Torpağın duzu

Dostumun valideynləri 1997-ci ildə Mərkəzi Avropanı “yıxan” milenium fəlakətindən cəmi iki həftə sonra evləniblər və anası xatırlayır ki, o evlənəndə kilsənin içi, haradasa, bir metr su ilə örtülü idi. Demək olar ki, hər il yaz yağışları ilə canlanan Dünyanın bir çox çayları bəzən hədlərini aşır, suyun səviyyəsi qalxır və öz yataqlarından çıxıb başqa çay yataqlarına girir.
Ancaq buna baxmayaraq, planetimiz qurumağa, suyunu itirməyə davam edir, çünki bu, balanslaşmış şəkildə baş vermir. Bəzi fərziyyələrə görə dünyanın iqlim qurşaqları cənubdan şimala doğru hərəkət edir, bu da indi isti yağışları ilə yadda qalan ekvatorial cəngəlliklərin subtropik və tropikə çevrilməsi, eyni zamanda şimala getdikcə quraq iqlimin ekvatorialla əvəzlənməsi, mülayim qurşağın qütblərə yayılması deməkdir. Bu proses ilk baxışdan sadə görünsə də, əslində bir o qədər də bəsit deyil. Gələcəkdə çox ciddi problemlər yaradacaq, həm aclığa, həm də su müharibələrinə gətirib çıxaracaq səhralaşma prosesinin başlanğıcı da sayıla bilər bütün bunlar.
Bu məsələyə toxunmaq üçün 17 iyun ən uyğun günlərdən biridir, çünki, BMT-nin qərarı ilə 1994-cü ildən etibarən bu gün “Səhralaşma ilə Mübarizə Günü” kimi qeyd edilir. Harada yaşamağımızdan asılı olmayaraq quraqlıq və səhralaşmadan qaçmağımız mümkün deyil. Ona görə də, bu problemin həlli ilə bağlı bütün dünya məsuliyyət daşıyır.
Torpağın duzu
Səhra dedikdə çox insanın ağlına qum təpələri ilə örtülü ərazilər gəlir. ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzinin açıqlamasında səhra 250 mm-dən daha az yağıntı alan ərazidir. Düzdür, quraq ərazilər də bu miqdardan daha az yağıntı alır, ancaq dünyanın ən böyük səhrası Cənub qütbünün donmuş hissələridir. Daha sonra isə Şimal qütbündə Alyaska, Kanada, Skandinaviya ölkələri, Rusiyanı əhatə edən hissələrdir. Yağıntılar çox vaxt 150-250 mm arasında dəyişir, təbii ki, əgər qumlu səhra haqqında düşünürsünüzsə, onda bir çox Afrika ölkələri üçün problem yaradan, get-gedə sahəsini genişləndirən 3.5 milyon kv.kmlik Böyük Səhra ağlınıza gələ bilər. Bu, mövsümündən asılı olaraq sahəsini artırmaqda davam edir, son 100 ilin müşahidələrinə görə səhranın əhatə etdiyi ərazinin miqyasında 11-18 faizlik genişlənmə olub. Suptropik iqlim qurşağında yerləşməsi və ekvatora doğru genişlənməsi yaşıllıqlar üçün təhlükə törədir.
Lakin yeganə problem Böyük Səhra da deyil. Fransada turistlərin ən sevdiyi çimərliklərdən biri olan Pilatda meşənin içərisinə doğru hərəkət edən qum yığını proqressiya göstərir. Bu, təbii prosesdir, səhralar həmişə olub, bundan sonra da istifadəyə yararsız olmaqlarına baxmayaraq mövcudiyyətlərini davam etdirəcəklər. Ümumiyyətlə, “səhra” sözünün mənası “insanın yaşamadığı ərazi” deməkdir. Ən qorxuluları isə öz əllərimizlə yaratdıqlarımızdır. Beləcə biz, yaşadığımız ərazini yararsız hala gətiririk. Bu gün dünya əhalisinin 13 faizi səhrada yaşayır.
Səhralaşma prosesi, quraqlaşmanın məntiqi davamı kimi, qeyri-təbii yolla səhralıq ərazilərin yaranması ilə nəticələnir. Bu mövzu çox nadir hallarda müzakirə edilsə də, bir müddət sonra səhralıq ərazilərin genişlənməsi buzların əriməsi qədər qlobal problemə çevriləcək. Quraqlaşma ilə səhralaşma ilk baxışdan eyni görünsə də, quraqlaşma zamanı yağış torpağı yenidən canlandırır, səhralaşma zamanı isə torpaq bütün lazımlı minerallarını itirir, bəzi hallarda lazımından daha çox duzlaşır, külək onu aşındırır, üst qatını sovurur və ərazi tamamilə quruyaraq istifadəyə yararsız hala gəlir.
Səhralaşmanın bir çox səbəbləri olsa da, birinci yerdə qlobal səviyyədə iqlim dəyişikliyi, quraqlıq, su itkisi gəlir. Təbii ki, bütün bunların fonunda insan fəaliyyəti, kənd təsərrüfatı, quraq və yarıquraq ərazilərin öz tutumundan çox yüklənməsi də rol oynayır.
Dünyadakı torpaqların 23 faizi artıq məhsuldar deyil, 75 faizi isə təbii haldan çıxıb və kənd təsərrüfatı məqsədləri üçün istifadə edilir, qısası, demək olar ki, əlimizlə toxunmadığımız heç bir yer qalmayıb. Əhalinin daha da çoxalması kənd təsərrüfatının da istiqamət dəyişdirməsinə gətirib çıxarır. Kənd yerlərindəki təsərrüfatın yerini sənayeləşmiş kənd təsərrüfatı aldığına görə qarnımız doysa da, torpağın vəziyyəti pisləşir. Təbii ki, kənd təsərrüfatının öz istiqamətini itirməsi daha çox gübrələməyə gətirib çıxardı. Bu da bitki, heyvan və demək olar ki, bütün ekosistemə zərər yetirdi. Suya lazım olandan artıq azotun verilməsi suyun oksigenini aldı və beləcə ölü zonalar yaranmağa başladı. ABŞ-da Missisipi çayı kənarındakı 20 min kv.kmlik ərazidə oksigen səviyyəsi çox aşağı olduğuna görə, balıqlar mövcud deyil. Hətta 2011-ci ildə aparılmış araşdırmada oksigen səviyyəsinin pozulması nəticəsində dişi balıqlarda enzim hormonunda dəyişkilklər başlamış, balıqların sperma yaratdığı müşahidə edilmişdir.
Torpaqların həddən çox istifadəsi bir müddət sonra deqradasiyaya səbəb olur. Bu günə qədər deqradasiyaya uğramış quraq ərazilərin ümumi sahəsi 1.035 milyon hektardır. Təbii ki, ən çox pay burada Asiya qitəsinə düşür. Deqradasiyaya səbəb otarma, meşəsizləşmə, kənd təsərrüfatı fəaliyyəti, ərazinin evdarlıq və ya şəxsi məqsədlərlə lazımından çox istismarı, bio sənayedir. Bunlardan ən az yayılmış olanı, hələlik torpağın bio sənaye üçün istifadəsidir ki, bunu da biz yalnız Avropa və Asiya qitələrində görürük.

Əslində deqradasiya fəaliyyətləri də qitələrə görə dəyişir. Ancaq hamısının ortaq xüsusiyyəti ən yuxarı faizin həddən çox otarmanın payına düşməsidir. Bunu isə biz, ən çox heyvandarlığın geniş yayıldığı Avstraliya və Afrika qitələrində görürük. Meşəsizləşmədə ən böyük pay Cənubi Amerikanındır. 2019-cu ildə baş vermiş yanğınlar bunun miqdarını ciddi surətdə artıracaq. Meşəsizləşmə problemi Avropadan da yan keçməyib. Avropada meşəsizləşmənin göstəricisi 40 faizə yaxındır. Şimali Amerikada kənd təsərrüfatı deqradasiyaya ciddi səbəb yaratsa da, Avstraliyada bu faktor demək olar ki, yox səviyyəsindədir, bu qitədə insanlar torpağı daha çox ev təsərrüfatı üçün istifadə edirlər.
Uzağa getməyə ehtiyac yoxdur, Azərbaycanda da torpaqların 43 faizi deqradasiyaya məruz qalır, xüsusilə, Azərbaycanın Mərkəzi Aranı bir müddət sonra Namibiyaya çevrilə bilər. Keçmiş pambıq tarlaları olan bu ərazilər Bakı-Qazax magistralının ən cansıxıcı yerləridir. Torpağa əyilib baxmağa ehtiyac yoxdur, duzlaşma müəyyən məsafədən artıq görünür. Ərazinin çoxlu sulanması torpaqdakı duzları səthə çıxarıb. Bu cür ərazilər 1.2 milyon hektardan çoxdur. “Görüş” filmində fəlakətin keçmişini görə bilərsiniz.
Quraq ərazilər eyni zamanda yağış suları ilə yuyulmaq, sel prosesi üçün də çox əlverişlidir. Bu cür ərazilərdə nəinki kənd təsərrüfatı ilə məşğul olmaq, heç üzərində yerimək də mümkün deyil. Bitkilərin olmaması yuma fəaliyyətini asanlaşdırdığı kimi, eyni zamanda palçıqlı sellərə də şərait yaradır. Bunu biz daha çox dik ərazilərdə görürük. Bu vəziyyətə gəlmiş ərazi bir müddət sonra asanlıqla küləklər tərəfindən sovrulur. Çox zəif bir külək belə xırda daşların əmələ gətirdiyi tozlama effektini yarada bilər. Azərbaycan bu baxımdan təəssüf ki, çox əlverişlidir. Sürətli meşəsizləşmə quraqlıq səviyyəsini dayanmadan artırır.
Ümumiyyətlə, hər il itirdiyimiz ərazi sahəsi 12 milyon hektardır. Təbii ki, gələcəyi düşünən dövlətlər buna qarşı geniş miqyaslı mübarizə aparmalıdır. Ərazinin və suyun idarə edilməsi, torpaqdan istifadəni azaltmaq üçün akvakultura kimi alternativlərin tətbiqi kimi fəaliyyətlər həyata keçirməlidir. Daha çox yaşıllıqların salınması torpaq itkisinin qarşısının alınmasında ən effektiv yoldur, bu halda ərazi həm az küləkli olur, eyni zamanda bitki kökləri də artıq suyun qarşısını alaraq sellə mübarizə aparır.
Təbiətsevərlər istədikləri qədər səsləniri ucaltsınlar, əgər prosesin başında dövlət yoxdursa hansısa qələbənin əldə edilməsi çətin məsələdir.




Müəllif: Məryəm İsmayılova
Mənbə: azlogos.eu

0 şərh