Təbriz xalçaçılıq məktəbi

Azərbaycanın qədim xalçaçılıq məktəblərindən biri Təbriz xalçaçılıq məktəbidir. Təbriz məktəbi İranın şimal-qərbində yerləşən Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəçə,Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Çörəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir.

Təbriz xalçaçılıq məktəbi müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişdir. XVI əsrdə özünün ən yüksək çiçəklənmə dövrünü yaşamış Təbriz klassik miniatür məktəbi Təbriz xalça sənətinə və bütün Şərq xalça sənətinin inkişafına böyük təsir göstərmişdir. Məhz ona görə də bu dövr Təbriz xalça sənətinin və ümumiyyətlə, Şərq xalça sənətinin “qızıl dövrü” adlanır.



Bu dövrün xalça sənətini əks etdirən və bu gün bizə gəlib çatan üç minə qədər şedevr xalça dünyanın bir çox muzeylərində saxlanılır.Bu xalçaların arasında Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan “Şeyx Səfi” (XVI əsr) və Milanda Poldi Pezzolli Muzeyində qorunan “Ovçuluq” (XVI əsr) xalçaları xüsusi yer tutur.

Mənbə: «Azərbaycan xalçaları» kitabı

0 şərh