Jurnalistin fəaliyyətinin əsası

Xəbərləri vermək prosesinin əsasını informasiya materialının toplanmasını və yayılmasını təşkil edən redaksiyaların və agentliklərin əlaqəli işi təşkil edir. Bu işin təməlində isə xəbəri tapan, onun mənasını açan və yazan reportyor dayanır.

Reportyorun vəzifəsi görmək, eşitmək, duymaq və hadisəni öz auditoriyasına çatdırmaqdır. Söhbətin aparıcısı yoxdursa, xəbər də olmayacaq. Söhbət aparanın özü hadisəyə həvəs və maraq göstərməlidir ki, onun barəsində darıxdırıcı şəkildə yox, şövqlə danışa bilsin.

Beləliklə, burada sohbət təkcə reportyorun məlumat vermək vəzifəsindən deyil, həm də danışmaq həvəsindən gedir. Yaxşı jurnalistikanın mayasında reportyorun özünün həvəsi dayanır. Öz işinin vurğunu olan jurnalist ətrafda baş verən nə varsa, onunla maraqlanır və hadisələrdən baş çıxarmağa çalışır ki, bu barədə öz auditoriyasına məlumat versin. Sohbət açdığı məsələ mühüm və maraqlı olmalı, cansıxıcı olmamalı, ictimaiyyət uçun 13 əhəmiyyət kəsb etməlidir.

Çox zaman repotyor hadisənin nəinki şahidi və iştirakcısı, həm də xəbəri birinci çatdıran adamdır. Jurnalistin üstünlüyü ondadır ki, o öz oxucularına, dinləyicilərinə və tamaşaçılarına hadisə haqqında birinci məlumat verir.




Reportyorun qarşısına çox maneələr çıxır. Bu pul qıtlığı, vaxtın, ideyaların və cəsarətin azlığı ola bilər. İşində ona laqeydlik, tənbəllik, qorxaqlıq da təsir gostərə bilər. Lakin jurnalistin oz işinə bəslədiyi həvəs bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Bu və ya digər şey haqqında auditoriyaya məlumat verib verməmək məsələsində o öz intuisiyasına və hisslərinə arxalanmalıdır.

Pulun və vaxtın olmamasına istinad etmək redaksiyalarda geniş yayılmış bəhanədir: «Bilirsən, biz bu məsələ ilə məşğul ola bilmərik, pulumuz yoxdur». Əlbəttə, iqtisadi çətinlik bütün redaksiyalara, o cumlədən İsveç redaksiyalarına xas olan cəhətdir. İsveçin regionlarındakı radio və televiziya stansiyalarında çox vaxt iki reportyor bütün xəbərlər buraxılışını öz üzərinə götürməli olur. Belə şəraitdə çoxları jurnalist təhqiqatı ilə məşğul olmağa və ya xəbər axtarmağa imkan tapmır.
Resursların olmaması barədə şikayət çox vaxt əməkdaşların və redaktorların təşəbbüskarsızlığına dəlalət edir. Öz işinin vurğunu olan jurnalist dağı dağ üstə qoymağı da bacarar. 

Erik Fichtelius - "Jurnalistikanın 10 qızıl qaydası" kitabından.
Tərcümə: Hacı Hacıyev, Ramiz Əsgər

0 şərh