Hüceyrənin qeyri-üzvü birləşmələri

Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su – hüceyrənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı olaraq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hüceyrələrinin 85%-ni təşkil edir.
Su hüceyrənin həcmini müəyyən edir və ona möhkəmlik verir. Hüceyrədə baş verən kimyəvi reaksiyalar su mühitində gedir. Su hüceyrənin həyat proseslərinin gedişini və mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr hidrofil (yun. “hidor” – su, “fileo” – sevirəm), suda həll olmayanlar isə hidrofob (yun. “hidor” – su, “fobos” – qorxu, nifrət) adlanır. Hidrofil maddәlәrә – duzlar, sadə karbohidratlar, hidrofob maddәlәrә isə yağlar, mürəkkəb karbohidratlar və bəzi zülallar aiddir.
Mineral duzlar. Hüceyrənin qeyri-üzvi maddələrinə mineral duzlar da aiddir. Onlara hüceyrədə, adətən, ionlar (Na+, K+, Ca2+, Mg2+ kationları və HPO42-, H2PO4-, Cl-, HCO3- anionları) və ya birləşmələr şəklində rast gəlinir. Bəzi bitkilərin, məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikroskopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium duzlarını görmək mümkündür.
Duzlar orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir. Məsələn, kalium və natriumun xlorid duzları insanın sinir və əzələ toxumalarında elektrik impulslarının yaranması və ötürülməsində iştirak edir. Hüceyrənin həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili mühiti, demək olar, sabit qalır. Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən isə iri molekul – polimer şəklində olur.
Biopolimerlәr. Polimerlər kiçikmolekullu birləşmələrdən – monomerlәrdәn əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayda təkrar olunan hər bir halqası monomerlərə uyğun gələcək. Bəzi polimerlər eyni növ, digərləri isə müxtəlif növ monomer halqalarından təşkil olunur. Canlı orqanizmin tərkibinə daxil olan polimerlər biopolimerlәr adlanır. Onlar bütün canlıların hüceyrələrinin əsas hissəsini təşkil edir.
Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlәr və disaxaridlәr) və mürəkkəb (polisaxaridlәr) quruluşda olur.
  • Monosaxaridlәr suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayılan monosaxaridlər qlükoza, fruktoza, qalaktoza, həmçinin nuklein turşuları və ATF-in tərkibinə daxil olan dezoksiriboza və ribozadır.Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlәr əmələ gəlir. Disaxaridlər də xassələrinə görə monosaxaridlərə oxşar olub suda asan həll olur və şirin dada malikdir. Disaxaridlərə çuğundur və ya qamış şəkəri (saxaroza) və süd şəkəri (laktoza) aiddir.
  • Polisaxaridlər çoxsaylı monosaxarid halqalarından təşkil olunmuşlar. Polisaxaridlərdə monomer halqaların sayı artdıqca onların suda həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində üstünlük təşkil edən nişasta, sellüloza, heyvan hüceyrəsində olan qlikogen, həşəratların xarici skeletini təşkil edən xitin və s. aiddir.
Sellüloza ilə zəngin qidalar bağırsağın, öd yollarının işinə müsbət təsir göstərir, mədəbağırsaqda qida durğunluğununqarşısını alır. Belə qidalarakələm,çuğundur, noxud,kəpəkli un və s. aiddir.
Pektin maddəsi də polisaxariddir.O, əsasən meyvə lətinintərkibində olur. Pektinmaddəsi bəzi zəhərləri, ocümlədən ağırmetalları özünə adsorbsiya edə bilir. Bu maddə ilə zəngin olan bitki balqabaqdır.
Lipidlәr. Suda həll olmayan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hüceyrələrinin tərkibinə daxildir.
Lipidlərin ən geniş yayılanı yağlardır. Yağlar hüceyrədə quru kütlənin 5–15%-ni təşkil edir. Piy toxuması hüceyrəsində onun miqdarı hətta 90%-ə çatır. Belə hüceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məməlilərin südündə yağ vardır. Bitkilərdə yağlar, əsasən, toxumlarda və meyvələrdə toplanır. Günəbaxanın, qozun, kətanın, kənafın, pambığın, zeytunun və başqa bitkilərin toxum və meyvələrində yağın miqdarı daha çoxdur. Yağların bioloji rolu. Yağların bioloji rolu çoxcəhətlidir. Onlar hər şeydən əvvəl enerji mәnbәyidir. 1 q yağ tam parçalanarkən 38,9 kC enerji ayrılır. Yağlar bәdәn temperaturunun tәnzimlәnmәsi prosesində iştirak edir. Quşlar və məməlilərdə dəri altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanılmasını təmin edir və bu heyvanların qış mövsümündə də aktiv olmasına şərait yaradır.
Yağlar həm də ehtiyat su mәnbәyi rolunu oynayır: 1 kq yağ oksidləşərkən, adətən, 1,1 kq su alınır. Yağlar inşaat funksiyasını da yerinə yetirir. Onlar hidrofob xassəli olduğu üçün membranın tərkibinə daxil olmaqla maddələrin bir çoxunun hüceyrə daxilinə keçməsinin qarşısını alır.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh