Cənubi Amerika materikinin tədqiqi

Xristofor Kolumbun qərb istiqamətində səyahəti təsadüfi olaraq «Yeni Dünya»nın kəşfi ilə nəticələndi. Təəssüf ki, o, ömrünün sonuna qədər dünya xəritəsinə yeni bir materiki əlavə etdiyindən xəbərsiz qaldı.
Şimali Amerika kimi, Cənubi Amerikanın kəşfi də təsadüfi xarakter daşıyır. Belə ki, 1500-cü ildə portuqal gəmiləri Pedro Kabralın rəhbərliyi altında Afrikanın cənubundan keçməklə Hindistana yola düşür. Bu yol 1497-ci ildə artıq Vasko da Qama tərəfindən kəşf edilmişdir. Ancaq bu yolla Hindistana çatmaq Pedro Kabrala qismət olmur. Çünki, istiqamətini itirmiş gəmilər dəniz axınları vasitəsilə qərbə yönəlir. Nəticədə gəmilər naməlum torpaq sahillərinə çatırlar. 1500-cü ildə portuqalların təsadüfən müəyyən etdikləri bu torpaq Cənubi Amerika idi. Portuqallar ada hesab etdikləri torpağı Santa-Krus (Müqəddəs Xaç) adlandırırlar. Daha sonra onun ada deyil, böyük bir materik olması aydın olur. Son nəticədə əvvəldə qeyd olunduğu kimi, materik ədalətsizcəsinə Ameriqo Vespuççinin şərəfinə adlandırıldı.
1519-cu ildə ispanlar Asiyaya qərb istiqamətdə Magellanın rəhbərliyi altda dəniz yolu axtarmaqla yanaşı Cənubi Amerika materikinin daxili hissələrində də tədqiqat işlərini genişləndirdilər. 1519-cu ildə Panama şəhərinin əsasının qoyulması inklərin zəngin nağıllar ölkəsinin axtarışının başlanğıcını qoydu. Bartolome Ruis tərəfindən Peru aşkar edildi və Fransisko Pisarro tərəfindən təkrar aşkar edilməklə ölkənin daxili hissələrinin öyrənilməsi daha da sürətləndi. 1524-cü ildə Pisarro Panamadan cənub istiqamətdə San-Xuan çayına qədər üç il müddətində axtarış aparmasına baxmayaraq bataqlıqlar və məskunlaşmamış ərazilərdən başqa heç nə aşkar edə bilmədi. Daha sonra ekvatordan cənuba üzməklə yerli əhali ilə məskunlaşmış ərazilərə rast gəlir. O, tərkibi qızılla zəngin olan mineralların geniş əraziləri əhatə etdiyini müəyyən etməklə nümunələr götürür və böyük ruh yüksəkliyi ilə Panamaya qayıdaraq buradan Ispaniyaya yola düşür.
Peru Cənubi Amerikanın mərkəzi hissələrini tədqiq etmək üçün tədricən başlanğıc məntəqə kimi formalaşırdı. 1583-cü ildə Benalkasarın rəhbərliyi altda böyük bir dəstə materikin daxili hissələrinə daha çox irəliləməklə Ekvadoru mərhələ-mərhələ təsir dairəsinə saldılar. Digər bir ekspedisiya Eldoradonu (ispanca qızılla cilalanmış adam deməkdir) axtarmağa çıxmışdır. XVI əsrdə belə bir yarı həqiqət olan əfsanə yayılmışdır ki, Cənubi Amerikada hindi qəbilə başçılarının biri o qədər qızılla zəngindir ki, o səhərlər bədənini qızıl qumla (şirəli gillə) örtür, axşamlar isə müqəddəs göldə yuyunur. Əslində isə bu hadisə bəzi hindi qəbilələrində bayram münasibəti ilə yığıncaqlarında olurdu. Bu əfsanə Maqdalen və Orinoko çaylarının hövzələrinin, həmçinin Qviana dağlıq sahəsinin aşkar edilməsinə səbəb olmuşdur.
Daha inamla materikin daxili hissələrinə ekspedisiyasını davam etdirən Fransisko Pisarro inklərin məskunlaşdığı ərazidən kənarda təbii sərvətlərlə daha zəngin olan ölkələrin mövcud olması haqqında məlumat alır. O, həmin əraziləri təsir dairəsinə salmaq üçün qardaşı Qonsalo Pisarronu təşkil olunmuş ekspedisiyaya başçılıq etməyi tapşırır. Kordilyer dağlarının soyuq və qarlı zirvələrini keçməklə hindilərin və ekspedisiya üzvlərinin bir hissəsini itirən Qonsalo özləri üçün qeyri-adi sayılan yağışlı bir ölkəyə daxil olurlar. Iki ay ara vermədən yağan yağışlar ölkəsində Qonsalo Pisarro dəstəsinin bir hissəsini saxlamaqla, digər hissəsi ilə meşə və bataqlıqlarla irəli hərəkət edir. Ərazinin keçilməz olduğunu nəzərə alaraq Qonsalo ekspedisiyanı dayandırmaqla qayıqlar hazırlamağı qərara alır. Kapitan Fransisko de-Orliana təyin olunmaqla ekspedisiya üzvləri irəli doğru hərəkət edirlər. Orliana üç gün müddətində deyilən yerə çatır. Lakin zəngin ərazi kimi göstərilən bu ərazidə nə qızıl, nə də ekspedisiyanı təmin etmək üçün ərzaq məhsullarının toplanmasına imkan vardı. Beləliklə, Orilana Amazon çayı vasitəsilə Atlantik okeanına qədər üzməli olur. Geri qayıtmaqla Qonsalo Pisarronu və bütövlükdə ekspedisiya üzvlərini tapmaq ümidi olmadığından verilmiş əmrdən kənara çıxmaqla çatdıqları ərazidə müvəqqəti məskunlaşırlar. Bu ekspedisiya 4 min hindi, 210 ispanın həyatı bahasına başa gəldi. Bütün çətinliklərə baxmayaraq 1542-ci ildə ekspedisiya üzvlərinin bir hissəsi Kito şəhərinə qayıda bilmişlər.
Bir qrup alimlərin fikrinə görə Orliana kəşfiyyat işləri aparmaqla geri qayıdaraq nəticə haqqında məlumat verməli idi. Lakin şöhrət və var-dövlət arzusu onun satqın kimi hərəkət etməsinə səbəb olur. Orliananın bu hərəkəti və Qonsalo
Pisarronun uzun müddət axtarışı ekspedisiya üzvlərinin əsas hissəsinin həlak olmaları ilə nəticələnmişdir.
Bu səyahət ispanların dünyanın ən sulu çayı və onun hövzəsi haqqında təsəvvürləri genişləndirdi, zəngin filiz ehtiyatlarına malik olmaları haqqında fikirlərdən daşındırdı.
1540-cı ildə Peru ispanlar tərəfindən tamamilə işğal olundu. Daha sonra Valdiviya və Mendos tərəfindən Çili tədqiq edilərək məskunlaşma prosesi başlandı. Onun Magellan boğazından daha cənuba üzməklə tədqiqat işləri aparmaq arzusunu hindilərlə döyüşdə həlak olması yarımçıq qoydu.
Mendosun təşkilatçılığı altda ispanlar daha cənuba enməklə 1577-ci ildə Çiloe arxipelaqını müəyyən etdilər.
1560-cı ildə hazırki Perunun paytaxtı Limadan Ursanın başçılığı altda çıxan ekspedisiya setyabrın sonunda dağları aşaraq düzənliyə çıxmaqla onun Atlantik okeanına qədər davam etməsini müəyyən etdilər.
1520-ci ildə Oxeda və Nukesin əsasını qoyduqları Kumana, 1525-ci ildə Santa-Marta, 1532-ci ildə isə Kartaxena (materikin şimal sahillərində) kaloniyaların sayı getdikcə artmaqda idi.
1538-ci ildə Kesada ispanların mədəni xalq saydıqları çibçalara qalib gələrək Santa-Fe-de-Boqata şəhərinin əsasını qoydular. Başqa bir ekspedisiya materikin şimalında Flip fon Quttenin rəhbərliyi altda Korodan Burburata limanına qədər sahil zonasını tədqiq etməklə qurunun daxili hissələrinə doğru hərəkət etdilər.
1574-cü ildə Silva Amazon və Orinoko çayları arasındakı deltaya enməklə oranı tədqiq etməyə başlasalar da Xuana Martini de Albuxaradan başqa bütün ekspedisiya üzvlərinin həlak olması bu işin yarımçıq qalmasına səbəb oldu. On il hindilərlə yaşamağa məcbur olan Albuxara nəhayət Venesuelanın şimalındakı Marqarita adasına çatmağa nail olur və Eldorado krallığının ağılasığmaz zənginliyi haqqında məlumat verir.
XVI əsrin əvvəllərində qərblə müqayisədə materikin şərq hissələri öyrənilməmiş qalırdı. Bu sahədə 1515-ci ildə LaPlata çayının estuarisini aşkar edən ekspedisiya rəhbəri Xuana Diasa de-Solisin ilk tədqiqatı xüsusilə əhəmiyyətlidir. Materikin daxili hissələrini öyrənmək üçün qeyd olunan estuari müstəsna rol oynamışdır. Xuan Ayolas bu estuaridən Parana çayına daxil olmuş, Paraqvay qolu ilə Paraqvayın hazırki paytaxtı Asumsona çatmaqla şəhərin əsası qoyulmuşdur.
Materikin qərb və şərqi arasında əlaqələri möhkəmlətmək hələ də problem olaraq qalırdı. Bu məqsədlə Perudan şərq istiqamətdə təşkil olunmuş ekspedisiya Argentina ərazisində 1553-cü ildə Santyaqo-del-Estro, Çilidən çıxan ekspedisiya isə 1559-cu ildə Mendosa şəhərlərinin əsaslarını qoydular.
Beləliklə, deyilənlər Cənubi Amerikanın tədqiq olunma tarixini tam əks etdirməsə də, onun öyrənilməsi və tədricən müstəmləkəyə çevrilməsi haqqında təsəvvür yaradır.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

 

0 şərh