Azərbaycanın görməli yerləri

Qız Qalası
Bakı şəhərində yerləşən bu qədim abidə “İçəri Şəhər”in sahilə yaxın hissəsində yerləşir. Hündürlüyü 30 m., divarlarının qalınlığı 5 m-dir. Qız qalası XII əsrdə Məsud Davud oğlu tərəfindən inşa olunmuşdur.
1960-cı illərdə restavrasiya olunan Qız qalası 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamışdır. 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına salınmışdır.
Qız qalası
Atəşgah
Suraxanıda yerləşən Atəşgah məbədi təxminən XVII əsrdə yerdən çıxan neft qazının yanmasını görüb buranı müqəddəs hesab edən Hind atəşpərəstləri tərəfindən tikilmişdir. Hind kahinləri hələ XIX əsrin axırlarına qədər burada ibadətlə məşğul olurdular.

Bakı İçəri Şəhər


Bakı Azərbaycan qədim mədəniyyət, ticarət və siyasi mərkəzlərindən biridir. Onun əlverişli coğrafi mövgeyi bu şəhərin lap qədim zamandan Qərblə Şərqi, Cənubla Şimalı birləşdirən ticarət yollarının qovuşduğu mühüm yaşayış məntəqəsinə çevirmişdir. Orta əsr Şırvan dövlət zamanı xüsusilə inkişaf etmiş Bakı ölkənin baş elm, mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuşdur. Bakının Qız Qalası, Şırvanşaxlar sarayı kompleksi, qala divarları kimi orta əsr memarlıq nümunələri YUNESCO-nun Dünya mədəni irsi siyahısına salınmışdır. Orta əsrlərdə Bakıda zərgərlik, badii tikmə, silahqayırma, daş üzrə oyma sənətləri xüsusilə inkişaf etmişdir.
İçəri şəhər

Şuşa


Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən “Şuşa” sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir.
Şuşa şəhəri iki tərəfdən güclü qala divarı ilə əhatə olunmuşdur. Şəhərin yaranması XVIII əsrdə Qarabağ xanlığının yaranması və onun qüdrətinin artması ilə bağlıdır.
Xanlığın hökmdarı Pənahəli xan yadelli işğalçılardan müdafiə məqsədilə bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir. Şuşa şəhər-qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur.
Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.
Şuşa bir sıra görkəmli şəxsiyyətlərin vətənidir. Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və bir sıra başqa istedadlı sənət adamları əslən şuşalıdır. Buna görə də təsadüfi deyildir ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar.
Yazıçılardan Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, məşhur şairə Xurşidbanu Natəvan, şair Qasım bəy Zakir, heykəltəraş C. Qaryağdı, rəssam Toğrul Nərimanbəyov və başqaları Şuşada doğulmuşlar.
Şuşada memarlıq abidəsi sayılan 170 bina və 160 sənət abidəsi vardı. Məşhur “Gəncə darvazalan”, Qala divarları, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Qarabağ xanlarının imarəti, Natəvanın ev-muzeyi, Port-Arturun müdafiəçisi, artilleriya generəlı Mehmandarovun evi, şair və rəssam Mir Mövsüm Nəvvabın evi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, məşhur müğənni Bülbülün ev-muzeyi, şair Vaqifin məqbərəsi bu qəbildəndir.
Şuşa qalası

Neft daşları


Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Əzizbəyov rayonunun ərazisinə daxildir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu.
1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20-25 m. dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvələrində 70 min kvadratmetr idi. Beləliklə Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus “küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanların, qida məhsullarının və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 2000-dən çox əhalisi olan Neft Daşları Azərbaycanın ən şərq yaşayış məntəqəsidir.
1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd m kub. qaz əldə edilmişdir. Bu gün orada 377 quyu fəaliyyətdədir və hər birisi sutkada orta hesabla 5 t. neft verir. Hər gün Neft Daşlarında 5-6 yeni quyu qazılır.
Ola bilsin bir neçə vaxtdan sonra bu estakadalar, neft yataqları, neft buruqları artıq olmasın. Ancaq neft Bakısının bir rəmzi kimi, insanların ağlı və şücaəti kimi Xəzərin əfsanəvi Neft Daşları insanların yaddaşında əbədi qalacaqdır.
Neft daşları

Şirvanşahlar sarayı


XV əsrin əvvəllərində tikilən Şirvanşahlar sarayı bir müddət şirvanşahların iqamətgahı olmuşdur. Saray kompleksi bir neçə binadan ibarətdir. Kompleksə saray binasından başqa şərti olaraq divanxana, Şirvanşahların türbəsi, şah məscidi, ovdan, hamam, Seyid Yəhya Baküvinin türbəsi hesab edilən tikinli və şərq darvazası daxildir. Kompleksin ən maraqlı və gözəl binası sarayla yanaşı tikilmiş divanxana adı ilə tanınan abidədir.
Şirvanşahlar sarayı

Şəki Xan sarayı


Şəki xan sarayı dünya abidələri siyahısına daxil edilmişdir. Şəki xanlarının yay sarayı 1761-1762-ci illərdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilmidir.
Bəzi mənbələrdə bu saray «Müştaq imarəti» kimi də qeyd olunmuşdur.
Xan sarayı qala divarları ilə əhatə olunmuşdur. Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Otaqların divarları ilə yanaşı tavanı da olduqca gözəl naxışlarla bəzədilmişdir. Türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yamışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi".
Şəkidə Xan sarayı

Cəbrayıl – Xudafərin körpüsü


Cənubi və Şimali Azərbaycan dedikdə ilk növbədə ağla Xudafərin körpüsü gəlir.
Xudafərin körpüsü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan ticarət yolu üzərində tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət kəsb edir. Xudafərin körpüsü bir qeyrət körpüsüdür, xalqımızın tarixi birliyini zaman-zaman yada salır.
Xudafərin körpüsü

Tala camesi


Keçmiş Sovetlər birliyinin ən böyük məscidi olan Tala məscidi, kəndin içindən keçən şosse yolunun üstündə geniş bir ərazidə (0,82 ha) yerləşir. Bir-birinə tağlar vasitəsilə möhkəm bağlanmış, əzəmətli qalın kərpic sütunlarla əhatə olunaraq inşa edilən nəhəng məscid binası, ilk baxışdan bütün gözəlliyi ilə diqqəti özünə çəkərək insanı valeh edir. Məbədin ümumi sahəsi (52,0x37,70 m) 1960 kvadratmetrdir. Binanın tikintisində daha çox bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Binanın qiblədən başqa hər üç tərəfi nəhəng arko sütunları olan eyvanla əhatə olunmuşdur. Eyvan boyu cəmi 20 ədəd sütun dirək vardır. Ibadət zalına daxil olmaq üçün, binanın 3 əzəmətli qapısı vardır ki, bu qapılar ağac materialından yüksək sənətkarlıqla hazırlanmışdır.
İbadət zalının uzunluğu 40 m, eni isə 30 metr olub, sahəsi 1200 kvadratmetrdir. Zalın daxilində dörd cərgə uzununa 24 ədəd sütun dirək vardır. Bu sütunlar tağlar vasitəsilə bir-birinə möhkəm bağlanmışdır. Divarının qalınlığı 90 sm-dir. Bütün divar boyu alt-üst iki cərgə pəncərə düzülmüşdür. Binanın cəmi 42 pəncərəsi olub, yuxarı başları yarımdairəvi arko şəklindədir. Daxili hündürlüyü 8,50 m, çardağının hündürlüyü isə 8 metrdir. Döşəməsi betondan, tavanı taxtadan və dam örtüyü dəmirdəndir.
Bünövrəsi hicri 1319-cu ildə (miladi 1901) qoyulan “Tala məscidi”nin tikintisi 1910-cu ildə başa çatdırılmışdır. Məscidin damı isə məşhur xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin hədiyyə etdiyi 2000 ədəd dəmir təbəqə ilə örtülmüşdür.

Qobustan


Qobustan torpağı arxeoloji abidələrlə zəngindir. Bu günə qədər burada 30 ədəd kurqan və 20-yə yaxın ibtidai insan düşərgəsi aşkar edilib. Onlar iri ölçülü əhəng daşlarından hazırlanmışdır.
Qədim əcdadlarımızın həkk etdiyi rəsmlər Böyükdaş, Kiçikdaş, Cinqırdağ və Yazılı təpəsinə də rast gəlinir. Burada ibtidai insanlar, heyvanlar, döyüş səhnələri, ayin xarakterli rəqslər, öküzlərin döyüşü, silahlı avarçəkənlərlə dolu olan qayıqlar, əllərində nizə tutmuş döyüşçülər, dəvə karvanları, günəş və ulduz təsvirləri vardır.
Qobustan

Nizami məqbərəsi


Azərbaycanın qədim yaşayış mərkəzlərindən olan Gəncə şəhərinə gələnlər ilk növbədə dünya ədəbiyyatının incilərindən sayılan dahi Nizaminin məqbərəsi ilə qarşılaşırlar. Türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Sonralar Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir etdirilmişdir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Hazırda məqbərənin mərkəzi xiyabanının uzunluğu 125 metr, eni isə 40 metrdir. Hündürlüyü 20,9 metr olan məqbərənin ətrafındakı sahədə şairin «Xəmsə»-sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir.
Nizami məqbərəsi (Nizami türbəsi)

Azıx Mağarası


Azıx mağarası Azərbaycan ərazisində olan poliolit dövri abidələrindən sayılır. Azıx mağarası Hadrut rayaonunda, Tuğ çökəkliyini kəsən Quruçay dərəsinin sol sahilindəki sıldırım qayalıqda yerləşir. Burada 1960-88-ci illərdə aparılan elmi tədqiqatlar nəticəsində 100 mindən artıq maddi-mədəniyyət abidəsi tapılmışdır. Azərbaycanda bu abidə ilə bağlı 10 kitab, 200 dən çox elmi məqalə çap olunmuşdur. Burada aparılan tədqiqatlar nəticəsində 10 arxoloji təbəqə aşkarlanmışdır. Mağaranın 7-10-cu təbəqələri ən qədim dövrü əhatə edir və sübut edir ki buraya ilk insanlar 2 milyon il bundan qabaq ayaq basmışlar. Bu dövrə aid tapıntıların bir çox xüsusiyyəti bu tapıntıları başqa mədəniyyətlərdən fərqləndirdiyinə görə, bu mədəniyyətin müstəqil bir mədəniyyətin qalığı olması fikrini əsaslandırır və ona görə də bu tapıntılar Quruçaqy mədəniyyəti adlandırılır. Bura insanların məskunlaşması ilk təbəqələr üçün 1.5 milyon ildən 700 min ilə kimi davam etmişdir. Azıx mağarası eyni zamanda dünyada ilk ocaq izi və tikili qalıqların tapıldığı yerdir.
Azıx mağarası (Azikh cave)
 

Mənbə: İrfan dərgisi
 

0 şərh