Makrotəkamül - müqayisəli anatomiya dəlilləri

Makrotəkamül prosesi mikrotəkamül kimi divergensiya yolu ilə gedir. Ancaq bu prosesdə konvergensiyaya da tez-tez rast gəlinir. Divergensiya qohum növlərdə daha tez-tez müşahidə edilən homoloji orqanların yaranmasına səbəb olur.
Homoloji orqanlar. Mənşəcə eyni, quruluş və funksiyalarına görə bir-birindən fərqlənən orqanlar homoloji orqanlar adlanır. Suiti və delfinin ətrafları, noxudun bığcığı ilə kaktusun tikanı, insanın qolu ilə yarasanın qanadı buna misal ola bilər. Makrotəkamül anatomiya dəlilləriAnaloji orqanlar. Mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirən orqanlar analoji orqanlar adlanır. Onlar quruluşca oxşarlıq qazanmışdır. Məsələn, kəpənəyin qanadı ilə quşun qanadı, köstəbək və danadişinin ön ətrafları, zirincin tikanı ilə göyəmin tikanı, boranının bığcığı ilə noxudun bığcığı eyni mənşəli deyil. Məsələn, quşun qanadı ətraf, kəpənəyin qanadı isə dəri çıxıntısıdır. Noxudun bığcığı yarpaq, üzümün bığcığı gövdədir.
Konvergensiya. Oxşar mühit şəraitində müxtəlif sistematik qruplarda orqanizmlərin oxşar xüsusiyyətlər qazanması konvergensiyadır. Məsələn, su mühitində yaşayan köpək balıqları, ixtiozavr (sürünən) və balinalarda (məməli) oxşar bədən forması yaranmışdır. Köstəbək və danadişilərin ön ətrafları torpağı qazmağa uyğunlaşmışdır.
Rudimentlər. Bəzi yaşlı heyvanlarda bir qisim orqanlar vardır ki, onlar öz funksiyalarını yerinə yetirmir, yəni qalıq halındadır. Belə orqanlara rudimentlər deyilir. Rudimentlər də eyni mənşəyin olmasını sübut edir. Köstəbəyin və kor siçanın gözləri rudimentdir. Balinalarda və bəzi sürünənlərdə arxa ətrafların qurşaq sümükləri qalıq halında qalmış, yəni rudimentə çevrilmişdir. Məməlilərin üçüncü göz qapağı da rudimentdir.Atavizmlər. Canlı orqanizmlərin inkişafı zamanı bəzi rudiment orqanlar inkişaf edir. Onlar əcdadlarının əlamətlərini xatırladır. Məsələn, bəzən quyruqlu, bəzən çoxtüklü insanlar doğulur.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh