkil edir. Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir.

Orta əsr italyan, holland, flamand rəssamları – Hans Memlinq, Karlo Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını təsvir etmişlər. Minilliklər boyu inkişaf edən, ən yaxşı xalça ustalarının təcrübələri ilə daha da zənginləşən Azərbaycan xalça sənəti səkkiz xalça məktəbinə bölünür: Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Naxçıvan, Təbriz.

Bu məktəblərin ən parlaq nümunələri Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində saxlanılır. Kataloqda yer alan xalçalar da bu muzeyin kolleksiyasındandır. Azərbaycan xalçaçılıq sənəti 16 noyabr 2010-cu il tarixindəYUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.  


“Sırt-Çiçi” xalçası. Quba, Azərbaycan. XIX əsrin sonu.

Quba xalçaları
 Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üçhissəyə — dağlıq, dağətəyi və düzənlik hissələrinə bölünür. Qubanınxalçaçılıq məntəqələrinə Sırt-Çiçi, Dərə-Çiçi, Pirəbədil, Alpan, Afurca, Mollakamallı, Şahnəzərli, Qaraqaşlı və s. kəndlər aiddir. Bu mərkəzin xalçaçılıq məktəbinə Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçaçılıq məktəbi özündə otuzdan artıq müxtəlif ornament və koloritlərin kompozisiya həllini əks etdirir. Quba xalçaları, bir qayda olaraq, naxış müxtəlifliyi və zəngin dekorativ kompozisiyası ilə fərqlənir. Bu xalçaların kompozisiyası mürəkkəb həndəsi naxışlı, rəngləri ahəngdar olur. Quba xalçalarının yelənində mürəkkəb təsvir yer alır və o, adətən, xalçanın böyük hissəsini əhatə edir. Quba xalça məktəbinə müxtəlif ölçülü xalçalar xasdır. “Alpan”, “Qonaqkənd”, “Alçagül-Çiçi”, “Qımıl”,“Pirəbədil”, “Herat-Pirəbədil”, “Zeyvə”, “Bilici”, “Uqax”, “Afurca”,“Orduc”, “Cimi”, “Qədim minarə”, “Sırt-Çiçi” kimi Quba xalçaları öz rəng harmoniyası, kiçik nəbati təsvirlərin zərifliyi, toxunuşun incəliyi, dəqiqliyi ilə göz oxşayır.

Kataloqda yer alan “Sırt-Çiçi” xalçası Quba xalçaçılıq məntəqəsi olan Sırt-Çiçi kəndində toxunmuşdur. Bu xalçanın rəng həllində sürməyi, mavi, şəkəri, qırmızı çalarlar üstünlük təşkil edir. Xovlu xalçalarla yanaşı, Quba xalça məntəqələrində sumax, palaz və s. xovsuz xalçalar və xalça məmulatları da toxunur.

Mənbə: «Azərbaycan xalçaları» kitabı

0 şərh