Böyük İpək Yolu

Qədim zamanlardan başlayaraq fəaliyyət göstərən «Böyük İpək yolu» Marko Polonun adı ilə sıx bağlı olmuşdur və o, həmin yolla Çinə gedib çıxmışdır. Böyük İpək yolu – qədimdən Avrasiyanın qərb və şərqini birləşdirən ticarət-karvan yolları şəbəkəsinə deyilirdi. E.ə. II əsrdən yaranaraq XVI əsrdə qədər fəaliyyət göstərən bu yol Orta Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləşdirirdi. Bu yolla müxtəlif istiqamətlərdə ipək parçalar, ədviyyat, xalça, silah, zinət malları, pambıq, və s. daşınırdı.
Şaxəli şəkildə şərqdən qərbə uzanan tarixi İpək yolu Sakit okeanın Çin sahillərində yerləşən Sinan şəhərlərindən başlayaraq Lançjoudan keçib Dunxuana uzanırdı. Dunxuan böyük və şanlı mənasında olub e.ə. 111-ci ildə Çinin xan sülalələri tərəfindən ölkənin qərbində möhkəmləndirilmiş qala kimi bina edilmişdir. Göründüyü kimi sonralar bu şəhər həm Çinin qərbi ilə şərqini əlaqələndirir və həm də tarixi Böyük İpək Yolunun başlanğıcına çevrilir.
Böyük İpək Yolu Çin kimi qədim və qüdrətli bir ölkədən başlasa da bu dövlətin özü heç də həmişə ticarətə böyük həvəs göstərmirdi. Xan sülalələri ölkəni qapalı saxlamağa, onun ipək, saxsı qablar və s. məhsullarının hazırlanması sirlərini qorumağa çalışırdılar. Tacirlər isə o zaman qiymətli ipəyi müxtəlif yollarla əldə edə bilirdilər.
Dunxuandan iki yerə haçalanan Böyük İpək Yolunun şimal qolu Turfan çökəkliyindən və Alay vadisindən keçərək Orta Asiyanın iri mərkəzləri olan Səmərqənd və Buxara şəhərlərinə daxil olur və oradan isə qərbə istiqamətlənərək Mərv şəhərində əsas yolla birləşirdi.
Böyük İpək Yolunun marşrutu
İpək Yolunun təsiri altında baramaçılıq üçün əlverişli təbii şəraiti olan Orta Asiya vadiləri iri ipək istehsalçılarına çevrilirdilər. Burada istehsal olunan keyfiyyətli ipəklər nəinki Avropaya, həm də Səmərqənd-Sır-Dərya vadisi Muqocari dağları istiqamətində Volqa (İtil) su yolu vasitəsilə Rusiyaya göndərilirdi. Məhz ipək ticarəti nəticəsində şimali Qafqaza, Don çayına, Krıma və Balkanlara qədər uzanan yollar gedirdi.
Böyük İpək Yolunun Dunxuandan ayrılan cənub qolu Təklə-Məkan səhrasının kənarı ilə Xotana, Yarkəndə və Pamir dağlarının vadilərindən keçərək Mərv şəhərində əsas yola çıxırdı. İpək Yolunun bu iki istiqamətinin Yarkənd-Kaşqar arasında birindən digərinə keçid var idi. Bundan başqa, İpək Yolunun üzərindəki Bəlx şəhərindən cənuba-Hindistana böyük bir qol ayrılırdı.
Mərv şəhərində birləşərək qərbə uzanan İpək Yolu Nisa-Ekbatan-Knesifon-Bağdad-Nsibin və Aralıq dənizi sahilində yerləşən Suriyanın Antioxiya limanına gəlib çıxırdı. Oradan isə dəniz yolu ilə Venesiya, Genuya və Qərbi Avropaya gedirdi.
İpək Yolu ilə aparılan, ticarəti əldə saxlamaq uğrunda hələ lap qədimlərdən Roma və Parfiya imperiyası arasında qızğın mübarizə getmişdir. Ərəb xilafəti yaranana qədər bu ticarət yolu əsasən İran və Soqdiana tacirlərinin əlində olmuşdur. Karvan yolları ilə Orta Asiyadan, Azərbaycandan, Çindən çoxlu vasitəçilərlə Avropaya ipək parçalar, metal əşyaları, saxsı qablar, zərgərlik məmulatları aparılırdı. Çinə dəvə karvanları ilə qiymətli daşlar, şüşə məmulatları, ətir və s. gətirilirdi.
İpək Yolunun böyük hissəsini öz nəzarətində saxlayan monqol-türk xanlarının yanına Avropadan çoxlu elçilər gəlirdi. Bu elçilərin gəldikləri və qayıtdıqları yollar üzərində yerləşən ölkələr, şəhərlər, xalqlar, o cümlədən Şamaxı, Təbriz, Xəzər dənizi və s. haqqında çoxlu biliklər toplanır, xəritə təsvirləri verilirdi. Deməli, uzun tarixi kəsim daxilində fəaliyyət göstərən Böyük İpək Yolu coğrafiyanın tarixində də dərin izlər qoymuşdur.
İpək Yolunu Azərbaycanla ərazilərini əlaqələndirən şəxsi yol Ekbatandan Təbrizə, Xəzər sahilindən isə Ərəş, Şirvan və Bərdəyə gedirdi. Şimal istiqamətində gedən İpək Yolunun bir qolu Dərbəndə və Volqaya çıxırdı. Bərdədən Tiflis və Batumi istiqamətində qərbə çıxan qolu da var idi.
Bərdə və Ərəş mahallarından başlayan İpək Yolunun mühüm bir istiqaməti Araz boyunca Naxçıvana və Culfaya qədər uzanırdı, oradan isə Təbrizə və Yenə də Qərbə yönəlirdi. Culfada iri ipək anbarları yaradılmışdır və buraya Azərbaycanın hər yerindən xam ipək gətirilirdi.
Bütün bu geniş şaxəli İpək yollarının köməyi və həmçinin əlverişli təbii şəraiti nəticəsində Azərbaycan uzun illər dünyanın iri ipək istehsalçısı və ticarəti mərkəzi rolunu oynamışdır.
Böyük İpək Yolunun qovşağında yerləşən Təbriz şəhəri o zamanlar Asiya-Avropa ticarətini tənzimləyirdi. Təbrizdən keçən ticarət karvanları Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, Dəməşq və s. kimi o dövrün ticarət mərkəzləri ilə əlaqələndirirdi.
Asiya və Avropa tacirləri və onların gətirdikləri malların tez-tez göründüyü bu ticarət mərkəzində Qərb ölkələrindən gələn tacirlər müxtəlif Şərq mallarını, xüsusən Hindistan ədviyyatlarını, nadir boyaları, qiymətli daş-qaşı, xam ipəyi və ipək parçaları alırdılar.
Bu ticarət yolu ilə avropalıların ən çox alıb apardıqları Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yüksək keyfiyyətli xam ipəyin əsas alıcıları isə İtaliya tacirləri, xüsusən venesiyalılar idi. Bu da səbəbsiz deyildi. Qərbi Avropanın bütün saraylarını ipək parça ilə təchiz edən Venesiya öz manufakturalarını sürətlə inkişaf etdirirdi. Onların təmin edilməsində Karvan yolları ilə Azərbaycan və digər Şərq ölkələrindən gətirilən xam ipək başlıca rol oynayırdı.
Öz əhəmiyyətini təxminən XVI əsrdə itirən Böyük İpək Yolu XX əsrin 90-cı illərinə yaxın yenidən bərpa olunmağa başlandı

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

 

0 şərh