Mutasiya irsi dəyişkənlikdirmi?

İrsi dəyişkənlik. Çarlz Darvin irsi dəyişkənliyin təkamüldə çox böyük rol oynadığını müəyyənləşdirmiş və dəfələrlə qeyd etmişdir ki, dəyişkənlik təkcə xarici şəraitdən asılı deyil.
Eyni şəraitdə yaşayan, eyni valideynlərdən törəyən nəsillərdə bəzən çox kiçik fərqlər, bəzən də kəskin nəzərəçarpacaq dəyişkənliyə malik fərdlər yaranır.
Genotipin dəyişməsi ilə baş verən dəyişkənlik irsi dəyişkənlik adlanır.Mutasiyalar irsi dəyişkənliyin bir növüdür. Orqanizmin xromosomlarında və genlərində baş verən hər hansı bir dəyişkənlik mutasiyaya səbəb olur. Mutasiyalar bəzən elə çox kiçik fərqlərə səbəb olur ki, onlar nəzərə belə çarpmır. Bəzən isə mutasiya çox qabarıq dəyişkənliyə səbəb olur ki, bunlardan da insanlar istifadə edib, yeni sort və cins yaradırlar. Məsələn, qısaayaqlı ankon qoyun cinsi, qısaayaqlı taksa it cinsi, yumurtavarı yarpaqlı çiyələk, sallaq və piramidaşəkilli çətiri olan ağaclar və s. belə yaranmışdır.
Mutasiya irsi dəyişkənlikdirMutasiya anlayışını elmə ilk dəfə gətirən holland botaniki Hüqo de Friz olmuşdur. O müşahidə etmişdir ki, enotera (eşşəkqulağı) bitkisinin yarpaqları arasında normal formadan kəskin fərqlənənlər vardır. Onların əlamətləri nəsildən-nəslə irsən ötürülür. Belə dəyişkənliyə botanik mutasiya adı vermişdir.
Mutasiya genotiplərdə xarici və daxili mühit amillərinin təsiri ilə yaranan dəyişkənlikdir. Onların əksəriyyəti orqanizm üçün zərərli olur. Orqanizmin məhvinə səbəb olan mutasiyalar da vardır. Belə mutasiyaları daşıyan genlər, adətən, resessivdir. Genotipi dəyişdirmə xüsusiyyətinə görə mutasiyaların bir neçə növü məlumdur.
Xromosom mutasiyaları. Belə mutasiyalar zamanı xromosomların quruluşunda dəyişikliklər baş verir. Onların formaları çoxdur və mikroskop vasitəsilə asanlıqla müşahidə olunur. Mutasiya
Genom mutasiyaları. Bu mutasiyalar xromosom sayının dəyişməsi nəticəsində baş verir. Onun iki formasına təsadüf olunur: aneuploidiya və poliploidiya.
Aneuploidiya xromosom sayının bir neçə vahid artması və ya azalmasıdır. Xromosomların normal paylanmaması meyoz prosesi zamanı olur: daun sindromu 2n = 47, Şerşevski-Terner sindromu 2n = 45. Göründüyü kimi, bu zaman xromosom sayının azalıb və ya artması ciddi dəyişikliklərə səbəb olur.
Poliploidiya xromosom yığımının bir neçə dəfə artmasıdır. Poliploidiya bitkilərdə geniş yayılmışdır. Heyvanlar aləmində nadir hallarda rast gəlinir. Orqanizmdə xromosom yığımı 3n olarsa, triploid, 4n olarsa, tetraploid adlanır.
Gen mutasiyaları. Bu mutasiyalar nöqtəvi mutasiyalar da adlanır. Onları işıq mikroskopu ilə müşahidə etmək çətindir. Bu mutasiyalar DNT nukleotidlərində baş verən dəyişmələrlə əlaqədardır. DNT-də nukleotidlər yer dəyişdikdə amin turşularının yeni ardıcıllığı müəyyən olunur ki, bu da yeni bir zülal sintezinə səbəb olur.
Çox vaxt mutasiyaya uğrayan gen fəaliyyətdən qalır. Bu zaman RNT və zülal əmələ gəlmir. Gen mutasiyaları zamanı yeni allellər əmələ gəlir ki, bunun da təkamüldə çox böyük əhəmiyyəti vardır.
Somatik mutasiyalar. Somatik mutasiyalar orqanizmin bəzi somatik hüceyrələrində baş verir. Onlar bitki və heyvanlarda cinsi çoxalma zamanı irsən nəslə ötürülmür, ancaq bitkilər vegetativ yolla çoxaldılarsa, bu mutasiyalar irsən nəslə ötürülə bilir.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh