Makrotəkamülü isbat edən embrioloji dəlillər

Embriologiya elmi canlıların rüşeym mərhələsini öyrənir və təkamül dəlilləri verir. Darvin də orqanizmlərin fərdi inkişafının onların tarixi inkişafı ilə qarşılıqlı əlaqədə olduğunu söyləmişdir. Embrioloji dəlillər birhüceyrəlilərlə çoxhüceyrəlilər, onurğasızlarla onurğalılar və onurğalıların müxtəlif sinifləri arasında rüşeymlərin inkişafındakı oxşarlıqları üzə çıxarmışdır.
Onurğalı heyvanların inkişafı birhüceyrəli ziqotdan başlayır. Sonra hüceyrə bölünərək çoxhüceyrəli birqatlı rüşeymə (blastula) çevrilir.
Rüşeymin sonrakı inkişafı zamanı bağırsaqboşluqlulardakı kimi ilk bağırsaq boşluğu yaranır və divan iki qatdan ibarət qastrulaya çevrilir. Sonralar onlarda qurdlarda olan rüşeym vərəqləri, buğumayaqlıların ürəyinə oxşar döyünən damarlar və s. əmələ gəlir. Doğulmağa və yumurtadan çıxmağa az qalmış isə növün əlamətləri üzə çıxır.
Biogenetik qanun.
XIX əsrin ikinci yarısında alman alimləri Frist Müller və Ernst Hekkel ontogenezin nisbəti qanununu — biogenetik qanunu kəşf etdilər. Bu qanuna görə, hər bir fərd öz inkişafında daxil olduğu növün tarixini qısa şəkildə təkrar edir. Yəni ontogenez* filogenezin qısa təkrarıdır.
Onurğalı heyvanların inkişafi zamanı onlarda əvvəl xorda və udlaq qövsləri əmələ gəlir. Ətrafları isə olmur. Udlaq qövslərinin olması, ətrafların olmaması, hamısında bir qan dövranının, kloakanın varlığı, böyrəklərin quruluşu və s. onların eyni mənşəyə malik olduğunu göstərir. Sistematik kateqoriyalar böyüdükcə rüşeymlərin oxşarlığı azalmağa başlayır. Növün fərdləri bir-birinə daha çox, eyni tipə daxil olan fərdlər isə daha az oxşar əlamətlərə malik olurlar.Makrotəkamülü isbat edən embrioloji amillər1.Qurbağa sürfəsinin (çömçəquy- ruğun) balığa oxşar əlamətləri:
  • quyruğun olması;
  • üzgəcin olması
  • qəlsəmələr;
  • ikikameralı ürək;
  • bir qan dövranı;
  • yan xətt orqanı;
  • ürəyində yalnız venoz qanın olması.
2.Milçək sürfəsi:
  • qurda bənzəyir;
  • ətrafları yoxdur;
  • qanadları yoxdur;
  • baş hissəsi inkişaf etməyib.
Biogenetik qanunu sonralar Aleksey Nikolayeviç Severtsov və İvanoviç Şmalhauzen inkişaf etdirərək göstərmişlər ki, canlılar ontogenezlərin də əcdadın yetkin fərdinin yox, embrional mərhələlərinin əlamətlərini təkrar edir. Beləliklə, biogenik qanun ontogenezlə filogenez arasında olan əlaqələrə əsaslanaraq təkamülü isbat etmək üçün mühüm dəlillər verir.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh