Genetika və təkamül nəzəriyyəsi

Müasir elmi məlumatlar təsdiq edir ki, irsi dəyişkənliyin əsasını mutasiyalar təşkil edir. Bir cür mutasiya daşıyan fərd başqa cür mutasiya daşıyan fərdlə çarpazlaşır. Nəticədə genlərin yeni kombinasiyaları, yeni genotiplər yaranır. Bu da təbii seçmə üçün ilkin material verir. Populyasiya daxilində bu proseslər necə baş verir?
Darvinin təkamül nəzəriyyəsinin əsas müddəalarını xatırlayın. Onları genetikanın qanunları ilə əlaqələndirin.
Təkamül nəzəriyyəsi populyasiyalarda genetik proseslərin öyrənilməsi sayəsində daha da inkişaf edib.
Darvinin təkamül nəzəriyyəsi və Mendel genetikasının sintezi istiqamətində ilk addımları Sergey Sergeyeviç Çetverikov atıb. Mürəkkəb olmayan riyazi metodlardan istifadə edərək o sübut etmişdir ki, heyvanların təbii populyasiyasında resessiv mutasiyalar itmir, gizli (heteroziqot) vəziyyətdə toplanır və təbii seçmə və dəyişkənlik üçün material verir.
Həqiqətən, mutasiyalar irsi dəyişkənliyin daimi mənbəyidir. Mutasiyaların yaranma tezliyi müxtəlif orqanizmlərdə müxtəlifdir. Təbii populyasiyalar çarpazlaşma sayəsində yayılan müxtəlif mutasiyalarla zəngindir. Orqanizmlərin əksəriyyəti bir çox genlərə görə heteroziqotdur. Sübut olunub ki, heteroziqot orqanizmlərin yüksək uyğunlaşma və həyat qabiliyyəti vardır. Beləliklə, homoziqot vəziyyətdə mutasiyaların əksəriyyətinin zərərli olmasına baxmayaraq, onların heteroziqot genotipdə saxlanılması fərdin populyasiyada yaşamaq qabiliyyətini artırır. Digər tərəfdən, faydalı mutasiyalar təkamül prosesinin inkişafına kömək edə bilər.
Populyasiyalarda genetik prosesləri riyazi olaraq hələ 1908-ci ildə xarakterizə etmək mümkün olmuşdur. Bir-birindən xəbərsiz olaraq riyaziyyatçı Qodfri Hardi İngiltərədə və həkim Vilhelm Vaynberq Almaniyada populyasiya genetikası qanununu formalaşdırmışlar. Bu qanuna əsasən, sərbəst çarpazlaşma zamanı, seçim təzyiqi və digər amillər (mutasiya, miqrasiya) olmadan homoziqot və heteroziqot orqanizmlərin tezliyi sabit qalır.


Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: Biologiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh