Ekoloji siyasət

XX əsrdə elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv yollarla inkişafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini gücləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə ekoloji böhran xarakteri almışdır.

Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar:

1. Tәbii vәziyyәt – insan fəaliyyətinin olmadığı və ya çox zəif olduğu ərazilərdir. Yer kürəsinin ekstremal ərazilərində (yüksək dağlar, arktik səhralar, ekvatorial cəngəlliklər və s.) təbii şərait, demək olar ki, dəyişməmişdir.

2. Müvazinәt vәziyyәti – insan fəaliyyətinin təsiri olsa da, təbiət özünü bərpa edə bilir. Müvazinət vəziyyəti mülayim qurşağın iynəyarpaqlı meşələrində, rütubətli ekvatorial meşələrin savanna ilə sərhədində müşahidə olunur.

3. Böhran vәziyyәti – insan fəaliyyətinin təsiri böyükdür. Belə ərazilərdə təbiətdə dəyişiklik dərəcəsi yüksək olur. Lakin ilkin təbii komplekslərin mövcudluğu hiss olunur. Böhran vəziyyətinə çöl, meşə-çöl, savanna və seyrək meşələr aid ola bilər.

4. Faciәli vәziyyәt – özünün əvvəlki vəziyyətinə bərpa olunması qeyri-mümkün mühiti əks etdirir. Belə mühitdə əhalinin yaşaması çətinləşir. Təbiətin özünü bərpa etməsi üçün illər tələb olunur. Adətən, iri şəhərlərin kənarlarında, faydalı qazıntıların çıxarıldığı ərazilərdir.

5. Kollaps vәziyyәti – bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Kollaps vəziyyətə malik olan ərazilərdə insanların yaşaması təhlükəlidir. Belə ərazilərə misal olaraq Çernobılı göstərmək olar. Bu şəhərdə atom-elektrik stansiyasında baş verən partlayışdan sonra yaşamaq təhlukəli hal almışdır. Kollaps vəziyyətində təbii mühitin özünü bərpa etməyə gücü çatmır.

Əhatə etdiyi əraziyə görə ekoloji böhran qlobal, regional və lokal ola bilər.

Qlobal ekoloji böhranla mübarizə aparmaq çox çətindir, onun həlli üçün dövlətlərin birgə fəaliyyəti vacibdir. Hazırda qlobal ekoloji böhrana nümunə kimi Avropada “turşulu yağışları”, “istixana effekti” və Antarktidada “ozon dəliyi”ni göstərmək olar.

Regional ekoloji böhran bəzi dövlətləri və ya dövlətin regionlarını əhatə edir. O həmçinin qonşu regionlara da mənfi təsir göstərə bilər; lakin onu bir və ya bir neçə dövlətin səyi ilə həll etmək mümkündür. Lokal ekoloji böhran daha kiçik əraziləri əhatə edir. Buna nümunə kimi dağ-mədən sənayesinin çirkləndirdiyi landşaftları, sənaye tullantıları ilə çirklənmiş su hövzələrini və torpaq örtüyünü göstərmək olar. Bu problemlərin həlli torpaqların rekultivasiyası və pozulmuş landşaftların bərpası ilə mümkündür.

Regional ekoloji problemlərə əyani misal kimi Abşeronun neftlə çirklənmiş ərazilərini göstərmək olar. Azərbaycan hökuməti dövlət və özəl şirkətlərlə birgə torpaqların rekultivasiyası ilə bağlı qərar qəbul etmişdir. Görülən tədbirlər torpaq və su hövzələrinin təmizlənməsinə, bitki örtüyünün bərpasına imkan vermişdir. Neft və neft məhsulları ilə çirklənmiş 1430 hektar torpaq sahəsi Azərbaycan hökumətinin 2006–2013-cü illər ərzində həyata keçirdiyi tədbirlər nəticəsində təmizlənmişdir. Bu tədbirlər Azәrbaycanın ekoloji siyasәtinin tərkib hissəsinə aiddir. Hazırda ekoloji siyasət hər bir dövlətin siyasətində mühüm yer tutur. Lokal ekoloji böhran daha kiçik ərazi əhatə edir. Böyük Şor gölünün əvvəlki vəziyyəti buna misal ola bilər.

Ekoloji siyasәt – ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi üçün siyasi, iqtisadi, qanunverici, maarifləndirici-təbliğat xarakterli tədbirlər sistemidir. Bütün dövlətlər, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər mütərəqqi ekoloji siyasəti formalaşdırmağa çalışır. Ekoloji siyasətin məqsədi tәbiәtin, cәmiyyәtin vә iqtisadiyyatın balanslı inkişafı üçün şərait yaratmaqdır.

Ekoloji siyasətin istiqamətləri və məqsədləri

Ekoloji siyasətin istiqamətləriEkoloji siyasətin məqsədiSiyasiətraf mühitin mühafizəsi uğrunda hökümətlərin siyasi və ictimai təşkilatların fəaliyyətiİqtisadiətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsi, həmçinin təbiətdən səmərəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqiQanunvericicəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsiMaariflәndirici vә tәbliğatəhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətinin formalaşdırılmasına kömək edilməsiİnzibati nәzarәttəbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitorinqi

Ekoloji siyasətin təmin olunmasında əsas rol dövlətə məxsusdur. Lakin bu siyasətin hazırlanmasında və həyata keçirilməsində beynəlxalq təşkilatlar, elmi ictimaiyyət, ictimai hərəkatlar da iştirak edir.

Qrinpis – beynəlxalq müstəqil ekoloji qeyrihökumət təşkilatıdır. 47 ölkədə şöbəsi var. “Qrinpis”in məqsədi – ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə, qlobal iqlim dəyişikliyi, meşə sahələrinin azalması, balıq ovu sənayesinin hədsiz artması, kommersiya xarakterli balina ovu, gen mühəndisliyinin inkişafı, radiasiya təhlükəsi və qütb regionlarının təbiətinin qorunması kimi qlobal ekoloji problemlərdir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

 

0 şərh