Təkamülün istiqamətləri və yolları

Təbiətdə təkamülün necə getdiyini başa düşmək üçün tarixi inkişafın əsas istiqamətlərini və yollarını müəyyən etmək lazım idi. Alimlər bu sahədə müəyyən işlər görmüşlər. Aleksey Nikolayeviç Severtsov və İvan İvanoviç Şmalhauzen təkamülün iki istiqamətdə — bioloji tərəqqi (proqress) və bioloji tənəzzüllə (reqress) getdiyini müəyyənləşdirmişlər.
Təkamül prosesi canlı orqanizmlərin ətraf mühitə fasiləsiz olaraq uyğunlaşması ilə gedir. Mühit şəraiti dəyişərsə, əlamətlər digər uyğunlaşma əlamətləri ilə əvəz olunur. Bu səbəbdən növlərin bəzisi tərəqqi edir, bəzisi isə tənəzzülə uğrayır. Təkamülün istiqamətləri
Bioloji tərəqqi növlərin yüksələn xətlə inkişaf etməsinə deyilir. Bu zaman növün populyasiyalarındakı fərdlərin sayı artır, areal genişlənir, yeni yaranan fərdlərin sayı məhv olanlardan çox olur. Arealın genişlənməsi çox vaxt yeni populyasiyaların yaranması ilə nəticələnir. Hazırda bəzi növlər bioloji tərəqqidədir. Məsələn, əksər cücülər, sap qurdlar, dovşanlar, siçanlar, siçovullar və d. buna misaldır.
Bioloji tənəzzül bioloji tərəqqinin əksidir. Bu zaman məhv olan fərdlər yeni yarananlardan daha çox olur, növün fərdlərinin sayı azalır, areal kiçilir. Hətta bəzi növlər tənəzzülə uğrayır və məhv olur. Hazırda bir çox iri məməlilərin sayı (fil, kərgədan, bizon və s.) həddindən çox azalmışdır. Bitkilərdən plaunkimilərin nəsli kəsilmək üzrədir. Tarixi inkişaf zamanı bir çox bitki və heyvan növləri tamamilə yox olmuşdur.Təkamülün istiqamətləri
A.N.Severtsov və İ.İ.Şmalhauzen təkamülün 3 yolunu göstərmişlər: aromorfoz, idioadaptasiya və ümumi degenerasiya.
Aromorfoz. Bu elə təkamül dəyişkənliyidir ki, quruluşu ümumi yüksəlişə aparır, həyat fəaliyyətini artırır. Quruluş səviyyəsi yüksəldikcə orqanizmlər yeni həyat şəraitinə keçmə imkanı qazanırlar. Belə orqanizmlər yaşamaq uğrunda mübarizədə böyük üstünlüklər əldə edir və qalib gəlirlər. Canlılarda fotosintezin yaranması, çoxhüceyrəlilik, cinsi çoxalma prosesi Arxey erası və Proterozoy erasına keçiddə ən mühüm aromorfozlar olmuşdur. Heyvanların quruya çıxması ilə əlaqədar olaraq onlarda bir sıra aromorfozlar — daxili mayalanma, ağciyərlər, ətraflar, qanadlar yaranmışdır.
Bitkilərdə baş verən aromorfozlara misal olaraq toxumaların, orqanların yaranmasını, sporla və toxumla çoxalma, ikiqat mayalanma proseslərini göstərə bilərik.
Aromorfozlar nəticəsində populyasiyalarda doğum ölümə nisbətən çox baş verir. Bu, fərdlərin sayını artırır. Say artdıqca areal genişlənir, bu isə yeni populyasiyaların yaranmasına səbəb olur. Deməli, aromorfozlar bioloji tərəqqi ilə nəticələnir. Aromorfozlar nəticəsində tip, şöbə, sinif kimi iri taksonomik qruplar yaranır.
İdioadaptasiya. Bu prosesdə canlılar yaşadıqları mühit şəraitinə uyğunlaşmalar qazanırlar. Belə uyğunlaşmalar daha kiçik təkamül dəyişkənlikləridir. İdioadaptasiyalara misallar:
Heyvanlarda xəbərdarlıqedici rəng, qoruyucu rəng, mimikriya, maskalanmalar idioadaptasiyalara misaldır. İdioadaptasiyalar nəticəsində kiçik taksonomik qruplar — növ, cins, fəsilələr əmələ gəlir. İdioadaptasiyalar növ sayının artmasına, arealın genişlənməsinə, növəmələgəlmənin tezləşməsinə — yəni bioloji tərəqqiyə səbəb olur.
Ümumi degenerasiya. Bu prosesdə orqanizmlərin quruluşu sadələşir, çox vaxt onlarda bəzi orqanlar yoxa çıxır və ya qalıq halında qalır. Degenerasiyaya ən çox oturaq və ya parazit həyat tərzi keçirən orqanizmlərdə rast gəlinir. Parazitizmlə əlaqədar olaraq qurdlarda bir çox orqanlar yoxa çıxmış və ya sadələşmişdir. Məsələn, öküz soliterində həzm, hərəkət, duyğu orqanları yox olmuş, sinir sistemi sadələşmişdir. Parazit qurdlarda bu sadələşmələrə baxmayaraq, çoxalma orqanları güclü inkişaf etmişdir.
Parazit həyat tərzi ilə əlaqədar olaraq qızıl sarmaşıqda yaşıl rəng, kök, yarpaqlar yox olmuşdur. Ancaq onda olan sormaclar bitkinin qidalanmasını təmin edir. Qızılsarmaşıq sürətlə çoxalır. Deməli, ümumi degenerasiya da bioloji tərəqqiyə səbəb olur.
Müasir dövrdə insan bir çox növlərin tərəqqisinə, bir çoxlarının isə tənəzzülünə səbəb olmuşdur. Bunun əsas səbəbi canlı aləmlə onu əhatə edən mühit arasında qarşılıqlı əlaqənin pozulmasıdır. İnsanın cücülərə qarşı istifadə etdiyi kimyəvi maddələrə, bakteriyalara qarşı istifadə etdiyi antibiotiklərə dözümlü formaların yarandığını, çirkab suların axıdılmasının göy-yaşıl yosunların inkişafına səbəb olduğunu yada salın.


Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh