Sivilizasiyalar

Sivilizasiya (lat. – “dövlət”, “vətəndaşlıq”) – insan cəmiyyətinin inkişaf səviyyəsini göstərir. Oxşar dil, din, adət-ənənə, əxlaqa malik olan xalqlar sivilizasiyanın müxtəlif mərhələsindədir. Müxtəlif xalq və ya ölkələr bu mərhələni fərqli zamanlarda qət edir; məsələn, Qədim Misir və Şumer sivilizasiyalarının tarixi daha erkən dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi-Amerika və Cənub-Şərqi Asiyanın bəzi yerli qəbilələri hələ də sivilizasiya mərhələsinə qədəm qoymamışdır. Müharibə, epidemiya, təbii fəlakət və digər səbəblər sivilizasiyaların inkişafını ləngidə bilər.

sivilizasiyaların tarixi

Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. Hazırda isə özünəməxsus xüsusiyyətlərə malik olan Qәrb, Şәrq, Konfutsi, Yapon, Hind, Slavyan-pravoslav, Latın Amerikası vә Afrika sivilizasiyaları və s. mövcuddur. Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək inkişaf səviyyəsinə malik olmuş güclü sivilizasiya tədricən zəifləyib məhv olur, zəif sivilizasiyanın yerində isə daha güclüsü yarana bilər. Məsələn, vaxtilə yüksək sivilizasiyaya malik olan qədim İraqda hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlərdə əyalət kimi tanınan Avropa isə müasir dövrdə yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir.

Müasir dövrdə dünyada ən güclü olan sivilizasiyalar Şərq və Qərb sivilizasiyalarıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada formalaşmışdır. Bu sivilizasiya yeniliklərə meyilliliyi, həmçinin elm və texnikanın yüksək inkişaf sürəti ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivilizasiyası isə daha çox ənənələrə sadiq olması ilə səciyyələnir.

Adətən, sivilizasiyalar müəyyən təbii landşaft – çay, dəniz, dağ, səhra və çöl daxilində formalaşır. Yarandığı landşaftdan kənara keçdikdə sivilizasiyanın inkişafı zəifləyir. Misir sivilizasiyası Nil çayı sahilində, Finikiya sivilizasiyası Aralıq dənizinin şərq sahilində, İnk, Astek və Mayya sivilizasiyaları And və Kordilyer dağlarında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiyanın və Şimali Afrikanın səhralarında, Türk sivilizasiyası isə Mərkəzi Asiyanın çöl landşaftında formalaşmışdır.

Yaşadıqları təbii şərait xalqların həyat tərzinə güclü təsir edir. Məsələn, ərəblərin geyim, qida, yaşayış şəraiti, adət-ənənələri səhra landşaftına uyğunlaşmışdır. Səhradan kənarda yaşayan ərəblər də yerli xalqlara uyğunlaşaraq onlar arasında “ərimiş” – yəni, assimilyasiyaya məruz qalmışlar.

Slavyan-pravoslav sivilizasiyası meşə landşaftı daxilində formalaşmışdır. Slavyan evi, məişət əşyaları, şifahi xalq ədəbiyyatı, əsasən, meşə ilə bağlı olur.

Qәrb sivilizasiyasının formalaşmasında dənizlər mühüm rol oynamışdır. Məhz buna görə də bu sivilizasiyanın müasir sərhədləri Avropadan xeyli uzaqda yerləşən Şimali Amerika, Avstraliya, Yeni Zelandiyanı əhatə edir.

Sivilizasiyalar tarixboyu bir-birini dəyişdirmiş və yeniləşdirmişdir. Onların birbirinə təsiri müxtəlifdir. Əgər Böyük Coğrafi kəşflərdən sonra avropalılar “Yeni dünya”ya səpələnərək Qərb mədəniyyətini yayırdılarsa, hazırda bunun əksi baş verir. Müxtəlif sivilizasiya areallarından – Çin, Koreya, Vyetnam, Afrika, Latın Amerikası, Yaxın Şərq və digər ölkələrdən Avropaya gələn miqrantlar öz milli mədəniyyətlərini qorumaqla yanaşı, Qərb ənənələrini qəbul edirlər.

“Sivilizasiyaların toqquşması” nəzəriyyəsi ABŞ-ın Harvard Universitetinin alimi Samuel Hantinqton tərəfindən işlənmişdir. Hantinqtonun fikrincə, XXI əsrdə sivilizasiyaların toqquşması baş verəcəkdir. Lakin Hantinqtonun əleyhdarları hesab edirlər ki, etnik fərqlərə baxmayaraq, qloballaşma prosesləri intensivləşəcək və bəşəriyyət ümumplanetar birliyə nail olacaqdır”.

 

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

0 şərh