Şirvan xalçaçılıq məktəbi

Şirvan xalçaçılıq məktəbi Azərbaycanın şimal-şərqində yerləşən Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay və onların ətrafkəndlərini əhatə edir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.

Şirvan xalçalarının bədii dəyəri haqqında XVI-XVIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişlər. XII-XV əsrlərə aid olan Şirvan xalçalarının nümunələri dünyanın bir çox aparıcı muzeylərində saxlanılır.

Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında təsvir edilmişdir. Şirvan xalçalarının əsas xüsusiyyətlərindən biri onların geniş ölçülü, yüksək sıxlığa malik olması və bəzi hallarda “dəst-xəli” formasında toxunmasıdır.


“Ərciman” xalçası. Şirvan, Azərbaycan. XIX əsrin sonu.

“Ərciman”, “Cəmcəmli”, “Qabıstan”, “Mərəzə”, “Kürdəmir”, “Şirvan”, “Qəşəd”, “Sor-sor”, “Hacıqabul”, “Qəbələ”, “Salyan”, “Pirhəsənli”, “Nabur”, “Cəyirli”  və s. kompozisiyalı xalçalar bu məktəbin ən məşhur xovlu xalçalarındandır. Kataloqda yer alan “Ərciman” xovlu xalçası öz adını toxunduğu Ərciman kəndindən almışdır. Şirvan həmçinin xovsuz xalçaları ilə, xüsusən də Paşalı və Udulu kəndlərində toxunan kilimləri ilə, eləcə də xalça məmulatları ilə – məfrəş, xurcun,  çul, yəhərüstü və s. ilə məşhurdur. 

Mənbə: «Azərbaycan xalçaları» kitabı

0 şərh