“Oğrudan-oğruya halal…”

Baş vermiş bir xoşagəlməz hadisəni nəql edim: deməli oğul evlərinə evinə oğurluğa girərək, evdən müəyyən bir miqdarda pul oğurlayır. Bundan sonra ailə polisə müraciət edir ki, “bəs amanın günüdür, evimizi soyublar”. Polis bir sıra araşdırmalardan sonra oğrunun elə ailənin öz oğlu olduğunu tapıb və həbs edib. Belə olan halda da valideyn oğurluq sayəsində itirdiyi bir  o qədər də pul töküb oğlunu həbsdən xilas etməyə çalışır..

Bilmirsən belə hadisələri gülməli əhvalatlar, yoxsa ağlamalı əhvalatlar sırasına daxil edəsən. Oğurluq haram olan bir işdir. Hələ uşaq vaxtlarından bizi elə öyrtəmişdilər ki, oğurluq sözü gedəndə də qorxurduq. Yəni valideynlərimiz bizi öyrətmək və başa salmaqla bərabər həm də qorxudurdular ki, nə vaxtsa kiminsə malına göz dikib, oğurlu etsək əlimizi yandırarlar!  Düzü belə qorxuducu tərbiyə üsullarını dəstəkləməsəm də, amma, ən azından uşaq yaşından bilirim ki, bu çox pis bir şeydir.


 

 

V.Hüqo deyir ki, “Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq”. Bəlkə də buna səbəb olan bir çox şeylərdən biri də elə məhz tənbəllikdir, qorxaqlıqdır. İşləmək, işləməyi istəməmək, çətinliklərdən qorxmaq, hazıra əl atmaq. Hazır halvaya qonmaqla hara kimi getmək olar ki?!

Çoxları deyəcək ki, buna məcburam. – İşim yox, gücüm yox, nə etməliyəm, uşaqlar evdə çörək gözləyir?!  Görəsən buna haqq qzandırmaq düzgündürmü??? Heç bilmirəm. Amma, burası da var ki, haram nemətdənsə gedib süpürgəçilik edərəm, amma, özümün və balalarımızn boğazından halal nemət keçirərəm. Bəli oğurluq da haramdır..

Bu yerdə mövzuya aidiyyatı olmayan, amma, oğru sözü mənasını başqa cürə aydınlatan gözəl bir şer yadıma düşdü.. Yəni bu şerdə oğruluq haram deyil. Allah rəhmət eləsin, Nüsrət Kəsəmənliyə halah olsun, onun da şerindəki kimi oğrulardan mən də olardım.

 

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!! 

Oğru olmaq istəyimlə doğru olmaq istəyirəm!!!

 

1 şərh