Damcılı mağara düşərgəsi

Azərbaycan xalqının çox qədim və zəngin tarixi vardır. Vətənimizin keçmişini öyrənmək işində tarixi abidələrin əhəmiyyəti böyükdür. Bu abidələrin vasitəsi ilə babalarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətini öyrənmək mümkündür.
Azərbaycanda daş dövrünə aid 20-dən çox düşərgə və yaşayış yeri vardır. Düşərgələrin bir qismi mağaralarda qazıntı zamanı üzə çıxarılmışdır. Bunlardan biri də “Damcılı” mağarasıdır. Daşsalahlı və Damcılı mağara düşərgələri Qazax rayonunda Daşsalahlı kəndi ərazisində Avey dağının ətəklərində qalın qaya qatların altında qeydə alınıb öyrənilmişdir. Damcılı mağara düşərgəsinin stratiqrafik quruluşu, arxeoloji materiallar, onların təbəqələrində aşkar olunmuş, arxeoloji qalıqlar əsasında Azərbaycanda paleolit dövrləşməsi haqqında fikir söyləmək mümkündür.
Damcılı mağara düşərgəsi
1953-cü ildə professor S.N.Zamyatinin rəhbərliyi ilə Qazax rayonun Daşsalahlı kəndi ərazisində Avey dağındakı mağaralarda Azərbaycanda daş dövrünün öyrənilməsi ilə əlaqədar kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Sonralar Azərbaycan ərazisində daş dövrünün ilk elmi tədqiqi 1956-cı ildə M.M.Hüseynov tərəfindən başlanmışdır. Keçən müddətdə bu ərazidə daş dövrünün ayrı-ayrı mərhələlərinə, xüsusən paleolit və mezolit dövrlərinə aid bir sıra qiymətli abidələr üzə çıxarılmış və öyrənilmişdir. Hazırda Azərbaycanda stratiqrafik (süxur laylarının yatım ardıcıllığını, qarşılıqlı əlaqələrini, ilkin yatım formalarını, nisbi və mütləq yaşını tədqiq etmək) baxımdan düzgün sənədləşdirilmiş bir neçə paleolit düşərgəsi mövcuddur.
Mustye dövrü abidələri qazıntı halında Daşsalahlı və Damcılı mağara düşərgələrində qeydə alınıb öyrənilmişdir. Daşsalahlı mustye düşərgəsində də ocaq düşərgənin kənarında-qaya döşəmənin çökəldilmiş yerində salınmışdır. Daşsalahlı mağarasının şimal tərəfi açıq olduğuna görə burada müxtəlif qaya daşlarından divar düzəldilmişdir. Həmin divarın dibində ocaq qeydə alınmışdır. Damcılı mustye düşərgəsində qırmızı boya qırıntılarına təsadüf olunmuşdur. Mustye dövrünə aid alətlər əsasən üçbucaq formalı iti uclu, iri dairəvi qaşovlar, diskşəkilli nukleuslar və alət üçün qaşovlar, nukleuslar və qəlpələrdən ibarətdir. Paleolit dövrünün özündən sonra mezolit keçid daş dövrü başlayır. Mezolit dövrü o qədər də uzun sürməmiş, yeni dövr-neolitlə əvəz edilmişdir. Mezolit və neolit dövründə Damcılı düşərgəsindən daş alətlərlə yanaşı, ocaq qalıqları və az miqdarda tünd-qırmızı oxra (piy qarışmış) qırıntıları da aşkar edilmişdir. Bu dövrdə Damcılıdan qələmvari nukleusların tapılması da çox əhəmiyyətlidir.
1956-58-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində mağaralardan, qarışıq təbəqələrdən 8 mindən artıq daş kəsici alət, müxtəlif heyvanlara aid sümüklər, kül izləri tapılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, Avey dağının Damcılı mağarasında əldə olunan Daş dövrü yadigarları forma və müqayisəsinə görə alt poleolit, üst poleolit, mezolit və neolit dövrlərini əhatə etmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun arxeoloji qazıntı işlərinin ikinci mərhələsinə 2015-ci ildə başlandı. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olundu. Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli 5 illik beynəlxalq memorandum imzalandı. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Yaponiyanın Tokio Universitetinin Universitet Muzeyi arasında bağlandı. Müqaviləyə əsasən hər il yay aylarında ərazidə elmi-tədqiqat işlərinin aparılması planlaşdırıldı.
Damcılı bulağı
2016-cı ilin avqust ayında “Avey” DTMQ-nin ərazisində yerləşən dünya əhəmiyyətli “Damcılı mağara düşərgəsi”ndə arxeoloji qazıntı işlərinə start verildi.
İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur.
2017-ci ildə sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə qazıntı işləri aparıldı. Qazıntılar zamanı torpaq 6 horizontal təbəqəyə bölündü. 2016-cı ildə olduğu kimi, neolit təbəqəsində saxsı qalıqlar az sayda aşkar olundu. Lakin aşkar olunmuş saxsı nümunələri xüsusiyyətlərinə və hazırlanma üsuluna görə Göytəpədən aşkar olunmuş saxsı ilə eynilik göstərdi. Təbəqələrdən aşkar olunan obsidian alətlər də təbəqənin bu xronoloji dövrə aid olduğunu göstərir. Eyni zamanda buradan tapılan və təhlil olunan nümunələr təbəqənin yarısını mezolit dövrünə aid edir. Qazıntılardan orta əsrlərə və tunc dövrünə aid maddi-mədəniyyət qalıqları, saxsı məmulatlar, neolit dövrünə aid daş əmək alətləri, mikrolitlər, orta paleolit dövrünə aid levallual tipli alətlər aşkar olundu. Aparılan tədqiqatlar təbəqənin mütləq yaşını e.ə. VII minilliyə aid etdiyinə görə, bu, alətləri mezolit dövrünə aid etməyə imkan verir.
Növbəti qazıntı işləri 2018-ci ildə davam etdirildi. Bu il quyu sadəcə bir qədər genişləndirildi. Qazıntı zamanı orta əsrlər dövrünə aid bir neçə məzarlıq, kül izləri, az sayda əhəng daşları, obsidion və çaxmaqdaşı aşkar edildi. Qazıntı sahəsinin genişləndirilməsi göstərdi ki, Orta Paleolit təbəqəsi yuxarı təbəqələrdən aydın şəkildə ayrılır. Damcılı mağarasında Orta Paleolit kompleksinin dəqiq öyrənilməsi, Cənubi Qafqazda müasir insanların əmələ gəlməsindən əvvəlki dövrün mədəni dinamikasını daha yaxşı anlatmağa kömək edir.
Damcılı mağara düşərgəsində növbəti qazıntı işləri bu il də davam etdirildi. Qazıntılar zamanı mezolit dövrünə aid çox qiymətli, mütləq yaşı 8500 il hesablanan bəzək əşyası, vəhşi heyvan sümükləri, ox ucluqları və digər dövrlərə aid eksponatlar aşkar edildi. Memoranduma əsasən tədqiqatların növbəti ildə də davam etdirilməsi nəzərdə tutulub.
Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləmək, bundan başqa, neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qeyd edək ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb.
 

Müəllif: Gülmirə BAXŞİYEVA, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi.
Mənbə: respublica-news.az

0 şərh