Nobel qardaşları

NOBELLƏR KİM İDİ?

İsveçli idilər. İlk dəfə Rusiyaya gələn Nobel Emanuel Emanueloviç olub (1837-ci il). Vətənində ixtira etdiyi sualtı minalar Rusiya hökumətinin diqqətini çəkdiyindən, onu xüsusi dəvətlə çağırırlar. E.Emanueloviçin işləri Rusiyada yağ kimi gedir. Ta Krım müharibəsi (1853-56) qurtarana qədər rus ordusunu silahla, minayla təmin edir. Müharibədən sonra sifarişlər kəsilir və İsveçə qayıtmalı olur. Emanuel Nobel Peterburqa 4 oğlu ilə gəlmişdi. Uşaqlar böyüyüb bu şəhərə alışmışdılar. Ona görə də, ata Vətənə dönəndə, böyük oğul Lüdviq və Robert Peterburqda qalıb maşınqayırma işləri ilə məşğul olmağa başlayır. Atası kimi bacarıqlı olan Lüdviq hətta Vıborqda zavod alıb işlədir. O zavodu bir neçə ilin içində 1 nömrəli silah zavoduna çevirir. Hazırladığı top lülələri şöhrətlənir (Qılman İlkin). «Nobellər və Bakı nefti» kitabının təqdimatı Berdanka tipli silahlar da həmçinin. Elə bu Berdanka olmasaydı, Nobellər heç Bakı neftindən də xəbər tutmazdılar…

NOBELLƏR BAKIYA NECƏ GƏLİB ÇIXDI?

Həmin Berdankaya taxta qundaq gərək oldu. Lüdviq qardaşı Roberti Lənkəran meşələrində palıd ağacı axtarmağa göndərir. Atasının və qardaşının layiqli davamçısı olan Robert yolüstü qaldığı Bakıda neft iyini hiss edib həyəcanlanır. Ağac dalınca gəlmişdi, daha qiymətli bir şeyin izinə düşür… Qaraşəhəri, Ağşəhəri gəzir, neft mədənlərinə baş çəkir. Qardaşına məktub göndərir ki, tez gəl, burda buruqlardan gecə-gündüz qızıl axır...(Manaf Süleymanov). Can Bakı!...

1879-cu ildə Bakıda «Nobel qardaşları» şirkəti yaranır. Şirkətin idarə heyətində 3 qardaş—Lüdviq, Robert və Alfred, bir də onların dostu, silah zavodunda birgə işlədikləri Pyotr Bilderlinq təmsil olunurlar. Bəzi xırda paya sahib şəriklər də var idi. Əsas rəhbər Lüdviq idi. Alfred İsveçdə yaşayırdı. Məşhur kimya alimi idi. Dinamiti və tüstüsüz barıtı kəşf etmişdi. Öz kapitalı və məsləhətləri ilə şirkətə kömək edirdi. Alfred barədə bir azdan yenə söz açacağam. Zarafat deyil, bir əsrdən çoxdur ki, dünyanı silkələyən Nobel mükafatını məhz bu qardaş təsis etmişdi...
Ralf, Emanuel, Emil, Lullu, Gosta. 1919 Stockholm

NOBELLƏR BAKIDA MƏDƏN VƏ ZAVODLAR ALMAĞA GİRİŞİRLƏR

Suraxanıda, Balaxanıda, Bibiheybətdə mədən sahibləri olurlar. Manaf Süleymanovun yazdığına görə, Ağşəhərlə Qaraşəhərin birləşdiyi yerdə böyük bir sahə götürüb neft təmizləyən, kükürd turşusu, mis, çuqun əridən zavodlar və körpülər tikdirirlər. Şirkətin 5 illiyini qeyd edəndə, onların kapitalı artıq 3 milyona çatmışdı...

Qaraşəhərdə 1882-83-ci illərdə «Villa Petrolea» (Neft bağı — indiki Nizami parkı) tikdirirlər. Varşavadan çağrılan məşhur mütəxəssis E. Bekli bu işi uğurla görür. Lənkərandan qara torpaq gətirilir, Həştərxandan su. Dünyanın hər yerindən ağac və bəzək kolları (80 min) xüsusi üsullarla qayçılanıb müxtəlif formalarda əkilir. Neçə-neçə Çarhovuz ( Sən demə, Fəvvarə sevgisini bizə Nobellər aşılayıbmış!), həm də şirin su saxlamaq üçün istfadə olunurmuş.

Bünövrəsi daş, üstü taxta evləri də Nobellər dəbə salıblarmış. Alt mərtəbədə kontor, üstlərdə klub, əyləncə otaqları, kitabxana olarmış. Peterburqdan heykəllər, rəsm əsərləri, kitablar gətirilərmiş. Xalılar-xalçalar da öz yerində...Nobellər dəbdəbəni sevərlərmiş. Manaf Süleymanov maraqlı bir nüansa toxunur. O yazır ki, Nobellər yüz milyon manatlar talan edib apardıqları halda, Bakıda bir dənə də olsun gözə dəyən mülk tikmədilər...Ünlü yazıçının «talan» sözü üstündə mübahisə açmaq olar. Yaxşısı budur, baxaq görək ev tikməyən Nobellər bəs nə etdilər?

ƏVƏZİNDƏ NEFT ÇIXARILMASINI İRƏLİLƏTDİLƏR!

Neft əllə çıxarılırdı. Lüdviq Pensilvaniyadan (!) təcrübəli qazmaçılar çağırır, həmçinin çox baha başa gələn mürəkkəb təcrübələr sınaqdan keçirir. Qılman İlkin yazır ki, Nobellər Bakının neft sənayesinə yeni nəfəs gətirdilər. Onlar hər sahədə pioner idilər. İlk dəfə onlar buxar maşınından istifadə etdilər. Sonra o birilər də bu işə girişdilər. Qazma işlərində elektrik enerjisindən yararlanmaq da onların adına yazılıb. Kəşfiyyat işləri də həmçinin. Çələkən və Pirallahıda, Putada müntəzəm aparılırdı.

Neftin daşınması məsələsində problemlər vardı. Neft arabalarla daşınırdı. Nobellər başqa sahibkarları Balaxanıdan Qaraşəhərə müştərək kəmər çəkməyə səslədilər. Heç kəs razılaşmadı. Onda Lüdviq çox böyük əziyyət və xərc bahasına bu işi özü tək gördü. 100.000 manat xərclədi, ancaq bu pulu bir ilə çıxardı. Çünki kəmərin çəkilməsi neftin ucuz başa gəlməsinə səbəb oldu. Bu kəmər hər gün Bakıya nə az, nə çox, düz 24 min pud neft vururmuş! Balaxanıda neftin pudu 8 qəpik idi, Qaraşəhərdə isə 14 qəpik! Bax belə! Can Bakı!...

Kəmərin çəkilişindən sonra beş mindən çox neft daşıyan çəlləkçi, tuluqçu, arabaçı ac qaldı. Kəmərin sökülməsi tələbiylə tətillər başladı. Heyhat! Zor gücünə atlı kazaklar hər şeyi yatırdılar...

Nobellərin yeniliyi hələ bitmədi. Kerosinin su yolu ilə daşınması da onların ideyasıydı. Dünyanın heç bir yanında kerosini su yolu ilə daşımırdılar. Çünki daşınma zamanı gəminin maşın şöbəsində istilik yaranırdı. Bu da qorxulu idi. Lüdviq İsveçdə öz layihəsi ilə ilk neftdaşıyan gəmi-tanker hazırlatdı (adı «Zərdüşt») və Bakıya gətirdi. Sonra başqaları da bu işə girişdilər...


NOBELLƏR BİRBAŞA ALICIYA ÇIXDILAR!

Saysız-hesabsız neft ticarəti vasitəçilərindən yaxa qurtarmaq, birbaşa alıcıya çıxmaq lazım idi. Lüdviq böyük şəhərlərdə dəmiryolu stansiyalarında nefti saxlamaq üçün dəmir rezervuarlar hazırlatdı! Yenə xərcə düşdü. Amma fikrindən dönmədi. Voqaboyu şəhərlərdə onun dəmir çənlərinin sayı getdikcə artmağa başladı...

BAKIDA ŞÜAR YAZMAĞI DA NOBELLƏR DƏB SALDILAR!

Manaf müəllim (ruhu şad olsun!) özünün məşhur kitabında o şüarlardan bir neçəsini əbədiləşdirib: «Ağ neft qaranlıqlara ziya saçır», «Ağ neft ən şiddətli şaxta, soyuq və qarda insanların dadına çatır», «Əsrimiz ağ neft əsridir» və s. Şəhərlərdə, qəsəbələrdə, yolayrıclarında, hətta qayalarda bu şüarlara rast gəlmək olurmuş. Bu da Nobellərin heç də hamıya bəlli olmayan bir yeniliyi...

Beləcə, yazılanlara dayansaq, XIX əsrin axırlarında neft istehsalının 20 faizini, kerosinin 40 faizini «Nobel qardaşları» şirkəti verirdi. 1908-ci ildə isə şirkət artıq iri konsernə çevrilmişdi. Əsas kapitalı 150 milyondan çox olan 25 müəssisədə elə 25 min adam işləyirdi...

Bir də, Lüdviq kefinin yaxşı vaxtlarında deyərmiş ki, dövrümüzdə əsl kral və hökmdar neft sahibkarlarıdır. Nə dəyişib ki, əziz oxucum?

«Zoroast» («Zərdüşt») – dünyada ilk neft tankeri Lüdviq həm də İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin əsasını qoyanlardan imiş. Qılman İlkin yazır ki, o əməklə qazanılmayan pulları sevməzmiş. O deyərmiş: «O gün ki, işləmək istəmirsən, yeməməlisən də!». Bax belə! O həm də tarixə fəhlələrin qayğısına qalan bir sahibkar kimi düşüb. Mükafat verər, yataqxana tikdirər, isti su və isti xörəklə təmin edər, Bakıda işçiləri üçün məktəb tikdirər, hətta işçilərin uşaqlarının oxuması üçün pul ayırar, onlara borc da verərmiş. Fəhlələrin iş saatını 12-dən 10,5 saata endiribmiş...

O məşhur mükafata adını verən Alfredə gəldikdə isə, dediyimiz kimi, onun da şirkətdə payı var idi. Ölümündən sonra 58 patenti, 50 milyon kapitalı qalıbmış. Qılman İlkinin yazdığına görə, bunun 12,4 faizi Şirkətdən ona çatan pay imiş. Vəsiyyətinə əsasən, hər beş ildən bir onun kapitalından gələn gəlir insanlığa xidmət etmiş şəxslərə mükafat kimi verilir (1901-ci ildən).
 

0 şərh