Özünə qayıdış

Kökünüdərk etməkdə - Mənə görə bugünki bir azərbaycanlını şəxsiyyət olaraq xarakterizə etmək hər hansı bir dini dəyəri elmi səviyyədə isbat etməkdən daha ağrılı və mürəkkəb problemdir.Təbii ki,bunların həm obyektiv,həm də subyektiv səbəbləri  vardır.Hesab edirəm ki,bunun ilkin səbəbi,təməl səbəbi azərbaycanlı şüurunun bir ingilisin şüuru kimi,sağlam dəyərlərə,sağlam əqidəyə və sağlam ideyaya sahib olmamasındadır.Onun şüurunun sağlam əqidəyə,sağlam ideyaya,sağlam  dəyərlərə,yəni  sağlam azərbaycanlı  düşüncəsinə sahib olmamasının bir səbəbi var:

Bu torpaqların insanlarının öz atalarının,babalarının,analarının,nənələrinin fikirlərindən daha çox qonşusunun atasının,anasının,babasının,nənəsnin fikrinə daha böyük önəm və diqqət göstərməsidir.Bu torpağın insanlarının bir atalar sözündə deyildiyi kimi:”Qonşunun malı daha şirin olur.”Azərbaycanlı türkü  daim özünüdərk etmək istərkən,sanki bir alın yazısı kimi başının üstünü ya fars qılıncı,ya ərəb qılıncı+ərəb dini,ya da əlində vodkası  olan rus siyasəti alıb. Təbii ki,bütün bu sadaladığım faktlar da onun özünü olduğu kimi,dərk etməsindən daha çox,onu öz siyasəti ilə basqı altında saxlamağa çalışan xalqın,millətin əqidəsi,dəyərləri,ideyaları əsasında dərk etmişdir.Bütün bunlarda bu gün ona səbəb olmuş ki,əsl azərbaycanlı türkünü tapmaq üçün(bu sankiDiogenin şam işığı ilə insanlar içərisində insan axtarmasına bənzəyir),əlimizə böyük aşsüzən almağımıza gərək var. Böyük əksəriyyətimizin qanı farsın,ərəbin,rusun və mənim bilmədiyim bir neçə xalqların,millətlərin qanı ilə qarışıb.

Millətlərin qanının qarışması ilə bağlı bir faktı da burda qeyd etməyin tam zamanıdır.Yadıma gəlir ki,baxdığım bir tarixi filmdə ingilislər müharibə apardıqları düşmənlərindən  bir qadını əsir götürmüşdülər və bir ingilis əsgəridə öz hisslərinə sahib çıxa bilməyib bu qadını zorlamaq istəyirdi.Amma baxın nə oldu.İngilis qoşunun sərkərdəsi bu hadisəni görüb əsgərinə bu sözləri  əmr etdi:”Heç bir zaman bir anqlo-sakson öz millətindən olmayan insanla qanını qarışdırmamalı.Bizim öz ideyamız,öz əqidəmiz,öz düşüncəmiz var və heç bir anqlo-sakson bunu qeyri anqlo-saksonun qanına qarışdırmamalı.Cəhənnəm ol  o qadının üzərindən!”Bu kiçik fraqmentdə ingilislərin öz millətinə,öz ingilis düşüncəsinə və ingilisli təbiətinə nə qədər çox bağlı olduğu və bir o qədər də çox hörmət etdiyi aşkar olunur. 

Bu gündə Azərbaycan türkü özünüdərk etmək istəyir.Bu gündə o özünü haralardasa axtarma prosesindədir.Amma elə bugünün özündə də sanki yenə də bir alın yazısı kimi,onun başının üzərini soyuq qılınc qorxusu yox,soyuq informasiya qorxusu alıb.Amma nə yazıq ki,yenə də bütün tarix boyu özünü göstərən “ kiminsə harasınasa girmək”,yaltaqlanmaq fəndləri davam edir.Bu gündə bu torpaqların insanı özünü tapmaqda çətinlik çəkir.Özünü tapmaq istəyənlərə isə,yalançı tarixi faktlardan ibarət tarixi kitablar “soxuşdurulur”.Bu gündə tarixi şüurumuz və tarixi idrakımız kimlərinsə diqtəsi altında yazılır,formalaşdırılır.Və nə yazıqki,bütün bunların həyata keçməsində bütün tarix boyu olduğu kimi,bu gündə sapı özümüzdən olan baltalar xüsusi “səy” və “şövq” göstərirlər.Onlar heç olmasa bu səy və şövqə itirdikləri enerjinin onda birini öz millətinin ideologiyasının,şüurunun formalaşmasına həsr etsə idilər,yəqinki indi bütün bunları deməyə və yazmağa ehtiyac qalmazdı.Bu gün özünə ziyalı deyən bəzi kalstuklu və kostyumlu şəxsiyyətciklərin yatmış milləti özünüdərk etməsinə kömək etmək,onları yuxularına haram qatıb oyanmalarına səbəb olmaq əvəzinə,bütün bunların tam əksini,onların daha da çox ayı yuxusuna getmələrinə(yeri gəlmişkən ayı amma bütün qışı yatsa da yaz qabağı oyanmağı da bacarır,amma bizim millət...)səbəbkar olurlar.Universitet auditoryalarında,orta məktəb siniflərində milli ruhun,milli mənsubiyyətin,milli şüurun formalaşdırılması  əvəzinə onların beyinlərinin yuyulması prosesi ilə məşğuldurlar.Məlum məsələdir ki,burda  başqalarının da öz maraqları və mənafeləri əsas faktor oyanır.Başqalarının maraqları və mənafelərindən irəli gələn məqsədli siyasət öz yerini çox gözəl şəkildə öz yerini tapır.Amma təbii ki,burda itirən bu işdə bilərəkdən və bilməyərəkdən xüsusi səy göstərənlər və bu səy göstərənlərin aid olduğu onun dərin yuxuya getmiş sadəlövh milləti olur.Bütün bunlardan yüz il sonra doğula biləcəklərin,təbii ki,yüz il sonra,bu millət öz nəslini davam etdirə bilsə,atalarını,babalarını və ulu babalarını tənqid və hər şeydə günahkar hesab etmələrində haqlı olacaqlar.Bu gedişlə biz onlara yaxşı gələcək vəd edə bilmərik.

Hesab edirəm ki,millətin özünüdərki ilə bağlı çox sözlər deyilib,çox sözlər də yazılıb.Ona görə də,bu məsələni çox da şişirtmədən elə burda yarımçıq saxlamaq istərdim.İnanıram ki,mənim nə demək,nəyi demək istədiyimi və nəyə işarə etmək istədiyimi hamı da olmasa müəyyən bir hissə anlaya bildi.Özünüdərk məsələsi həmişə aktualdır və aktual da olacaq.Bunun isə çox sadə bir səbəbi var:Özünüdərk edən insan,qrup,toplum,xalq,millət həm keçmişini,həm indisini,həm də miras olaraq gələcək nəsillərinə nəyi miras  qoyub getdiyini dərk edə bilir.Bundan başqa,məncə, insan,xalq və millət üçün vacib bir nəsnə ola bilməz.

Azərbaycan türkü obrazlı şəkildə babasının,oğlunun və nəvəsinin kim olduğunu dərk edə bilsə idi...

                                                          

 

0 şərh