Pula qul.

“Millət necə tarac olur-olsun nə işim var?!” (M.Ə.Sabir)

Bir dəfə bir səfərdən qayıdanda  yol yoldaşı olduğum bir şəxs yemək vaxtı verilən nemətlərə baxıb, öz-özlüyündə, görəsən, bunların saxlanma müddəti keçibmi, təzədirmi, köhnədirmi deyə bir söz işlətdi. Bundan sonra da mənə başına gələn bir əhvalatı danışdı. Bir gün bu dayı aptekə girib, dərman alır. Əczaçı ona lazım olan dərmanı verir və dayı da başlayıb bu dərmanın istehsal və saxlanma müddəti ilə maraqlanmağa. Dərman qutusundan və kağızından məlum oldu ki, dərmanın saxlanma müddətinin bitməsinə 3-4 gün qalıb. Kişi bu zaman əczaçıya deyir: axı dərman köhnədir, vaxtı bitib! Əczaçı da dərmana baxıb, deyir ki,-yox, bitməsinə hələ 3-4 gün var! Halbuki bu dərmanı 15 gün atırlar...

İnsan ha deyir ki, vətənimdir, pis danışmayım, dost var, düşmən var. Amma nə qədər belə desək də, danışılası, ən əsası da ki, həll olunası problemlərimiz çoxdur. Bizdə laqeydsizlik hökm sürür.

pul



Yadınızdadırsa donuz qripi yayılan vaxt, təbliğ edilirdi ki, hər kəs respirator taxmalıdır. TV elan verir ki, respiratorların qiyməti 10-15 qəpikdir. Amma, aptekə girirsən, respirator 50 qəpik, 1 manata satılır;

Aran rayonlarını Kür aparır, sürücülər isə əhalini rayondan şəhərə gətirmək üçün adambaşına 200 manat pul istəyirlər. Bu yerdə çox düz deyiblər ki, “keçi nə hayda, qəssab piy axtarır.” Dilənçilər də Bakının küçələrində durub, yalandan “Sabirabad qaçqınıyam” deyərək dilənirlər.

Biz başqasının kədərinə sevinirik! Biz düşünürük ki, nə yaxşı ki, xəstəliklər yayılır, nə yaxşı ki, fəlakətlər baş verir. Əllərimiz qaşınır, pul qazanmaq vaxtıdır.

Biz artıq xərcə yol verməməliyik. Ərzaqların üstündə qeyd olunmuş köhnə tarixi yenisi ilə əvəz edərək, saxlanma müddətini dəyişdirməliyik. Cibim ziyan görüncə, qoy canlar xarab olsun.

Çörək bişirilən, qida istehsal edilən, bərəkət dolu zavodlar mütləq natəmiz olmalıdır. Nəyimə gərək, dolanışıq belədir; mən nə qazanıram ki, xadiməyə də nə verim?!
Biz süni yolla meyvə-tərəvəz yetişdirməliyik. Təbii vitamin əvəzinə kimyəvi qatqılarla qidalanmalıyıq.

Pul qazanaq deyə mütləq su, şirə, şirniyyətlar, şampun, qabyuyan, paltaryuyan kimi vasitələrin saxtasını düzəltməliyik. Hətta, körpə qidalarını belə!

Biz duzu da göldən yığıb, təmizləməmiş qablaşdırıb, satışa buraxmalıyıq.

Biz südə, yağa mütləq su qatmalıyıq. Axı, bu yağ dondurucuda donub sonra kəsildiyi zaman 50 min parçaya bölünməsə, o nə yağdır?

Dolanışıq yoxdur, vəziyyət çətindir, gəlsənə insanlara pişik, eşşək ətindən dönər də hazırlayaq, nə biləcəklər ki, sırı getsin?! Başqasının canı mənim nəyimə gərək, qoy canı çıxsın!

Biz xəstələrə yalnız o dərmanları təqdim etməliyik, hansından ki, faiz əldə edəcəyik. Şərt deyil ki, dərman doğru ünvana gedir, əsas odur ki, mən qazanım.

Biz təmirə gətirilmiş telefonların, televizorların, maşınların, kompüterlərin orijinal ehtiyat hissələrini, batareyalarını mütləq saxtaları ilə dəyişdirməliyik; axı onlar orijinaldır, onları baha sata bilərik. Sonra da təmirə gətirilmiş əşyaları elə hala salmalıyıq ki, yiyəsi onu 1 həftə sonra yenə də gətirsin, nə edək ki, dolanışıq belədir!

Biz avtobusda, marşrutda camaatı bir-birinin boynuna mindirməliyik ki, planı doldurub, pul qazana bilək.  

Biz işçini 14 saat işlədib, ona 100 manat maaş verməliyik. "Krizis"dir dəə neyləyək?! 

Biz saxta şirkət qurub, camaatı yalançı ümidlərlə aldadaraq, pullarını yığıb qaçmalıyıq.

Biz təhsildə də qiyməti satmalıyıq. Elm nədir, savad nədir?

Ehhh...o qədər söz var ki deyiləsi..hansını deyim, hansından danışım?! Biz, axı, nə vaxt, niyə belə olduq?! Rüşvət, laqeydlik, məsuliyyətsizlik, səfalət...Əslində, səbəb özümüzdədir. Biri kənardan millətimə “qoyun” deyəndə, ürəyim partlayır, amma... Bizim gözlərimizi pul, şöhrət elə bürüyüb ki, insanlıqdan çıxmışıq, fərqində deyilik! Bizim əlimizə pul düşəndə elə zənn edirik ki, pullar bizimdir, biz ağayıq, hökmdarıq. Amma, xeyir -pul bizim üstümüzdə ağalıq edir, biz quluq, köləyik, kölə!

8 şərh

bloqçu

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyəvü cahan ac olur olsun, nə işim var?!


Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;


Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Salma yadıma söhbəti- tarixi – cəhani,
Əyyami- sələfdən demə söz bir də, filani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;


Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Övladi- vıtın qoy hələ avarə dolansın,
Çirkabi- səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi- şənim ucalansın;


Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Hər millət edir səfheyi – dünyadə tərəqqi,
Eylər hərə bir mənzili- məvadə tərəqqi,
Yorğan – döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərok aləmi- röyadə tərəqqi;


Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

M.Ə.Sabir

ramzes
Belə gəlib, belə də gedəcək.
Dior
İnanmağım gəlmir ki,aran rayonlarından şəhərə camaatı gətirmək üçün 200manat pul istəsinlər.
bloqçu
Dior bu həqiqətdir. İlk vaxtlar belə idi, indi bilmirəm. Yalvar yaxarla qiyməti aşağı salırdılar.

Hələ mal-qarasını 10 manatdan satanlar da var. Təsəvvür edirsiniz bir qoyun 10 manata. Düzdüree onu yiyəsi özü bu qiymətə satır, amma, onu almaq nə dərəcədə düzgün olar bilmirəm. Çünki, o mal-qaranın üstündə sahibinin çox əziyəti var; dalınca gözü qalmazmı?! Nə bilim vallah, çətin vəziyyətdir.
HTML
Yəqin ki elə ətin dadı yaxşı olar
Leyla
kimdə varsa pul,
life is wonderful
faberit
Maşallah yenə döşəmisən eyy..
— İstedad  varda yazmağa..
P.S o birilərdən (əvvəlki bloqçularda) kimlərsə var burada ...
Bu  sizin əvvəliki yazılarınızdan deyiki… elə bir tanış gəlir eyy mövzu..
— Belə bir şey varda: millət olaraq  patensialımız o qədər çoxdur ki bu patensial bilmirik hara işlədək, və ya yönləndirək ..
Bunu edə bilməyəndə isə  belə çatışmazlıqlar çıxır ortalığa, gərək bu potensialdan düzgün istifadə edək ,istedadımızın daha çox hansı sahədə  bacarıqlı olduğunu bilib o tərfdən yapışmalıyıq..
Elə məhz təhsil alarkəndə çox zaman bunu fikiləşmirk, misal üçün bir insanın istedadı junalistikayadır,amma gedir olur ibtidai sinif müəllim
Problem çıxandada, sonrada deyirik ay filan bəşməkan...
PULA QUL söhbətidə elə məhz bu tandemdən yaranır də..
hansı sahədə pul var ora gedirlər, sonrada qalırlar təzyiq altında…
bloqçu
Çox sağ olun faberit, şişirtdiniz, utandım lap.

O biri bloqçulardan, vallah bilmirəm, mən biləni, tanıdıqlarımdan bu saytda yoxdur.

O ki qaldı təhsilə, düz deyirsiniz, amma, bir doğru da var ki, (şəxsən öz fikrimdir) hansı sahə olur-olsun insan çalışmalıdır ki, oranın haqqını layiqincə versin. Ən əsası məsuliyyət hissi olmalıdır, bu olmadığı təqdirdə istər sevdiyi və bacardığı sahə olsun, istər qeyrisi, təssüf ki, heç vaxt möhkəm olmayacaq və bu da hər zaman öz mənfi təsirini göstərəkdir.