Asiya qitəsinin tədqiqi

Adalarla birlikdə 44,4 mln kv.km sahəyə malik olan Asiya ərazisi, təbii şəraiti, sərvəti və xalqlarının avropalılar tərəfindən öyrənilməsi quru ilə başlasa da, onun tədqiq olunmasının daha geniş vüsət alması portuqalların Afrikanın cənubundan dəniz yolunun aşkar edilməsi ilə bağlıdır. Çünki mürəkkəb təbii şəraitə, müxtəlif relyef quruluşuna, hündür dağ silisilələri və yaylalara malik olan qitədə dövlətlərin quru yolla tədqiq olunması, sonradan isə bu ölkələrlə əlaqə saxlanılması çox çətin idi. Bu baxımdan dəniz yolunun kəşfi müxtəlif dövlətlərə səyahət etməyi nisbətən asanlaşdırdı və vaxt baxımından daha səmərəli olmasına səbəb oldu. Buna baxmayaraq sonrakı dövrlərdə də öz əhəmiyyətini itirməmişdir.
Asiyanı öyrənən zəmanəsinin ən məşhur səyyahlarından biri Ludovik Vartema olmuşdur. Müxətlif dövlətləri görmək, onlar haqqında əsərlər yaratmaq arzusu ilə yaşayan Ludovik 1502-ci ildə Avropadan Misirə yola düşür. Iskəndəriyyə və Misirdə olduqdan sonra Tripoli, Damask və Beyruta səyahət edir. Ölkələr haqqında daha geniş məlumat toplamaq məqsədilə karvanların mühafizə dəstəsinə daxil olur. Karvanlar Məkkə ilə Mədinə arasında hərəkət etdiyindən o, müsəlmanların müqəddəs yerlərində olan ilk avropalı səyyah olmuşdur. Ludovik Vartema digər Şərq ölkələrinə səyahət etmək üçün Qırmızı dəniz sahilində Ciddə şəhərinə gəlir və gəmiyə minərək Irana doğru üzür. Bir müddət burada qaldıqdan sonra Hind okeanında üzən gəmilərin görüşdüyü Ədən liman şəhərinə gəlir və Ərəbistan yarımadasında yerləşən bir sıra ölkələrə səyahət edir. Bundan sonra Ludovik şimal-şərqi Afrikada yerləşən Zeyla limanından Hindistana yola düşür. Hindistandan Irana səyahətini davam etdirməklə yenidən şərqə doğru üzməklə Şri-Lanka (Sinqal dilində «Şanlı torpaq») və Indoneziyada olur. Olduğu ölkələr haqqında kifayət qədər məlumat topladıqdan sonra səyyah Afrikanın cənub-şərqində yerləşən Mozambikə doğru üzür. Bu ölkənin zəngin təbiətini Afrikanın şimal-şərqi ilə müqayisə etməklə Ümid burnundan keçməklə vətənə qayıdır.

XVI əsrin əvvəllərində Hindistana və Ludovikin olduğu ölkələrə səyahət edən avropalılardan biri də portuqal mənşəli Duarte Barbosa olmuşdur. Əsasən xalqların dilləri, adət və ənənələri ilə maraqlanan Barbosa hətta kürəkəni olan Magellana Moluk adalarını səyahət etmək üçün bələdçilik etmişdir.
1579-cu ildə Kasparo, 1581-ci ildə isə Venesiyalı tacir Çezare Trederiko quru yolla Hindistana qədər səyahətə çıxmaqla olduqları ölkələr haqqında daha düzgün məlumat verməyə nail olmuşlar.
1614-cü ildə italiyalı Petro Vallenin 12 illik səyahəti daha çox maraq kəsb edir. Belə ki, o, əvvəl Aralıq dənizinin şərq sahillərindəki ölkələrdən səyahətini başlamaqla Sinay yarımadasında, Bağdadda, Iranda olmaqla Hindistana qədər səyahətini davam etdirmişdir. Hindistanda qurunun daxili hissələrini müəyyən qədər tədqiq etsə də, onun əsas marşrutu limanlar üzrə təşkil olunmuşdur. Geri qayıdarkən səyyah Maskat, Bəsrə, Alenno, Kipr, Malta, Siciliya, Roma marşrutundan istifadə etmişdir.

Məşhur italyan səyyahı Marko Polonun vaxtından başlamış avropalıları maraqlandıran əsas ölkələr Çin, Hindistan və onlar arasında qalan ölkələr olmuşlar. Çünki, həmin dövr üçün bu ölkələr inkişaf səviyyəsinə və təbii sərvətlərlə zənginliyinə görə xüsusilə fərqlənirdilər. Portuqallar, ingilislər, ispanlar ticarət əlaqələri yaratmaq pərdəsi altında tədricən bu ölkələrin daxilinə doğru irəliləməkdə davam edirdilər. XVIII əsrin sonunda Birmanın geniş tədqiqatı başlayır. Digərləri ilə müqayisədə hollandlar Hind-Çin yarımadasının daxili hissələrinə daha çox irəliləmişlər. Yerli əhalinin xristianlaşdırılmasını ardıcıl olaraq həyata keçirmək üçün özləri ilə din xadimlərinin gətirilməsini də unutmamışdılar. Buna baxmayaraq Hind-Çin yarımadasının coğrafiyası hələ də avropalılara kifayət qədər məlum deyildi. Bunu 1755-ci ildə tərtib olunmuş xəritədə Mekonq çayından Annam dağlarına qədər böyük bir səhranın öz əksini tapmasından aydın görmək olur.
1556-cı ildən etibarən isə Avropadan monarxların Çinə daxil olması onlara din sahəsində müvəffəqiyyət qazandırmadığından, ölkənin coğrafi baxımdan öyrənilməsinə üstünlük verildi. Bu sahədə izuitlər xüsusi rol oynayırdılar.

Şimali Asiya bu ərəfədə rusların güclü təsirinə məruz qalmışdır. Belə ki, onlar Ural dağlarını keçməklə şərqə doğru sürətlə irəliləməyə başlamışlar. Onların qeyri-rus torpaqlarında qısa müddətdə möhkəmlənməsi bir tərəfdən relyefin nisbətən əlverişli və sıx çay şəbəkəsinə malik olan ərazilərin mövcud olması, digər tərəfdən isə bu ərazilərdə iri və qüvvətli dövlətlərin olmaması idi. Bununla yanaşı, rusların təşkil etdikləri ekspedisiyalar başqa xalqlarla diplomatik əlaqələr yaratmaq deyil, tədqiq olunmuş torpaqları özəlləşdirmək məqsədi daşıyırdı. XVI əsrin sonunda onlar Uraldan şərqdə Ob çayına qədər öz hakimiyyətlərini möhkəmləndirdilər. XVII əsrdə isə onların şərqə doğru hərəkəti görünməmiş dərəcədə sürətləndi. 1604-cü ildə Tomsk şəhərinin əsası qoyuldu, sonra isə Baykal gölünə və Sena çayının hövzəsinə çatmaqla Sakit okeana çıxmağın əsasını qoydular. Yakutskdə mərkəz yaratmaqla rus tacirləri və kazaklar Şərqi Asiyada bütün istiqamətlərdə hərəkət etmək üçün əlverişli şərait yaratdılar. 1644-cü ildə Indiqirka və Kolıma aşkar edildi. 1648-ci ildə Asiya ilə Amerika arasında səhv olaraq Berinq adlanan boğaz Dejnyov tərəfindən kəşf olundu, Poyarkovun dəstəsi Amur çayının qollarından birinə çatdı. XVII əsrin sonunda ruslar Kamçatka yarımadasının son nöqtəsinə çatmaqla Kuril adalarını təsir dairəsinə almağın əsasını qoydular. Əslində elmi xarakter daşımayan tədqiqatlar rusların hətta Çinin şimal-şərq hissələrinə çıxmasına səbəb oldu.

Artıq XVIII əsrin birinci yarısında rus tədqiqatçıları demək olar ki, Asiyanın şimal sahili problemini həll etdilər. Bir qədər zəifləmiş ekspedisiyalar II Yekaterinanın vaxtında yenidən canlanmağa başladı. 1768-ci ildən başlayaraq altı il müddətində Pallas Rusiyanın zəif öyrənilmiş ərazilərində, Xəzərin şimalında, Ural və Altayda elmi-tədqiqat işləri aparmaqla qarşıya qoyulmuş məsələlərin həll olunmasında mühüm rol oynadı. Həmin illərdə Dərbəndə yerli hakim tərəfindən həbs olunan və həbsdə ölmüş Samuel Qmelin Qafqazın tədqiq edilməsində mühüm rol oynamışdır.
Aparılmış tədqiqatlara baxmayaraq Ərəbistan, Tibet, Hindistan, Indoneziya, Çinin əsas hissəsi, Yaponiya, Hind-Çin hələ də tam öyrənilməmiş, xəritə üzərində ağ ləkələr şəklində qalırdı. 1854-cü ildə Şimali və Mərkəzi Asiyanın tədqiqində Rusiyada irəliləyişlər nəzərə çarpırdı. Onların bu irəliləyişi Amur hövzəsində, Orenburqdan Tyan-Şana qədər böyük bir ərazidə nəzərə çarpırdı.
Tibetin Hindistan istiqamətindən Şlaqintveyt, Ərəbistan Ritter tərəfindən öyrənilməsi, Yaponiya, Çin, Əfqanıstan, Iranın müxtəlif avropalı tədqiqatçılar tərəfindən öyrənilməsi XIX əsrin ikinci yarısının nailiyyətləri sayılır. Təəssüf ki, aparılan tədqiqatlar pərakəndə xarakter daşıdığından Asiya haqqında tam təsəvvür yaratmır.

XIX əsrin əvvəllərində Şimali Asiyanın tədqiq edilməsində yenidən canlanma baş verdi. 1805-ci ildə Kruzenşternin, 1817-ci ildə isə Koçebanın rəhbərliyi altında ekspedisiyalar Sakit okeanın şimal hissələrində sahil zonasında, Kamçatkada, Saxalində məlum olmayan məsələlərin xeyli hissəsinin aydınlaşdırılmasına səbəb oldu. Erman Uralın şimalından Kamçatkaya qədər en dairəsi istiqamətdə min kilometrlərlə böyük bir məsafəni qətt etdi. Roza və Erinberqin müşayəti ilə
Humboltun Moskva, Perm, Tobolsk, Ob, Altay, Omsk, aşağı Volqa, Xəzərsahili ovalıqda apardığı tədqiqat işləri Asiya haqqında coğrafiya elminə kifayət qədər yeniliklər gətirdi.
XIX əsrin birinci yarısında (1843) Middendorfun Turxanskidən başlanmış ekspedisiyası tundradan keçməklə Pyasina, Xatanqa çaylarının hövzəsi istiqamətində davam etdi və akademikin «Sibirin şimal və şərqinə səyahət» vacib işinin yazılmasına səbəb oldu. 1842-1849-cu illərdə Finlandiyalı Aleksandr Sibirdə bütün istiqamətlərdə tədqiqat aparan bir ekspedisiya təşkil etmişdir. Digərlərindən fərqli olaraq bu ekspedisiyada əsas məqsəd Sibirdə yaşayan xalqların dilini və adət-ənənəsini öyrənmək idi. Svarçın 1849-1852-ci illərdə ekspedisiyasında məqsəd Baykal gölündən şərqdə olan bir sıra məntəqələrin coğrafi koordinatlarını vermək idi.
1866-1871-ci illər ərəfəsində Stariçko Saxalin, Oxotsk, Kamçatka, Mancuriya sahillərinin öyrənilməsində və dəqiqləşdirilməsində mühüm əhəmiyyətli işlər gördü.
1895-ci ildən başlayaraq Yeniseyin aşağı axını, Yamal yarımadası, Irtış çayı, Stanovoy silsiləsi, Şimali Monqolustan, Şimal Buzlu okean sahillərinin daha mükəmməl öyrənilməsi Asiya haqqında daha aydın təsəvvürlər yaratmağa zəmin yaratdı. Ərazilərin coğrafi baxımdan ardıcıllıqla öyrənilməsi Sibirdə dəmir yolunun çəkilməsinin əsasını qoydu və Rusiyanın Avropa hissəsi ilə əlaqələrin möhkəmlənməsinə şərait yaratdı.
1855-1858-ci illərdə Çu çayının (su deməkdik) vadisi də daxil olmaqla ruslar Issık-Kol gölünün cənub sahillərinə qədər ərazini tədqiq etdilər və Vernaya (Alma-Ata) qalasının inşasını başa çatdırdılar. 1858-1860-cı illərdə isə Xəzər dənizinin xəritəsini təkmilləşdirdilər. Daha sonra isə Türküstanın koordinatlarını müəyyənləşdirdilər.
Qafqazda isə rusların tədqiqat işləri 1826-cı ildə başlamışdır. 1828-ci ildə Qafqaz bütövlükdə Rusiyanın tərkibinə daxil edildi. Bu dövr Qafqazda rusların ilk tədqiqat dövrünün başlanğıcı sayıla bilər. Ən geniş tədqiqat işləri Qafqazda 18441877-ci illər ərzində Abix tərəfindən aparılmışdır. Onun təşkil etdiyi ekspedisiya əsasən ovalıq əraziləri əhatə etsə də dağlıq sahələrin də müəyyən hissəsini əhatə edərək xəritələşdirmə işləri apara bilmişdilər. 1868-ci ildə isə ilk dəfə olaraq Duqlas Freşfild Kazbek (ətəyindəki Qazıbəy kəndinin sahibinin adı verilib) və Elbrus zirvələrini fəth etdi.

XIX əsrin əvvəllərində ruslara cavab olaraq ingilislər də tədqiqat işlərini gücləndirdilər. Rusların təşkil etdiyi ekspedisiyalar Türküstan, Iran və Əfqanıstan sərhədlərinə yaxınlaşdıqca ingilislərin Hindistandakı dövlət nümayəndələri tədricən narahat olmağa başladılar. Ona görə də Hindistana yaxın ölkələrə Hindistan istinqamətində təcili ekspedisiyalar təşkil olunmaqla sərhədlərin müəyyən edilməsinə hazırlıq işləri görülməyə başlandı. Malkolmun 1800-1810-cu illərdə apardığı tədqiqat işləri yüz il müddətində istifadə olunmasına görə əhəmiyyətini itirməyən Iranın tarixi haqqında kitabın meydana gəlməsi ilə nəticələndi. Kinnerin çoxsaylı Iran ekspedisiyası isə «Tarf imperiyasının coğrafi xülasəsi» kitabının yazılmasına səbəb oldu. Qoldsmid isə 1870-1872-ci illərdə Iranın yeni tədqiqat fazasının başlanğıcını qoydu. O, Iranla Əfqanıstan sərhəddinin müəyyənləşdirilməsində mühüm rol oynadı.
Hindistanda da ingilislər tədqiqat işlərini genişləndirməkdə idilər. Bonnel tərtib etdiyi xəritə özündən əvvəlkilərlə müqayisədə coğrafi baxımdan irəliyə doğru böyük bir addım sayılmasına baxmayaraq XIX əsrin əvvəllərində Hindistanın öyrənilməsi qənaətbəxş sayıla bilməzdi. Çünki, xəritə üzərində hələ də Hindistanın böyük bir hissəsi ağ ləkələr şəklində qalmaqda idi. Bu ləkələrin tədricən aradan qaldırılmasında Hindistan topoqrafik idarəsinin təşkil etdiyi ekspedisiyalar mühüm rol oynadı.
1802-ci ildə Semtonun rəhbərliyi altında Hindistanın yarımada hissəsində geniş miqyasda xəritələşdirmə işləri başlandı. Aparılmış tədqiqatlar Bannelin xəritəsindəki kobud səhvlərin aradan qaldırılmasına şərait yaratdı. Lakin 1823-cü ildə Semtonun ölümü bu işlərin tamamlanmasına imkan vermədi. 1830-cu ildə Corc Everest tərəfindən Semtonun başladığı iş davam etdirildi.
1887-ci ildən sonra Nepala (dağ ətəyində yaşayış deməkdir) qərb sərhəd müəyyən edildi. Bu vaxta qədər Xuker (1848-1850) Nepalın şərqini, Kişen Sink Tibeti öyrəndilər.
Uebb (1800) Allahabaddan Xardvara qədər Qanqın xəritəsini tərtib etdi və növbəti ekspedisiyada onun mənbəyini müəyyənləşdirdi. Streçi qardaşları isə (1846) Himalay dağlarının tədqiq edilməsində kifayət qədər əhəmiyyətli rol oynamışdılar.
1830-cu illərin əvvəllərində Assam Uilkoks Iravadı çayının qərb axınını, Riçardson isə 1834-cü ildə Benqal körfəzindən Çienq-Maya qədər Birma ərazisində tədqiqat işlərini tamamladılar.

Çinin və Yaponiyanın öyrənilməsi avropalılar üçün heç də Hindistan və Hind-Çin yarımadasından az əhəmiyyət kəsb etmirdi. Çinin mükəmməl xəritəsinin olmasına baxmayaraq XVII əsrin sonundan XIX əsrin ikinci yarısına qədər bir müddətdə elə bir əhəmiyyətli tədqiqat işlərinin aparılması nəzərə çarpmır. 1857-1860-cı illərdə ingilis-çin müharibəsi ingilislərə Çinin daxili hissələrinə irəliləmək imkanları verdi. Bu zamandan etibarən Çinin daxili hissələrinin əsasən ingilislər tərəfindən sürətli tədqiqi başlandı. Ekspedisiyalardan biri Yanszı çayının mənsəbindən mənbəyinə doğru 2900 km hərəkət etdilər. 1862-1870-ci illər ərəfəsində Davidin çoxsaylı ekspedisiyası bütövlükdə Şimali Çini əhatə edir.
Amerikan tədqiqatçısı Pampelli 1863-cü ildə Çin ərazisinə səyahət etməklə onun ilk geoloji xəritəsini tərtib etdi. Yoponiyada olan Bastian Avropaya qayıdarkən Şimali Çin və Monqolustan ərazilərinin bir hissəsini tədqiq edir. Pampellidən dörd il sonra Ney Ilias Böyük Kanal boyunca Şanxaydan şimal-qərb istiqamətdə Kayfına qədər kifayət qədər böyük bir ərazini tədqiq etməklə Xuanxe çayının öz yatağını dəyişməsini müəyyən etdi və onun köhnə yatağının xəritəsini çəkdi.
1815-ci ilin əvvəllərində rusların da Çinə marağı artırdı. Onlar Semipalatinskidən Çinin şimal-qərbində Ansiyə qədər hərəkət etdikdən sonra Monqolustana doğru istiqamət götürdülər.
XX əsrin əvvəllərində Çinin cənub sərhəd boyu və Mərkəzi Çində güclü elmi tədqiqat işləri aparılmalıdır. Kinqdon Uord bitkilərin öyrənilməsində xüsusilə əhəmiyyətli elmitədqiqat işləri aparmışdır. 1930-cu ildə apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq London coğrafiya cəmiyyətinin medalı ilə təltif olunmuşdur.

Yaponiya (günəşli ölkə deməkdir) isə XIX əsrin əvvəllərinə qədər avropalılar üçün demək olar ki, hələ də tanınmaz qalırdı. Avropalılara qədər ilk coğrafi tədqiqatlar 1800-1817-ci illər ərəfəsində yaponların özləri tərəfindən aparılmışdır. Bu sahədə yapon kartoqrafı Inonun gördüyü işlər coğrafi baxımdan xüsusilə əhəmiyyətli olmuşdur.
Hollandlar Yaponiyanı daha yaxından öyrənmək məqsədilə, ticarət əlaqələrini genişləndirmək pərdəsi altda P.F. Fon-Ziboldu danışıqlar aparmağa göndərdilər. Zibold bundan istifadə edərək Yaponiya haqqında hərtərəfli məlumat toplamağa nail olur.
1858-ci ildə ingilislərin Yaponiyaya təyin etdikləri diplomatik nümayəndələri R.Olkoku bu ölkə haqqında biliklərin sıfıra bərabər olduğunu müəyyən edir. Onun vaxtında sahil zonasının xəritələri tərtib olunsa da daxili hissələr öyrənilməmiş qalırdı. Olkoku ölkənin daxili hissələrinə bir neçə dəfə səyahət etməklə ölkənin tanınmasında mühüm sayılan işləri gördü. Yaponiyanın fiziki coğrafiyasının öyrənilməsində dövrü üçün ən böyük xidmətlər yapon geologiya idarəsinin on il müddətində (1875-1885) rəhbəri olmuş səyyah Naumana məxsusdur.

Mərkəzi Asiyanın öyrənilməsində rus səyyahlarının rolu xüsusilə böyükdür. Buna baxmayaraq ingilislərin Mərkəzi Asiyanın tədqiqində müəyyən rolu olmuşdur. Onlar Orta Asiyadan keçməklə Tyan-Şan, Pamir və Monqolustanın tədqiq olunmasında mühüm rol oynamışlar. Ruslardan fərqli olaraq ingilislər Hindistan istiqamətində Karakorum dağları və Tibet yaylasından Mərkəzi Asiyaya daxil olaraq tədqiqat işləri aparmışlar.
Mərkəzi Asiyada tədqiqat işləri 1857-ci ildə TyanŞanskinin Yarkəndə Tyan-Şan dağları istiqamətində başlamasına baxmayaraq, Prjevalskinin apardığı elmi-tədqiqat işləri xüsusilə fərqlənir. 1871-ci ildən 1888-ci ilə qədər onun Mərkəzi Asiyada apardığı elmi-tədqiqat işləri bu rayonda aparılan tədqiqatların dönüş nöqtəsi adlandırıla bilər. Bu baxımdan şərti olaraq Mərkəzi Asiyanın tədqiq olunması Prjevalskiyə qədər onun dövründə və ondan sonrakı etaplara bölünür. Onun fəaliyyətinin daha geniş xarakter daşımasına baxmayaraq, Tyan-Şanskinin ekspedisiyası ilk böyük ekspedisiya kimi qəbul edilir. Pyotr Petroviç Semyonov Humboltun Tyan-Şan dağlarının vulkanik mənşəli olması fikrini inkar edir. Balxaş gölünün şərqindən Ala-Tay dağlarını aşaraq Issık-Kul gölü sahilinə çıxır və Xan-Tenqri silsiləsinə çatır və ərazinin xeyli hissəsinin koordinatlarını verməyə müvəffəq olur.
Semyonovdan bir il sonra Vəlixanov Issık-Kul gölünü keçməklə cənub-qərbə dönərək Narın çayının vadisinə çatır və hazırda Çin ərazisi olan Kaşkara istiqamət götürür. Dörd ildən sonra Issık-Kulun qərbindən başlamaqla Kaşkara istiqamətində ekspedisiya başlayır. Göründüyü kimi Mərkəzi Asiyanın tədqiqi Issık-Kuldan qərb və şərq istiqamətdə aparılmışdır.
1871-ci ildə A.P.Fedçenko Fərqanə (dağarası çökəklik mənasındadır) vadisi və Ala-Taudan keçməklə Altay dağlarını aşaraq Zalay silsiləsinə çatır. O, silsilənin ən hündür zirvəsi saydığı nöqtəni Türküstan qubernatoru Kayfmanın şərəfinə adlandırmışdır. Lakin sonra bundan yüksək zirvənin olduğu müəyyənləşdirilmişdir.

Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotananda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Kaşkara istiqamət götürür. Xeyuord həmin ildə Pişəvərdən Yarkəndə daxil olarkən Qaraqaş Yarkənd-Dərya çaylarının ümumi axınını müəyyən etməyə nail oldu.
1805-ci ildə Nain-Sinq Nepala səyahət edir və karvanlara qoşularaq Çinə mənsub olan Lxasa şəhərinə gəlir. Geri Hindistana qayıdarkən olduğu yerlərin marşrut üzrə xəritəsini tərtib edir. 1867-ci ildə isə 47 min km ərazinin xəritəsi tərtib edildi.
Hindistanda ingilis çinovniki A.D.Kari 1885-1886-cı illərdə Şimali Tibetdə Ledən Keriyə qədər məsafəni qətt etmiş, daha sonra qərbə Xotana dönməklə Tarim çayının hövzəsini bütövlükdə, Xotan-Dərya çayı və Lob-Nor gölünü qismən tədqiq etmişdir.

XIX əsrin sonlarına yaxın Monqolustanın tədqiq olunmasında yüksək nailiyyətlər əldə edildi. Rodlov və Klemenç Selenqa çayının qolu Orxon çayının vadisinin xeyli hissəsini tədqiq etdilər. Vladimir Afanaseviç Obruçev isə daha böyük ərazini əhatə etməklə sərgi, mərkəzi və cənub-şərqi Monqolustanda tədqiqat işləri apardı. O, Monqolustanın şimalında Rusiya ərazisinə məxsus Kyaxtidən çıxaraq Pekinə qədər böyük bir ərazini qətt etdi. Qobi və Alason səhralarını keçərək Nanşan dağlarının xeyli hissəsini tədqiq etdi, Xuanxe (Sarı çay) çayı hövzəsini, həmin çay üzərində yerləşən Lançjou yaşayış məntəqəsinə qədər xəritəsini tərtib etməyə müvəffəq oldu. Kerulen çayından başlamaqla, Monqolustandan Vladivastoka qədər ərazi Strelbiçki, Urqo ilə Monqolustanın şimal-qərbində Kablo arası isə Pozdneç tərəfindən öyrənildi. XIX əsrin sonunda Böyük Altaydan Qobi Altayına qədər sahə Kozlovun ekspedisiyaları tərəfindən mərhələlərlə tədqiq edildi.
1910-1911-ci illərdə Şimal və Şimal-Qərbi Monqolustan, əvvəllər Tyan-Şanda olmuş D.Karrutes tərəfindən öyrənilməklə zəif məlum olan ərazilər haqqında məlumatlar zənginləşdirildi.

Bir-biri ilə elə bil yarışa girən səyyahlar 1890-cu ildən sonrakı dövrdə Monqolustan, Tibet və Çin Türküstanında daha böyük nailiyyətlər əldə etdilər. Prejevalski istisna olmaqla ilk əvvəllər Tibet yaylasına şimaldan daxil olmaq müvəffəqiyyətsizliyə uğrasa da sonrakı ekspedisiyalar uğurla nəticələndi. Lakin Çin Türküstanının öyrənilməsində ingilis tədqiqatçısı Litldeylin rolu daha böyük olmuşdur. O, 1893-cü ildə bütün Rusiya ərazisini keçməklə səyahətə başlamaq qərarına gəlir. Səmərqənd, Kaşkar, Aksu və Lob-Noru keçməklə Çinin şimalında Lançjov şəhərinə çatır, daha sonra Pekinə səyahətini davam etdirir. Növbəti ekspedisiyasını Litldeyl Istanbul, Poti, Bakı, Marı, Buxara, Kokand, Kaşkar istiqamətində davam etdirir. Bu ərəfədə Tibetdən Lxasa gedən yolun böyük əhəmiyyət kəsb etmədiyini düşünən Liven Qedin Şimali Tibet və Tarim çayı hövzəsini tədqiq etməyi qərara alır. Xotan və Yarkənd arasından keçərkən qumla basdırılmış şəhərlər müəyyən etməklə Lob-Nor gölünə çatır. Liven Qedin burada topoqrafik işlər aparmaqla Lob-Norun səviyyəsi tərəddüd edən göl olduğunu müəyyən edir. 1896-cı ildə M.S.Uelbi və Malkolun Tibeti keçərək Xuanxe çayının axını istiqamətində Pekinə çatdılar. Elə həmin ildə kapitan Dizi bir neçə ekspedisiya təşkil etməklə Tibetin az, yaxud öyrənilməmiş hissələrini tədqiq etməklə bu region haqqında bilikləri daha da zənginləşdirir.
XX əsrin əvvəllərində Avreliya Steynin arxeoloji istiqamətdə apardığı tədqiqat işləri xüsusi maraq kəsb etdiyindən dünya arxeoloqlarının diqqətini özünə cəlb etmişdir. Ilk ekspedisiya Xotan yaşayış məntəqəsi və Təkla-Məkan səhrasını əhatə etməklə bu ərazilərin xəritələşdirilməsi ilə nəticələnmişdir. Rayderin iştirak etdiyi geodezislərin ekspedisiyası isə Brahmaputra və Hind çayları hövzələrinin bir hissəsinin xəritələşdirilməsi ilə nəticələndi.
1906-1916-cı illər ərəfəsində Pelo Steynin təşkil etdiyi üç ekspedisiya Çinin şimal-qərbində Kaşkardan başlayaraq Lob-Nor gölü, Yarkənd, Nan-Şan dağları, Hindistanın şimalqərbi Turfan çökəkliyi, bütün Mərkəzi Asiyanı əhatə etdi. Ekspedisiyanın nəticələrinə əsaslanaraq tərtib olunmuş xəritələr Orta Asiya haqqında tam təsəvvür yaratmağa imkan verdi.

Yeni Zelandiya adalarının kəşfi Abel Tasmanın adı ilə bağlıdır. O, 1642-1643-cü illərdə Avstraliya materikinin cənubundan keçərkən bu adaları kəşf etmişdir. Yeni Zelandiyanı cənubda hər hansı bir materikin yarımadası kimi qəbul etməsinə baxmayaraq coğrafiya tarixində bu adaların Abel Tasman tərəfindən kəşf edilməsi çoxdan öz təsdiqini tapmışdır.
Yeni Zelandiyanın öyrənilmə tarixi şərti olaraq üç dövrə bölünür. Birinci dövr bu adaları Abel Tasmandan sonra ikinci dəfə aşkar edən Cems Kukla başlayır və 1839-cu ilə qədər davam edir. Dövr ərazinin zəif tədqiq olunması ilə fərqlənir. Bu ərəfədə Kukun dəniz xəritələrindəki düzəlişlər istisna olmaqla, demək olar ki, tədqiqat işlərinin aparılması nəzərə çarpmır.
Yeni Zelandiyanın öyrənilmə tarixinin ikinci dövrü 1839-1865-ci illəri əhatə edir. Sənayeçilərin və tacirlərin güclü axımı ərazinin daha geniş miqyasda öyrənilməsini tələb edirdi. Tezliklə, Yeni Zelandiyanın daxili hissələri öyrənilməklə
Oklend, Kembel adaları, Styuart adası aşkar edildi. 1827-ci ildə Dyumon-Dyurvil Xauraki, 1831-ci ildə isə Laplas Bey-of Aylends körfəzlərinin xəritəsini tərtib etdilər.
Yeni Zelandiyanın sahil sularının ingilislər tərəfindən öyrənilməsi 1834-cü ildən sürət götürdü. Ərazinin daxili hissələrinə isə əhalini xristianlaşdırmaq məqsədilə ardıcıl olaraq missionerlər göndərilirdi.
1839-cu ilin avqust ayında «Tori» gəmisində əraziyə daxil olan ingilislər ilk koloniyalarını yaratmağa başladılar. Bu istiqamətdə aparılan işlərdə Hibbon Uekfild və E.Q.Uekfild qardaşları xüsusilə fərqləndilər. Onların tədqiqatlarının nəticələri Vellinqton şəhərinin əsasını qoymağa bilavasitə kömək etdi.
1858-ci ildə avstriya «Novara» gəmisində Yeni Zelandiyaya daxil olmuş F.Xoxştettera və Xaost şimal burnundan başlamış cənub adadakı Nelson yaşayış məntəqəsinə qədər böyük bir ərazidə geoloji kəşfiyyat işləri aparırlar.
Ingilis mənşəli T.Brunner 1846-cı ildə Nelson yaşayış məntəqəsindən tədqiqat işlərinə başlayaraq Büller çayı vadisinə daxil oldu. Tədqiqatların davamı onun Qrey çayından bir qədər uzaqda olan Taramakau çayına çatması ilə nəticələndi. Bundan az sonra Brunner Qrey və Buller çaylarının axımını müəyyən etməklə 1851-ci ildə kral coğrafiya cəmiyyətinin pul mükafatına layiq görülmüşdür.
Yeni Zelandiyanın geoloji cəhətdən 1861-ci ildə daha geniş öyrənilməsi Ceyms Xektor və Xaastın adı ilə bağlıdır. Onların dağlıq əraziləri geoloji baxımdan sistematik öyrənmələri xüsusi əhəmiyyət kəsb etmişdir.
Yeni Zelandiyanın öyrənilmə tarixinin ikinci dövrü 1865-ci ildən başlayır. Bu dövr xəritələşdirmə ilə əlaqədar olaraq «ağ ləkələrin» aradan qaldırma dövrüdür. 1867-1870-ci illərdə E.P.Sili Kuk dağları yaxınlığındakıları öyrənir. Xaast Xektor isə alp vilayətində tədqiqatları davam etdirir.
Cənub-qərb ərazilərin nisbətən az öyrənilməsinə baxmayaraq, 1895-ci ildə Yeni Zelandiyanın tam öyrənilməsi haqqında fikir söyləmək mümkün sayıla bilər.

Yeni Qvineya avropalılar tərəfindən XVI əsrdə aşkar olunmasına baxmayaraq, son dövrlərə qədər maraq dairəsindən kənar qalmaqda idi. Lakin 1826-cı ildə holand ekspedisiyası adanın cənubqərb sahilləri haqqında xeyli məlumatlar toplamağa nail oldu. 1843cü ildə «Flay» gəmisində Blekvud, 1849-cu ildə «Ratlsneyk» gəmisində Ouen Stenli, 1873-cü ildə Morsbi Yeni Qvineyanın səth quruluşu haqqında kifayət qədər geniş məlumat toplamaqla onun xəritədə əks olunmasının əsasını qoydular.
1873-cü ildə A.Meyerin Mak-Klyur ilə Helvinq körfəzləri arasındakı tədqiqatı və Mikluxo-Maklayın adanı öyrənməsi Yeni Qvineyanın daxili hissələrinin tədqiq olunmasının başlanğıcı sayıla bilər. 1878-ci ildə adaya missioner kimi gələn Lous və Çalmers də cənub sahillərin öyrənilməsində mühüm rol oynadılar. Çalmes 1901ci ildən həlak olana qədər adanın cənubunda tədqiqat işlərini davam etdirdi.

Birinci dünya müharibəsi ərəfəsində almanların daha sürətli tədqiqat işləri nəzərə çarpır. 1914-cü ildə Turnvald Sepik çayı ilə Yeni Qvineyanın şimal sahilləri arasındakı ərazilərin tədqiq edilməsində xüsusilə fərqləndi.
Ingilislər öz kaloniyalarında adanın öyrənilməsində heç də almanlardan geri qalmırdılar. Belə ki, Çalmers 1886-cı ildə Alele çayını aşkar edir. T.Bevan isə Erd və ona yaxın çayların xəritələşdirilməsilə məşğul olur. 1889-cu ildə Vilyam Mak-Qreqor Flay çayı istiqamətində 975 km hərəkət edərək alman kaloniyası sərhədinə qədər ərazini tədqiq edir. 1896-cı ildə isə Mambare ilə Vanap çayı arasındakı əraziləri öyrənir.
Müxtəlif ölkələr tərəfindən Yeni Qvineya adasında aparılan tədqiqatların arası birinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq kəsildi. 1918-ci ildən sonra adada aparılan tədqiqatlar yenidən bərpa olundu və bu gün də aparılmaqdadır.

Rusların Sibir istiqamətində hərəkəti

XIX yüzilliyin başlanğıcına qədər avropalılar Asiyanın çox hissəsində olmuşdular. Lakin qitənin coğrafi cəhətdən öyrənilməsində ən vacib məsələlər həll olunmamış qalmaqda idi. Ərəbistanda, Hindistanda, Çində, Mərkəzi Asiyada, Sibirdə, HindÇin yarımadasında bir çox vilayətlər xəritələrdə ağ ləkələr şəklində qalmaqda idi. Buna baxmayaraq, rusların şərqdə 1581-1584-cü illərdə Yermakla başlamış hərəkəti sürətlə davam etməkdə idi. Əsasən seyrək məskunlaşmış, qüvvətli dövlət quruluşuna malik olmayan və əsasən türk xalqlarından ibarət olan bu ərazilər beş il müddətində Uraldan Sakit okeana qədər tədqiqat pərdəsi altında rus torpaqlarına çevrildi. Ruslar tezliklə tatar şəhəri olan Çunqi- Tura xarabalıqları yerində taxta qala hazırladılar. Məskunlaşdıqları ərazilərdə möhkəmlənmək məqsədilə Tobol ilə Irtış çayının birləşdiyi yerdə daha bir qala inşa etdilər. Daha sonra Tobol şəhərciyini yaradaraq onu inzibati mərkəzə çevirdilər.
Tatarıstan adlanan Şimali və Şərqi Sibir tatar xanı Kuçuma məğlub edildikdən sonra, 1598-ci ildə Rusiyanın ərazisinə qatdılar.
1632-ci ildə Yakutskidə ruslar «Ostroq» adlandırdıqları daha bir qalanı tikdirməyə nail oldular.
Mənşəcə kazak olan Kopilov dəstəsini Aldan çayı sahilinə çıxarmaqla yerli əhalidən Cugcur dağları arxasında Lama dənizinin olmasını öyrənir. Nəhayət, Ulya (Amur) çayı və evenqlərin Lama adlandırdıqları Oxot dənizi vasitəsilə ruslar Sakit okeana daxil olurlar.
Dmitrii Kopilovun təşəbbüsü və Ivan Moskvitinin rəhbrliyi altında rusların şərq istiqamətdə ilk yürüşləri belə başa çatır.
1643-cü ildə ataman Vasili Kolesnikov gümüş axtarışı pərdəsi altında Baykal gölünün şimalına yaxınlaşır və 1647-ci ildə dəstəsi ilə birlikdə Baykal gölünün qərb, həmçinin cənub sahillərinə çıxmağın əsasını qoyur.
1648-ci ildə Baykal gölündən şərqə köçməklə hazırda Amur adlanan Şilke-Şilkare çayı və onun hövzəsi haqqında kifayət qədər məlumat topladılar. Qısa müddətdə Irkutski şə- hərinin əsasını qoymaqla özgə xalqlara mənsub olan torpaqların bir hissəsi də ruslar tərəfindən zəbt olundu.
1643-cü il iyulun 15-də Vasili Daniloviç Poyarkov 132 nəfər kazakla birlikdə şərq istiqamətində hərəkətə başlayırlar. Yaxşı silahlanmış kazak dəstəsi Lena və Aldan çaylarını mənbə istiqamətində tədqiq edir. Stanovoy dağlarını aşaraq Zeya sahilinə çatan V.D.Poyarkovun dəstəsi yerli, mehriban xalq olan Daurlarla rastlaşır. Müqavimət göstərmədən vergi ödəmələrinə baxmayaraq, ruslar tərəfindən daurların incidilməsi münaqişəyə səbəb oldu. Poyarkovun dəstəsi Sakit okean sahilinə doğru hərəkət etmək məcburiyyətində qalır. 12 iyun 1646-cı ildə Poyarkov dəstəsinin iyirmi nəfəri ilə Yakutska qayıdır. Az müddətdən sonra apardığı tədqiqatların nəticələrinə əsaslanmaqla Amur ətrafının mənimsəmə layihəsini hazırlayır.
Yerofey Pavloviç Xabarov tunquslar, daurlar, duçerlər, açanlar məskunlaşmış Amur torpaqlarını öyrənmək üçün göndərilən digər ekspedisiya rəhbərlərindən biridir. Səksən nəfərdən ibarət olan dəstə U.R.Xabarovun rəhbərliyi altında 1649-cu ildə Yakutskidən yola düşür. Dəstəyə vergi (yasaq) yığmaqla yanaşı, yerli əhalinin həyat tərzi və ərazinin xəritəsinin tərtib olunması tapşırığı da verilmişdir. Xabarov Lena çayının mənsəbinə doğru üzməklə qolu Olyokma çayına çatır. Qışladıqdan sonra qoşqular düzəldərək qayıq və digər yükləri dartmaqla Urku çayına çatan dəstə üzərək Amur çayına düşürlər. Dəstəsi daurlar məskunlaşmış bu ərazidə qalmaqla Xabarov Yakutska qayıdır və buranın zəngin sərvəti və məhsuldar torpaqları haqqında məlumat verir. 1650-ci ilin iyulunda daha 180 nəfərdən ibarət dəstə düzəltməklə payızda Amura çatır. Yeni torpaqlar zəbt etmək və zəbt edilmiş torpaqlarda möhkəmlənmək üçün Xabarovun arxasınca daha 132 nəfərdən ibarət silahlanmış dəstə göndərilir.
Daur şəhərlərini zəbt edərək, onların üzərinə ağır vergilər qoyan Xabarov digər yerli xalqlar üzərinə yeriməklə odlu silah gücünə onları əsarət altına aldı.
Yerofey Xabarovun Amurun zəngin sərvətlərə malik olması haqqında məlumatları bu ərazilərə rusların güclü axımı və məskunlaşması ilə nəticələndi.

Orta Asiyanı tədqiq edərək özəlləşdirmək də rusların yadından çıxmamışdır. 1819-cu ildə Muravyov Xəzər dənizinin yeni xəritəsini tərtib etməklə, Xivə şəhərinə doğru istiqamət götürdü. 1848-ci ildə Butakov ardıcıl olaraq Aral dənizində tədqiqat işləri aparır. Bundan sonra ruslar Amu-Dərya və SırDərya istiqamətində tədqiqatlarını davam etdirirlər.
1854-cü ildə Orenburq ətrafında xəritələşdirmə işləri aparmaqla işlər cənub-şərq istiqamətində davam etdirildi. 1858-1860-ci illərdə Aral və Xəzərsahili ovalıqlar öyrənilməklə yanaşı, Xəzər dənizinin xəritəsi də təkmilləşdirildi. 1865-ci ildə ruslar tərəfindən aparılan tədqiqatlar Buxara və Səmərqəndin alınması ilə nəticələndi.
1870-ci ildən başlayaraq ruslar Xəzər dənizindən şərqdə yerləşən çöl (step) zonasına diqqəti artırdılar. Qısa müddətli tədqiqatlardan sonra çöl zonasının məhsuldar torpaqları da rusların himayəsi altına keçdi.
Beləliklə, göründüyü kimi rusların apardıqları tədqiqatlarda məqsəd qeyri-rus torpaqlarının işğal olunmasına xidmət etməkdən ibarət olmuşdur.

Cənub—Qərbi Asiyanın öyrənilmə tarixi

XIX əsrin birinci yarısında Iran tədricən ruslar tərəfindən sıxışdırılmaqda idi. Bu sıxışdırma sonra Gürcüstanın Rusiyaya birləşməsi və Rusiyanın Qafqaza irəliləməsi ilə nəticələndi.
1826-cı ildə Qafqazda Iranla Rusiya mənafeləri toqquşmağa başladı. Müharibə Qafqazın bütövlükdə Rusiyaya birləşməsilə tamamlandı. Bu Qafqazın ruslar tərəfindən sərbəst öyrənilməsinin başlanğıcını qoydu.
Ilk ərəfədə Qafqazın öyrənilməsində V.G.Abixin müstəsna rolu olmuşdur. O, ömrünün otuz üç ilini bu regionun öyrənilməsinə həsr etmişdir. 1844-1877-ci illər ərzində o, tədqiqat apardığı Qafqaz ərazilərinin geologiyasının öyrənilməsinə xüsusi fikir vermişdir.
V.G.Abix (1806-1886) 1843-cü ildə Estoniyanın Tartu universitetinin geologiya kafedrasına dəvət olunduqdan sonra bütövlükdə Qafqazı, Iranı tədqiq etmiş, Abşeron yarımadasında və Xəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geoloji quruluşuna və 1859-cu il Şamaxı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. O, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, ovalıq sahələrin xəritəsini kifayət qədər düzgün tərtib etmişdir.
1868-ci ildə Duqlas Freşfild Kazbek və Elbrus zirvələrini fəth etdi. Elə həmin il Favr silsiləsinin mərkəzi hissəsinin geologiyasını öyrənməyə başladı.
Rusların Azərbaycandan Kiçik Asiya istiqamətində ərazilərin xəritələşdirilməsi külli miqdarda avropalı tədqiqatçıların Qafqaza axması ilə cavablandı. Regionun ilk tədqiqatçısı 1766-cı ildə Kiçik Asiyadan Ərəbistana gedən Nibur olmuşdur. XIX əsrin əvvəllərində V.M.Lik Kiçik Asiyanı tədqiq etməklə onun özündən əvvəlki alimlərlə müqayisədə daha düzgün xəritəsini vermişdir. Toplanmış yeni materiallar əsasında tezliklə ingilis coğrafiyaşünası Rinnelin «Qərbi Asiyanın müqayisəvi coğrafiyası» əsəri nəşr olundu.
Ingilis konsul xidmətinin Kiçik Asiyanın öyrənilməsində xüsusi rolu olmuşdur. Belə ki, Vrant Ərzurumdan çıxaraq Van gölündən qərbə, Satter isə Ərzurumla Seras, Samsun, Trabzon arasındakı əraziləri tədqiq etdilər.
1841-ci ildə öz monumental xəritəsini tamamlamaq məqsədilə yeni materiallar toplamaq üçün Kiçik Asiyaya səyahət edir. Onun ilk xəritəsi 1843-1846-cı illərdə nəşr olunmasına baxmayaraq mükəmməl xəritəsi 1892-ci ilə qədər dörd ekspedisiyanın məhsulu olmuşdur.

Tarixən Suriya və Fələstinin bir sıra alim və səyyahlar tərəfindən öyrənilməsinə baxmayaraq, XIX əsrin ikinci yarısına qədər bu ərazilər haqqında məlumatlar çox az idi. Qeyd olunan ərəb ölkələrinin öyrənilməsi zəif də olsa, 1805-ci ildə Zatçen və 1812-ci ildə Burkxardla başlayır. Tədqiqatlarla aktivləşmə isə 1838-ci ildən hiss olunur. 1838 və 1852-ci illərdə E.Robinson iki dəfə Fələstində olmaqla onun coğrafiyası haqqında zəngin materiallar toplamışdır. Əsil xəritələşdirmə 1864-cü ildə ingilislər tərəfindən «Fələstinin arxeoloji, coğrafi, geoloji, təbii tarixinin öyrənilməsi məqsədilə fond» yaradıldıqdan sonra başlayır. 1811-ci ildən 1875-ci ilə qədər davam edən ekspedisiyalar nəticəsində Fələstinin qərb hissəsinin xəritələşdirilməsi başa çatdı. Ç.R.Konderin rəhbərliyi altında şərqdə aparılan işlər isə 1882-ci ildə Türkiyənin qadağası ilə yarımçıq qaldı.
Fələstinlə müqayisədə Suriya və Livanda aparılan tədqiqatlar çox zəif idi. Buna baxmayaraq, zəif də olsa, aparılan hər bir tədqiqat ölkələr haqqında müəyyən qədər məlumatların toplanmasına şərait yaradır və sərvətlərinin əvəzsiz daşınmasının əsasını qoyurdu.

Qərbi Asiyanın zəngin təbii sərvətləri tədqiqatçıların daim maraq dairəsində olmuşdur. Avropalılar xüsusilə Iran və Iraqı diqqət mərkəzində saxlamışlar. 1835-1837-ci illərdə Dəclə-Fərad çayları və bu çayların vadilərində aparılan geoloji — coğrafi tədqiqatlar avropalılara təbii sərvətlər haqqında geniş məlumatlar verməklə gələcəkdə müstəmləkə ölkələr əldə etməyin əsasını qoyurdu.
XVIII əsrin sonunda Ərəbistanın elmi cəhətdən öyrənilməsi Nuburla başlayır. Ərəbistanın öyrənilməsinin bu birinci mərhələsi Ritterin 1852-ci ildə xəritəsinin tamamlanması ilə qurtarır.
XIX əsrdə Ərəbistana daxil olan ilk görkəmli səyyah ispan mənşəli Dominiqo Badya-i Lebliç olmuşdur. 1803-cü ildə o, Məkkəyə çataraq astronomik müşahidələrə əsaslanmaq- la, şəhərin coğrafi mövqeyini təyin edir. 1832-ci ildə isə misirlilər Ərəbistan yarımadasında tədqiqat işləri aparmaqla Yəmənə çatırlar.
Ikinci mərhələ 1877-ci ildə R.F.Bertonla başlanır. O, qızıl axtarmaq məqsədilə olsa da, yarımadanın qərbini tədqiq etdikdən sonra Məkkə və Mədinəyə istiqamət götürür və bu şəhərlərin inkişafla əlaqədar getdikcə böyüməsi haqqında məlumat verir.
1910-cu ildə C.E.Liçmen Bəsrədən başlayaraq yarımadanın böyük bir hissəsini öyrənməyə nail olur.
Ümumiyyətlə, bu günə qədər yarımadanın öyrənilməsində ərəblər, ingilislər, fransızlar, qismən də ruslar xüsusi rol oynamışlar.

Iran Əfqanıstan və Belukustan adlanan Cənub-Qərbi Pakistan istiqamətində XIX əsrin əvvəllərində rus tədqiqatçıları görünməyə başlayır. Bununla əlaqədar, Hindistanda ingilis dövlət xadimlərinin qarahatlığı başlayır. Rusları siyasi baxımdan özlərinə rəqib görən ingilislər aralarındakı ərəbləri daha yaxşı öyrənməyi qərara alırlar. Bu istiqamətdə tədqiqat aparan Malkom və C.M.Kinnerin (1800-1810) tədqiqatları «Iran imperiyasının coğrafi xüsusiyyətləri» haqqında hesabatın tamamlanması ilə nəticələnir. C.B.Freyzer Xəzər sahillərindən Iranda tədqiqatlara başlayır. 1830-cu ildə isə Konolli Təbriz və Heratdan keçərək Əfqanıstana daxil olur, Kandaqara qədər hərəkət edir, Balan keçidini aşaraq Hindistana çatır.
Gələcəkdə ölkələri müstəmləkəyə çevirmək məqsədi daşıyan səyahət və ekspedisiyalar arasında mübarizə gedirdi. Bu mübarizədə yarışa girənlərdən biri də amerikan Mason idi. O, Tiflisdən Təbrizə, Təbrizdən Rəştə, Xəzər dənizinə, Məşədə, Herata, Kandaqara, Pişəvara, Pəncaba, Laxoru keçməklə Multona, Kəraçiyə səyahət etməklə ölkəsi üçün qiymətli materiallar toplayır. Bundan sonra gəmiyə minərək Maskata yola düşür. Artıq amerikanlar da sərvət əldə etmək məqsədi daşıyan coğrafi və geoloji xarakter daşıyan ekspedisiyalar təşkil etməyə başlamışdılar.
1858-1859-cu illərdə rus coğrafiya cəmiyyətinin Xorasana zabit N.V.Xanıkovun rəhbərliyi altında təşkil etdiyi ekspedisiya Iranın şimal hissəsinin öyrənilməsində xüsusi rol oynamışdır. Mayor Lovettanın tədqiqatları ilə Belucistanda apardığı tədqiqatlar həmin ərazilərin xəritələşməsilə nəticələndi. 1878-ci ildə ingilis-əfqan müharibəsi ərəfəsində isə ingilislərin Əfqanıstana irəliləmələri ölkənin intensiv tədqiq olunmasına şərait yaratdı. T.R.Xaldıç yenidən Belucistana qayıtmaqla tədqiqatlarına əsaslanaraq bu ölkə haqqında olan coğrafi məlumatları zənginləşdirdi.
1889-1891-ci illərdə Irana de-Morqanın rəhbərliyi altında fransızların təşkil etdiyi ekspedisiya daxil olur və ölkənin şimalı haqqında qiymətli materiallar toplayır.
Iranın tədqiq olunmasında iyirmi ildən artıq tədqiqat işləri aparan Persi Sayksın yeri vardır. O, Xəzər dənizi sahilindən Astrabada, Atrekə, buradan şimal-şərqdə yerləşən Məşədə, daha sonra cənubda Kerman və Şiraza səyahət edir. Beləliklə, Sayks Iranın mərkəzi hissələrində olan bir sıra ağ ləkələrin aradan qaldırılmasının səbəbkarı oldu. Sonrakı ekspedisiya dövründə (1897-1901) o, Bəndər — Abbasdan Çaxrara qədər əraziləri tədqiq etdi. Sonuncu ekspedisiyası dövründə Sayks Kermandan cənub-şərqi və şimal-şərqi Iran ərazilərində tədqiqat işlərini davam etdirmişdir.
Bu gün Iranın ərazisində yad ölkələrin özbaşına tədqiqat işlərinin aparılmasının qarşısı tamamilç alınmışdır.

Hind — Çin yarımadasının öyrənilmə tarixi

Hind-Çin yarımadası Hind okeanı ilə Sakit okean arasında olduqca mühüm dəniz yolları üzərində yerləşmişdir. Malakka yarımadası ilə Sumatra adası arasında yerləşən Malakka boğazı bu gün də şərq ilə qərb arasında əlaqə saxlamaq üçün ən gərəkli dəniz yolu sayılır. Təsadüfi deyil ki, boğaz əhəmiyyətinə görə Suveyş kanalı və Cəbəlüttariq boğazlarından geri qalmadığından dünyanın ən böyük limanlarından biri olan Sinqapur şəhər və limanı burada yerləşir
Hind-Çin yarımadasında yerləşən Myanma (Yanqon), Tailand (Banqkonq), Malaziya (Kuala-Lumpur), Vyetnam (Hanoy), Laos (Vyetyan), Kamboca (Pnompen) kimi ölkələr təbiətinə və təbii sərvətlərinə görə fərqləndiyindən xüsusilə maraqlandırmışdır.
Yarımadada qeyd olunan bütün ölkələr Cənubi Asiyada olduğu kimi etnik tərkibcə olduqca müxtəlifdir. Bu, avropalıların yarımadaya soxularaq tədqiqat aparmaq pərdəsi altında müstəmləkəçiliyin əsasını qoymasında mühüm rol oynamışdır.

Hind — Çin yarımadası ən zəif öyrənilən Yer kürəsinin bir hissəsi olaraq qalmaqda idi. 1826-cı ildə başlanan birinci Birma müharibəsi yarımadada tədqiqatçıların diqqətini yenidən özünə cəlb etdi. Belə ki, Hindistanın şimal-qərbindən Birma (Myanma) ərazisinə topoqraf dəstələri axmağa başladı.
Müstəmləkə məqsədi daşıyan tədqiqatlar get-gedə sürətləndirildi. 1828-ci ildən sonra ilk ekspedisiya Manipurdan Kondata qədər, daha sonra Iravadi çayına kimi tədqiqat aparan R.B.Pembertonun rəhbərliyi altında təşkil olunmuşdur (1830). Şəxsi tədqiqatlarına əsaslanan R.B.Pemberton Hindistanla Birmanı ayıran vilayətin kifayət qədər düzgün təsvirini verə bilmişdir.
1835-ci ildə S.F.Xanney Iravadi çayı ətrafında yerli qəbilələr arasındakı mübahisələri kəsmək üçün sərhədləri müəyyən etmək pərdəsi altında tədqiqat aparmaqla ölkənin bir hissəsini öyrənməyə nail olmuşdur.
1831-ci il dekabrın 31-də Moqaunq çayının mənbəyinə çatan Xanney az müddətdən sonra eyni adlı şəhərə çatı rvə bundan sonra şimala istiqamət götürür. Xanneyin apardığı tədqiqatlar ingilislərə ölkə ərazisinin daxili hissələrinə daha çox irəliləməyə imkan yaratdı.
Paralel olaraq, Birmanın (Myanma) cənub-şərq hissələri də sürətlə öyrənilirdi. Riçardson Moulmeyn şəhərindən 1829cu ildə çıxaraq çayların vadisilə Me-Rinq çayına çataraq yenidən Moulmeynə qayıdır. Riçardson özündən əvvəlki avropa tədqiqatçılarından daha çox Benqal körfəzindən uzaqlaşaraq ölkəni öyrənməyə nail ola bilmişdir. 1838-ci ildə Riçardson Moulmeyndən çıxaraq Kanburidən Banqkok istiqamətində növbəti ekspedisiyaya başlayır. Coğrafi baxımdan böyük əhəmiyyət kəsb etməyən bu ekspedisiya ilə Birmanın (Myanma) öyrənilməsinin ilkin fazası başa çatır.
Birmada baş verən inqilab bir müddət ekspedisiyaların təşkilinə mənfi təsir göstərsə də, 1852-ci ildə yenidən dirçəlməyə başladı. Səyyah və tədqiqatçıların məlumatlarına əsaslanmaqla polkovnik Yul ağ ləkələr üstünlük təşkil etsə də, ölkənin xəritəsini tərtib etdi. 1856-cı ildə ağ ləkələrin bir hissəsi E.Orayli tərəfindən aradan qaldırılsa da, tərtib olunmuş xəritə mükəmməl sayıla bilməzdi. Birmada aparılan sonrakı tədqiqatlar 1885-ci ildə müharibə nəticəsində qısa müddətdə dayanmasına baxmayaraq, 1886-cı ildə C.F.Nidxem tərəfndən Iravadi və Brahmapudranın eyni çay olmasına olan münasibətə son qoyuldu.
Tailand (Banqkok), Kamboca (Pnompen) və Vyetnam (Hanoy) dövlətlərinin sahillərini yuyan Siam körfəzi, həmçinin onun sahillərinin öyrənilməsində ingilis və fransız tədqiqatçılarının «yarışa» girməsinə baxmayaraq, hələ zəif öyrənilmiş qalmaqda idi. Buna baxmayaraq, 1885-ci ilə qədər Iravadi, onun qolu olan Mali, Mu çayları və onların vadiləri haqqında müəyyən məlumatlar toplanmışdır.
Son dövr tədqiqatçıları ekvatorial və subekvatorial qurşaqda yerləşən Hind-Çin yarımadasının torpaqlarının məhsuldarlığı maraqlandırmağa başlamışdır. Bu sahədə Siam geodeziya xidməti təşkilatı xüsusi rol oynamışdır. 1896-cı ildə ərazidə 200 min hektara yaxın torpaq qiymətləndirildi (kadastr).

Fransızlar Hind — Çin yarımadasını şərqdən öyrənməyə üstünlük verirdilər.
Onların apardığı tədqiqatların ciddiliyi 1866-cı ildən nəzərə çarpmağa başlayır. Həmin il fransızlar Mekonq çayını və çayın vadisini öyrənmək məqsədilə ekspedisiya təşkil etməyi qərara alırlar. Ekspedisiyanın coğrafi baxımdan öyrənilmə tərəfi Dudar-de- Laqrenin rəhbərliyi altında aparılması nəzərdə tutulmuşdur. Mühüm nöqtələrin koordinatlarını müəyyən etmək, tədqiq olunan ərazilərin xəritələrinin tərtibi, gəmiçilikdə istifadə oluna biləcək çayların uzunluğu, yerlilərin istifadə etdiyi çay nəqliyyat vasitələrinin öyrənilməsi, daha əlverişli quru yolların müəyyən edilməsi kimi işlər Dudar-de Laqrenə tapşırılmışdır.
5.VI.1866-cı il tarixində ekspedisiyaya çıxan heyət Mekonq çayı ilə Pnompen şəhərinə, yerlilərin qayıqları ilə daha yuxarı qalxmaqla bu çay vasitəsi ilə Çinlə ticarət əlaqələri saxlamağın mümkün olmadığını müəyyən etdilər. Daha sonra Se-Xonqun Mekonq çayına töküldüyü yeri müəyyən etməklə, elə bu çayla da Bassaka çatdılar.
Fransızlar aprelin sonlarında Luanq-Prabanqa, iyunda Çienq-Konqa səyahət etməklə çaylarda üzmək çətin olduğundan səyahətə son qoydular.
Sonrakı iyirmi beş ildə fransızların tədqiqatı elə bir sürət götürdü ki, əsrin sonunda demək olar bütün Hind — Çin yarımadasının öyrənilməsi başa çatdı.
1875-ci ilə qədər Malakka yarımadası öyrənilməmiş qalırdı. Bu məsələ də Ingiltərə və Malaziya dövlətləri arasında siyasi baxımdan qarşılıqlı əlaqələrin yaradılması nəticəsində öz həllini tapdı. Malaziyada ardıcıl olaraq tədqiqat işlərinin aparılması və xəritələşdirmə Bosello və Makkartiyə tapşırıldı. Trenqan vilayətinin öyrənilməsi və xəritəsinin tərtib olunmasında Xyu Klifford xüsusilə fərqləndi. Paxanq çayı və onun qolları arasındakı ərazilərin tədqiq olunmasında isə müxtəlif ekspedisiyalar fəaliyyət göstərdi.

Hindistan yarımadasının öyrənilmə tarixi

XIX əsrdə ölkələr tərəfindən Asiyanın öyrənilməsi çox sürətlə davam etməkdə idi. Yarış xarakteri almış bu tədqiqatlarda əsas məqsəd daha çox əraziləri tədqiq etməklə özəlləşdirməkdən ibarət idi. Rusların tədqiqat sahəsi daha böyük olmaqla, Baltik dənizindən Sakit okeana, Şimal Buzlu okeandan Alp-Himalay dağlıq qurşağına qədər böyük bir ərazini əhatə edirdi. Bununla yanaşı, onlar Cənubi, CənubQərbi, Cənub-Şərqi və Şərqi Asiya ölkələrinə də girişməkdə idilər. Başqa sözlə desək, rusların əsas məqsədi I Pyotrun vəsiyyətini həyata keçirməkdən ibarət idi.
Asiyanın öyrənilməsi sürətlə getməsinə baxmayaraq, pərakəndə xarakter daşıyırdı. Müxtəlif məntəqələrdən başlayan və müxtəlif məqsədlər daşıyan ekspedisiya materialları Asiyanın xronoloji təsvirini verməyi böyük bir problemə çevirirdi. Bu problem Hindistanda da özünü göstərməkdə idi. Ranella tərəfindən Hindistanın xəritəsinin tərtib olunması və bu xəritənin əvvəlkilərdən daha mükəmməl sayılmasına baxmayaraq, XIX əsrin əvvəllərində hələ də xəritə üzərində ağ ləkələrə malik olan vilayətlər üstünlük təşkil edirdi. Mövcud olan ləkələrin aradan qaldırılmasında Hindistan topoqrafik idarəsi mühüm rola malik idi. 10.IV.1802-ci il tarixindən Hindistanda böyük triqonometrik xəritə çıxarışları başlandı. Lemtonun rəhbərliyi altında Rennelin tərtib etdiyi xəritələrdə düzəlişlər aparıldı. 1823-cü ildə Lemtonun ölümü işlərin yarımçıq qalmasına səbəb oldu. 1830-cu ildə Corc Everest onun tədqiqatlarını davam etdirərək ərazini şəbəkələrə bölməklə, Hind — Qanq vadisi tədqiqatını 1850-ci ildə tamamladı. Az sonra isə Himalay dağlarında ən mühüm yüksəkliklər müəyyən edildi. 1843-1861-ci illərdə isə Endro Vo Hind və Celum çayları arasındakı ərazilərin, həmçinin Kəşmir ətrafında apardığı xəritə çıxarışının dəqiqliyi ilə fərqləndi. 1846-cı ildən Himalay dağlarının qərb hissələrinin öyrənilməsində Q.Streçi, R.Streçi qardaşlarının rolu xüsusi əhəmiyyət kəsb etmişdir. Bundan sonra bu ərazilərə topoqrafların axını başladı.
Ərazilərin xəritələşdirmə işləri həmçinin şərq istiqamətdə aparılmaqla 1880-ci ildə Nepal sərhədinə çatdırıldı. Istər Butan, istərsə də Nepal hələ öyrənilməmiş qalırdı. Nepalın xəritələşdirilməsi ancaq 1927-ci ildə topoqrafik dəstənin başçısı polkovnik M.Tondi tərəfindən tamamlandı.
1886-cı ildə Brahmaputra ilə Iravadi çaylarının müxtəlif mənbələrdən qidalandığını müəyyən etdi.
Himalay dağlarının Nepaldan qərbdə yerləşən hissələrinin ilk tədqiqatçılarından biri olan Uebb Allahabaddan Xardvara qədər olan məsafədə Qanq çayını və onun ətrafının xəritələşdirilməsinə 1800-ci ildə nail olmuşdur. Murkroft və Xersi isə 1812-ci ildə Himalay dağlarının arxasında Manasarovar gölünə qədər əraziləri kifayət qədər öyrənərək Nepal istiqamətdə geri qayıtmışlar.
1830-1850-ci illər ərzində Hindistanın şimal-qərb dağlıq hissəsində tədqiqat işləri daha fəal xarakter daşıyırdı. Vin, Xyuqel, Çoma de-Kereş, Q.Streçi burada aparılan tədqiqat işlərinin keyfiyyətinə görə daha çox fərqlənmişdilər. Tədqiqatların nəticəsi olaraq, tezliklə Hindistanın şimal-şərqinə topoqrafların axını başladı. Bu axım Hindistanın xəritələşdirilməsində ciddi mərhələ olub, onun bu gün də dəqiqləşdirilməsinin əsasını qoymuşdur.
1902-ci ildə Feberin, 1903-cü ildə Ekşteyn, 1913-cü ildə isə Flippin tədqiqatları Hindistanın öyrənilməsində və Hindistanın zəngin sərvətlərinin ingilislər tərəfindən daşınmasında mühüm əhəmiyyət kəsb etmişlər.
Ingilislər Hindistanın öyrənilməsində pandit adlanan indus kəşfiyyatçılarından da məharətlə istifadə etməklə ölkə haqqında məlumat toplamağı unutmamışlar. Panditlər avropalılar üçün qadağan olmuş Tibet ərazilərinə buddist kimi daxil olan induslardan ibarət idilər. Onlar buddist kimi Tibet və Lxasa daxil olmayaraq ölkə haqqında məlumat toplamaqla hind-britan hərbi dəstələrinin yürüşünü təşkil edirdilər. Beləliklə, onlar ingilislərin daha geniş ərazilərdə və daha sürətlə tədqiqat işləri aparmalarına bilavasitə şərait yaradırdılar.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

 

0 şərh