Rusların Şimali Amerika tədqiqatları

Şimali Amerikanın öyrənilməsi rusların Avropanın bir sıra dövlətlərindən gec başlanmasına baxmayaraq coğrafiya tarixində özünəməxsus yeri vardır. Son dövrlərin məlumatlarına görə rusların Alyaska yarımadası ilə ilk tanışlığı üç əsr bundan əvvəl başlamışdır. Asiya ilə Amerika arasında boğazın olmasına ilk dəfə Semyon Deynyov desə də (1648), bu boğaz haqqında müəyyən qədər aydın məlumatlar «Qavriil» gəmisində şturman Ivan Fyodorov və geodozist Mixayil Qvazdova (1730) məxsus olması haqqında fikirlər vardır. Coğrafiya tarixində onların 1732-ci ildə Amerika sahillərinə üzməklə şahzadə Uels burnuna yanaşmaları haqqında məlumatlar mövcuddur.
Amerika sahillərinin öyrənilməsində Vitus Berinqin komandanlığı altında «Müqəddəs Pyotr» və Çirikovun komandanlığı altında «Müqəddəs Pavel» gəmilərinin tədqiqat aparması üçün təşkil olunmuş ekspedisiyaları xüsusi əhəmiyyət kəsb edir. Onlar ay yarım üzdükdən sonra sıx meşəliklərlə örtülü Amerika sahillərini, həmçinin Müqəddəs Ilin zirvəsini görürlər. Ekspedisiya üzvləri aşkar etdikləri adanı Müqəddəs Ilin adası adlandırırlar. Q.V.Steller qısa müddətdə adada botaniki, zoğrafi tədqiqatlar aparır, Alyaska sahilləri və yarımadaya yaxın adaların ərazilərinin təbiəti haqqında məlumatlar toplayır. Ruslar ilk dəfə olaraq Kodyak, Müqəddəs Ilin, Atxa, Markiana, Müqəddəs Stefan xəritələrində əks etdirirlər.
1741-ci il dekabrın 8-də heyətin bir sıra üzvləri kimi Berinq də sinka xəstəliyindən ölməsi qarşıya qoyulmuş məqsədin yarımçıq qalmasına səbəb oldu.
«Müqəddəs Pavel» gəmisi Çirikovun rəhbərliyi altında Berinqdən fərqli olaraq daha cənub sahilləri tədqiq etməklə şimal-qərbə doğru üzürlər. 1741-ci ildə gəmi Kamçatka yarımadasına qayıdarkən Aleut adalar qrupunu bütövlükdə kəşf edirlər.
Aleksey Iliç Çirikovun xatirəsi Dumanlı adasının onun adına verilməsilə əbədiləşdirildi.
Artıq XVIII əsrin ikinci yarısından Alyaska yarımadasının sahilləri rus ovçu-sənayeçiləri tərəfindən tutulmağa başlandı. Əməllərinə bəraət qazandırmaq məqsədilə L.C.Berq yazır : «Bütün Aleut adaları ruslar tərəfindən tapılmış və xəritəyə salınmışdır».
Aleut və Amerika sahillərinin xəz dəri heyvanlarla zəngin olmasını öyrənən rus sənayeçilərinin bu ərazilərə güclü axını başlandı. Nəticədə, coğrafiya xəritələrində Aleut adaları boyu Bliji, Krısini, Dördtəpəli(Çetırexsopoçnı), Anderyanovski, Lisini, Miss (Medni), Umapak, Unalaşka kimi adalar öz əksini tapdı.
Rus ovçu-sənayeçiləri 1788-1838-ci illər ərəfəsində məlum adalardan 3 milyondan çox dəniz pişiyi dərisi, 125 mindən artıq tülkü, 50 mindən yuxarı qunduz dərisi gətirmişdilər.
Göründüyü kimi, ruslar tərəfindən kəşf edilmiş ərazilərdə də əsas məqsəd istismar və mənimsəməkdən ibarət olmuşdur.
Rus tacirləri arasında Qriqorii Şelixovun Amerika sahillərinin öyrənilməsi və mənimsənilməsində xüsusi rolu olmuşdur. Çünki o, ilk dəfə olaraq Amerikada rus yaşayış məntəqələrinin yaradılması istiqamətində cəhd göstərməklə gələcəkdə rusların Amerikada mövqelərinin möhkəmlənməsi təşəbbüsündə olmuşdur. O, Sakit okeandan şimal istiqamətlə üzərək Şimal Buzlu okeanına, buradan isə Baffin körfəzinə keçməyə cəhd göstərən ilk rus taciridir.
1791-ci ildə tacir Aleksandr Andreeviç Baranov Amerikaya ekspedisiyanın təşkilini öz üzərinə götürür. Baçarovun rəhbərliyi altında təşkil olunmuş bu ekspedisiya Unimak adasını Alyaskadan ayıran Issanax boğazından başlayır və Alyaska sahilləri tədqiq edilir. Baranov faydalı qazıntılar axtarmaq istiqamətində tədqiqat işləri aparmaqla Amerika sahillərində kiçik də olsa, bir neçə müəssisə yarada bili rvə miss istehsalına başlayır. Kodyak adasında isə məskunlaşmanı sürətləndirmək məqsədilə kərpic zavodu tikdirir.
1796-cı ildə hazırda Baranov adlanan Sitxa adası və onu əhatə edən boğazlar tədqiq olunur, San-Fransiskodan şimala Sakit okeana tökülən Slavyanka çayı sahilində Ross kəndi salınır.
26.VII.1803-cü il tarixində kapitan-leytenant I.F.Kruzenşternin rəhbərliyi altında «Nadejda», kapitan U.F.Lisyanskinin rəhbərlik etdiyi «Neva» gəmiləri Kronştadt limanından çıxaraqSakit okeana keçirlər. «Neva» gəmisi rus Amerikası sahillərinə istiqamət götürərək tədqiqat işləri aparmağa başlayır.
1824-cü ildə qraf N.P.Rumyançev tərəfindən Amerika sahillərini öyrənmək üçün təşkil edilmiş ekspedisiya onun ölümu ilə əlaqədar olaraq yarımçıq qalır. Tədqiqatın davamı Kaşevarovun komandanlığı altında «Polufem» gəmisi tərəfindən həyata keçirilir. Onlar Lisburn burnundan Varro burnuna qədər olan əraziləri tədqiq etməklə şərqə doğru tədqiqatlarını davam etdirirlər. Ekspedisiya sahil xətləri ilə yanaşı, Alyaska yarımadasının daxili hissələrini də öyrənməyi də yaddan çıxarmadı.
1847-ci ildə hidroqrafik və kartoqrafik işlərin nəticələrinə əsaslanan Kaşevarov Sakit okeanın tədqiq olunmuş sahillərinin xəritəsini tərtib etdi. M.D.Tebenkov isə Amerikanın şimal-qərb sahillərinin və Aleut adalarının Atlasını tərtib etmişdir.
1842-ci ildə Sitxa adasında yerləşən NovoArxangelskidə Rusiya - Amerika kompaniyası tərəfindən maqnit - meteoroloji rəsədxanasının əsası qoyuldu.
1867-ci ildə çar höküməti tərəfindən Alyaskanın 7 milyon dollara satılması rusların tədqiqat ardıcıllığını pozaraq tədricən heçə endirdi.

Rusların Cənubi Amerika tədqiqatları

Qərbi Avropa ölkələri ilə yanaşı ruslarda da hər iki materikdə tədqiqat işlərinin aparılması, yeni torpaqların ələ keçirilməsi həvəsi yaranmışdır. Bu məqsədlə Cənubi Amerikaya səyahət edən ilk rus tədqiqatçısı Nijni Novqorodlu Vasili Baranşikov olmuşdur. O, Cənubi Amerikada gördüklərini «Nijni Novqorod meşanı Baranşikovun Amerika, Asiya və Avropada bədbəxt sərgüzəştləri» əsərində kifayət qədər dolğun əks etdirmişdir. Əsərdə verilən məlumatlar ruslar üçün tamamilə yeni olduğundan maraq və tələbat nəzərə alınaraq dörd il müddətinə üç dəfə nəşr olunmuşdur.
1803-cü ildə I.F.Kruzenştern və Y.F.Lisyanskinin komandanlığı altında səyahətə çıxan «Nadejda», həmçinin «Neva» gəmiləri Braziliya sahillərinin xəritələrini dəqiqləşdirir. Cənubi Amerikadan ensiz boğazla ayrılan Yekatrina adasında tədqiqat aparmaqla tropik ölkələrin fauna və florası haqqında məlumatlar toplayır.
1821-ci il Vladimir Romanovun başçılığı ilə «Kutuzov» gəmisinin Kronştatdan Şimali Amerikada rus paytaxtı sayılan Novo-Arxanqelskiyə (Alyaskada) qədər səyahətilə yadda qalandır. Braziliyanın daxili hissələrinin öyrənilməsində onun xüsusi rolu olmuşdur.
1821-1829-cu illərdə akademik V.I.Lanqsdorfun əvvəlki rus ekspedisiyalarından Cənubi Amerikada gördükləri işin həcminə görə daha çox fərqlənir. Braziliyada əldə etdikləri məlumatları Rusiyaya göndərməklə materik haqqında bilgilərlə ölkəsini zənginləşdirir. Ekspedisiya Parana çayını öyrənməklə Paraqvaya doğru istiqamət götürür. Ölkənin təbiəti haqqında müəyyən məlumatlar toplayaraq sonrakı tədqiqatlarını Amazon çayı hövzəsində davam etdirir. Nkspedisiyanın sonrakı mərhələsi Lanqsdorfun köməkçisi L.Ridel tərəfindən həyata keçirilmişdir.
Tropik ölkənin xalqlarını öyrənməkdə məhşur olan Nikolay Nikolayeviç Mikluxo-Maklayın da papuasları öyrənməyə gedərkən Cənubi Amerikada 1869-cu il tədqiqatları əhəmiyyətlidir. Pataqoniya sahillərində, Magellan boğazında, Akankua əyaləti və s. ərazilərdə apardığı tədqiqatları buna misal göstərmək olar.
Rus iqlimşünas və kartoqraflarının ən məşhur nümayəndələrindən biri sayılan A.I.Voyeykovun 1873-1874-cü illəri əhatə edən ekspedisiyanın coğrafiya tarixində xüsusi yeri vardır. Şimali Amerikada Kanada, ABŞ, Meksika, Yukotan; Cənubi Amerikada Amazon çayı hövzəsində, Andda, dünyanın ən hündür dağ gölü olan Titikakada və bir sıra başqa ərazilərdə apardığı tədqiqatlara əsaslanaraq «Yer kürəsinin iqlimi» əsərini yazmışdır.
A.N.Krasnovun «Şimal yarımkürəsinin stepləri» adlı doktorluq dissertasiyasının əsasını da 1890-cı ildə Şimali Amerikaya təşkil olunmuş ekspedisiya təşkil edir.
1880-ci illərdə Cənubi Amerikanın ən məşhur səyyahlarından biri də A.S.Ionin sayılır. O, Cənubi Amerikanın ətrafında tam dövrə vurmaqla Amazon çayı dərəsi boyunca gərəkli tədqiqat işləri aparan səyyahlardandır.
N.M.Albov 1895-1896-cı illərdə Odlu Torpaqda botanika istiqamətində, 1903-1904-cü illərdə isə kənd təsərrüfatı istiqamətində N.A.Kryukovun Argentina tədqiqatları da rus elmində müəyyən əhəmiyyət kəsb etmişdir.
Qeyd olunanlarla yanaşı, 1912-1913-cü illərdə O.Baklundun Boliviyada, 1925-ci ildə V.F.Dobrininin Meksika, 1925-ci ildə Y.N.Voronovun Amazonun tropik meşələri, Peru, Boliviya, Çilidə apardıqları elmi - tədqiqat işlərinin nəticələri, həmçinin adları çəkilməyən rus tədqiqatçılarının məlumatları Cənubi Amerika materikinin tarixi-coğrafi səciyyəsinin verilməsində xüsusi əhəmiyyət kəsb edirlər.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Həmçinin bax:

0 şərh