Milli mətbuatımızı “Ziya”ya qərq edən maarif xadimi

XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan məşhur nəsillərdən biri də Ünsizadələr olub. Bu soyun görkəmli nümayəndələri arasında şair, maarif və mətbuat xadimi Səid Ünsizadənin adı hörmətlə çəkilir.

Səid Əbdürrəhman oğlu Ünsizadə 1825-ci ildə Şamaxıda dünyaya göz açıb. İlk təhsilini atasından alıb, dünyəvi elmlərə yiyələnmək məqsədilə müsəlman Şərqinin bir sıra məşhur təhsil ocaqlarında oxuyub. O, Şamaxıya qayıdaraq məktəb açır, pedaqoji fəaliyyətlə məşğul olur. Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. 1873-cü ildə Bakıya köçür.

Həmin ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə şəhər Ruhani idarəsinin sədri vəzifəsinə təyin olunur. Maarifçilik istiqamətində iş aparır. Ruhani məclisinin himayədarlığı ilə “Məclis məktəbi” adı ilə məşhur olan ibtidai təhsil ocağı açır. Müəllimlərin elmi-metodiki hazırlığının yüksəldilməsi üçün mütərəqqi yollar arayır.

S.Ünsizadə 1876-cı ildə Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın tərkibinə daxil edilir. Həmin komissiyanın heyəti ilə Tiflisə ezam olunur. Bir müddət sonra burada dövlət işinə qəbul edilir. Müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olur. Vəzifə səlahiyyətləri çərçivəsində geniş maarifçilik fəaliyyətinə başlayır. 1878-ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya) açır, avadanlıqlarını isə İstanbuldan gətirdir. Mətbəədə işləmək üçün bir neçə gənci bu işi öyrənmək üçün İstanbula göndərir.



S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 14 yanvar 1879-cu ildə işıq üzü görür. “Ziya” qəzetinin sorağı ölkəmizin hüdudlarını aşır. Osmanlı Türkiyəsində nəşrin onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai-siyasi proseslər də qəzetdə işıqlandırılırdı.

Maarif xadimi Tiflisdə uğurlu nəşriyyat fəaliyyətinə başlayır. İbtidai məktəb şagirdləri üçün iki dərslik yazır. Qələminin gücünə və əqidəsinə inandığı dostlarının kitab, jurnal və risalələrini öz mətbəəsində çap edir və Türk dünyasının ziyalıları arasında yayır. Bu məqamda qeyd edək ki, “Ziya”nın müxbirlərindən biri də tanınmış naşir və publisist İsmayıl bəy Qaspralı idi. O, S.Ünsizadəyə yazdığı məktublarının birində “Biz sizin kimi üstü örtük yaza bilməyiriz”, — deyə əqidə dostunun fəaliyyətini yüksək qiymətləndirirdi...

1880-ci ilin dekabr ayından başlayaraq müəyyən fasilədən sonra “Ziya” “Ziyayi-Qafqaziyyə” adı ilə yenidən fəaliyyətini bərpa edir. Araşdırmalardan məlum olur ki, yaranmış bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar olub. Belə ki, əvvəlki mətbəə şriftləri kiçik olduğu üçün müəyyən çətinliklər törədirdi... 

1883-cü ilin sonlarında Tiflisdə Əhli-Təsənni İdarəsində bəzi narahatlıqlar yaranır. Söz-söhbətdən xoşu gəlməyən S.Ünsizadə oradan uzaqlaşmaq qərarına gəlir. Müftilik vəzifəsi uğrunda gedən mübarizədən də geri çəkilir. Şamaxıya qazı təyin olunduğuna görə Tiflisi tərk edir. “Ziyayi-Qafqaziyyə” qəzetinin nəşrinin Tiflislə bağlı məsələlərini yaxın qohumu Şilyanskiyə tapşırır. Şamaxıda redaktə olunaraq Tiflisdə çap edilən qəzetin 1884-cü ildə cəmi 14 nömrəsi işıq üzü görür. 

Mənbələrdə qeyd olunur ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək niyyətində olub. O, mətbəə yaradaraq burada kitab çapı işini canlandırmaq istəsə də, bu istəyi reallaşmayıb. Bədxahlar bu haqda dövlət orqanlarına yalan məlumatlar verirlər və onu rüşvətxorluq, dini vəzifədən sui-istifadə ilə təqsirləndirirlər. Lakin bunların heç biri öz təsdiqini tapmır.

Geniş maarifçilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan S.Ünsizadə 1889-cu ildə öz ərizəsi ilə işdən çıxır və İstanbula gedir. Burada maarif sistemində işə düzəlir. Qurani-Kərim Azərbaycan dilində təfsirini yazır. Eyni zamanda Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

Onlarla publisistik yazının, elmi-pedaqoji risalənin müəllifi olan Səid Ünsizadə 1905-ci ildə İstanbulda vəfat edib.

Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti
 

0 şərh