Makrotəkamülü isbat edən paleontoloji dəlillər

Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır. O, bir sıra elmi dəlillərlə isbat edilir.
Qazıntı halında tapılan qalıqlar təkamülü isbat edən mühüm dəlillər verir. Canlıların tapılan qalıqları onların hansı dövrdə və hansı şəraitdə yaşadığını, həm də qalıqların bizim dövrə qədər necə qorunub saxlandığını araşdırmağa imkan yaradır.
Arxeoloji qazıntılar nəticəsində canlıların diş, sümük, çanaq, dırnaq və s. qalıqları tapılmışdır. Müasir dövrdə yaşayan canlıları bu qalıqlarla müqayisə etdikdə onlarda müəyyən dəyişikliklərin baş verdiyini görmək mümkündür.
Paleontoloji dəlilləri aşağıdakı qruplara bölürlər. Makrotəkamül
1. Stratiqrafik dəlillər. Müxtəlif geoloji dövrlərdə tapılan qalıqlara əsasən müəyyən olunur ki, ən qədim qatlarda onurğasız heyvan tiplərinə, sonrakı qatlarda isə xordalılar tipinə aid heyvan qalıqları olmuşdur. Yerin ən üst qatlarında müasir dövrdə yaşayan bitki və heyvan qalıqlarına rast gəlinir.
2. İzotop. Çöküntü süxurlarının yaşı onlarda olan radioaktiv maddələrin izotoplarına görə müəyyən olunur. Radioaktiv maddələrin parçalanması ətraf mühit şəraitindən asılı deyil. Ona görə də yer qatının yaşı onda olan radioaktiv maddə miqdarına görə təyin edilir. Məhz buna əsasən də Yer planetinin yaşı müəyyən olmuşdur.
3. Keçid formalar. Paleontoloqlar müxtəlif geoloji dövrlərə aid bitki və heyvan qalıqlarını aşkar etmişlər. Bunların bir qismi keçid formalar hesab olunur. Onlara aşağıdakıları misal göstərmək olar:
Trilobitlər - həlqəvi qurdlarla buğumayaqlılar arasında keçid forma hesab olunur. Onların buğumlarında, sinir sistemində, tənəffüs orqanlarında oxşarlıq çoxdur. Ancaq trilobitlərin hər buğumunda bir cüt ətraf olmuşdur.
İxtiosteqa - iki böyük taksonu birləşdirir. Onlar balıqlarla suda-quruda yaşayanlar arasında keçid forma hesab edilir. Həm üzgəc, həm də ətrafları olmuşdur. Bədənlərinin üzəri pulcuqlarla örtülmüşdür. Onlara oxşar olan steqosefallarda hətta sürünənlərin əlamətlərinin olduğu da güman edilir.
Katilozavrlar - qədim sürünənlərdir. Onların bəzilərində suda-quruda yaşayanların əlamətlərinə rast gəlinir.
İnostranseviya - sürünənlərlə məməlilər arasında keçid formasıdır. Onlarda kəllənin, onurğanın, ətrafların quruluşunda məməlilərə oxşarlıq daha çox olmuşdur. Bu heyvanların dişləri də, məməlilərdə olduğu kimi, kəsici, köpək və azı dişlərinə bölünmüşdür.
Arxeopteriks - sürünənlərin əlamətləri ilə yanaşı, quşların da əlamətləri olmuşdur. Lələklərin olması, ön ətrafların qanadlara çevrilməsi, pəncə lüləsi, içi boş sümüklər, çəngəl sümüyünün olmasına görə quşlara; dişlərin, uzun quyruq fəqərələrinin, qarın qabırğalarının olmasına, pəncə sümüklərinin bitişməsinə görə isə sürünənlərə oxşamışdır. Onlarda döş tili inkişaf etməmişdir, uça bilməmişlər. Yalnız ağacdan-ağaca süzmə hərəkəti etmişlər. Hal-hazırda arxeopteriksi birbaşa sürünənlərlə quşlar arasında keçid forma kimi götürmürlər.
Psilofitlər - yosunlarla ali sporlu bitkilər arasında keçid formasıdır. Dənizlərin kənarında bitən, ağaca və ota bənzər formaları var imiş. Üzərində pulcuqlar olmuş, yeraltı hissələri kökümsova bənzəmişdir. Torpağa rizoidlər vasitəsilə bərkimişdir. Dəricik üzərində ağızcıqlar var imiş. Onlarda mexaniki, ötürücü, örtük toxumalarının olduğu güman edilir.
4. Filogenetik sıralar. Arxeoloji qazıntılar nəticəsində alimlər bir çox heyvanların filogenetik sıralarını müəyyənləşdirmişlər. Bunlardan dırnaqlıların, yırtıcıların, molyuskaların, xortumluların və s. heyvanların filogenetik qruplarını göstərmək olar. Dırnaqlılardan atın filogenetik sırasını izləyək.Atın filogenetik sırası                            Atların filogenetik sıralarını Vladimir Onufriyeviç Kovalevski müəyyən etmişdir. Məlum olmuşdur ki, onların əcdadı əvvəlcə beşbarmaqlı, tülkü boyda olmuşdur, dişləBelə şəraitdə çöllərdə heyvanlar yalnız qaçmaqla özlərini xilas edə bilərdilər. Təbii seçmə nəticəsində onlarda ətraflar uzanmış, barmaqların sayı azalmışdır. Bundan sonra heyvanlar sürətlə qaça bilmişlər. Nəticədə 3-cü barmaq inkişaf etmiş, 2-ci və 4-cü barmaqlar isə rudiment şəklində qalmışdır.
Qaçmaq həm də onurğa sütununun möhkəmlənməsinə səbəb olmuşdur. Qaba yem onların dişlərinin səthinin dəyişməsi ilə, yəni qırışlı olması ilə nəticələnmişdir.
5. Qitələrin dreyfi. Alimlərin yürütdüyü fikirlərdən biri qitələrin yerdəyişməsidir. Paleontoloqlar Antraktidada məhv olmuş çoxlu kələz (iri kərtənkələ) qalıqları aşkar etmişlər. Bu onu göstərir ki, vaxtilə burada hava isti olmuşdur. Yer kürəsində sürüşmələr nəticəsində iqlim dəyişdikdən sonra heyvanlar şimala doğru çəkilmişlər.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh