Tarix təcəvüzkara qarşı öz hökmünü verir

Tarix  ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür. Arxiv materialları əsasında biz tarixi öyrənirik və onun amansızlıqlarından dərs alırıq. Arxiv sənədləri təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji region kimi daimi yadelli dövlətlərin diqqət mərkəzində olmasına səbəb olmuş və bu gün də dünyanın iri güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi məkan olaraq qalmaqdadır. Artıq 200 ildən çox bir müddətdir ki, dünyanın iri güc mərkəzləri bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün erməni faktorundan məharətlə istifadə edir, açıq və gizli şəkildə onun hərbi-siyasi müttəfiqinə, himayədarına çevrilirlər.
Tarix onu da təsdiq edir ki, hər bir xalq dövlət qurmaq, milli varlığını qoruyub saxlamaq üçün çətinliklərdən keçir, qurbanlar verir, acı məhrumiyyətlər yaşayır. Azərbaycan xalqı da zaman-zaman belə tarixi anlarla üzləşmiş, dövlətçiliyinə qarşı erməni xəyanətinin çoxsaylı nümunələrinin şahidi olmuşdur.
Məlumdur ki, XIX əsrin əvvəllərində çar Rusiyası Qafqazı, o cümlədən  Azərbaycanın torpaqlarını işğal etmişdir. Bu işğal nəticəsində azərbaycanlılara qarşı məqsədəyönlü şəkildə etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Azərbaycan xalqı ötən yüzilliklər ərzində yaşadıqları tarixi torpaqlardan mərhələ-mərhələ həyata keçirilən tədbirlər nəticəsində didərgin salınmış, yaşayış məskənləri dağıdılmış, yer-yurd adları dəyişdirilmişdir. Tarixi mənbələr, arxiv sənədləri, həmçinin rus və qərb  müəlliflərinin yazdıqları əsərlər təsdiq edir ki, Rusiya tərəfindən Zaqafqaziya torpaqları işğal edilərkən bu ərazilərdə yaşayan əhalinin çox cüzi hissəsini ermənilər təşkil etmişdir.
Heydər Əliyev və İlham Əliyev
XIX əsrin əvvəllərində Rusiya ilə İran, Rusiya ilə Türkiyə arasında gedən müharibələrdən qalib tərəf kimi çıxan Rusiya  işğal etdiyi ərazilərə erməniləri köçürməklə, ərazinin demoqrafik göstəricilərinin dəyişdirilməsinə ciddi cəhdlər göstərmişdir. Bu məqsədlə yerli əhaliyə məxsus ən səfalı torpaqlarda, İrəvan mahalında, Naxçıvanda, Qarabağda, Göyçənin, Zəngəzurun yaşayış məntəqələrində qonşu ölkələrdən kütləvi surətdə köçürülən erməni ailələrinin yerləşdirilməsini təmin etmişdir.
Təxminən 100 illik bir dövrdə bu ərazidə yaşayan azərbaycanlıları sıxışdırmaqla ermənilərin yerləşdirilməsinə baxmayaraq, tarixi sənədlərdə verilən rəsmi məlumatlardan aydın olur ki, XX əsrin əvvəllərində indiki Ermənistanın ərazisində yaşayan əhalinin böyük əksəriyyətini, məhz öz doğma ata-baba yurdlarında yaşayan azərbaycanlılar təşkil etmişdir. İranla Rusiya arasındakı müharibələrin nəticəsi olaraq imzalanan məlum “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra Rusiya imperiyasının hakimiyyəti altına keçən Azərbaycan ərazisində, Çar Rusiyasının, o cümlədən I Dünya müharibəsində qalib gələn Antanta dövlətlərinin diplomatik səyi və himayədarlığı ilə Qafqazda tarixdə ilk dəfə qeydə alınan müstəqil Ermənistan dövləti qurulmuşdur. 1918-ci ildə Daşnaksütyun partiyasının rəhbərliyi ilə yaradılan erməni Ararat respublikası tarixi ərazilərimizdə azərbaycanlıların say tərkibinin azaldılması və bu ərazilərin Ermənistana birləşdirilməsi istiqamətində daha riyakar və məkrli siyasət yürütməyə başlamışdır.
Bu gün arxivlərimizdə saxalnılan çoxsayl tarixi sənədlər təsdiq edir ki, həmin illərdə erməni daşnakları tərəfindən yüzlərlə  azərbaycanlının yaşadıqları kəndlər yandırılıb, əhalisi məhv edilib, yaxud  didərgin salınıb. Eyni zamanda Azərbaycanın ayr-ayrı bölgələrində, o cümlədən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada, Göyçayda, Salyanda, digər  şəhər və kəndlərimizdə yaşayan azərbaycanlılara qarşı misilsiz vəhşiliklər, soyqırım aktları həyata keçirilib. Xarici güc mərkəzlərinin açıq müdaxiləsi və bilavasitə iştirakı ilə Naxçıvan və Qarabağ ərazilərinin Ermənistanın idarəçiliyinə verilməsinə   ciddi cəhdlər göstərilmişdir.
1920-ci ildə Zaqafqaziyada sovet hakimiyyətinin qurulması ilə ermənilər daha da fəallaşmış, bölşevik simasına girmiş havadarlarının köməyi ilə tarixi Azərbaycan torpağı olan Naxçıvan, Zəngəzur, Göyçə və Dağlıq Qarabağı  ələ keçirmək üçün həm hərbi, həm də siyasi müstəvidə ciddi cəhdlər göstərmişlər. Daşnaksütyun Ermənistanla Sovet Rusiyası arasında hərbi əməliyyatların getdiyi bir vaxtda, həm də Azərbaycanın torpaqlarının Ermənistana verilməsi məsələsi ətrafinda siyasi danışıqlar, müzakirələr aparılmışdır. Bu səbəbdən də Ermənistanda sovet hakimiyyəti qurulandan dərhal sonra, 1920-ci ilin dekabrında bölşevik hökumətinin Zaqafqaziyadakı nümayəndələri Azərbaycan torpaqlarının mübahisəsiz olaraq Ermənistana verilməsi barədə məlumatı Mərkəzi hökumətə çatdırmış və bununla bağlı erməni xalqına təbrik məktubu unvanlamışlar. Göründüyü kimi, Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi məsələsi 1920-ci illərin əvvəllərindən Azərbaycanın iştirakı olmadan müxtəlif kürsülərdə həll edilməyə başlanılmışdır. Lakin bolşevik quldurlarının 1920-ci ilin dekabrında vermiş olduğu həmin fitnəkar bəyanata qarşı Naxçıvan və digər bölgələrin azərbaycanlı əhalisi kəskin etirazını bildirmişdir. Ermənistan Zəngəzur  torpaqlarını özününküləşdirməyə müvəffəq olsa da, onun Naxçıvan və Dağlıq Qarabağla bağlı planları alt-üst edilmişdir. Həmin dövrdə Türkiyənin Naxçıvanla münasibətdə tutduğu mövqe hadisələrin sonrakı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Belə ki, Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “Moskva” və “Kars” müqavilələrində Naxçıvan torpağının Azərbaycan dövlətinin ayrılmaz hissəsi olması faktı bir daha təsdiqlənmişdir. Naxçıvan və Dağlıq Qarabağın Ermənistana birləşdirmək üçün Mərkəzi hökumətdən dəstək almağa çalışan ermənilərin niyyətləri uğursuzluqla nəticələnmişdir.  Bununla belə, 1923-cü ilin iyulunda Dağlıq Qarabağa Azərbaycan SSR-nin tərkibində muxtariyyat hüquqünun təmin edilməsi, həmçinin 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları əsasında Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə düşmən öz istəyinə  qismən də olsa nail ola bilmişdir.
Ermənistanın Azərbaycan torpaqlarına olan iddiaları bununla bitməmişdir. 70 illik sovet hakimiyyəti illərində Ermənistan öz hiyləgər və məkrli siyasətlərini həyata keçirməklə addım-addım  ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyə, azərbaycanlıları doğma torpaqlarından qovmağa cəhtlər göstərmişdir.  Ermənistanda hakimiyyət başına kimlərin gəlməsindən asılı olmayaraq bu məkrli siyasət ardıcıl və dönmədən davam etdirilmiş, monoetnik böyük Ermənistan yaratmaq xülyası onun dövlət siyasətinin ana xəttini təşkil etmiş və bu kurs hazırda da davam etməkdədir.
Belə ədalətsiz tədbirlərdən biri də 1948-1953-cü illərdə İttifaq hökumətinin qərarları ilə həyata keçirilən Ermənistanda yaşayan azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi, deportasiyası olmuşdur. Bu xəyanətkar siyasətin icraçılarının mənfur niyyətlərini, onun icra metodlarını və nəticələrini təsdiq edən çoxsaylı sənədlər, kinoxronikalar dövlət arxivlərimizdə saxlanılır. Sənədlər köçürülməyə məruz qalan insanların acı taleləri ilə tanış olmağa imkan verməklə yanaşı, həm də köçürmənin həyata keçirilməsində tətbiq edilən təcəvüzkarlıq metodlarının qeyri- insaniliyini, erməni xarakterinin mahiyyətini, onun vəhşiliyinin miqyasını sübut edir. Arxiv sənədləri təsdiq edir ki, qeyd olunan qərarların icrasında böyük canfəşanlıq göstərən Ermənistan hökuməti 1948-ci ilin noyabr ayına qədər  10.584 nəfərdən çox azərbaycanlı ailəsini Azərbaycana köcürmüş, bütövlükdə 1948-1953-cü illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına  11.914 təsərrüfat köçürülmüşdür (A. Paşayev: “Açılmamış səhifələrin izi ilə”, Bakı-2001, səhifə 195). Bundan başqa köçürülən əhalinin əlverişsiz ərazilərdə yerləşdirilməsini nəzərə alan azərbaycanlıların bir hissəsi özləri ermənistan ərazisini tərk edərək azərbaycanın dağlıq rayonlarına ( Gədəbəy,Göygöl, Şəmkir və s.) köçməyə məcbur olmuşlar. Göründüyü kimi ermənilərin zaman-zaman soydaşlarımızın öz torpaqlarından didərgin salınmasına, torpaqlarımızın işğalına yönəldilmiş məkrli siyasəti öz nəticəsini vermişdir.

XX əsrin sonlarında  ermənipərəst M.Qarbaçovun SSRİ dövlətinin ali idarəetmə kürsüsünə yiyələnməsi ermənilərə öz mənfur niyyətlərinin gerçəkləşdirməsinə yeni şərait yaratmışdır.  Zəif iradəsi və ermənipərəsliyi ilə seçilən M.Qarbaçovun simasında ermənilər özlərinə yeni havadar tapmış və əsrlər boyu planlaşdırdıqları niyyətlərini həyata keçirməyə fürsət əldə etmişlər. Məhz həmin illərdə dağılmaqda olan SSRİ dövlətinin apardığı uğursuz milli siyasətin nəticəsi olaraq Qərbi Azərbaycan torpaqlarında yaşayan 200 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulmuş, Dağlıq Qarabağ və onun əhatəsində olan 7 rayon  havadarlarının hərbi-siyası dəstəyi ilə ermənilər tərifindən işğal edilmişdir. 1988-1993 illərdə ölkədə mövcud olan hərc-məclik və hakimiyyətin zəifliyindən istifadə edən ermənilər işğal etmiş Qarabağ torpaqlarında  öz hərbi üstünlüklərini təmin edə bilmişlər.
Şübhəsiz, Azərbaycan xalqı bu tarixi ədalətsizliklə barışa bilməzdi. Xalqın təkidi və çağırışı ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev  müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi. Qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar etməklə, onun iqtisadi və hərbi gücünün təmərküzləşdirilməsi naminə müvəqqəti atəşkəsə nail oldu, dövlətin iqtisadi qüdrənin gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox mühüm və təxirəsalınmaz tədbirlər gördü.  Azərbaycanın müstəqilliyinin əbədiliyini və dayanıqlığını təmin edən milli inkişaf strategiyasını müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasını uğurla davam etdirməklə ölkəmizi regionun və dünyanın qüdrətli dövlətinə çevirə bildi. Aprılan uğurlu daxili və xarici siyasət, idarəetmə sahələrində, ordu quruculuğunda həyata keçirilən islahatlar  Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasını təmin etdi. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını təmin edən və beynəlxalq hüquqa əsaslanan qərarların qəbul edilməsinə zəmin yaratdı.
Prezident  İlham Əliyevin geniş düşüncəyə və  güclü  məntiqə əsaslanan fəaliyyətinin nəticəsi olaraq, Azərbaycan beynəlxalq hüqüq, iqtisadi və hərbi güc amilindən istifadə etməklə öz ərazi bütövlüyünün təmin edilməsinə təminat verən yeni tarixi reallıq formalaşdırdı. 30 illik müharibə şəraiti göstərdi ki,  Ermənistan və onun havadarları, həmçinin bu münaqişəni həll etməli olan beynəlxalq qurumlar münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etməklə  Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etmək, soydaşlarımızı ata-baba torpaqlarına qaytarmaq istəmirlər və ya bu işdə maraqlı deyillər. Yaranmış reallığı böyük siyasi uzaqgörənliklə dəyərləndirən Ali Baş Komandan İlham Əliyev mövcud status-kvonun qəbul edilməz olduğunu, münaqişənin həllinin yeganə yolunun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu bəyan etdi. Xalqın milli birliyinə, onun əzm və iradəsinə, rəşadətli ordumuzun gücünə  arxalanan Ali Baş Komandan   tarixi torpaqlarımızı 30 illik işğaldan azad etmək üçün müzəffər Azərbaycan Ordusuna  əks hücum əməliyyatlarına başlanılması barədə əmr verdi. Müharibənin gedişi bir daha göstərdi ki, Ermənistan ölkəmizə qarşı təcavüzkarlıq siyasətini yürütməkdə davam edir, dinc əhaliyə qarşı teror aktlarını həyata keçirir, işğal olunmuş ərazilərdən uzaqda yerləşən şəhər və kəndlərimizi dağıdıcı silahlarla atəşə tutur, mədəni-tarixi irsimizi, təbii resurslarımızı dağıdır. Bunun əksinə olaraq peşəkarlıq səviyyəsi, döyüş qabiliyyəti, mənəvi-psixoloji ruhu, texniki təchizatı yüksək olan şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın  rəhbərliyi ilə qısa müddətdə şəhər və kəndlərimizi düşməndən azad etməklə uğur tarixini yazdı. Müharibələr tarixinə nəzər saldıqda görürük ki, son yüzilliklərdə vətən tariximizdə  bu cür uğurla nəticələnən hərbi əməliyyatlar olmamışdır. Müzəffər Azərbaycan Ordusu  Ali Baş Komandanın rəhbərliyi ilə hərb tariximizə müasir döyüş əməliyyatlarının yeni  strategiyasını və taktikasını təqdim etmiş oldu.  Prezident İlham Əliyevin istər hərb sahəsindəki, istərsə də diplomatiya sahəsində apardığı mübarizə, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə, xəbər agentliklərinə vermiş olduğu çoxsaylı müsahibələr düşməni və onun havadarlarını beynəlxalq miqyasda ifşa etməklə, həm də 200 ildən artıq bir dövrdə regionda hökm sürən “erməni məsələsi”nin bir dəfəlik həllinə, ədalətin bərpasına yaxınlaşdırmış oldu. Nöyabr 8-də milli mədəniyyətimizin rəmzi olan qədim qala şəhərimiz Şuşanın işğalından azad edilməsi mənfur düşmənin diz çökməsi və iki gün sonra kapitulyasiya sənədinin imzalanması ilə nəticələndi. Azərbaycan, Rusiya, Ermənistan dövlət və hökumət başçılarının 10 noyabr tarixdə imzaladığı üçtərəli bəyanat  tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən mübarizənin hərb müstəvisindən siyasi müstəviyə dönüşünü təmin etməklə, Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında suveren hüquqnun təmin olunması ilə nəticələndi. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, darmadağın olunmuş işğalçı erməni ordusunun qalıqları tormaqlarımızdan qovularaq çıxmasına məcbur edildi. Uzun müddət düşmən tapdağından əziyyət çəkən, vəhşicəsinə soyulan, təbii resursları, mədəni irsi istismar olunan, flora və faunası məhv edilən Ağdam, Kəlbəcər, Laçın rayonları, digər Qarabağ torpaqları kimi öz əzəli və əbədi sakinlərinə qovuşdu, tarixi ədalət bərpa olundu.
Lakin Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun, xalqının bu şanlı qələbəsinə həzm edə bilməyən, ona qısqanclıqla yanaşan, 30 il müddətində  münaqişənin həllinə heç bir töhfə verməyən qüvvələr bu gündə öz çirkin niyyətlərindən əl çəkmək istəmir, on illərlə qan və izdirab içində yaşayan insanların dinc həyata qayıdışına yeni sədlər, maniələr yaratmağa çalışırlar. Bölgədə sülhün və əminamanlığın bərqərar olmasından xoflananlar, senat kürsülərindən, parlament tribunalarından sərsəm və ağılsız bəyanatlar, təkliflər səsləndirməklə Qarabağ faktorundan öz siyasi və maddi maraqları üçün istifadə etməyə çalışırlar. Hətta Ermənistanın belə müstəqilliyini tanımadığı qondarma “dqm” rejiminin müstəqiliyinin tanınması üçün siyasi cəhtdlər edirlər. Məlumdur ki, 200 illik bir dövrdə türk xalqına, müsəlman birliyinə qarşı kin-kidurət içində yaşayan bu siyasətbazların məkirli niyyətləri baş tutmamış, şübhəsiz yenədə uğursuz nəticələnəcəkdir. Qüdrətli Azərbaycan dövlətinin gücü, xalqın birliyi və  iradəsi, Ali Baş Komandanın əzmi və uğurlu diplomatiyası bu cəfəng ideyaların gerçəklənməsinə imkar verməyəcəkdir. Artıq  dünya ictimaiyyəti, aparıcı media qurumları bu müharibədə Azərbaycanın haqlı tərəf olduğunu dərk edir və ədalətli mübarizədə Azərbaycanın zəfər qazanmasını təsdiqləyir. Ali Baş Komandana, Müzəffər Azərbaycan ordusuna dünyanın müxtəlif ölkələrindən ünvanlanan çoxsaylı sevinc dolu təbriklər bunu bir daha təsdiq edir.
Müharibələrin təcrübəsi göstərir ki, təcavüzkara qarşı tarixin hökmü həmişə amansız olmuşdur. Millət öz milli kimliyini, dəyərini, dünən nə baş verdiyini və gələcəyə nəyi aparmalı olduğunu aydın dərk etdikdə onun güçü, qüdrəti artmış, apardığı mübarizə qalibiyyətlə nəticələnmişdir.
Əminik ki, Cənab Prezident İlham Əliyevin  Ali Baş Komandanlığı ilə rəşadətli  Azərbaycan Ordusunun apardığı haqq mübarizəsi, onun şanlı döyüş salnaməsi, zəfər qələbəsi dünya hərb tarixində, insanların qəlbində əbədi yaşayacaq, üçrəngli Azərbaycan Bayragı vətənimizin dilbər guşəsi olan Qarabağın şəhərlərində, kəndlərində dalğalandıqca bu torpaqlar daha əzəmətli görkəm alacaq, bütövləşən tarixi torpaqlarımızda  azad və firavan həyat bərqərar olacaqdır. Şanlı savaş tariximizin hər bir səhifəsi sənədləşdiriləcək, mühafizə ediləcək və gələcək nəsillərə Azərbaycan dövlətinin zəfər tarixi kimi təqdim olunacaqdır.

 
 
Müəllif:  Həsən Həsənov, Milli Arxiv İdarəsinin rəis müavini
Mənbə: milliarxiv.gov.az
 

0 şərh