Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün həm var-dövlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Böyük coğrafi kəşflər müstəmləkəçiliyin, okean arxasına əhali köçürülməsinin və beynəlxalq əlaqələrin bütün dünyaya yayılmasının əsasını qoydu.
Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin  daha çox sənaye məhsulları istehsalını və satışını öz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə İspaniya və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar.
Magellanın Sakit okeandan keçdiyi yol tədricən intensiv gediş-gəliş yoluna çevrilir. Bu yol boyu Yeni Qvineya, Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və həm də məlum olur ki, bu adaların əksəriyyəti avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Özü də avropalıların qorxa-qorxa üzdükləri okean sularında yerli dənizçilərin gəmiləri sərbəst surətdə şütüyürdülər.
XVI əsrdəki Avropa xəritələrində «Naməlum Cənub Torpağı» (Terra Australis İnkoqnita – latın.) yenidən gündəmə gətirilir. Bu torpağın mövcudluğu haqqında fərziyyələr hələ lap qədimdən mövcud idi. Belə ideya irəli sürülmüşdür ki, Şimal yarımkürəsinin geniş quru sahəsini müvazinətdə saxlayan cənub torpaqları da mövcud olmalıdır.
Ptolemeyə görə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı Abraham Ortelinin düzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» bütün Yer kürəsini əhatə etməklə, aşağı enliklərə doğru çəkilir.
Bütün ömrünü cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, bu torpağı tapa bilməmişdir. Lakin qəribə təsadüf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını keçmiş və sübut etmişdir ki, Yeni Qvineya materikin çıxıntısı olmayıb, müstəqil adadır. Kiros və Torresin səyahətlərinin böyük əhəmiyyəti  var idi. Belə ki, bir tərəfdən cənub torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi: Qrenlandiyadan sonra dünyanın ikinci böyük adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin çoxu o zamanlar gizli saxlanıldığına görə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın Böyük coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney ölkələri öz qüvvələrini tamamilə əldə elədikləri torpaqların qorunmasına yönəltdilər.
Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya Hollandiya şirkəti» bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib çıxartdı. Hollandiya dənizçisi Villem Yanszon Torresdən bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizçilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir.
Hollandiyalı Abel Tasman 1642-1643-cü illərdə Avstraliyanı cənubdan keçərək Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o, kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən Avstraliya kimi böyük bir materiki görə bilməmişdir. Materikin kəşfi sonrakı əsrlərə qalmışdır.
XVI əsrin ikinci yarısında qızıl və ədviyyatla dolu portuqal və ispan gəmilərini qarət etmək üçün ingilis, holland və fransız dəniz quldarlarının fəaliyyəti güclənir, bir çox hallarda buna dövlətlərin özləri də rəvac verirdilər.
Böyük dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə  Magellandan sonra ikinci dünya səyahətini həyata keçirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf edir, ispanların gözləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə üzərək onların çoxlu qızıl və başqa sərvətlər yüklənmiş gəmilərini qarət edir və ələ keçməsin deyə özünün sürətli gəmisi ilə dünyanı  bir daha dolanır. İngiltərəyə qayıdan Dreyk dövlət xəzinəsinə bu ölkənin illik gəlirindən iki dəfə çox dəyərində olan qızıl verir, özünə və adamlarına da pay göturür.
Bizim öyrəndiyimiz dövrün mühüm bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla Hindistana və Çinə yolların axtarışı təşkil edirdi. Dünyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dövlətləri hökmranlıq etdiklərinə görə yeni Şimal yolunun axtarışının təşəbbüskarları hollandlar və ingilislər olmuşlar. İlk ingilis (1553-cü il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında görünürlər. Ən mühüm elmi əhəmiyyət daşıyan ekspedisiya Villem Barensin (1596-1597-ci illər) başçılığı ilə hollandların təşkil etdikləri ekspedisiya olmuşdur. Bu ekspedisiya Yeni Torpaq adasını şimaldan keçərək Buzlu adlanan limanda qışlamışdır.
Xarici ölkələrin belə cəhətlərini görən rus pomorları Asiya materikinin şimalında yeni kəşflər aparmağa girişirlər. Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular.Qərbi Avropa  ilə ticarətin  genişləndirilməsi çoxlu xəz-dəri tələb edirdi. Kazan xanlığının süqutu (1552-ci il) xəz-dəri ilə zəngin olan Sibirə qısa və rahat yolların açılmasına səbəb oldu. Yermak tərəfindən Kuçum xanlığının məğlub edilməsi (1581-ci il) kazakların və onların arxasınca xəz-dəri tədarükçülərinin Sibirə axınını xeyli sürətləndirdi. Yeni torpaqlara doğru hərəkət həm çay yolları və həm də şimal dənizlərinin sahilləri boyu həyata keçirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Çukotkaya və Kamçatkaya gedib çıxdılar. Xəritələrdən görünür ki, onlar enlik üzrə 1200 – Yerin çevrəsinin 1/3 bərabər olan məsafə keçmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena, Kolıma, İndiqirka, Yana, Anadır və b. çayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı olan gəmiləri (koçları) cəsarətlə Şimal Buzlu okeanına çıxmışdır. 1639-cu ildə İvan Moskvitin Aldan çayının su ayrıcısını aşaraq Oxot dənizinə tökülən çaylarla Sakit okeana gəlib çıxır.
1643-1646-cı illərdə Vasiliy Poyarkovun dəstəsi Lenadan Amura keçir və Oxot dənizində üzür. 1648-ci ildə Semyon Dejnyov Kolıma çayından Çukot dənizinə çıxır və onu böyük çətinliklə üzüb keçərək Asiya ilə Amerikanı ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov burnu adlandırırlar.
Böyük coğrafi kəşflərin ikinci mərhələsində coğrafiyaya aid yazılan ədəbiyyatların sayı çoxalır, elmi əsasları dərinləşdirilir.
Nikolay Kopernik (1473-1543-cü illər) Heliosentrik nəzəriyyəni yaratdı. Jan Bodenin (1530-1595) «Coğrafi mühitin insan cəmiyyətinə təsiri» kitabı nəşr (1566) edildi ki, bu da coğrafiyanın nəzəri cəhətdən dirçəlməsində xüsusi rol oynadı. Bu əsərdə müəllif antik və ərəb alimlərinin mühit haqqındakı mülahizələrinə əsaslanan yeni fikirlər irəli sürürdü. Jan Boden antik coğrafi materializm inkişaf etdirməklə, insanı təbiətdən ayrı götürən və o zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi.
Bu dövrdə bir sıra alimlər tarixi coğrafiya ilə məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598) coğrafiyanı tarixin gözü adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dövrdəki dövlətlərin sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımçı fənni hesab edirdi. Orteli 1570-ci ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi. Onun ardınca 1567-ci ildə  İtaliya (Florensiya) taciri Lyudoviko Qviççardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı çapdan çıxdı.  Əsərin birinci hissəsində Niderlandın bütövlükdə təbiətindən, əhalisindən və təsərrüfatından danışılır. Müəllif coğrafi mövqeyin, çayların və dənizlərin ölkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmçinin ölkədə mövcud olan sənətkarlıq və ticarətin vəziyyəti, ölkənin idarə olunması haqqında geniş məlumat vermişdir. İkinci hissədə Niderlandın 17 əyalətinin hər biri haqqında ayrı-ayrılıqda söhbət açılır. Qviççardini bu hissədə şəhərlərin coğrafiyasına daha çox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və müxtəlif proseslərin səbəblərini daha geniş göstərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcümə edilmişdir.
XVII-XVIII əsrlərdə təbiiyyat elmində metafizika (mexaniki) materializm hökm sürürdü ki, bunun da əsasını Bekonun və Dekartın fəlsəfi sistemi təşkil edirdi. Empirik təbiətşünaslıq təbiət və sosial hadisələrin öyrənilməsi proseslərini bir-birindən ayırırdı. Bu dünyagörüşün mərkəzində təbiətin dəyişməzliyi haqqında müddəa dururdu: madam ki, təbiət mövcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan gündən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin öyrənilməsi proseslərini bir-birindən ayıran empirik təbiətşünaslıq coğrafiya elminə də neqativ təsir göstərdi.
Təbiətşünaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatçılardan biri olan Hollandiya coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci ildə «Ümumi coğrafiya» adlı elmi əsəri nəşr olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu əsərdə iqtisadi coğrafiya ilə bağlı çoxlu fikirlər var.
Varenius ilk dəfə olaraq coğrafiyanı bütünlüklə (ümumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kiçik sahələr üzrə (topoqrafiya) öyrənən təbiiyyat elmi kimi müəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır, çünki tədqiqat olunan obyektlərin miqyasına görə bölünməsi onların öyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə, müəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən ümumi coğrafiyanı və xüsusi (regional) coğrafiyanı ayırırdı.
Vareniusa görə, coğrafiya riyazi elm olub, Yer kürəsinin xüsusiyyətləri, forması, ölçüləri, onda baş verən hərəkətlər, hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq dairəsini təyin edir. «Ümumi coğrafiya» xəritədə məsafəni ölçmək, xəritədən və kompasdan istifadə qaydaları, gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir.
Xüsusi coğrafiyanı (müasir mənada, diyarşünaslığı) alim üç yerə bölür:
1. Günəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;
2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);
3. İnsanlara, yaxud ölkənin sakinlərinə xas olan əlamət;
Müəllif üçüncü qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu məsələlərin öyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cür münasibəti onun metafizik materializm mövqeyində durması ilə izah olunur.Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və ümumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar çoxlu xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir çox antik coğrafi yazılara xas olan tarixilik burada, demək olar ki, yox dərəcəsindədir. Müəllif öz dövrünə görə oxucularına xeyli yeni məlumatlar – yerin quru və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim müxtəlifliyini, başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan məsələlərinə heç toxunulmamış, yaxud da çox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan  sonra yeni elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Bütün ölkələrdə, o cümlədən Rusiyada onun təsiri ilə coğrafiya məktəbləri meydana gəlir.

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Həmçinin bax:
 

0 şərh