Qaynana və gəlin!

"Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da durmalıdır!" - eləmi?

Heç bitməyən qaynana gəlin problemi. Görəsən nə üçün qarşıdurmalar, problemlər yaranır? Yəqin ki, səbəb çox ola bilər - hər iki tərəfin mənfi xarakterdən tutmuş baş alıb gedir. Bundan əlavə də mənfi xarakteri bir kənara qoysaq, yerdə qalır insanların bir-birini başa düşməmələri. BAx bu özü əsl problemdir.

Bacarıqsızlıq. Əgər bir çox qızlar, qadınlar nəyisə bilmirlərsə, burda pis bir şey yoxdur. Necə deyərlər -“bilməmək ayıb deyil, öyrənməmək ayıbdır”. Qaynananalar da bəzən gəlinlərini nələrisə bilmədikləri üçün qınayır və pisləyirlər. Bilmirsə, öyrədin dəə..burda nə var ki?! Nəyisə bacarmırıqsa, deməli, biz bunu bilmirik, bunun qaydasını, həllini bilmirik. Nəyisə bilmək üçün gərək onun üstündə özün canlı olaraq çalışasan. Görüb-götürmək də önəmlidir, amma, görüb, götürüb, buna özünün də bir əl atması daa da yaxşıdır. Hamı çalışa-çalışa örənir. Əgər kimisə həqiqətən də bir işi görmək istəyi varsa, o nə vaxtsa mütləq o işi görəcək.


Günümüzdə yemək bişirə bilməyən, ev işlərindən başı çıxmayan, hətta, ataların, qardaşlarının, ərlərinin qatlı şalvarlarını yalnış tərzdə ütüləyib, onun qatını pozanlarımız da az deyil. Qınayıram, amma, bəzən də başa düşməyə çalışıram. Məsələn, qız helə oxuyur, hər şeyi ana edir: yuyur, yğışdırır, bişirir və s. Əlbəttə ki, qız oxusa da işləsə də ev işlərindən də başı çıxmalıdır, amma, əgər ona öyrədilməyibsə, o qız öyrənənəcən mütləq səhvlər edəcəkdir.

Təmbəllik bir iş deyil; evdə hər yeri toz aparırsa, paltarlar qalıb, iylənirsə, hər gün kolbasa-yumurta bişirilirsə, qaynana nədir, vaxt gələcək ər də buna ağız büzəcək!

Belə şeylərə görə də hər zaman evlərdə qaynana və gəlinlər arasında problemlər yaşanır. Qaynana da bir anadır, o da istəyir ki, oğlu təmiz geyinsin, oğlu yaxşı qidalansın, amma, varam o qadına ki, gəlin bilmirsə, onu acı dillə dindirib, danlamaqdansa kömək edə, başa sala. Məsələ burasındadır ki, gəlinlər də qaynanananın kömək etmə səyini yalnış başa düşürlər, qəbul etmirlər. Qayanana deyir “gəlinim bacarıqlı olsun”, gəlin deyir “mənə heç kim qarışmasın” və bu yerdə söz-söhbət başlanır. Amma, necə yaxşı olar ki, qaynana şirin dillə, təmiz ürəklə kömək edə, başa sala, gəlin də bunu sidq ürəkdən qəbul edə, öyrənə, qavraya!

Əgər hər iki tərəf də bir-birinin hər şeyinə qanedirsə, nə yaxşı! Hər kəs bir tərəfdə öz işini görür, vəssəlam! Hər halda həyat özü də bir məktəbdir, qız özü də istəsə hər şeyi öyrənə bilər.

Elə qaynanalar da var ki, gəlinlərinin “maşın-maşın cehiz”ləri yoxdur və bu zaman gəlin lap huri-mələk olsa da qaynana bu qızı sevmir ki, sevmir. Lap dəridən qabıqdan çıxsan da mütləq qaş-qabaq və acı dillə qarşılananlar da var. Eləcə də qaynananı sevməyən gəlinlər.Bu ünsürlər isə mənfi xarakterə, xüsusiyyətlərə malik olan insanlara aiddir. Təəssüf ki, belələri də var.

Qaynana_(1978)-1

Bu barədə çox filmlər çəkilib, çox əsərlər yazılıb. Yəqin ki, “Qaynana” filmini izləmisiniz. Bu filmimizi çox sevirəm. Allah, Nəsibə xanıma rəhmət eləsin, elə rol aparır ki, filmi sevməmək mümkün deyil. Ssenari də yaxşıdır.

Nə gəlin qaynananın süpürgəsidir, nə də ki, qaynana gəlinin düşməni! Bir-birlərinə ən yaxın, ən doğma olacaqları halda  bir-birinə ən uzaq olan kəslərə çevrilirlər. Ailə balaca bir dövlətdir. Əgər ailədə çaxnaşmalar baş verəsə bu zaman dövlət zəifləyər, çökər.
Kimsə qaynanası haqqında bəd danışırsa, onu  nahaq yerə pisləyirsə, ona qarğış edirsə, bu mənə çox pis təsir edir. Necə olur ki, həyat yoldaşıvı sevirsən, anasını isə gözün götürmür, anasının sizə gəlməsini, heç bərabər yaşamağı demirəm, siz də bir müddət qalmasını istməirsən?! Kim nə deyir desin, mən belə sevgiyə şübhə ilə yanaşıram.
Ola bilsin ki, qaynanan həqiqətən də acıdildir, sənin sevgivə layiq deyil, amma, heç olmasa yoldaşının xatirinə hörmət etməlisən. Ən azından susmalı və yoldaşına özün ilə onun anası arasında seçim buraxmamalısan. Belə olmamalıdır.

Hər kəs fərqlidir, belə də olmalıdır və belə yaxşıdır. Belə olan halda həyat maraqlı olur. Həyat gözəldir, yaşamağa dəyər. Və ailə çox dəyərlidir. Sizcə bu həyatı didişərək, vuruşaraq, bir-birimizi üzərək keçirməyə dəyərmi? Halbuki, bir yerdə necə xoş günlər yaşamaq olar. 

Əsas məsələ budur ki, qaynanalar da gəlinlər də özlərini unudurlar. Qaynanalar unudur ki, özləri də gənc, gəlin olublar, özlərinin də bilmədikləri olub. Gəlinlər də başa düşmürlər ki, nə vaxtsa onlar da bir ana olacaqlar!

P.S. Yoldaşını həqiqətən sevən kəsin düşüncəsi: Səni Yaradan Allaha qurban olub, səni canında daşıyıb, dünyaya gətirən ananın qarşısında baş əyirəm!
Məncə belə olmalıdır. Amma, qaynananalar da bu sevginin qiymətini bilə.

0 şərh