Orqanizmlərin mühitlə qarşılıqlı əlaqəsi

Orqanizmlər daim xarici mühitin təsirinə məruz qalırlar. Orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün amilləri mühit hesab olunur. Mühit şəraiti olmadan orqanizmlər qidalana, tənəffüs edə, böyüyə və nəsil verə bilməzlər. Cansız təbiət amilləri – işıq, temperatur, rütubət, torpaq və havadır. Canlı təbiət amillərinə isə bakteriya, göbələk, bitki və heyvanların təsiri aiddir. Son dövrdə insanın fəaliyyəti də ayrıca amil kimi götürülür.
Mühitin canlı orqanizmlərə təsir göstərən bütün amilləri ekoloji amillər adlanır. Canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən elm sahəsi isə ekologiya adlanır.Əsas cansız amillər
Orqanizmlərə cansız amillərin qarşılıqlı təsiri. Orqanizmlərə təsir edən əsas cansız amillər işıq, rütubət və temperaturdur.
İşığın təsiri. Bitkilər üçün çox mühüm olan fotosintez prosesi yalnız işıqda baş verir. İşıqlanmadan asılı olaraq heyvanların bəziləri gündüz, digərləri isə gecə həyat tərzinə uyğunlaşmışlar.
Rütubətin təsiri. Suyun miqdarının normadan kənara çıxması orqanizmlərin fəaliyyətində müəyyən dəyişikliklər yaradır. Məsələn, su çatmayanda bəzi bitkilər yarpaqlarını tökür, otların yerüstü hissələri quruyur. Gəmiricilər və tısbağalar isə su qıtlığı dövründə yay yuxusuna gedirlər.
Temperaturun təsiri. Orqanizmlər müəyyən temperatur hüdudunda yaşamağa uyğunlaşmışdır. Onların bəzilərinin (məsələn: qurbağa, kərtənkələ) bədən temperaturu ətraf mühitdən asılı olur. Quşlar və məməlilər isə mühit temperaturundan asılı olmadıqları üçün ilboyu fəal həyat tərzi sürürlər. Qışda qida tapa bilməyən porsuqlar, ayılar, kirpilər fəal olmur və qış yuxusuna gedirlər. Bəzi quşlar isə qida ilə zəngin isti ölkələrə uçurlar.
Orqanizmlərə canlıların təsiri. Orqanizmlərə digər canlılar da təsir göstərirlər. Nəticədə canlılar arasında müəyyən münasibətlər formalaşır.

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh