Coğrafi təbəqənin qanunauyğunluqları

Coğrafi təbəqənin quruluşunun və inkişafının özünəməxsus ümumi qanunauyğunluqları var. Bu qanunauyğunluqlar bütün təbii komplekslərə xasdır. Bunlara coğrafi təbəqənin bütövlüyü, ritmikliyi və zonallığı aiddir.
Coğrafi təbəqənin bütövlüyü dedikdə ona daxil olan komponentlərin qarşılıqlı təsiri və bir-birindən asılılığı nəzərdə tutulur. Hər bir komponent digər komponentlərə təsir edir və özü də onların təsirinə məruz qalır. Komponentlər arasında qarşılıqlı asılılıq maddələr dövranının nəticəsində yaranır. Bir komponent ayrı-ayrılıqda mövcud ola və inkişaf edə bilməz. Onların arasındakı əlaqə o qədər möhkəm və davamlıdır ki, komponentlərin birində baş verən dəyişiklik digərlərinin də dəyişməsinə səbəb olur. Bütövlük qanunu təbiətdən istifadənin əsasını təşkil edir. Coğrafi təbəqə
  1. Bütövlüyə hər bir təbii zona daxilində bitki və heyvanlar arasında baş verən qida zəncirini misal göstərmək olar. Qida zənciri bitki və heyvanların üzvi maddələri qida vasitəsilə bir-birinə ötürməsi prosesidir. Bu zaman üzvi maddələrin dövranı — bioloji dövran baş verir.
    Qida zəncirinin sxemi: bitkilər → otyeyən heyvanlar → otyeyən heyvanlarla qidalanan heyvanlar → yırtıcılar → göbələklər və bakteriyalar.
  2. Ritmiklik hadisə və proseslərin nizamlı olaraq müəyyən zaman daxilində təkrarlanmasına deyilir. Ritmikliyin sutkalıq, illik və çoxillik növləri vardır. Sutkalıq ritmlər Yerin öz oxu ətrafında, illik ritmlər isə Yerin Günəş ətrafında hərəkəti nəticəsində yaranan proseslərə uyğun gəlir. Çoxillik ritmlər coğrafi təbəqədə bir neçə illik, yüzillik, min və milyon illik ritmlər şəklində özünü göstərir; məsələn, Yer kürəsində iqlim dəyişiklikləri (istiləşmə və soyuma), buzlaşmalar, dağəmələgəlmə və platforma mərhələləri və s. çoxillik ritmlərə nümunə ola bilər. Coğrafi təbəqədə baş verən inkişafın səbəbi onda olan əksliklərin — zonal və azonal amillərin vəhdəti və mübarizəsidir.
  3. Zonal (xarici) amillər coğrafi enlikdən asılı olaraq dəyişən amillərdir. İqlim, torpaq, bitki, heyvanlar aləmi və səth suları zonal amillərə aiddir. Təbii komponentlərin ekvatordan qütblərə doğru dəyişməsi enlik zonallığı adlanır.
    Coğrafi təbəqədə zonallığın əsas səbəbləri Yerin forması, onun xəyali oxunun orbit müstəvisinə meyilli olması və nəticədə Günəş istiliyinin və rütubətin qeyri-bərabər, lakin qanunauyğun paylanmasıdır. Enlik zonallığı düzənliklərdə, yüksəklik qurşaqlığı və ya azonallıq isə dağlıq ərazilərdə özünü göstərir.
    Azonal amillər, əsasən, daxili qüvvələrin təsiri ilə formalaşır və coğrafi enlikdən asılı deyil. Onlara relyef formaları, süxurların tərkibi və yaşı, qismən yeraltı sular aiddir.
Beləliklə, coğrafi təbəqə bütövlük, ritmiklik və zonallıq qanunauyğunluqlarına əsasən formalaşır və inkişaf edir. Müasir dövrdə coğrafi təbəqəyə antropogen təsir güclənsə də, insanın təsərrüfat fəaliyyəti bu qanunauyğunluqlardan xeyli dərəcədə asılı olaraq qalmaqdadır.


Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK

Oxşar məqalələr

0 şərh