Рейтинг
+120.86

Azərbaycan

84 üzv, 198 topik

Böyük musiqi salnaməçisi

Xalq mahnılarımızın toplanması və sistemləşdirilməsində musiqişünas Ağalar bəy Əliverdibəyovun mühüm xidmətləri olub. O, ixtisasca mühəndis olsa da, ömrünü Azərbaycan musiqisinin öyrənilməsi və təbliğinə həsr edib.

Ağalar Kərbəlayı Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib, ibtidai təhsilini burada molla məktəbində alıb.

Atası onun Avropa təhsili alması üçün böyük səy göstərib. Beləliklə o, 1901-ci ildə Sankt-Peterburq Texnoloji İnstitutuna qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra atasının məsləhəti ilə Polşada Varşava İnşaat İnstitutunda təhsil alır. İxtisasına mükəmməl yiyələnən Ağalar bəy 1913-cü ildə vətənə dönür, yol-inşaat mühəndisi işləyir.

 A.Əliverdibəyov gənc yaşlarından müxtəlif xalqların musiqisinə böyük maraq göstərib, bu mövzuda ədəbiyyatları maraqla mütaliə edib. Qarabağ bölgəsinin, ümumiyyətlə Azərbaycanın musiqi dünyasına həssaslıqla yanaşıb. Bu istiqamətdə öz düşüncələrini ardıcıl olaraq qələmə alan A.Əliverdibəyov daha sonra dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “Musiqi tarixi” adlı kitab yazıb. Mütəxəssislər bu kitabı, eləcə də onun topladığı xalq mahnı və təsniflərini musiqi xəzinəmizə dəyərli töhfə hesab ediblər.
Davamı →

Nobel qardaşlarının şirkəti

Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Davamı →

Sehrli simlər - Azərbaycan tarı

Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar! Səni kim unudar?

Mikayıl Müşfiqin bu sətirləri Azərbaycan xalqının mədəniyyətində əvəzsiz yeri olan ecazkar musiqi aləti – tara ithaf olunur. Sanki ilahidən gələn sehrli səsdi bu… Dünya musiqisinin incisi hesab olunan muğamımızın şah damarı, sehrli olan tar səsi. Dahi bəstəkar Üzeyir Hacıbəyli tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı aləti hesab olunur.
Davamı →

Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Davamı →

Bakı neft səltənətidir

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Davamı →

Bakı 1917-1920-ci illərdə

1917-ci ildə Rusiyada fevral inqilabı baş verdi. İnqilabın qələbəsi çar imperiyasının bütün xalqlarını ayağa qaldırdı və onları istiqlaliyyət və muxtariyyət uğrunda mübarizəyə ruhlandırdı. Martın 2-də II Nikolay taxt-tacdan əl çəkdi. Rusiyada iki hakimiyyətlik yarandı: Müvəqqəti hökümət və Sovetlər. Martın 9-da Dövlət dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökümət Zaqafqaziyanı idarə etmək üçün xüsusi bir komissiya yaratdı. Komissiyanın tərkibinə A.Xarlamov (sədr), M.Y.Cəfərov və M.İ.Papacanov daxil edildi. Peterburqdan gələn komissiya birinci növbədə Bakıda yığıncaq keçirdi.
Davamı →

H.Z.Tağıyevin mühakimə edilməsi

1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verdi ki, nəinki, azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu H.Z.Tağıyevin mühakimə edilməsi idi. Hadisə belə olmuşdu: vaxtı ilə Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdı. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadı) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün (bu hadisə 1911-ci il may ayının 16-da olmuşdu) Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir.

Davamı →

Bakı ləhcəsi

Qədim zamanlardan Bakı bir şəhər kimi İranın təsiri altında olmuşdur. Bu təsir ta keçən əsrin ortalarınadək davam edib. Belə vəziyyət o dövrə təsadüf edir ki, az qala bütün türk aləmi az-çox İranlıların təsiri altında idi. M. Ə. Rəsulzadə "Əsrimizin Səyavuşu" adlı əsərində həmin dövrü belə xarakterizə edirdi: «Bir çox zaman azərbaycanlılar kəndi türklüklərini, türk soyundan gəldiklərini bilməyərək, xalis İranlı kimi kəndilərin hiss etdilər. İranlı kimi düşünüb, İranlı kimi yaşadılar. Bu o zaman idi ki, bütün türk aləmi az-çox İran təsirində bulunurdu. O zaman idi ki, soltan Səlim farsca şeirlər yazıb, oxuyur, az qalsın ki, bunu rəsmi lisan elan ediyordu».
Davamı →

Bakıxanovlar sülaləsi

Bakı xanlarının tarixi Mahmud Dərgahqulu bəylə başlayırsa, Bakıxanovlar sülaləsinin şöhrəti isə Mirzə Məhəmməd xan Sani ilə yüksəlmişdir. Bakı və Quba xanlıqlarının Rusiyaya yaxınlaşmasında onun böyük xidmətləri olub. 1824-cü ildə Qafqaz baş komandanı Yermolov Mirzə Məhəmməd Saninin bu xidmətlərini yüksək qiymətləndirərək, ona Quba əyalətində 7 para kənd bağışlamışdır. O kəndlər bunlardır: Rustov, Hacı Qaraqaşlı, Əmsar, Qaraqaşlı, Qarabağlı, Qulamlı və Şıxnəzərli.
Davamı →

Bakı xanlığı

Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.
Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar.
Davamı →