Biologiya elmi

Canlı orqanizmləri öyrənən biologiya elmi bir çox sahələrə ayrılır. Bitkiləri öyrənən botanika, heyvanları öyrənən zoologiya, göbələkləri öyrənən mikologiya vəs. kimi elm sahələri sizə tanışdır.
Canlı orqanizmlərin həm xarici, həm də daxili quruluşunu morfologiya (yun. morfe – forma, logos – elm) adlanan elm sahəsi öyrənir. Məsələn, yarpaq – yarpaq ayası və saplaqdan, qurbağanın bədəni isə baş, gövdə və ətraflardan ibarətdir.
Anatomiya (yun. anatome – yarıram) morfologiyanın tərkib hissəsi olub, orqanizmlərin daxili quruluşunu öyrənir. Belə ki, ağac gövdəsi qabıq, kambi, oduncaq və özəkdən ibarətdir. İnsanın ürəyi 4 kameralı – iki qulaqcıq və iki mədəcikdən təşkil olunmuşdur. Botanikada bitki anatomiyası, zoologiyada heyvan anatomiyası sahələrini ayırırlar.
biologiya
Orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm sahəsi fiziologiya (yun. fizis – təbiət, logos – elm) adlanır. Bitkilərdə gedən fotosintez, tənəffüs və s. kimi fizioloji prosesləri bitki fiziologiyası, heyvanlarda baş verən fizioloji prosesləri isə (qan dövranı, tənəffüs, ifrazat və s.) heyvan fiziologiyası öyrənir.
 
Canlı obyektləri öyrənmək üçün bioloqlar vaxtaşırı digər elm sahələrinə müraciət edirlər. Belə ki, canlı orqanizmlərdə maddələrin analizinin aparılması üçün kimyanın köməyinə ehtiyac duyulur. Bunun nəticəsində biokimya elmi meydana gəldi. Canlı orqanizmlərə xas olan, məsələn, işığın gözə və yaxud da yarpağa təsiri kimi fiziki hadisələri biofizika elmi tədqiq edir. Bu elm sahələri bioloji prosesləri daha yaxşı araşdırmağa kömək edir.
 

0 şərh