Seleksiyanın vəzifələri

Seleksiya insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. Çox da qədim tarixi olmayan bu elm insanların bitkiləri mədəniləşdirməyə və heyvanları əhliləşdirməyə başladığı dövrlərdən yaranmışdır.
Bəs seleksiya elmi nəyi öyrənir?
Bu elmin məqsəd və vəzifələri nədən ibarətdir?
Nikolay İvanoviç Vavilov seleksiyanın “insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül” prosesini əks etdirdiyini demişdir.
Qruplara ayrılın və bu ifadəni əsas götürərək seleksiya elminin vəzifələrinə dair kiçik təqdimat hazırlayın.
Seleksiya bir təkamül prosesi kimi ümumi qanunauyğunluqlara əsaslanır. Seleksiya işi aparılarkən genetika elminin qanunauyğunluqlarına istinad edilir. İnsanlar tərəfindən aparılan bu prosesin həyata keçirilməsi təbii seçmənin süni seçmə ilə əvəz olunmasına səbəb olmuşdur.
Seleksiya nəticəsində bitki sortları, heyvan cinsləri və seleksiya sortlarımikroorqanizm ştamları alınır.
Cins və sort nədir?
Cins və sortlar insan tərəfindən süni surətdə yaradılan, oxşar irsi xüsusiyyətlər daşıyan, müəyyən irsi keyfiyyətlərə malik olan və mühit şəraitinə uyğunlaşan heyvan və bitki orqanizmlərin cəmidir.
Cins və sortun xarici mühitin təsirinə qarşı müəyyən reaksiya göstərmək xüsusiyyəti vardır. Onların müsbət keyfiyyətləri müəyyən aqrotexniki şəraitdə, əlverişli iqlim amilləri olduqda, məlum yemləmə və saxlama şəraitində meydana çıxır. Bunun nəticəsidir ki, istənilən bir ölkədə alınmış cins və sortlar digər ölkələrdə, dəyişik iqlim şəraitində heç də həmişə yararlı olmur.
Seleksiya üçün götürülən başlanğıc material nə qədər müxtəlif olarsa, nəticə bir o qədər səmərəli olar.
N.İ.Vavilov Rusiyada seleksiyanın elmi əsaslarını yaratmışdır. O, irsi dəyişkənlikdə homoloji sıralar qanununun müəllifidir. Alim mədəni bitkilərin müxtəliflik mərkəzlərini müəyyənləşdirmiş, dünyanın 40 ölkəsində apardığı ekspedisiyalar zamanı mədəni bitki sortlarının nadir nümunələrini toplamışdır.


Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: Biologiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sink üçün Biologiya fənni üzrə DƏRSLİK 

Oxşar məqalələr

0 şərh