Kəndçi, kəntoş - bu nə deməkdir ki?

Biz hər nə qədər desək də ki, özümüzü bölgələrə bölməməliyik, bölməyək, hamımız Azərbaycanlıyıq, amma gəlin qəbul edək ki, hər kəs özünü mütləq ki, hansısa bölgədən, rayondan sayır. Amma bu yerlibazlığa çevrilməməlidir. Hər nə isə, deməli məsələ belədir ki, mənim atam da, anam da Sabirabad rayonundandılar. Mən isə Bakıda anadan olmuşam. Məndən soruşanda ki haralısan, mən təbii ki, yad vətəndaşdırsa hər yerdə özümü Azərbaycan vətəndaşı kimi təqdim edir, Azərbaycanlıyam deyirəm. Öz elimizdə də məndən bölgə olaraq soruşulandan Sabirabadlıyam deyirəm. Lakin bir çoxları məni qınayır ki, sən belə deməməlisən. Çünki sən Bakılısan!
Axı mənim atam, babam haralıdırsa və mən də o nəslin yetirməsiyəmsə, deməli, mən də oralıyam. Elə deyilmi? Mən niyə o obaları danmalıyam ki?

Bəziləri bu fikirlərini də həqiqi saydığından, bəziləri isə Bakılı olmağı daha da gözəl, fərqli və perspektivli saydığından belə düşünürlər. Vallah, mənim ata-babalarımın Azərbaycanlı olub Sabirabad rayon sakini olmalarından nə utanıram, nə çəkinirəm. Mən rayonluyam, lap elə kəndliyəm, kəndçiyəm. Burda nə var ki? Nə bilim bəlkə o yer məsələsinə görə mən yanılıram, bəlkə də həqiqətən də mən də Bakılı sayılıram, hər-halda bu haqda bir bilgim yoxdur, sadəcə düşündüklərimi deyirəm. Bunun müzakirəsini və hardasa mübarizəsini etmək də ola bilsin ki, yersizdir. Çünki mən Azərbaycanlıyam. Azərbaycanın bütün şəhərlərindən, rayonlarından, kəndlərindənəm.

Yəqin ki, yuxarıda yazdıqlarımı səhv alqılamayıb, sözümün canını düz başa düşdünüz. Mənim demək istədiyim budur ki, rayondan olduğuna görə, kənddən gəldiyinə görə utanmamalı, buna görə şəhərli olmağı arzulamamalısan. Və ya kənardan biri rayonlu, kəndli olduğuna görə kiməsə xor baxmamalısan. İnsanın insanlığı, mənəviyyatı şəhər və ya rayondan olmasından asılı deyil. Hətta savad da bununla ölçülmür. Hər halda kənd camaatı “çuşka” adlandıran gənclər kimlərdirlər ki: özünü hamıdan üstün saymaqla, rus dillində bir neçə söz bilib, yarı düz yarı səhv danışmaqla, “risofkalanmaqla” məşhur olan şəhərlilər də az deyil.

İnsanlıq, ağıl, elm, savad, dərrakə, mənəviyyat, mədəniyyət – hər yerdə mövcud olduğu kimi, əksi də mövcuddur – yerindən asılı olmayaraq!

Biz başqalarına mənfi mənada “kəndçi”, “kəntoş” deyərək onları lağa qoyuruq. Niyə, nə üçün? Bu sözlər nə üçün məzə obyektinə çevrilir ki? Demək ki, biz kəndlərimizə dəyər vermirik; o kəndin torpağında otlayan heyvanın ətini yeyirik, yununun üstündə yatırıq, südündən içirik, ağartılarından, buğdasından, arpasından, bitkisindən, meyvəsindən, tərəvəzindən qidalanırıq, amma oranı alçaq görürük? Bəyəm hamımız şəhərdə doğulub, şəhərdən çıxmışıq? Ola bilsin ki, kənddən şəhərə gələnlər şəhərdəki dəblə ayaqlaşmasınlar, müasir geyinməyib, müasir düşünməsinlər. Hər halda hər yerin öz tələbi var və hər kəsin də o tələbə görə bir norması və ən əsası da ki öz zövqü var. İnsanlıq xarici görünüşə, geyimə, diploma və elmə görə ölçülmür. Yeri gələndə elə tanınmış, uğur qazanmış insanlar var ki, hansı ki, onlar da kəndlərdən gəliblər.Lap dərinə də getsək, hamımızın kökündə hansısa kənd dayanır.

Heç kimə yurxarıdan aşağı doğru baxmaq lazım deyil, çünki hamı insandır. Sadəcə olaraq səhvlərimiz, düzlərimiz var. Səhv edənləri alçaqda görüb onlarla məzələnməməli, bir olub, düzəltməyə çalışmalıyıq.

Tələffüz. İnsanları daha çox da danışığına görə qınayırlar. Amma bu yerdə də bölgələrdəki ləhcələri nəzərə alsaq və onu da bir çox rus sözləri ilə qarışdırsaq, məsələ aydın olur. Hər-halda ləhcə də olsa, insan dilin qrammatikasınının incəliklərini öyrənməli, sözlərin yazılışını, oxunuşunu bilməlidir. Bu zaman ləhcə necə olur-olsun o insan düzü səhvdən ayıracaqdır və heç kimin ona bir söz deməsinə belə imkan verməyəcəkdir. (P.S. ləhcələr çox şirin səslənir))))

Sözlər məzəli səslənə bilər. Mən özüm də bəzən ləhcələrdən və rus sözlərinin qarışığından dolayı alınan səhv sözləri məzə kimi istifadə edirəm. Amma yazı yazanda da bu zaman o sözü dırnaq içinə alıram. Bəlkə də, həqiqətən də özümün də bilmədiyim və işlətdiyim səhv sözlərim var. Çalışıram öyrənəm.

Bir nəticə var ki, biz heç kimi lağa qoymamalıyıq. Kimsə nəyisə bilmirsə öyrədə bilərik, başa sala bilərik. Gülüb keçmək bizlik deyil - o sözə gülə bilərik, o adama yox. Biz kimisə təhqir və ya tənqid edə bilmərik, çünki buna ixtiyarımız çatmır. Daha doğrusu tənqid var! Əlbəttə ki, ümumi mövzularda fikrimizi bildirərək, hansısa yalnışı tənqidlə qarşılaya bilərik. Amma bu tənqid o yalnış üçün səslənir və düzlüyü bərpa etmək üçün dilə gətirilir. Yiyəsi isə özü başa düşəcəkdir. Yox əgər, o adam özü heç nə öyrənmək istəmir, özü elə öz durduğu yerdə sayıb qalmaq istəyirsə, bu zaman da nə edə bilərik ki, təəssüf?!

 

14 şərh

bankir
Kəntoş-kəndçi söhbətini çox vaxt elə kəntoşların özü salır. Bunu bilirdiniz?
2ral
raqa
Çox maraqlı tərifdir və çox fərqlidir :)
bloqçu
Nə üçün belə düşünülür ki, kənddə doğulanların mədəni, əxlaqi səviyyəsi aşağı olur? Bunu kim ölçüb? mizantrop? Nə deyirəm ki, hər kəsin bir fikri var, amma, mən bu fikirlə heç razı deyiləm. Bir tərəfdən də düşünürəm ki, bəlkə mən «kəntoş» sözünün nə anlama gəldiyini düz-əməlli bilmirəm.
tenqo

Cümlənin mənasını təhrif olunmuş şəkildə başa düşdünüz, müəllif özü də bəlkə elə siz başa düşən mənada yazıb, amma kənddə doğulmuş və mədəni, əxlaqi səviyyəsi aşağı olan insandan söhbət gedir, sadəcə kənddə doğulmuş yox. Yəni ki, kənddə doğulmuş və yaxşı keyfiyyətlərə malik insana aid etmək olmaz o anlayışı. Mənfi keyfiyyətlərə malik və şəhərdə anadan olmuş, yaxud da şəhərə bağlılığı olan ailədə anadan olmuş insan da hər kəs tərəfdən pis qarşılanar və ona da bir ad fikirləşmək lazımdı, məncə :)


Kəndçi, kəndli anlayışlarını pis qəbul etmək olmaz əsla. İnsan əslən haralı olur-olsun, harada anadan olur-olsun ona yerinə görə yox, şəxsi keyfiyyətlərinə görə qiymət vermək lazımdı.


Kəntoş, kəntalı və s. bu tipli anlayışlar xalq arasında meydana gəlib və mənfi məna daşıyırlar özlərində. Lağ mənasında işlədilir bu sözlər. Dediyim kimi bunu hər kəndçiyə aid etmək olmaz

ramzes
Yerlibazlıq özünü rayonların adlarını daşıyan kafelərdə, əsgərlikdə bir neçə yerli birləşib digərini əzişdirəndə, bazarlarda, hətta marşrutda səsləndirilən mahnılarda da göstərir, niyə özünüzü danırsız? Dünya əhalisinin 40% -dan çoxu kənddə anadan olub, kənddə anadan olmaq olar, amma cındır, sözünün yerini bilməyən, çoban(hər heyvan otaran çoban deyil, fermerlə çoban anlayışını səhv salmayın) olmaq, qız görəndə gözləri almaya dönməsi kəndçilik, kəntoşluq, cındırlıqdır, məncə artıq şərhə ehtiyac yoxdur.
Dior
Heç kəs kənddə anadan olanı ələ salmır,məncə bunu etmək günah olar.Çünki hamımızın yaradılışı eyni cürdür.Biz yalnız ruzi baxımından bir birimizdən üstün ola bilərik.Amma onu da danmayaq ki,çox vaxt bəziləri elə öz səviyyəsiz davranışları ilə əsl kənroşluğunu sübut edir.
bloqçu
Yaxşı deyək ki, «kəntoş», «kəndçi» deməklə biz kənddə doğulanları nəzərdə tutmuruq. Amma, yənə də insanları səviyəsinə, əxlaqına, mənəviyyatına görə adlandırılası çox adlar var, elə deyilmi?  Nə üçün bu adların kökündə «kənd» sözü dursun ki? Fikrimiz tamam başqa olsa da qurulan söz düzgün deyil. İndi deyəcəksiniz ki, dilimizdə məcazlar var. Amma, hər kəsi öz adıyla da çağırmaq olar: alçaq adama alçaq, axmağa axmaq, əxlaqsıza əxlaqsız, keyə key, düşüyə düşük, ağıllıya ağıllı, savadlıya savadlı və s. və i.a. Nə üçün mənfi mənada işlətdiyimiz sözün kökündə «kənd» olsun ki?
rdgr

məncə də.ürəyimdən keçənləri yazmısız.

təpəgöz
Mən şəhəroşam:=) Şəhəroş olanlar bu şərhimə plyus versin
Nailə_Rzayeva
Yalnız bunu deyə bilərəm ki,  kənd həyatını da, kəndçiləri də bəyənməyən, onları məzə obyektinə çevirən, elə məhz kənddən çıxan insanlardır.
r9perviz
Məncə biz burda kəntoş və kəndçi terminlərini fərqləndirməliyik. Mənim bildiyimə və başa düşdüyümə görə kəndli kənddə doğulan, orda yaşayan, yəni kənddən çıxmış bir insandı, amma bu söz təhqir yox, onun yaşadığı yeri göstərir. Kəntoş isə doğulduğu yerdən asılı olmayaraq mədəniyyətsiz, görməmiş, hərəkətinin və sözünün yerini bilməyən insandı.

Mən fəxrlə deyə bilərəm ki, mən, kəndliyəm :)))
Bilici

Ali məktəblərdə bizə dərin Ali elmləri öyrədən alimlərin 99%-i kənddə doğulub, Heydər Əliyevin də özü kənddə doğulub və bunun kimi yüzlərlə ziyalı


indi düşünün bu cür söhbətlərin bir mənası var?

tenqo
Diqqətlə şərhləri oxusanız görərsiniz ki, bütün kənddə doğulanlardan söhbət getmir.