Yallı rəqsi

Xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Bu ad altında onlarca müstəqil rəqs toplanıb, onlar da üç yerə bölünür: yalnız musiqili, musiqili və vokal (səsli), bir də (musiqisiz ifa olunan) dil yallıları. Dil yallıları musiqisiz ifa olunur. Bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır.

Çalğı alətlərinin mövcud olmadığı çağlarda, təqribən 10 min il əvvəl yaranması ehtimal edilən yallılar barədə məlumat kifayət qədərdir. Adı zaman keçdikcə təhrif olunan (əvvəllər «yollu», sonra «yelli» kimi işlənsə də, dövrümüzə «yallı» forması ilə çatıb) yallıların hər üç növünün maraqlı izahı var. Yollular ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəlliklərdə yolaçma yozumu var. Ona görə də «yollu» adlandırılıb. Rəvayətə görə, ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. «Yelli» adı da bununla bağlı olub. Lakin hər iki versiya həqiqətə az oxşadığından rəqsin «yallı» adı daha doğru hesab edilib. Bu da «səf-səf», sıra ilə düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır. O da unudulmamalıdır ki, qardaş Türkiyədə (bu ifadə bizim də leksikonumuza daxildir) yallı «halay» adı ilə qorunub saxlanır. Digər xalq oyunlarından fərqli olaraq, toy şənliklərində zurnaçı (dəmkeşi ilə birlikdə) və nağaraçıdan ibarət çalğıçıların ifasında on-on beş (hətta bəzən onların sayı onlarca ola bilir) nəfərin kütləvi şəkildə rəqsi deməkdir yallı.

Dəstəbaşının əlində işarə verən dəsmal, yaxud adi çubuq ola bilər. Həmin adama yallıbaşı da deyirlər. Dəstənin sonuncu nəfəri isə ayaqçı adlanır. Asta hərəkətlərlə başlanan yallı çox ritmik, sürətli və sonda hay-harayla başa çatır. Yallıların respublikamızın hər bölgəsində sevimli xalq rəqslərindən biri kimi qorunub yaşadılmasına baxmayaraq, onlar daha çox Naxçıvan ərazisində yayılıb, o cümlədən Şərurda. Dahi Üzeyir Hacıbəylinin fikridir ki, Azərbaycanda yallıların beşiyi Şərurdur. Hazırda burada 3 yallı ansamblı fəaliyyət göstərir. Naxçıvanda ötən ilin sentyabr ayında yallılarla bağlı konfrans da keçirilib. Həmin konfransda «Yallıların mənşəyi», «Yallıların tədqiqi tarixindən», «Yallılar folklor örnəkləri kimi», «Yallıların yayılma arealı», "Şərur" xalq yallı ansamblının fəaliyyət tarixi", "Şərur qönçələri" uşaq yallı ansamblının fəaliyyəti — ardıcıllar", «Yallılar milli rəqslərimizdir», «Yallılar milli musiqimizin bir qolu kimi», «Yallı ifaçıları» və s. mövzularda ətraflı söz açılıb, mütəxəssislərin fikirləri dinlənilib. Həmin konfransdan sonra yallıların tədqiqi haqqında kitabın nəşr olunması, bu rəqslərin dünyada tanıdılması məqsədilə işçi qrupunun idarə heyəti və 20 nəfərdən ibarət üzv müəyyənləşdirilib. Deyilənlərə görə, Şərurda yallının 20 növü var, halbuki vaxtilə onların sayı yüzə yaxın olub: "Çolağı", "Üçaddım", «Qaz-qazı», «Köçəri», "İkiayaq", «Qaleyi», "Çöp-çöpü" və sair. Vokal yallıları oxuya-oxuya oynayırlar. Misal kimi «Gülümey»lə «Haxışta»nı göstərmək olar. Yeri gəlmişkən qeyd edək ki, bu növ yallılar respublikamızın bütün bölgələrində, xüsusən cənub və şimal rayonlarda da qorunub saxlanır.

Yallılar milli-mənəvi dəyərlərdən biri kimi nəsildən-nəslə ötürülməklə yaşadılır. Tonqal ətrafında yallı getmək milli adət-ənənə halını alıb. «Atəşdə oyun» adlandırılan bu yallı bəşər sivilizasiyasının ilkinliyinin, ibtidai icma dövrünün yadigarı kimi sevilir. Yallılar ilk vaxtlar ümumən ibtidai insanların, sonralar isə tayfaların, millət və xalqların birlik rəmzi kimi də dəyərləndirilir. Onların yaranma tarixi əlifbadan, eləcə də yazılı mədəniyyət nümunələrindən əvvəllərə təsadüf edir. Əməkdar incəsənət xadimi Vasif Çörəkçinin dediyinə görə, yallının ən qədim növlərindən biri olan «Qaladan-qalaya» adlı yallıda insanların döyüş əhval-ruhiyyəsini, cəsarət və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki döyüş meydanında düşmənlə üz-üzə gəliblər. Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, «Cəngi»nin sədaları döyüş məqamının çatdığını bildirir: tərəflər üz-üzə dayanırlar. Dəstə başçıları öz güclərini göstərirlər. Oyunun digər hissəsində isə qılınca əl atılır. Məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşün qarşısını alır. Qeyd etdiyimiz kimi, yallıların qorunub saxlanmasında xalqla birlikdə xüsusi rəqs qrupu və ansamblların da üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan 1924-cü ildən fəaliyyətə başlayan "Şərur" xalq yallı ansamblı çox iş görür.
Kollektivin şöhrətlənməsində və öz repertuarını genişləndirməsində Azərbaycanın böyük musiqiçi və bəstəkarı Üzeyir Hacıbəylinin xidmətləri də danılmazdır. 1937-ci ildə SSRİ Ali Sovetinə Şərurdan deputat seçilən dahi sənətkar bölgədə musiqinin inkişafına da qayğı və yardım göstərib. "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir" söyləyən dahi musiqiçi həyat yoldaşı ilə birlikdə dəfələrlə ansamblın çıxışlarını dinləyib. 1970-ci ildə Bakıda keçirilən «Naxçıvan mədəniyyət günləri»ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Mərkəzi sarayda yekun tədbirdə iştirak edən, o vaxt respublikanın rəhbəri olan ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbətində bu ansamblın çıxışından razı qaldığını deyərək, tövsiyə və tapşırıqlarını da verib: «Yallılar bizim keçmişimiz, bugünümüz, gələcəyimizdir… Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır». Mütəxəssislər deyirlər ki, xoreoqrafiya məzmununa görə yallılar iki növə ayrılır: süjet və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. «Tənzərə», «El yallısı», «Gopu», «Qaz-qazı», «Köçəri», «Urfanı», «Qaladan-qalaya» belə yallı nümunələridir. Milli-mənəvi sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz də az olmayıb: tariximizin müəyyən dövrlərində incəsənətin bu sahəsinə maraq xeyli azaldığından onun bir çox nümunələri unudulub. Ötən əsrin 70-ci illərindən isə milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu səbəbdən də unudulmaqda olan yallı növlərinin bir çoxu yenidən həyata qaytarılıb. Onlardan «Hoynərə» və «Dönə» yallılarının adlarını çəkmək olar. Rəqslərimizin və ümumiyyətlə, milli musiqimizin mahir ifaçısı, tədqiqatçısı xalq artisti Əminə Dilbazinin fikrincə, oğuz ellərinin məişəti, yaşam tərzi, dünyabaxışı «Dədə Qorqud» boylarında sözlə, yallılarda isə ritmik hərəkətlərlə, «rəqs dili» ilə ifadə edilir: "...Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir".
 
Məhəmməd NƏRİMANOĞLU Azərbaycan.-2013.- 31 yanvar.- S.7.

Oxşar məqalələr

0 şərh