Canlı orqanizmlərin məskunlaşması və yayılması

Bitkilərin yayılması. Təbiətdə çiçəkli bitkilər meyvə və toxumlarla yayılır. Bu onlara yeni ərazilərdə məskunlaşmağa imkan verir. Meyvə və toxumlarının yayılmasına görə bitkiləri əsasən iki qrupa bölmək olar: toxumlarını özləri yayanlar və toxumlarını müxtəlif amillərlə yayanlar.
Toxumlarını özləri yayanlar. Bəzi bitkilər toxumu özləri yayır: məsələn, alaq bitkisi – itxiyarı yetişmiş meyvəsindəki toxumlari seliklə birlikdə meyvədən kənara atır. Sarı akasiya, lobya, xaşxaş və lalənin meyvələrində isə meyvəyanlığı quruyur, çatlayır və açılaraq toxumlarını ətrafa səpələyir.
Toxumlarını müxtəlif amillərlə yayanlar.toxumlarını özləri yayanlarBunların toxumları hər hansı bir amilin – küləyin, suyun, heyvan və insanların vasitəsilə yayılır. Küləklə yayılmanı təmin etmək üçün bəzi bitkilərdə müxtəlif uyğunlaşmalar – tükcüklər, uçağanlar və ya qanadcıqlar meydana gəlmişdir. Məsələn, qovaq və söyüdün toxumları tükcüklərə, zəncirotunda isə uçağanlara malikdir. Ağcaqayın, cökə və göyrüşün isə havada fırlanan qanadcıqlı meyvələri olur. Suda yaşayan elodeya, suzanbağı, çay kənarında da bitən qızılağacın meyvə və toxumları su vasitəsilə yayılır.
Qarağat, moruq və böyürtkəndə heyvanları cəlb edən əlvan rəngli, atpıtrağı, dəvədabanı bitkilərində isə tükə ilişmək üçün qarmaqcıqlara malik meyvələr olur.
Heyvanların yayılması. Quşların, həşəratların, balıqların və məməlilərin bəziləri daim yerlərini dəyişməklə, yəni miqrasiya etməklə yeni yaşayış sahəsi əldə edirlər. heyvanların yayılması
Bakteriya və göbələklərin yayılması. Bakteriyalar Yer üzərində əlverişsiz mühitə dözümlü sporlarla geniş yayıla bilir. Göbələklər də sporlarla yayılır. Sporlar küləklə, həşəratlarla və onlarla qidalanan heyvanlarla uzaq məsafələrə aparılır.
Beləliklə, canlıların əsas xüsusiyyətlərindən biri də yeni yaşayış sahələrini tutaraq burada məskunlaşmalarıdır.


Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh