Esther


— Sən  pəncərəni  bağlaya  bilərsən?

— Mən  elə  bilirdim  sən  təmiz  havanı  sevirsən..

— Sevirəm!  Sadəcə...  Payız…   O,  həmişə  həyata  keçməyən  arzular  qoxuyur...

     [Oleg  Tischenkov  /  Payız  löhvələri]

 

      ..qaçsaydım ona çatacağımı zənn edirdim… ama sən demə… sən demə, o qədər qaçdım ki, onu nə zaman arxada itirdiyimin fərqinə varmadım..

      Dünənə baxa-baxa gedirdim, onu düşünə-düşünə… Ama bilmədən qarşıda elə birisiylə toqquşmuşam ki, artıq şokdan ayıldığım anda arxaya baxmağı tərgidə bildim özüm də bilmədən… O'ndan Sən'ə doğru… Hə Sən'ə doğru, Esther… Məhz sənə doğru… Onu unutduracaq tək və fərqli bir qadın olduğuna görə… çərçivədəki unudulmaz və toxunulmaz natürmort kimi...

     Bax, Esther… unuda biləcəyin bir adamam, həmçinin sən də… kimsə unudulmaz ola bilər amma heç kim vazkeçilməz deyil. Qismət deyilsə bizim sevginin gələcəyi, indidən unut getsin. Yaxınlaşmağa səy də göstərmə, artıq yavaş-yavaş unudulursan, tam yox, yavaş-yavaş..

     Bax Esther… Binanın damındakı göyərçinlər belə inanır ki, qaçmaq çıxış yolu deyil. Şüursuz göyərçinlərin inancları belə bunu qəbul edə bilmir, qaçmaq kimi əclaflara yaraşan bir işi..

Yoxsan Esther, bütün gücünü sərf edəcəyin bir müddətlik, müvəqqəti əlaqələrdən dolayı gözümdə yoxsan. unutmaq istədiyin, ama yenə də özünü var sayan dostlarından, o iyrənc yaxınlarından məhz mənə qaçdığın qədər yoxsan, sakit bir ortamda mənə yoxluq kimi baxıb küləklərlə bu müddət ərzində, çıxıb gedən gündən..

      Rəngini gətir mənə Esther, şəffaf görürəm səni hər susduğumda, qaranlıqdan seçilə bilmirsən heç cür, «mənimçün yoxsan» dediyin gündən bu yana qədər… Nur saçan bənizindən fırtınalı, təlatümlü dənizlərin iflasa uğradacaq gücdə olan dalğalarından sağ çıxmağı bacaracaq ümid yaxtaları axtarırsan, hey nədənsə..

      Qəfəsi qapadılmış quşlar kimi sanki ayrıca bir yol, hansısa bir boşluğu axtarırmışsan kimi bu buz ruhlu skameykanın üzərində, qarmaqarışıq xülya kainatında, şəfəqlərin cızma-qara etdiyi bu vanil səmada, hansısa gecələrdə, çarpayında şirin-şirin yatdığı an həyatının sanki bir lentini gözündə canlandıran yadından çıxartdığın yuxularınla çırpınırsan, Esther… Ala gözlərin qığılcım saçır, baxışlarında çox bədbin bir əndişə var nədəndisə, səbəbsiz-filansız… dodaqların və ipək, qıvrım saçların, dolğun bəbəkləri titrəyir, ayın çöhrəsinə bir nagümanlıq həkk olunduğu gecəydi, Bakı çox narahat idi, hamilə qadınlar kimi o gecə… Mən səni son dəfə gördüyüm gün. Xatirindədimi? Son dəfəydi səni sezib ayrı saxlamışdım ətrafdakılardan… soyuq artıq sənin damarlarına işlədikcə payızın sərt nəfəsinə dözə bilmiyib çılpaqlaşan ağaclara, üfüqdə çətinliklə sezilən, hələ də qaralmayan tək-tük buludlara, yalnızlıqda min cür zorakılığa “məruz qalan” üşüyən zibilqablarına, yerə düşmüş küknar, şam qozalarına baxıb gözlərini yumdun… Gözlərinə gələn duzlu damlalar yanağından sakitcə və aramla sürüşüb əlindəki, oğlanın təbii gülümsədiyi və gözlərini qıyıb baxarkən çəkdirdiyi, bəlkə də aylarla, hətta illərdi saxladığın, bu zaman məsafəsinə dözməyib qırış-qırış olan şəklinin üstünə düşdü...artıq bir az sonra hönkürtü və hıçqırıqlar içərisində vücudunu saran həyəcan məhv olub səmalara uçmuşdu… Şəkildəki varlıq kabusa dönmüşdü, şimal küləyiylə gələn rüzgarlar ona nələrisə çatıra bilmirdi… mən də indi ruhən və mənən həmin vəziyyətdəyəm bu dəqiqə… sanki xırda meh belə bəs edər ki, son ümid kimi yapışdığım budaqdan saplağımı qopartsın və məni atsın… ayaqlar altında xışıltıyla əzilim, yağışlar yeni gölməçələrə dikdaban ayaqqabılara, uşaq sevinclərinə hamilə qalsın, və məni məhv etməyə yox məni əzməyə səy göstərsin… Canında üşütmə hiss eliyirdin, kölgəni tapdalamaq istəyirdin, üzünə düşən saç tellərini yığmağa belə tənbəllik eləyirdin..

       Esther, iradəsini itirmiş bir gənc kimi, zaman və məkan boşluğunda tez-tələsik səni sevib hər ikisindən özünü məhrum edən bir həvəskar yazar kimi, şair kimi deyirəm bunu sənə:

 

Heç  vaxt  bilmədin  ki,  niyə   günəş  şərqdən  çıxır,

de  görüm,  içimdəki  qaranlığı  görürsənmi?
Heç  vaxt  anlamadın,  Seymur  niyə  sakit baxır

Səssizəm..  Anlamadın..  acizliyə  gülürsənmi?

 

Soyuqdur,  çox  soyuqdur  bugün  Bakı  gecələri

Pəncərədən  ətrafa  baxmağa  nəzərləri

Bəlkə  xatırlamaq  çox  çətindi  keçənləri

Ama  bil,  xatirələr  hər  gecədə  əzib  məni..

 

     Əsas gözəl deyil, qəlbini rahatladacaq birisidi, Esther. Bəlkə də səndən qat-qat gözəlləri var ətrafda, özü də minlərlə. Mən də yoxladım səni unutduracaq birilərini tapmaq üçün: birisində düz qara saçlar, şabalıdı gözlər, nazik və uzun kirpikli bəniz varkən baxdım ki, geyimi tamam yad havalardan bəhs eliyir, mənim görmək istəmədiyim açıq-saçıq gözəlliyin, ehtirasın daxildən üst təbəqəyə çıxarılması kimi… və bunun da mənə heç bir önəmi yoxuydu Esther, olmadı bir anlamı…

digəri birisinə baxdım sakit və dəniz ruhlu bir tip. Gözəl uzun, qəhvəyi saçları, iri, qara, yağ kimi parıldayan gözləri vardı, ama baxdım ki, baxışlarındakı dünyalar sanki sehrə salacaq qədər güclü, ehtirasa, aşiq olacağıma qədər kəskin və qatıdı… Mənsə sevmək istəyirdim Esther, aşiq olmaq istəməmişəm heç bir zaman… Səndən sonra gördüyüm qara gözlərdən tutmuş mavi dənizlərə qədər, əsmər saçlardan tutmuş təklikdən dəlisovcasına özünü yalçın qayalara çırpacaq olan sahildəki dalğalara qədər gördüm..

      Gör Esther, nə Budapeşt nə də Manhetten… Belə də olmalıydı… Bakının qar yağan küçələrini üşüdən, insanların xaricini isti geyimlərə bürüyən, xatirələri ürəyimizdən soyunduran, gecələrin bəyazlığını səhərlərə yaxınlaşdıran bu gilavarlarla, şimal küləkləriylə bir gün qapıları üzümə çırpıb getməliydin, havaya sovrulub, gözdən itməliydin. Bəlkə də… Bəlkə də hər şeyin ilki gözəl olur… Bəlkə də etiraf gününə bir də qayıtmaq mümkün olmayacaq, çünki o gün bir dəfə oldu və keçdi təqvimin cırılan kağızlarında..

      Səni gözəllik xilas etməyəcək, səni daxilindəki ruh da xilas etməyəcək, dəli ruhlu, məndən üstün saydığın şairlər də, sifətdən eybəcər, daxilində gözəl olanlar da xilas edə bilməz səni, Esther: — bu səndə asılılıq yaratmamalıdı. Zatən sevgi gəldimi, gəldi, o gəldiyi andaca, azadlığa çıxmalıydın sən, qolunu kəsən buxovları qırıb, bağırmalıydın içdən, sonra da "çıxdım! artıq əsas bir missiyani bitirmişəm" — deyə, sevincli bir ah da çəkməliydin; sözlərin arasında itməliydin, insanların arasında seçilməyi bacarmalıydın bu ülvi hisslərə görə, «mənə niyə belə laqeydsən?!» — deyə soruşub, mənə bir şillə də çəkməliydin… Gözəllikdə daxilini ötən xarici görünüşündə solğunluqlar peyda olan zaman, hafizəndə gedib-gəlmələr hiss etdiyim an, gözlərinə və danışığına çuxurlar hopan vaxtı, gözlərimin önünü zəbt etsən də, gələcək uşaqlarımın, canımın 2 parçası olacaq — oğlumun və qızımın yanında 4 nəfərlik ailə kvarteti yaratsaq da, hər səhəri öpüş, hər günəşi vüsal, hər üfüqü ayrılıq, hər mərtəbəni göz yaşı, hər yazını bir məktub, hər gecəni bir üsyan, hər sevgini bir yalan, hər münasibəti bir heca, hər hecanı bir qırılma, hər yuxunu halusinasiya kimi hiss etsəm də, ötən ömürdən keçən əzablara əzab verdiyimizi xəyal etsəm də, yenə də… yenə də həmin həqiqətlər içərisində çapalıyırıq Esther. Həqiqət çox acıdı..

       Sanki… sanki ötən bu fəsillərin dövranından geriyə qalan payız kimi ağrı və dağıdıcı, şirin noyabrın bizə verdiyi son görüş kimi, dekabrda qar dənələrində öpdüyüm dodaqlar kimi acı və zəhər… səssizcə gözlərində gördüyüm, dərinləməsiylə qəlbimdən tutmuş bütün damarlarıma, qanıma, canıma qədər işləmiş o soyuq, ayaz dolu baxışlarını çətin ki… çətin ki, bir də kəşf edə bilim mən… səni sevəcək qədər xoşbəxt olduğumu sanırdım… Ama sənə çatıb, əllərinin istisindən bir udum belə hərarət hiss etməyəcək qədər də soyuq və mənasız olmağı məsləhət gördü Tanrı mənə… Sevəcəm mən, qorxma keçmişi sənlə mənimsəsəm də, gələcəyə nə səninlə, nə də sənsiz tələsməyəcəm… Bəlkə də mənasız olan mənim, səninçün maraqlı olmayan hiss etdiyim və yazdığım bu maraqsız və şablon cümlələrdi. Pəncərəmdən keçən yollardan tapmışdım səsini. Görünüşlər içində sezilməyən cizgilərini milyonların içərisində kəşf etmişdim, yuxularımda kim olduğunu sezə bilmədiyim insanlardan ayrı tutdum səni; yuxudan ayılarkən, anladım ki, səni sevdiyim günü and içmişdim sanki, sən mənim olacaqsan deyə… Qan-tər içində ayılarkən ac-susuz çəkdiyim siqaretlərin də anlamını sən tapa bilərdin, bəlkə də tapdın, ama demədin, qüruru qibləgah seçməyi bacardın, ama mən yox, mənimçün qibləgah, sənə görə susan ümidlər idi, Emre Aydının “Belki Bir Gün Özlersin” mahnısıydı, küləklərin vıyıltıları arasında eşitdiyim tək-tük pıçıltılı danışmaların idi… sanki əsrlər boyu sevmişdim sanki, ama yox artıq… Ama bil, bu cümlələrdən keçən göz yaşları, bu hərflərdən keçən dayanacaqlardakı yağışlar, bu hecaları sətirdən-sətirə keçirən ardıncaqaçmalar və özümü söyə-söyə ümidsiz geridönmələr, bu mətnin əsasını quran, səni düşünməyəcək qədər ağıllı olmağı bacarmayan hafizə qutum… bəlkə də qara qutu kimi… daxilindəki unudulmuş, öldürülmüş və itkin düşmüş insanların barəsində tək məlumat verə bilən sadəcə bir içi xatirələrlə, yaşanmış və yaşanacaq hadisələrlə dolu olan xəzinə qutusu kimi… və sən də bu xəzinədəsən. ən dərindəsən… xəzinənin dibində..

 

Dolu  ürəyin  xəzinə kimidi  sənin,
Çırparsan  küç
ələrə,
Qaranlıq  gec
ələrə,
Da
ğılmış,  dodağının   qanına  bulaşş  sözlərini,
Götürüb  ged
ər  neçələri..
Birc
ə  sən  o  xəzinədən

Heç  nə  çıxara  bilməzsən
Əlində  ola-ola...


R
əsul Mirzə

 

     Projektorların bitdiyi prospektlərə, öpüşlərin bitişdiyi bürünc skamyalara, gülüşlərin susmadığı sinema oturacaqlarına, yollar boyu uzanan magistrallardan kənarda, lap uzaqda, bir neçə yol sonrakı küçənin qırağında gördüyün yeni tikili ofislərdəki supervizual görünüşlü gələcəyə, dayanacaqlara sənsiz gələn violet keçmişə, ağaclardakı küləyin insanların saçını darayacağı toz hissəciklərinə, bəlkə də xatırladığım adamların yaddaqalan jestlərinə, Bakının tünd çəhrayı üfüqlərinə, qara buludlara yağışları qadağa qoyan sarımtıl şəfəqlərinə, aradabir göz önünə gələn uşaqlıq dostlarıma, pəncərələrdəki yağışın təsirindən yaranan tər damlalarına toxunan barmaqlara, udulmuş nəfəslərin necə də bezdirici, çıxarılan nəticələrin necə də güvənsiz səbəblərdən yarandığını öyrənən ərgən(keçid dövründə qalmış) insanların düşüncəsindəki uçurumlara qədər — hamısını bir-bir yazmaq istədim sənə… bəlkə də inandırıcı gələ bilməz sənə, Esther… bəlkə də sən Seymuru sadəcə səni sevən, və ya sadəcə sənin barəndə mütəmadi düşünən, bəlkə də məni; səni sevməyə çalışan, unutmayan bir şair qırıntısımı, yazıçı kölgəsimi, insan hissələrindən yaranmış mənasız ruh vakuumundakı cəsəd parçasımı, yoxsa bələkdəki körpə qədər saf və təmiz, ya da bir ayağı burda, bir ayağı gorda olan qoca qədər düşüncəsiz və hiyləgər sayırsan..

      Küləklər şəhəri dolu rüzgarla, doludu qırılmış qəlb parçalarıyla… bir-bir yığ bax, hansı parçalardan “puzzle” mənzərəsi düzüb-qoşa bilərsən? heç cür bacarmarsan bunu sən, çünki bu şəhərin minlərlə fərdinin yüzlərlə dərdi var… bu ürəklərin parçalarını yığıb-toplamaqçün bir-bir dayanacaqları, Dağüstü Parkı, bir neçə qəlblərin parçalandığı, ayrılığa səbəb olmuş metro stansiyalarını, universitet həyətlərini, hava limanını, bulvarı, küçələri və s.-ləri bir-bir gəzib aramalısan.

      Yoxdu Esther, heç kimsə yoxdu ətrafda… bəlkə də qulaqlarımız kar, gözlərimiz kor, özümüz  də pərdə kimi şəffaf, görünməz və hissedilməzik… inana bilərsən, heç kim bizi görmür… bəlkə də daxilimizdən itmişik biz, Esther… bəlkə də, xaricimizi işıqlandırsaq bir az? Bu bəyaz neonlu göydələnlər kimi, sepiya projektorlu Bakı kimi, çılçıraqlı mənzillərdəki susqun və gözəgörünməyən, pərdəni aralayıb bizi görməyən, pəncərəyə tərəf bir addım da atmayıb, keçmişimizin xoşbəxtlik qırıntılarına kölgə sala bilməyən insanlar kimi..

      Buludlar necə də bir-birindən aralanıb səmada… insanlar necə də mənasız olub, bir bax, hər sözə gülür, hər baxışa gülümsəyirlər, hər atılmağa, hər unudulmağa kədərlənib, göz yaşı tökürlər, hər səssizlikdən ölüm kimi qorxurlar bir bax, Esther..

      Bu gəzən ayaqlara bax Esther, hamısı harasa tələsir, öz vaxtını-zamanını gözləyən yoxdu elə bil...

      Bəlkə də yuxularıma qonaq gəlməyinə icazə verməyəcəm sənin, bəlkə də kimlərəsə görə yadına düşəcəm, amma sadəcə tarixdən, yaşadığın bu illər boyunca sadəcə 3 illik yaddaqalan, yaddaqalmaz bir insan kimi… Həyatında heç bir dəyişiklik etməyi bacarmayan nəfəs alıb, yemək yeyən, şer yazıb onları üzünə oxumağa utanan bir şair kimi..

      Binalar necə də ardıcıl dayanıb amma, sanki məhkumlar kimi… sanki baxışlarımdakı toplanıb qalmış xatirələrlə onları əridib məhv edəcəklərim kimi… pəncərələrdən içəridəki həyatlar kimi… içindəki xoşbəxt insanlar kimi… çilçırağın işığı altında səmimi ailə münasibətləri quran, başqa kainatdan gəlmiş, bizim kimi nakam sevgisizlərə və düşüncəsində ancaq arzular olan insanlara əzab verməkçün… bizə örnək üçün gəlib o evdə yaşayanlar bu şəhərə… siqareti də bizə görə yaradıblar sanki, Esther, səni unutmaqdan ötəri yox, unudulmuş anları, salisələri, saniyələri saat əqrəblərində geriyə çəkmək üçün… onları toplayıb saat yaratmaq və həmin 1 saatı da keçmişdəki hansısa zaman kəsiyinə yerləşdirib, səni barmaqlarım arasına alıb gələcəyə qaçmaq üçün...

       Yağışın damcılarından bir ovuc götürüb gözlərimə çırpsaydın da, oyanardım bu yuxulu gecələrdən, günəş şüalarına gözlərimi yaxınlaşdırsaydın da, göz yaşlarımı qurutsun və məni inandıraydı ki, sənsiz gecələrdən başqa sənli gündüzlər də var, buz əllərimdən yapışıb, “ölənə qədər getməyəcəksən” deyib, verə bilmədiyim suveniri, qaytardığın üzüyü üzükqabıyla bir yerdə yazdığım şerləri də torpaq altında basdırsaydın da, kitab rəfimdəki kitablar arasında mənə göz dağı olmasaydı, səni nifrət və kədərlə xatirimə salmasaydı...

        Sussaydın da daş qayalar kimi, sözlərimi saçlarına,  üzünə-gözünə dalğalar kimi çırpsaydım da, cavab verməsəydin..

        Qaçsaydın da məktublarımın səhifələri arasından, sonradan davam etmək istəyəndə baxsaydım da; “bu nə qədər mənasız bir işdi görürəm mən? kimsəyə ünvanlamadan necə məktub yazmaq olar görəsən? yəqin kmi dəli olmuşam” — deyib, vərəqləri cırıq-cırıq edib, zibilqabına tullasaydım..

Səndən sonra dənizlə dostlaşmışdım bir aralar, gah qağayıların qığıltısı, gah da ləpələrin qüdrətli həngaməsinə pıçıltıyla cavab verərdim, adını çəkərdim sənin rüzgarlarla içimdə var gəl edərkən..heç kimin eşitməyəcəyi dərəcədə pıçıldardım… soyuq idi, çox soyuq idi, Bakının hər halı. Istər gecəsi, istər səhəri, istər küçələri, istər binaları, istərsə də insanları..

        Qəribə insanın duyğusallağıyla maraqsız romanın unutqanlığı arasında necə seçim edəcəyin barədə; ilişib qalmışdın… Bilirəm, gizlətmə. Danmayacam… Bunlar belədi, çünki insan özunə qiymət verə bilməzdi, mən də həmçinin. Ətrafdakıların münasibətlərini saf-çürük edərkən, anlayırsan ki, necə varlıqdı, nəfəs alırmı, mən də həmçinin. Səni belə sevdim Esther, dəqiqləşdirməyi sevdiyinə görə sevdim. Sən seviləsi qadınsan bəlkə də, ama bir neçə məqamda sevilə bildin. Məhz hamının diqqət mərkəzində olarkən, dostların və düşmənlərin nəzər nöqtəsində olarkən anladım səni onlardan fərqli edən xüsusiyyətlərini. Ama sən hələ də axtarışdasan, Esther. Aldığın hər nəfəsdə içini üşüdən bir fırtına kimi, getdiyin hər ünvanda üzünə çırpılan qapı kimi, yaşadığın hər yeni cəmiyyətdə yovuşa bilmədiyin bir xüsusiyyət kimi olacam mən, özüm yanında olmaya-omaya. Tapa bilməyəcəyin xoşbəxtlik dalğalarına atılan qağayılartək… Səmanı yara biləcək təyyarələrin varlığına inana bilmədiyinə görə, dənizləri, okeanları fəth edən, səni mənlə, məni də sənlə, bizi böləcək olan yaxtalara istehzalı gülüşlər qopardığın an anlayacaqsan, bu dünyada mümkün olmayacaqlar var, əzizim. Bəlkə də sənin barəndə kimsələrsə daha maraqlanmayacaq, bəlkə də unudulacaq bu qara gözlər içərisindəki ala bəbəklərin. Məni tapacaqsan ama belə yox, başqa cür tapacaqsan sən, mənasız, həyəcansız, istisiz baxışlarımdakı sevgini arayacaqsan ama gözlərimin içindəki nurunu itirən insanları görəcəksən, və utanacaqsan bəlkə də. gözlərimdən ayna kimi baxacaqsan və həmin an ayılacaqsan, baxacaqsan; böyrümdə sevdiyim qadınım, əlimdən yapışan bir cüt ay parçası övladım, və nəhayət səni unudan bir yoxluq. Əlvida Esther! Görüşməyənə qədər!..

 

P.S: Deyə bilərsən ki, «bir insanı şəkillərindən və haqqındakı xəbərlərdən nə qədər tanıya bilərsən ki?!» Haqlısan. Bəlkə də çox az.
Elə isə belə deməliyəm: Səni az tanıyıram… Az..
Sən də fikir verdinmi? «Az» sözü kiçik bir kəlimədir. Sadəcə «A» və «Z».
Sadəcə iki hərf. Amma aralarında böyük bir əlifba var.
O əlifba ilə yazılmış on minlərlə kəlimə və yüz minlərlə cümlə var. Sənə söyləmək istəyib, amma yaza bilmədiyim sözlər də o iki hərf arasındadır.

     Biri başlanğıc, digəri son. Amma sanki bir-biriləri üçün yaradılıblar.
Yan-yana gəlib birlikdə oxunmamaq üçün, aralarındakı hər hərfi bir-bir keçib bir-birlərinə qovuşmuş kimidirlər.
Sənin və mənim kimi..

[Hakan Günday / «Az»]

 

0 şərh