Avropada orta əsrlər coğrafiyası

Roma imperiyasının dağılmasından sonra Aralıq dənizi sahillərində yerləşən Avropa ölkələrində durğunluq dövrü başlandı. Italiyanın cənub-qərbdən olan (Anvitan) Eterinin Misir, Sinay yarımadası, Suriya, Mesopotomiya, Kiçik Asiyaya səyahəti coğrafiya elminə elə bir yenilik gətirməsə də, nisbətən əhəmiyyətli sayıla bilər.
547-ci ildə yazılmış «Xristian topoqrafiyası» əsərinin müəllifi Kosmo Indikoplo VI əsrdə böyük şöhrət qazanmışdır. Bu ad ona Hindistana üzməsilə əlaqədar olaraq verilmiş, mənası dünyada Hindistana üzən deməkdir. Kosmo Indikoplo bibliyaya əsaslanaraq yer kürəsinin hamar, Yerusəlimin isə onun mərkəzi olmasını sübut etməyə çalışır. Ona görə yer kürəsi ikiqat qübbə şəklində asimanın divarları ilə əhatə olunub və bu qübbələr köhnə yeri yenisindən ayırır. Əfsanəvi fikirlərinə baxmayaraq Kosmo Misirdə Nil çayı sahillərində, Ərəbistan yarımadasında, hətta Hindistanda olmuşdur. Lakin dini inamı onun dünya görüşünün formalaşmasında geniş rol oynamışdır.
Şimal xalqlarından Avropanın öyrənilməsində Norveçlilərin də mühüm rolu olmuşdur. Ölkələrin xristianlaşması nəticəsində sıxışdırılan bu xalqlar cavab olaraq Siciliya adasına qədər hərəkət etməyə məcbur olmuşlar. Şərq istiqamətində Ağ dənizə, cənub və cənub-qərb istiqamətində Qərbi Dvina, Dnepr, Qara dəniz, Kiçik Asiya, 914-cü ildə isə Xəzər dənizinə çatmışdılar. Atlantik okeanı ilə qərb istiqamətində üzmələri isə nəticə etibarı ilə normanların Amerika qitəsinə çatmasına səbəb olmuşdur.
Atlantik okeanı ilə normanların qərbə gedən yolu Islandiya və Qrenlandiyadan keçdiyindən bu adaların kifayət qədər yaxşı öyrənilməsi tələb olunurdu. 795-ci ildə Irlandiya monarxı tərəfindən aşkar olunmuş İslandiyaya (islandiya «Buz torpaq» deməkdir) 867-ci ildə normanlar gələ bilmişlər. 874-cü ildən başlayaraq bu adada məskunlaşma başlayır.
Qrenlandiya 982-ci ildən Erik Raudan (Kürən Erik) tərəfindən kəşf olundu. Amerikanın kəşfi isə 1000-ci ildə Erik Raudanın oğlu Seyf Eriksonu adı ilə bağlıdır. Aşkar olunmuş torpaqlar Vinland (Üzümlüklər ölkəsi), Markland (Meşəliklər ölkəsi), Xelluland (Hamar Daşlar ölkəsi) adlandırılmışdır. Bəzi tədqiqatlara görə normanlar Florida yarımadasına qədər cənuba enə bilmişlər. Digər tədqiqatçılar materikin kəşfini 986-cı ilə aid etməklə onu Byarninin adı ilə bağlıyırlar. Bütün bu deyilənlər 1440-cı ildə tərtib olunmuş xəritənin tapılması ilə aşkar olunmuşdur. Ona görə də hər il 9 oktyabr Yeni dünyanı kəşf edən Seyf Erikson günü bayram kimi qanunlaşdırılmışdır.
Normanların kəşfindən sonra avropalıların xaç yürüşü başlanır (XII-XIII). Beləliklə, onlar Atlantik okeanında Kanar adalarını, Afrika ölkələrini, Şotlandiya və Farrear adalarını sürətlə öyrənməyə başladılar.
XIII əsrin əvvəllərində monqolların Şərqi Avropaya daxil olmaları avropalıların şərqə hərəkatının qarşısını aldı. Bu maneəni aradan qaldırmaq məqsədilə Monqolustana səfir sifətilə Fransadan italiyan mənşəli Plano Karpini (16.IV.1245) və Hilem de Rubruk (1252-ci ilin yazında) göndərildi. Avropalılar belə hesab edirdilər ki, bu hərəkətlə onlar monqolların xristianlaşmasının başlanğıcını qoyacaq, həmçinin müsəlman türklərə qarşı qoya biləcəklər.
Rubruk Monqolustana gedərkən Xəzər dənizi haqqında yazdığı maraqlı bir fikir nəzəri cəlb edir. O, yazır: «Bu dəniz üç tərəfdən dağlarla əhatə olunmuşdur, şimalda düzənlikdən ibarətdir. Dəniz ətrafında dörd aya dövrə vurmaq olar, Isidor onun körfəz olduğunu düz demir» (Isidor VII əsrin ensiklopedik yazıçısı idi). Xəzər Heredot tərəfindən göl kimi göstərilsə də, Strabon dövründə səhv olaraq körfəz kimi göstərilirdi. Bu səhvi Ptolomey düzəltmişdir.
Səfir adı ilə Monqolustana göndərilmiş hər iki səyyah Orta Asiya və Monqolustan haqqında geniş məlumatlar verirlər. Rubruk Monqolustandan cənubda Çin dövlətinin yerləşdiyini bildirir, deyilənlərə əsaslanaraq Benqal körəzini arxasında başqa bir torpağın yerləşdiyini isə ilk dəfə olaraq Ponponiy Mela adlı qədim dövrlərdən yazan Avropalı yazıçı olmuşdur.
Qeyd olunanlara baxmayaraq, avropalılar hələ də Asiya haqqında kifayət qədər məlumatlara malik deyildilər. Şərqdə hazırlanmış mallar ərəblərlə əlaqə saxlayan Venesiya və Genuya vasitəsi ilə əldə edilirdi. XIII əsrdə artıq avropalıların Asiya haqqında yazdıqları məlumatlar işıq üzü görməyə başladı. Belə məlumatlardan biri də Marko Poloya məxusdur (1254-1324). 1271-ci ildə 17 yaşlı Marko Polo atası və əmisi ilə Fələstinin Akra limanından Asiya ölkələrinə yola düşür. Səyyahlar Zaqafqaziya ərazisindən keçərək Türkiyənin Van gölünə, buradan isə Təbrizdə olmaqla Dəclə çayının vadisi, Bağdad və Iran körfəzinə çatırlar. Körfəzdən gəmi vasitəsilə Hörmüz boğazına, sonra karvanla Mərkəzi Asiya ölkələrinə, Pamir və Kunlun dağlarına, Lob-Nor gölünə, Xuanxe çayı sahili ilə Pekinə (Konbala) yollanırlar. Monqolustan xanının sarayında xidmət etməklə Çinin bir sıra şəhərlərində olur. Hörmüz limanında olmaqla onu müxtəlif dövlətlər üçün zəngin ticarət mərkəzi olması haqqında ətraflı məlumat verir. Çindən geri dəniz yolu ilə qayıdan səyyahlar Malakka boğazından keçərək Hindistanın cənub sahillərindən üzməklə Iran körfəzinə daxil olurlar. Quru ilə keçərək Aralıq dənizi sahillərinə, daha sonra gəmi ilə qayıdırlar. 25 il vətəndən kənarda həyat tərzi keçirən Marko Polo Venesiya ilə Genuya arasında gedən dəniz döyüşündə əsir düşür. Əsirlikdə həbs yoldaşı Rustiçanoya diktə ilə yazdırdığı əsərlə avropalılara Mərkəzi Asiya, Pamir, Qobi səhrası, Çin, Hindistan, Yava, Summatra, Seylon, Madaqaskar adaları haqqında geniş məlumat verir. Əsər I.Minayov tərəfindən «Tatar və başqa ölkələrə səyahət» başlığı altında tərcümə edilmişdir.
Beləliklə, Marko Poloya kimi heç bir avropalı bu uzunluqda yol getməmiş, Kosmo Indikoplodan sonra (əgər düzdürsə) Hind okeanında üzən ikinci səyyahdır. O, özündən əvvəlki səyyahlardan Mərkəzi Asiyadan Çinə gedən karvan yolunu dəqiqliyi ilə təsvir etməsinə görə xüsusilə fərqlənir. Ölkəni idarə etmək üçün yaradılan sistem, yəni yollarda göstəricilərin qoyulması və 400 atdan ibarət stansiyaların yaradılması məharətlə təsvir edilir.
Marko Polo Çində mənzilləri qızdırmaq üçün qara daşlardan istifadə olunduğu haqda ilk dəfə olaraq məlumat verir. Bu münasibətlə o, yazır: «Çində qara daşlar var. Filiz kimi onlar dağlardan çıxarılır və odun kimi yandırılır. Onun istiliyi odunun istiliyindən daha çoxdur. Axşam yaxşı qalanarsa səhərə kimi yanır. Odun onlarda çox olmasına baxmayaraq, ucuz olduğuna və ağacları qorumaq üçün qara daşlar yandırılır.»
Bir çox məsələlərdə avropalıların onu başa düşə bilməyəcəklərindən çəkinərək yan keçir. Kitab çap edilməsini misal gətirmək olar.
Hindistanın təbiətini Avropa ilə müqayisə edərək yazır: «Bütün Hindistanda vəhşi heyvanlar və quşlar bizimkilərə oxşamır.» Marko Polo bu yazılarla şərq ölkələrinin bəzi sahələrdə avropalıları çox geridə qoymasını və təbiətinin zənginliyini bəlkə də özü də bilmədən təsdiq etmişdir. Marko Polo özgələrin fikirlərinə əsaslanmaqla Yaponiya, Indoneziya, Şərqi Avropa haqqında da qiymətli məlumatlar verir.
Həyatın mənasını səyahətdə görən Marko Polo «Çin və ora yol», «Cənab Marko Polonun kitabı» əsərləri ilə coğrafiya tarixində silinməz iz buraxmışdır. Əfsanəvi görsənən Polonun yazıları 200 ildən sonra Kolumb tərəfindən istifadə olunur.
Marko Polodan sonra Covanni Monte-Korvinonun Hindistan haqqında məlumatları coğrafi baxımdan xüsusi maraq kəsb edir. O, Hindistanın iqlimini və burada yaşayan xalqlar haqqında məlumat verməklə dənizçilərə mussonların əhəmiyyətini izah etməklə yazır: «Hindistana ildə bir dəfə üzmək mümkündür, çünki apreldən oktyabra qədər külək şərqə, oktyabrdan marta qədər isə əks istiqamətdə əsir.»
Coğrafiya tarixinə nəzər salmaqla belə məlum olur ki, Marko Polonun səyahətindən sonra avropalıların da qəbul etdiyi kimi Şərqə Xaç yürüşü başlayır.
Afanasi Nikitin (?-1472)- Hindistanda ilk dəfə olmuş rus səyyahıdır. XV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arxasındakı ölkələrlə ticarət aparmaq üçün yollanmış tacirlər əvvəllər uzaq ölkələrdə olmuş, qərarı və savadı ilə seçilən Afanasi Nikitini karvanbaşı seçirlər. Həmin dövrdə Volqa aşağı axında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər etdilər. Buna baxmayaraq Həştərxan yaxınlığında tatar xanı Qasımın adamları tərəfindən yaralanaraq qarət edilirlər. Şamaxı səfirinin gəmisində olan Afanasi Nikitin xilas olur. O, Bakıya yola düşür və bir müddətdən sonra Iranın ən qədim şəhərlərindən biri olan Rey şəhərinə çatır. 1469-cu ildə Irana məxsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: «Burada dünyanın hər yerindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür.» Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaxından tanış olan A.Nikitin Hindistanda atlara yüksək qiymət verildiyini öyrənərək bir neçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə o, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır. Ölkə haqqında kifayət qədər məlumatı olmayan A.Nikitin təəccüblə yazır: «Burada insanlar ayaqyalın gəzir, baş və döşlər açıq, saçlar bir hörüklüdür. Uşaqları çoxdur, kişi və qadınlar qaradır. Mən hara gedirəmsə arxamca adam doludur, çünki ağ adama təəccüblənirlər.» Çaylı limanından ölkənin daxili hissələrini öyrənməyə çalışır. Cüney xanı tərəfindən atı alınan A.Nikitinə müsəlman dinini qəbul etmək təklif olunur. Təhlükə qarşısında qalan səyyah Iranlı tanışı Xoca Məhəmməd tərəfindən xilas olur. Şəhərin təbiəti, iqlimi, əhalinin məşğuliyyəti və etiqadı haqqında qeydlərindən sonra, Bidar şəhərinə yola düşür və qeydlərini davam etdirir. Üç il Hindistanda yaşadıqdan sonra Dabuldan Hind okeanı ilə yenidən Hörmüzə üzür. Lakin fırtına onların çox da böyük olmayan gəmilərini Afrika sahillərinə yönəldir. Buradan Ərəbistan sahillərinə yan almaqla təkrar Hörmüzə qayıdırlar. Tacir karvanına birləşməklə A.Nikitin Türkiyənin Qara dəniz sahilində yerləşən Trabzon şəhərinə gəlir. Buradan vətəninə yola düşən səyyah yolda Smolenski şəhəri yaxınlığında 1472-ci ildə vəfat edir. Yoldaşları «Üç dəniz arxasında» əsərinin əlyazmalarını Moskvaya çatdırırlar. Afanasi Nikitin ruslara əfsanəvi ölkə sayılan Hindistan haqqında ilk dəfə olaraq ən dəqiq məlumatları çatdırır. Bu baxımdan «Üç dəniz arxasında» əsəri Hindistan haqqında dövrünə qədərki bütün təsvirlərdən daha qiymətlidir. Xatirəsini əbədiləşdirmək məqsədilə Volqa çayı sahilində, Kalinin şəhərində heykəli qoyulmuşdur.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Həmçinin bax: Orta əsrlər coğrafiyası

0 şərh