Yuxularımızda oxşarlıq varmı görəsən? ("Esther`ə Məktublar" adlı kitabımdan)

...Günəş xəfif addımlarla yaxınlaşır Bakıya...
Şərqdən gələn ilk şəfəqləri hiss edən quşlar bir ağızdan oxuyurlar.
Mən bunu anladım o səslərdən :
— Nəisə başlayacaq.
Bu qaranlıq çəkildiyi vaxt, daha öncə heç nə olmamış nəisə olacaq. Bütün canlıların dörd gözlə gözlədiyi, yoxluğuna neçə vaxtır ki güclə davam gətirəcəyimiz nəisə. Bir möcüzə.
Yadıma sən düşdün bir anlıq… Möcüzə adlanan nəisə varlığı, işsizlərə gözlənilməz iş təklifi, hansısa evsiz ailəyə ev bağışlanması, övlada həsrət valideynlərə bələk sevinci olmalıdı..
Amma sənin qayıtmağın möcüzə. olmayacaq bir iş. Qürur adlı səddin arxasında əsir olmuş qadınım…
...Tənbəl hərəkətlərlə qalxıb pəncərəni açdım. Bir fevral səhərinin təmiz havasını uddum… Sərindi. Ayazdan titrəməyimə baxmayaraq küçəyə baxıram… Alatoranlıq içində heç kim məni görmədi pəncərədə… Amma çox ümidləndim görünməz olduğuma.
...otaqda radio qırıq-qırıq səsiylə otağın quruluşuna meydan oxuyur. görünməzəm. bu dəfə mən şəffafam. su kimi. bu dəfə mən yuxuda gördüklərimi yoza bilmirəm…
Bilirsən, insan bəzən röyada olduğunun fərqinə vara bilir. Yuxunu ələ verən, onun yalanını çıxaran nədir, o anın həqiqət olmadığını hansı ipucuyla anlayıram bilmirəm ki. Amma bir az sonra qardaşım Elmar'ın yatdığım otaqdakı cırıltılı ayaq səsiylə ya da küçəmizdən keçən yük maşınının “tak-tak” səsi üzündən ayılmağa məcbur qalacağını bilmək, büyük bir narahatlıq yaradır içimdə həmişə. Yuxuda olduğumu şüuraltımda hiss etdiyim an elə bir daxili sarsıntı keçirirəm ki, ondan sonra həmin yuxum da qorxudan gedib, qayıtmır…
Gözyaşları içində oyanmalı oluram. Maşın qəzalarıyla bağlı yuxular var bir də. Əslində necə olduğunu heç bir zaman görmədiyim üçün şüşə, metal və plastik qabların uçuşduğu qarabasma tipləri. Arxası üstünə çevrilən avtobusun, sonsuz bir uçuruma endiyim və vəhşətli həyəcanımı hiss elədiyim amma nərdivandan yıxılmadığım, bitməyən uşaq çığırtılarının yarattığı hansısa bir saxta faciələr, balaca qardaşımın, hər tərəfinə mürəbbə bulaşdırmış halında gördüyüm yuxuların sonda, sağında sonsuzluq işarəsi qalır, insanın öz çığırtısına oyanmasıyla bitsə də hamısı… Yuxularımın və həqiqətimin əslini anlamadığım an…
Əl-üz yuyana gedib üzümü islatmaq…
Qısa bir sükunətdən sonra yenidən yatmağa çalışmaq…
Ama hamısı bu qədər. Mürəbbəli geyimli qardaşımın həqiqətdə o qədər də təsirini hiss eləmirəm. əzizlik, boşluq və imkansızlıq duyğusu burda yoxdu. sadəcə bir dəhşət qalır sadəcə:
— Öldürmək istədiyi MƏNi öldürməyib daha da həyata qarşı gücləndirən duyğu!
…qonşu evdən kəsik-kəsik piano səsi gəlir. uzaqlarda qırıq qırıq qoxuduğum ətirlər, sınıq darvazalı evimiz gəlir gözüm önünə… Xatırladım. Xatırlanmadığım üçün anlam verə bilmirəm bu görüntülərə. Pərdələri bağladım. Oturdum, qarşımdakı divarı başdan-başa hörən kitab rəflərinə baxdım. Kitab dəlisi deməzdim özümə. Cahil də sayılmazdım. O biri evimizdə burdakı qədər böyük olmasa da, atamın oxuyub yığdığı bir kitabxana var. Mən ən çox atlaslara, xəritələrə baxmağı sevirəm nədisə. Ölkələri ayıran göllərə və dağlara, şimal və cənub qütblərinə, valyuta növlərinə və idarəetmə quruluşlarına saatlarca sıxılmadan baxa bilərəm. Bunun bir oxuma sayılıb sayılmadığını bilmirəm amma Nepal'ın paytaxtını ya da Çernoqoriyanın valyuta növünü soruşan olarsa, həmin dəqiqə cavab verərəm.
Səmada hansısa bir bulud günəşi yavaş-yavaş pərdələdi.
Ev bir neçə dəqiqəlik aydınlığını itirdi.
yatıram.
 cavab yazacağına ümid edirəm…
azacıq.
Özün haqda nəisə… möcüzə sandığım şey “sənin haqqında təmamilə öyrənmək”…

0 şərh