İstədiyini əldə et

Geriyə boylananda” adlı bir yazı yerləşdirmişdim.  Əslində ordakı məğzdən yola çıxaraq çox misallar çəkmək olardı və bu gün burda yazacağım yazını da qısaca olaraq orda qeyd etmək olardı, amma istədim ki bunun barəsində ayrıca mövzu olsun. Belə ki, biz məktəb bitirərkən düşünürük ki, ali təhsil ocağına sənəd verək, imtahanlardan uğurlu nəticələr əldə edək və qəbul olaq. Çoxları artıq nəyi istədiklərini çox yaxşı bilirlər, çoxları isə yox. İkinci halda olanlar üçün əsas olan universitetə qəbul olmaqdır. Hansı qrupun, hansı sənətin olması önəmli deyil. Əsas odur ki, qəbul olsunlar. Özü də ən maraqlısı da budur ki, oxumayanlar bir yana, oxuyan uşaqlar içində də belə hallara çox rast gəlinir.

Qəbul olmama qorxusu, keçid balının çoxluğu, valideynin təkidi və ya indi hansı sahədə yaxşı pul var və s. səbəblərdən dolayı hara gəldi qəbul olmaq istəyirlər. 

ali məktəbə qəbul

Amma bir anlıq dayansalar, gözlərini yumub həqiqətən də nə istədiklərini düşünsələr... Mən əminəm ki içlərindəki hiss onlara çox gözəl yol göstərəcək və o da öz istədiyini seçəcəkdir. Sabahkı gəlcək bu günkü seçimdən asılıdır. Sən bu gün yaşayırsan və sabah da inşallah qarşında gələcək var və sən təsəvvür et ki, sən bu gələcəyini istəmədiyin işə sərf edərək yaşayacaqsan. Yorula-yorula, bezə-bezə. Halbuki istədiyin sənnətə yiyələnib, sevdiyin, sənə maraq verən bir işlə məğul olsan necə də yaxşı olar.

Düzdür indi “əsas odur ki qəbul olum” fikri daha çox da o səbəbdən yaranır ki, diplomun elə də önəm daşımadığını düşünürük. “Əsas diplom olsun, mən özüm harda istəsəm işləyə bilərəm!” 

Bizim bəlamız da elə burdan başlayır. Biz daima rüşvəti pisləyirik, amma bunuözümüz üçün gərəkli sayır, öz həyatımızda buna yol açır və beləliklə, özümüz yerə batır, rüşvətin başını bir az daha uca edirik, elə ucalıq ki, onu sonra yerə salmaq çətin gəlir. Daha sonra da ki, sənətə yaxşı bələd olmamış bir işə başlayıb, hər şeyi üzümüzə-gözümüzə bulaşdırırıq. Çünki ciddi sahələrdə ciddi və dəqiq olmalısan, məsuliyyətli və vicdanla davranmalısan. Amma biz savad yetərsizliyindən o işə qurşanırıq, sonrası da ki hamımıza bəllidir... Hər nə isə deyəsən yavaş-yavaş mövzudan yayınıram. Qayıdaq bəhsimizə.

ali məktəbə hazırlıq

Mənim əziz bir adamım Rusiyada biologiya üzrə ali təhsil aldı, daha sonra magistraturasını bitirdi. Hələ ona məsləhət görürdülər ki aspiranturaya da versin. Amma vermədi. Qəti şəkildə etiraz elədi. Çünki artıq magistrlıq dərəcəsini oxuduğu müddətdə belə o bezmişdi, yorulmuşdu, həvəssiz idi.
Deyirdi ki, “4 il getdim mənə lazım olamayan bir sahəyə yiyələndim. Sonra magistraturasını davam elədim. Amma həvəssizcə...saatları, günləri sayırdım ki, bu nə vaxt bitəcək. Halbuki universitetə qəbul olanda elə sevinirdim ki...” Onun üçün də əsas qəbul olmaq idi. Təhsilini də, diplom işlərini də uğurla başa vurmuşdu. Amma indi çox peşmandır, deyir ki, “mən ömrümün 6 ilini itirdim, mən indi gedib bioloqmu olacağam, yoxsa biologiya müəlliməsimi? Xeyr, mən bu sahələri istəmirəm! O vaxt ərzindəki mən o sahəni oxudum, mən elə bir sahəyə yiyələnə bilərdim ki, indi o sahə üzrə də işləyərdim!”
Baxıb görürsən ki düz deyir. Geridə buraxdığı illərə, o illərdə keçirdiyi sıxıntılara, həvəssizliyə hayıfı gəlir və mən onu çox yaxşı başa düşürəm.

Geriyə boylananda adam çox şeyləri götür-qoy edir, çox şeyləri dəyişmək istəyir, amma geriyə ancaq boylana bilirsən, geridə qalanlarını isə dəyişmək iqtidarında deyilik. Bu mümkünsüz bir şeydir. O vaxt ğtdü getdi artıq, indi gələcəyə boylanmaq lazımdır. İstərdim ki, ali təhsil ocaqlarına sənəd verəcək olanların hamısı istədikləri sahəni seçsinlər və oxusunlar. Bununla onlar həm özlərinə xeyir vermiş olarlar, həm də cəmiyyətə.

Çalışın ki, istədiyinizi, sevdiyinizi əldə edə biləsiniz, əks halda əldə etdiyinizi sevməli olacaqsınız. (Bernard Şou)

14 şərh

bankir
Həyatda ən vacib seçimlər ailə və ixtisas seçimidir.Azərbaycanda çox adam ikincidə səhv seçim edir.
bloqçu
Tamailə razıyam. Təəssüf ki belədir. İnşallah hər kəs nə istədiyini yaxşı bilər və ailə üçün də, ixtisas üçün də öz istədiyinin dalınca gedər.
kastanka
Ay bloqçu qardaş,sən mənim lap yaralı yerimə toxundun axı.Yazıdakı o tanışın haqqında oxuyanda elə bildim özüm haqqında oxuyuram.Mən də onun kimi Bioloqam.Amma heç də bu sahə üzrə işləmirəm və hesab eliyirəm ki,bu illərimi boş yerə sərf etmişəm.Əslində mən uşaqlıqda tərcüməçi olmaq istiyirdim.Sonra evdəkilər məni yayındırdılar ki,əşi neynirsən Bütün günün orda burda keçəcək nə bilim qız sənəti deyil.Nəticədə mən də istəmədiyi sənətə yiyələnənlərdən daha dogrusu yiyələnmiyənlərdən biri oldum.İndi isə 6 il oxuyandan sonra oturmuşam işdə boş bekar və bloqa şərh yazıram.Hərdən mənə elə gəlir ki,mən kiminsə yerini tutmuşam.Mənim yerim isə başqa yerdədəir.Bəlkə də heç mənim yerim hələ bəlli deyil.
2ral
Qətiyyən ruhdan düşməyin. KFC (Kentucky Fried Chicken) yaratmış Harland Devid Sanders heş bilirsinizmi neçə yaşında bu işə başlayıb? 62 yaşında. Onun tayları həmin vaxt aylıq 105 dollar dövlət pensiyası ilə kifayətlənirdilər. Amma o qoca olsa da,sevdiyi işlə məşğul oldu.
Hətta öz ixtisasınıza görə 6 il itirmisinizsə də,özünüzə olan inamı itirməyin. TQDK sədri Məleykə Abbasovanın dediyinə görə bu il ən yaxşlı abituriyent 72 yaşındadır. Əgər o qoca yaşlarında yenə də təhsil almaq istəyirsə,niyə də siz yenidən həyatınızın ən gözəl,ən enerjili vaxtlarında ruhdan düşəsiniz?
Bloqlarda isə insan daha çox şey öyrənir(xüsusən də kayzendə) nəinki ali məktəbdəGöz vurur
P.S.bloqçu qardaş deyil.
kastanka
«P.S.bloqçu qardaş deyil.»ups çox üzr istiyirəm.
Çox sağ olun Tural .Məni doğrudan da ruhlandırdınız.Əslində mən ikinci ixtisas barədə düşünürəm.Amma yenidən institutun əzablı yollarını keçməyə həvəsim yoxdur.Bəlkə də nə vaxtsa qismət olsa təhsilimi xaricdə davam etdirərdim.Yeni bir ixtisasa yiyələnərək.Amma əslində uğur qazanmaqçün heç də universitet bitirmək  lazım gəlmir bəzən.sadəcə nə istədiyini bilmək lazımdır.Hamıya uğurlar ixtisas seçimində.
bloqçu

Hmm..nə olsa da heç nəyi geri qaytarmaq mümkün deyil. Amma Turala da qoşuluram, yenidən təhsil almaq, istədiyin sahyə yiyələnmək isə mümkündür. Oxumaq heç vaxt gec deyil.


Amma bilirsinizmi bəzən nə düşünürəm? Heç bir ixtisasa sahib olmamaqdansa arzu etmədiyin sahə belə olsa — bu yolda bilik artırmaq faydalıdır, xeyirlidir. Hər halda insan istəyirsə özünü daha da artıra bilər.


Bəlkə də uğur qazanmaq üçün universitet heç də şərt deyil. Amma təhsil, bilik heç vaxt ziyan verməz ki, xeyir gətirər. Biliyi isə insan istərsə qazana bilər. Universitet oldu, olmadı. Nə bilim, bəlkə də yanılıram… Bir həqiqətən var ki, nə istədiyini çox yaxşı bilməlisən.


P.S. Mənə çox maraqlıdır ki, sizcə mən hansı ixtisasa yiyələnmişəm?

ilham
jurnalistsiniz.
bloqçu

Xeyir. Mənim ali təhsilim yoxdur. Heç orta ixtisas da. Amma peşə litseyini orta ixtisasa aid etmək olarmı bilmirəm. Məncə yox. O peşədə təhsil aldığım sahə isə mühasibatlıqdır. Arzulamadığım bir sahə...


Hər halda öz üzərimdə çalışıram və istəyirəm ki, gələcəkdə bütün istədiklərimi həyata keçirmiş olum. Nə isə… hər kəsə arzu edəriəm ki, istədiklrinin ardınca getsinlər, mən yaxşı başa düşürəm ki, bu çox önəmlidir.

tenqo

Bizim cəmiyyətin ən böyük problemlərindən biri. Düzgün olmayan istiqamətdə yönəlmədə çox vaxt valideynlərin günahı olur. Bizim cəmiyyətin psixologiyası və həyat tərzi bəzi hallarda uşaqları onların daim valideyndən asılı olaraq böyüməsinə və azad seçim edə bilməmək vəziyyətinə gətirib çıxarır. Onun istəyini dinləyib, ona istiqamət göstərmək, məsləhət vermək olar. Yoxsa məcburən hansısa ixtisasa yiyələnməyi məcbur etmək olmaz.


Bəzi hallarda isə valideynin övladına sərbəstlik verdiyi şəraitdə də bu cür mənfiliklər olur. Uşaq bilmir nəyi istəyir əslində. Seçim etməkdə belə çətinlik çəkir. Seçim etdikdən müəyyən vaxt sonra başa düşür ki, səhv edib. Bu da onun seçim dövründə hələ müəyyən fikirlərinin formalaşmamasından və məlumatsızlığından irəli gəlir. Valideyn uşağın istəklərini nəzərə alaraq məsləhət verməyə, yol göstərməyə çalışmalıdır və onun tez püxtələşməsinə şərait yaratmalıdır. Yoxsa illər boyu «qutu»-da saxlayıb, sonra da birdən cəmiyyət içərisinə buraxmaq olmaz. Hər şeyin təhəri, tərzi var. Az yaşlarından şərait yaratmaq lazımdır ki, uşaq öz üzərində işləsin, maariflənsin, savad və intellekt sahibi olsun. Abituriyent dövründə balaca uşaq kimi yox, artıq sərbəst və qəti qərar vermək qabiliyyətinə malik insan kimi olsun. Belə halda hər kəs istədiyini əldə edər, məncə.

ilham
Bugün abituriyentlərin qəbul nəticələri açıqlandı.Allah bilir nə qədər adamın arzusu ürəyində qaldı.TQDK qabağına yığışan uşaqların anaları özlərini yeyirdilər.Dövlətlə 5 bal davası aparmaqdansa vaxtında uşağı oxutmaq lazım idi.On bir il uşağın dərsi ilə maraqlanmaırlar.Sonra da gəlib Məleykə Əsədovanı söyürlər.
kastanka

Bəlkə Məleykə Abbaszadə demək istiyirdiniz.


Düzdü tənbəl abituriyentlər də var ama indiki sistem heç də mənim ürəyimcə deyil.500 bal toplamış uşaqların kənarda qalması ədalətli deyil məncə.

bloqçu
«500 bal toplamış uşaqların kənarda qalması ədalətli deyil məncə.» 
 
— Həm də heç ədalətli deyil. Pullu qeyd edənlər daxil olur, pulsuz qeyd edənlər isə qalır belə. Bu sistemlə heç razı deyiləm. 400-500 bal- bu lap yaxşı nəticədir ki, abituriynt tələbə adını qazanıb, ali təhsil ala bilsin.
Cavid
Sizinlə tam razıyam amma abituriyentlərdə də gunah var, çünki onlar ixtisas seçərkən diqqətli olmurlar və daha çox yüksək bal tələb edən yerlər yazırlar, nəticədə tələbə adini qazana bilmirlər. Ən yaxşı variant son seçimlərdə daha az bal lazim olan yerləri seçsinlər, ən azından "çöldə" qalmazlar.
niqulya
Məleykə Abbaszadə bilsəydi ki onu Məleykə Əsədova ilə səhv salacaqlar…