Azərbaycanın ilk heyvan təlimçisi - Ələkbər Fərrux

Azərbaycanın ilk heyvan təlimçisi kimi tanınan Ələkbər Fərrux ölkəmizdən kənarda da məşhur olub
XX əsrin əvvəllərində Orta Asiyada, Rusiyanın bir sıra şəhərlərində mahir heyvan təlimçisi kimi tanınmış əslən Bakıdan olan Ələkbər Fərrux haqqında nə bilirik?

Xalq yazıçısı Qılman İlkin Bakının tarixinə dair yazdığı kitablarda Azərbaycanın da ilk sirk təlimçisi hesab olunan bu şəxs barədə məlumat verir: “Ələkbər Fərrux çox qüvvətli, qorxmaz və iradəli bir təlimçi olmuşdur. Heyvanların təbiətinə yaxından bələd olan, onların şıltaqlıqlarına təmkinlə dözən sirk ustası kimi ömrünün böyük bir hissəsini manejlərdə keçirmiş və elə manejdə də həlak olmuşdur. O, vəhşi heyvanları: pələng, şir, fil, timsah, ayı, canavar və başqalarını məharətlə əhliləşdirməklə böyük şöhrət tapmışdı”.

Sirk tarixi üzrə mütəxəssis Y.Dmitriyev “Rusiyada sirk” adlı kitabında bu barədə yazır: “Yalnız ən istedadlı vəhşi heyvan təlimçiləri, o cümlədən L.Filatov və Ə.Fərrux heyvanlarla işləyərkən yeni üsullar axtarıb tapmağa, heyvanların təbii instinktlərindən istifadə etməklə heyvanlarla öz aralarında dostluq yaratmaq və bu mümkün olmadıqda, heç olmasa, onlarla ittifaq bağlamağa çalışırdılar”.

Bəs kim idi Ələkbər Fərrux? O, 1878-ci ildə Bakıda dünyaya gəlib. Musiqi istedadına malik atası Fərrux Hacı Qafar oğlu dövrünün qabaqcıl adamlarından idi. Demək olar ki, bütün musiqi alətlərində çalmağı bacarırdı. 1884-cü ildə Orta Asiyaya gedir və altı yaşlı Ələkbəri də özü ilə aparır. 1903-cü ildə Buxara şəhərində kiçik bir heyvanxana-balaqan təşkil edib tamaşalar verməyə başlayırlar. Qısa zamanda elə şöhrət tapırlar ki, Buxara əmiri atanı qızıl, oğulu isə gümüş medallarla təltif edir. Kiçik Ələkbərin də təltif edilməsi təsadüfi deyildi. O, bütün tamaşalarda həmişə atası ilə birlikdə çıxış edir, jonqlyorluq, akrobatika ilə məşğul olur və velosipeddə çətin nömrələr göstərirdi.

Ələkbər artıq gənclik yaşına qədəm qoyanda timsah, fil və meymunlarla təlim keçməyə başlayır. Bir müddətdən sonra şir də bu heyvanların sırasına əlavə olunur. Qısa müddət ərzində heyvan təlimçisi kimi şöhrət tapır, Rusiyanın şəhərlərinə qastrola çıxır. 1917-ci ildə Kazan şəhərində qastrolda olarkən Ələkbərin heyvanları şəhərdə baş vermiş aclıq nəticəsində qırılır. Əlacsızlıqdan jonqlyor və musiqiçi kimi çıxış edir.

1925-ci ildə Bakıya qayıdan Ələkbər Fərrux sirkdə inzibatçı işləyir. Lakin vəhşi heyvanlar əldə etmək arzusu onu bir an da olsun tərk etmirdi. 1935-ci ildə Hamburq şəhərindən “Samson” və “Herta” adlı iki şirin gətirilməsinə nail olur. 1936-cı ildə Leninqraddan (Sankt-Peterburq) daha iki şir gətirtmək ona müyəssər olur. 1937-ci ildən başlayaraq o artıq bu heyvanlarla sirkdə çıxış etməyə başlayır.



Bu işdə həyat yoldaşı Züleyxa Fərrux da ona kömək edirdi. Beləliklə, həmin ildən onlar Bakı sirkinin binasında müntəzəm çıxışlara başlayırlar. Onların şirlərlə birlikdə ayı və itlərin də iştirak etdiyi qarışıq nömrələri tamaşaçıların çox xoşuna gəlir. Mənbələrdə Ələkbər və Züleyxanın milli geyimlərdə çıxış etmələri də qeyd olunur.

Sirk ustaları Rusiyanın bir çox şəhərlərində qastrollar səfərlərində olurlar. Ələkbər sonralar tamaşaçıların diqqətini daha çox cəlb etmək məqsədilə heyvanları manejdə tamaşaçıların gözü qabağında yedirtməyi qərara alır. Bu, çox təhlükəli idi. O, yoldaşlarının sözünü dinləməyərək heyvanları manejdə yedirtməyə başlayır. 1940-cı ildə Bryansk şəhərində Ələkbər arvadı ilə manejdə ayı və şirlərlə birlikdə tamaşa göstərərkən necə olursa, manejin arxasındakı qapı açılır və külək oyundan sonra heyvanları yedirtmək üçün gətirilmiş ətin iyini içəri doldurur. Bunu duyan şirlərdən biri Ələkbərin başına bağladığı qırmızı sarğını ətə oxşadaraq onun üstünə atılır və pəncəsi ilə başından sarğını qoparıb didişdirməyə başlayır.

Şirin dırnaqları onun başında dərin yara açdığından Ələkbər huşunu itirir. Arvadı irəliləyib Ələkbəri kənara çəkmək istəyərkən şir təzədən Ələkbərin üstünə atılır. Nə Züleyxanın şirləri qəfəsə tərəf qovması, nə də yanğınsöndürənlərin buraxdığı su şırnağı Ələkbərin köməyinə çatır. Beləliklə, Ələkbər həlak olur. Tanınmış heyvan təlimçisinin bu səhvi sonralar bütün heyvan təlimçiləri üçün dərs olur...

İlk sirk təlimçimiz haqqında araşdırma aparan sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov qeyd edir ki, Ələkbər Fərrux bu faciənin qurbanına çevrilməsəydi, beş il sonra yaradılacaq milli sirk kollektivinin ən parlaq ifaçılarından biri olacaqdı.

Lalə AZƏRİ
«Mədəniyyət» qəzeti

0 şərh