Dünyanın iqlim qurşaqları və iqlim tipləri

Yerin iqlim qurşaqlarının formalaşması, əsasən, coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə bucağının dəyişməsi, səth örtüyünün xarakteri, atmosfer dövranı və ya hava kütlələrinin hərəkəti ilə bağlıdır. Bunlar əsas iqliməmələgətirən amillər sayılır. Əsas iqlim qurşaqlarında ilboyu eyniadlı hava kütlələri hakim olur. Keçid iqlim qurşaqlarının özünəməxsus hava kütlələri olmadığından onlar fəsillər üzrə qonşu iqlim qurşaqlarının hava kütlələrinin təsirinə məruz qalır. Dünyanın iqlim qurşaqları xəritəsiMəsələn, sub- ekvatorial qurşaqda yayda ekvatorial, qışda tropik hava kütlələri hakim olur. Bu səbəbdən burada yay isti və rütubətli, qış isə isti və quraq keçir.
İqlim qurşaqlarının formalaşmasında əsas amillərdən başqa, relyef, okeanlar və okean cərəyanları, dəniz səviyyəsindən hündürlüyün rolu da böyükdür. Bu amillərin təsiri ilə quruda böyük ərazi tutan iqlim qurşaqlarında kəskin iqlim fərqləri yaranır. Tropik, subtropik və mülayim iqlim qurşaqları daxilində iqlim fərqləri daha çox olduğundan onların daxilində müxtəlif iqlim tipləri və ya vilayətləri ayrılır.
Mülayim qurşaqda təbii şəraitin daha mürəkkəb olduğu Avrasiyada dörd iqlim tipi müşahidə edilir:1) materikin qərbində Atlantik okeanı sahillərində ilboyu rütubətli mülayim dəniz iqlimi2) Xəzər dənizi və Ural dağlarına qədər olan ərazilərdə mülayim-kontinental iqlim3) iqlimin daha sərt olduğu Sibir və Mərkəzi Asiyada kontinental (kəskin kontinental) iqlim tipi4) Sakit okean sahillərində yayın rütubətli və sərin, qışın isə soyuq, nisbətən quraq olduğu musson iqlim tipi.


Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK

0 şərh