Cəmiyyətin fikri və mənim həyatım.

"Hər bir həddi buluğa çatmış insan öz beynindəki valideynlərini, müəllimlərini, qohumlarını öldürməlidir."

Bizlər nə qədər demokratiyanın qanadları altında yaşasaq da, azadlıq fikri bizim üçün hələ də tam açılmayıb.Həm özümüz başqalarının işlərinə qarışırıq, həm də öz işimizdə “kim nə deyər, nə düşünər, filankəs buna necə baxar” deyə düşünürük və bu fikirlər daima beynimizdə cərəyən etməkdədir. Bəzən, düşünürsən ki, kiminsə düşüncəsini nəzərə alıb, öz istəyindən vaz keçmək nə dərəcədə düzgündür? Bəzən də tam əksini- bəzi məsələlərdə nə yaxşı ki, cəmiyyətin rəyindən çəkinib, həmin hallara düçar olmuruq, yoxsa, vəziyyət çox pis olardı. Hər halda mentalitet deyilən bir şey var.

Görəsən, bu nə dərəcədə doğrudur? Başqalarının düşüncələri bizim bəzi maraqlarımızı yarıda qoymurmu? Elə bil ki, biz özümüzdən imtina edir, bu həyatı başqaları üçün yaşayırıq. Heç kimin fikrini götür-qoy etməyən, qulaq asmayanalar özləri üçün, öz həyatlarını yaşamaq istəyənlərdir.

Əgər, biz ki, öz istəklərimizi başqalarının düşüncəsinə qurban veririksə, bəlkə də, özümüzdən, öz törədəcəyimiz hərəkətimizdən tam əmin olmuruq ki,  şüuraltı düşüncəmizdə öz hərəkətimizi səhv olaraq düşünür və “kim nə deyər” fikrinə bürünmüş oluruq. Ola bilsin ki, həqiqətən də, atacağımız addım səhv addımdır və kənar gözlərin nə deyəcəyini düşünərək biz həmin istəyimizi basdırmış oluruq. Yəni, “hər kəsin öz fikri, öz amalı var, mənim işimə qarışılmasın, kim nə deyir-desin, bu həyat mənim həyatımdır” desək də, bəzi məsələlərdə cəmiyyətin fikrinə qulaq verməyin də doğru olduğunu düşünürəm. Hər halda elə məsələlər var ki, bunun ağını çıxartmaq artıq yersizdir.

Hamımızın içində bəzi məsələlərdə “filankəslərin düşüncələri” hökmranlıq edir. Bu inkar edilsə də inamaram. Məsələn, oğlanlar, hansınız ingilislər kimi küçənin ortasında balaca "şortik«də gəzərsiniz? (avropa təsirlilər istisnadır)

Biz demokratiyanın nə olduğunu dərk eləmirik, buna görə də labüd olan bir fikir var ki, bizlər hər zaman cəmiyyətin təsirində olacağıq. Həm də yəqin ki demiokratiya o demək deyil ki, hər ağlına əsəni edəsən. Məncə demokratiya, azadlıq bunda cəmləşir ki, sənin etmək istədiyin hər nədirsə heç kimə mane olmasın. Mane olmursa, mənfi təsir vermir, əxlaqsız abu-hava yaratmırsa— qoy, kim nə deyir desin!

P.S. Kompleksli deyiləm, özümə əminsizliyim də yoxdur, amma, bir iş gördüyüm zaman cəmiyyətin fikrini də götür-qoy edirəm. Bu da baxır məsələyə. Hər-halda haqqımda nə düşünəcək olan şəxsləri də ayırıram. Bir də bir şeyi heç vaxt unutmuram ki, mən əgər səhv addım atsam, deməyəcəklər „bu filankəsdir, ayıb olsun ona”, deyəcəklər ki, “bu filankəsin qızıdır!“ Buna görə də məncə məsələdən asılı olaraq nəsə bir iş gördüyümüz zaman ölçüsünü, biçimini yaxşı götür-qoy etmək lazımdır.

2 şərh

papatürk
Cəmiyyətin fikrini mütləq nəzərə almaq lazımdır.Hər şeyi özü bildiyi kimi edən insanlar axırda cəmiyyət tərəfindən qəbul olunmur.
Dior
Baxırda,elə hallar olur ki,bu zaman özbaşına hərəkət etmək olmur.