Vurğunluq və obyektivlik

Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki,jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz həqiqəti özümüzə görə qiymətləndiririk, reporytor isə çalışmalıdırki, hadisə haqqında məlumat verərkən və ya baş verənlər barədə öz fikrini bildirərkən son dərəcə obyektiv və nəzakətli olsun, oxuculara, dinləyicilərə və ya tamaşaçılara söyləməsin ki, onun fikrincə nə olmalı idi. Reportyor hadisə yerindən xəbər verir, ancaq quldurları tutmaq və ya yanğını sondurmək onun vəzifəsi deyil. Vurğunluq və obyektivlik arasında gözlə görünməyən bir sərhəd vardır. Öz işinə başı qarışan reportyor bu sərhəddi keçən kimi obyektivliyi unudur və hər məsələ barədə öz fikirlərini auditoriyaya qəbul etdirməyə çalışır və beləliklə, jurnalistdən peyğəmbərə çevrilir.

Gəlin konkret bir misalı nəzərdən keçirək. Bu, Eresun boğazından keçən körpünün salınması ilə bağlıdır və bu hadisə İsveçdə çox böyük mübahisələrə və müzakirələrə səbəb olmuşdur. Öz işinə vurğun olan jurnalist dərhal deyəcək ki, bu, mühüm müzakirə mövzusudur. Bu əhvalat intriqadan xali deyil, burada pul, emosiya, konflikt, siyasət, ekologiya məsələləri bir-birinə qarışır…Layihə müəlliflərinin fikrincə, körpü Baltik dənizinin hər iki sahilində Eresun regionunu, iki ölkəni bir-birinə bağlayacaq.
Beləliklə, İsveçin Malmo şəhəri və Danimarkanın paytaxtı Kopenhagen yeni mədəni və iqtisadi konqlemerat kimi birləşəcəklər. Körpü texniki baxımdan nəhəng, mürəkkəb inşaat layihəsidir və bunu həyata keçirmək uçun böyük işçi qüvvəsi və geniş miqyasda nəqliyyat daşımaları tələb olunur. Bir tərəfdən, tikinti yalnız körpü dirəklərin təməlinin qoyulduğu yerlərdə deyil, bütün Baltik dənizində və Eresuna yaxın rayonlarda ətraf mühitə təsir edəcək, heyvanat aləmi, bitkilər, balıq vətəgələri üçün təhlükə yaradacaq. Digər tərəfdən, tikinti bir çox Danimarka və İsveç müəssisələri üçün milyardlarla kron investisiya deməkdir. İsveç höküməti iki duşərgəyə bölündü.

Bu cür kəskin və konfliktli mövzu hər bir jurnalisti cəlb edə bilər. Ancaq jurnalist unutmamalıdır ki, onun vəzifəsi layihə ilə bağlı baş verən hadisələr barədə cəmiyyətə informasiya verməkdir, körpünün tikilib tikilməməsi onun işi deyil.

Ola bilsin ki, bizim peşəmizin ən mürəkkəb cəhəti qərəzsizlik və işguzarlıq prinsiplərinə əməl etməkdir. Reportyor onu maraqlandıran mövzu ilə bağlı faktları tapmaqla kifayətlənməməli, eyni zamanda bu movzu ilə yaşamalı, həyəcanlanmalı, mübahisəli məsələlər ətrafında yaranan şəraitə nüfuz etməlidir, lakin bu kiminsə tərəfini saxlayacaq dərəcədə olmamalıdır.

Kim ki xəbərlərlə işləyir, o, maksimum obyektivliyə çalışmalı, bu və ya digər tərəfə rəğbətini bildirməməlidir. Əlbəttə, bu, asan iş deyil, amma onun çətin olmasını bəhanə edib bu məqsədə çatmaqdan imtina etmək olmaz. Hər şeyə oxucunun, tamaşaçının, dinləyicinin gözü ilə baxın. Razılaşın ki, onların jurnalistin şəxsi simpatiyası və ya antipatiyası ilə boyanmamış informasiya almağa haqqı var. Bir çox həmkarlarımız bu vəzifənin öhdəsindən layiqincə gələ bilmirlər və buna görə də məsələnin bu cur qoyuluşu ilə razılaşa bilmirlər. Hər halda jurnalistin həvəsi ilə onun obyektivliyi arasındakı bəzi ziddiyyətlər olduğunu qəbul etmək, anlamaq, eyni zamanda bizim sənətimizin tələblərinə əsasən onları bir-birindən ayırmaq lazımdır.

Rollar arasında qoyulan sədd ona gətirib çıxarır ki, bəzən biz sosial təcrid hissi keçirməli oluruq. Jurnalist hadisələr haqqında xəbər yayır, amma bu hadisələrdə iştirak etmir, bu sistemin içində olsa da, elə bil eyni zamanda ondan kənarda dayanır. Şahidi olduğu hadisələrin iştirakçılarının bu və ya digər məsələ barədə öz fikirlərini demək imkanı var, reportyor isə bir qədər kənarda dayanmaq məcburiyyətindədir: «Mən burada ona görə deyiləm ki, rəyimi söyləyim, ona görəyəm ki, sizin nə rəydə olduğunuz və nə etdiyiniz barədə xəbər verim».

Jurnalistlərin bəziləri bunu çox ağrılı keçirirlər. Axı material üzərində işlədiyi zaman reportyor insanlarla tanış olur, onların keçirdikləri hissləri bölüşür, onların həyəcanlarına şərik olur və ya onlarla birlikdə hiddətlənir və birdən hansı andasa ümumi fikirdən kənarda qalmağa məcbur olur ki, öz işini qərəzsiz yerinə yetirmək üçün imkan əldə etsin. Jurnalist də digər peşə sahibləri kimi adi insandır. Lakin real həyatda şəxsi və ictimai həyat arasında sərhəd qoymaq asan iş deyil.

Beləliklə, jurnalistin marağı və öz işinə vurğunluğu arasında sərhəd olmalıdır. Bizim peşəmiz üçün bu şərtin o qədər mühüm əhəmiyyəti var ki, dərc olunan materialların nəticəsi baxımından mən bu məsələyə dəfələrələ dönməli olacağam. Vurğunluqla obyektivlik arasındakı ziddiyyət bizim cəmiyyətdəki rolumuzun ən əsas cəhətini təşkil edir.

Erik Fichtelius — «Jurnalistikanın 10 qızıl qaydası» kitabından.
Tərcümə: Hacı Hacıyev, Ramiz Əsgər

0 şərh