Heyvanlarda hərəkət və dayaq sistemi

Hərəkətin müxtəlifliyi. Әksər canlılara xas olan əsas xüsusiyyətlərdən biri hərəkətdir. Heyvanlarda hərəkət necə baş verir? Birhüceyrəli orqanizmlər – adi amöb – sitoplazmanın bir yerdən digər yerə axması nəticəsində yaranan yalançı ayaqlar vasitəsilə hərəkət edir. Digər birhüceyrəlilərdə isə yerdəyişmələr qamçıların dalğavari hərəkəti, kirpikciklərin birgə fəaliyyəti sayəsində mümkün olur.
Çoxhüceyrəli heyvanlar da mühitdə fəal hərəkətetmə qabiliyyətinə malikdirlər; məsələn, soxulcanda hərəkət həlqəvi və uzununa əzələlərin növbə ilə yığılması və boşalması hesabına baş verir.
Suda yaşayan bəzi canlılar (məsələn: kalmar, meduza) reaktiv hərəkət üsulu ilə, Birhüceyrəlilərdə hərəkətin müxtəlifliyiyəni bədənindən suyu itələyib çıxarmaqla hərəkət edir. Heyvanların hərəkəti qida axtarışına, düşməndən qorunmağa, özünə sığınacaq tapmağa və digər həyati proseslərə kömək edir.
Dayaq sistemi. Canlı orqanizmlər öz ağırlığını saxlamaq və xarici təsirlərdən qorunmaq üçün skeletə malik olur. Xərçənglərdə, hörümçəklərdə, həşəratlarda bədən möhkəm və yüngül olan xitin skeletlə örtülmüşdür. Adətən, ona daxildən əzələlər birləşir. Bədəni xaricdən örtən skelet – xarici skelet adlanır. Heyvan böyüdükcə xarici skelet dağılır və yenisi ilə əvəz olunur. Yeni skelet ilk dövrlərdə yumşaq olur. Bəzi heyvanlarda, məsələn, xərçənglərdə, o, kirəcləşərək möhkəm zireh əmələ gətirir.
Daxili skelet dəri və əzələ ilə əhatə olunmuş şəkildə bədən daxilində yerləşir. Bu skelet balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərə xasdır. Daxili skelet sümük və qığırdaq toxumasından təşkil olunmuşdur. Skeletin müəyyən hissələri hərəkətsiz olsa da, bəziləri hərəkətli oynaqlarla (hərəkətli sümük birləşmələri) birləşmişdir. Skeletə birləşən əzələlərin fəaliyyəti nəticəsində müxtəlif hərəkətlər baş verir. Әzələlərin birgə fəaliyyəti – onların yığılması və boşalması – sinir sistemi ilə tənzimlənir.
Fərqli mühit şəraitində yaşayan canlılarda hərəkəti təmin edən müxtəlif ətraflar olur. Canlıların əksəriyyəti bu ətrafların köməyi ilə addımlayır, qaçır, tullanır, sürünür, üzür, bəziləri isə uçurlar.


Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh